ETNOPSİXOLOGİYA 297
etnopsixoloji baxımından bir sıra oxşarlıqlar olsa da, onların hər
biri güclü və müstəqil milli “mənliyə” sahibdirlər. Onlar
vətənpərvərdirlər və ölkələrinin vətəndaşı olmaqdan qürur
duyurlar. Buna görə də bu regionun xalqlarına “skandinaviyalılar”
demək əvəzinə, hər birinə ayrılıqda adı ilə müraciət etmək məqbul
sayılır. Məşhur rus yazıçısı və jurnalisti G.Fiş qeyd etmişdir ki,
isveçlilər Skandinaviyanın ingilisləri, danimarkalılar Skandina-
viyanın fransızları, norveçlilər isə Skandinaviyanın ruslarıdır.
Skandinaviya xalqlarının etnofərqləndirici əlamətlərini və stereo-
tiplərini danimarkalı yazıçı V.Bornholst “Skandinaviya vikinqi bu
gün” əsərində özünəməxsus yumor hissi ilə əks etdirib. Etnop-
sixoloji xüsusiyyətlərin formalaşmasına təsir edən amillərin təhlili
müasir Skandinaviya xalqlarının mentaliteti haqqında dəqiq
təsəvvürlərinin yaranmasına imkan verə bilir.
Norveç xalqının etnopsixoloji xüsusiyyətləri uzun müddət
ərzində bir qrup amillərin təsiri altında əmələ gəlmişdir. Soyuq qış,
qısa yay, rütubət və sərt küləklər “nordik xarakterinin”
formalaşmasına səbəb olmuşdur. Norveç milli ədəbiyyatında təsvir
edilən “nordik insan” obrazı yavaş-yavaş müasir norveçlinin
psixoloji portretindən uzaqlaşır.
Norveçi çox vaxt Avropanın zirvəsi adlandırırlar, çünki o
Skandinaviya yarımadasının şimal-qərb qurtaracağında yerləşir.
Norveç şimal ölkələrin içərisində ən cavan ölkədir. XX əsrin
əvvəllərinə qədər Norveç, Danimarka, sonra isə İsveçlə bir ittifaqda
olmuşdur. 1905-ci ildə Norveç öz müstəqilliyini elan edir. Hər bir
xalqın inkişafında milli özünüdərketmə hissi çox vacibdir.
Norveçlilər öz milli özünüdərketməsini gücləndirmək üçün soy-
köklərini vikinqlərlə bağladılar və bütün dünyaya elan etdilər ki,
Norveç sakinləri skandinaviya ağacında tamamilə ayrıca bir
budaqdırlar və onların mədəniyyətləri və dili saqalarda təsvir
olunub. Norveç sakinlərinin fikrincə məhz onların ölkələri bütün
şimalın mədəni mərkəzi olmuşdur.
Norveç xalqının milli mədəniyyətinin inkişafında “şimal
elementlərinin” çox böyük rolu olmuşdur. Bu da təsadüfi deyildir,