II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
499
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
QRAMMATİK AMBİQİTİVLİKLƏ BAĞLI TƏRCÜMƏ PROBLEMLƏRİ
Aydan MƏLİKZADƏ
Azərbaycan Dillər Universiteti
m.aydan@box.az
Bakı/AZƏRBAYCAN
Tərcümə xarici dilin öyrənilməsində başlıca vasitələrdən biridir. Tərcümə dedikdə, hər şeydən əvvəl iki amil nəzərdə
tutulur: a) tərcümə olunacaq fikrin tam başa düşülməsi, b) başa düşülənin ana dilində adekvat şəkildə ifadə olunması. Bu iki
məqamın vəhdətindən ibarət olan tərcümə prosesində özgə dildə söylənilmiş fikir semantik, üslubi, qrammatik nöqteyi-
nəzərdən təhlil olunur, hər bir sözün leksik mənası və üslubi xüsusiyyətləri ilə yanaşı, onun qrammatik məna və vəzifəsi
müəyyən edilir; bütün bunlar ana dilinin normaları ilə tutuşdurulur və nəticədə xarici dildə söylənilmiş fikrin ana dilindəki
ifadə vasitələri müəyyənləşdirilir. Göründüyü kimi, bütün tərcümə prosesi tutuşdurma və müqayisə əsasında gedir ki, bu da
xarici dilin öyrənilməsindəki prinsiplərdən biri olan şüurluluq prinsipinə cavab verir.
Hər hansı bir dildən tərcümə edərkən, əlbəttə, müəyyən çətinliklərə də təsadüf olunur ki, bu çətinliklər xarici dil ilə ana
dilinin lüğət tərkibi və qrammatik quruluşu arasındakı fərqdən irəli gəlir. Xarici dildən tərcümədəki çətinliklər əsasən iki
qismə ayrılır: leksik və qrammatik.
Qrammatik çətinlik tərcümə prosesində iştirak edən dillərin arasında olan qrammatik fərqliliklərdən irəli gəlir. Belə
qrammatik çətinliklərdən biri də qrammatik binarlıqla bağlı tərcümə problemləridir. Qrammatik binarlıq dedikdə, cümlənin
iki və ya daha çox formada tərcümə oluna bilməsinin mümkünlüyü nəzərdə tutulur. Lakin bu fakt cümləni əmələ gətirən
ayrı-ayrı sözlərin çoxmənalılığı ilə yox, məhz onlar arasında olan qrammatik əlaqə və münasibətlərin müxtəlifliliyi ilə
bağlıdır. Məsələn, John saw the man on the mountain with binoculars cümləsini belə şərh etmək olar:
There was a man on the mountain and John saw him with binoculars;
John saw the man on the mountain and he had binoculars.
Müvafiq olaraq cümləni iki üsulla tərcümə etmək olar:
1. Con dağın üstündəki kişini binoklla gördü.
2. Con dağın üstündə binoklu olan kişini gördü.
Və ya; Flying planes can be dangerous. Bu cümlədə isə problemə səbəb olan qrammatik məqam “ flying” sözüdür,
çünki sözün cerund və ya feli sifət olduğu məlum deyil; “ təyyaraləri sürmək” və ya “uçan təyyarələr”?! Deməli cümlə iki
formada tərcümə oluna bilər:
Təyyarələri sürmək təhlükəli ola bilər.
Uçan təyyarələr təhlükəli ola bilər.
Bəzi hallarda ilk baxışda cümlənin ikimənalı olduğu nəzərə çarpsa da cümləni yenidən oxuduqdan sonra mənası və
tərcüməsi aydınlaşır. Məsələn, The cat jumped over the fence stretched cümləsini oxuyan şəxs cümləni “jumped” sözünün
xəbər olduğu düşüncəsi ilə emal edir. Lakin cümləni ikinci dəfə oxuduqdan sonra cümlənin mənası aydınlaşır, cümlənin
tərcüməsindəki qrammatik çətinlik aradan qaldırılır və müvafiq formada tərcümə olunur: Hasarın üstündən atlanan pişik
gərnəşdi.
Qrammatik binarlığa nəzm əsərlərində də rast gəlmək olar. Buna səbəb müəllifin söz sırasında nəzm əsərlərinin heca və
vəzn tələblərindən irəli gələn dəyişiklikləri etmə faktıdır.
Qəzet başlıqları da qrammatik binarlığın ən zəngin mənbələrindən biri hesab olunur. Qəzet başlıqları qısa olduğuna
görə bəzi yardımçı sözlər ixtisar olunur və beləliklə də cümlənin şərh və tərcümə olunmasında “problemlər” meydana çıxır.
Məsələn, Little Hope Given Brain-Damaged Man.
Cümlə aşağıda göstərilən formada nəzərdən keçirilə bilər:
A brain-damaged man is unlikely to recover- Beynindən zədə almış şəxsın sağalmasına ümid azdır.
A brain-damaged man is causing another situation to have little hope of resolution- Beynindən zədə almış şəxs
başqa bir situasiyaya ümid verir.
Someone gave a brain-damaged man to a small girl named Hope.
“Hope” sözünün şəxs adı olduğunu düşünsək cümlənin “beynindən zədə almış balaca Houpa verildi” kimi tərcümə
olunması da istisna deyil.
Nəticə olaraq onu qeyd etmək lazımdır ki, tərcümədə bu tip problemlər əmələ gətirən cümlələr ancaq onların
strukturunu düzgün təhlil etməklə, konteksti nəzərə almaqla qismən həll oluna bilər. Bu da onu bir daha sübut edir ki,
düzgün və qrammatik tərcümə üçün maşın tərcüməsi məqsədəuyğun deyil.
|