II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
504
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
AŞIQ ƏLƏSGƏR YARADICILIĞININ TƏRCÜMƏDƏ VERIİLMƏSİ
Əsmər HƏBİBOVA
BSU
Esmer_hebibova@hotmail.com
Bakı/AZƏRBAYCAN
Azərbaycan aşıqları içərisində qoşmaları ingilis dilinə ən çox tərcümə olunmuş sənətkarlardan biri aşıq Ələsgərdir. Belə
ki, 1972-ci ildə Aşıq Ələsgərin 25 qoşması İrina Jeleznova tərəfindən ingilis dilinə tərcümə olunmuşdur.Aşıq Ələsgərin
"She is killing me"("Öldürür"), "İn trouble you vill get" ("Düşərsən"),"You must have"("Gərəkdi"), "The vicked vorld" ("
Çıxıbdı") şeirləri isə Dorian Rottenberq tərəfindən tərcümə olunmuşdur.
Aşıq Ələsgərin ingilis dilinə tərcümə olunmuş qoşmalarından "Öldürür" qoşmasının birinci bəndinin birinci misrasında
Aşıq Ələsgər "həzərat" sözü işlədib, tərcüməçi bu sözü "mənim dostlarım"(my friends) kimi, "dindirməyin"sözünü isə (and
question not) sual olmasın kimi tərcümə etmişdir.
Bu bəndin ikinci misrasındakı "ceyran" sözünü tərcümə edərkən Dorian Rottenberq ceyranı dişi maral (doe) sözü ilə
əvəz etmiş, alagöz sözünü isə gözəl (beautious) kimi çevirmişdir. Tərcüməçi bu bəndin üçüncü və dördüncü misralarının
məzmununu bir yerdə tərcümə etməyə çalışıb. O, bu zaman "can almaq", "pünhan-pünhan öldürmək" birləşmələrini çıxarıb,
həmin anlayışları birləşdirərək "öldürmək" kimi verib. Bu iki misranın ingilis dilinə tərcüməsi belə səslənir: "Heç kim
bilmir ki, o məni qılıncsız, tüfəngsiz öldürür."
Qoşmanın ikinci bəndinin tərcüməsində müəyyən qüsurlar var. Belə ki, bu bəndin birinci misrasında aşıq keçmişdə nə
etdiyini, indi nə etmək lazım olduğunu özündən soruşur, tərcüməçi isə bu misranı aşığın, ümumiyyətlə, nə etmiş olduğunu
bilmək istəməsi kimi təqdim edir. Tərcüməçi bu bəndin ikinci misrasını demək olar ki, mətndən çıxarmışdır. Belə ki,
qoşmanın ikinci bəndinin bu misrası "xəncər alım, qara bağrım teyləyim"dir. Tərcüməçi isə bu misranı birinci misra ilə
əlaqələndirərək "that she my very company should shun" kimi tərcümə etmişdir. Bu misra ingilis dilində belə səslənir: Mən
nə etmişəm ki, mənim çox yaxın dostum məndən qaçır". Tərcüməçi bu bəndin üçüncü və dördüncü misralarını birləşdirərək
ümumi məzmunu verməyə çalışıb. Ancaq bu misraların tərcüməsində də qüsurlar var. Belə ki, Aşıq Ələsgər canını yara
qurban etmək istədiyini bildirir və bu istəyini "qurban kəsmək" anlayışı ilə əlaqələndirir. Tərcüməçi isə aşığın bu sədaqətini
göstərən misralardakı məzmununu yanlış təqdim edir. Tərcüməyə görə, aşıq canını sevgilisinə qurban verməyə hazırdır,
ancaq bundan öncə bilmək istəyir ki, niyə sevgilisi onu öldürür.
Qoşmanın sonuncu bəndinin tərcüməsində Dorian Rottenberq bu bənddə ifadə olunmuş ümumi məzmunu çatdırmağa
səy göstərib. Bəndin birinci misrasında tərcüməçi "bir gözəl" birləşməsinin tərcüməsindən imtina edərək, bu mənanı mətnin
içərisində çatdırmağa çalışıb. Bunun üçün Dorian Rottenberq həmin misranın tərcüməsini aşağıdakı kimi təqdim edib: "I
Alesker, have visited the same" (Mən Ələsgər həmin gözəli ziyarət etmişəm)
Bəndin ikinci misrasında Aşıq Ələsgər ölənədək sevgisindən dönməyəcəyini, usanmayacağını bildirir. Tərcüməçi bu
misradakı "çətin dönmək" ifadəsini və "usanmaq" sözünü "I hardly can refrain" (çətin ki mən özümü saxlayım) kimi
tərcümə etmişdir. Bu tərcümə isə nə məzmun nə də bədiilik cəhətdən uğurlu deyil.
Bəndin üçüncü misrasında tərcüməçi "əzrail" anlayışını "Death`s bright angel" (ölümün parlaq mələyi) kimi vermişdir.
Bu misrada işlənən "qanlı tutmaq" anlayışını isə müəllif fərqli biçimdə tərcümə etmişdir. Belə ki, Azərbaycan dilində "qanlı
tutmaq" ifadəsi bir qayda olaraq günahkar bilmək anlamında işlədilir. Aşıq Ələsgər bu birləşməni işlətməklə onun
ölümündə əzrailin günahkar olmadığını anasına çatdırmaq istəyir. Dorian Rottenberq bu mənanı "don`t blame (ittiham
etmə) kimi təqdim etmişdir. Bəndin sonuncu misrasında Aşıq Ələsgər sevgilisini "bir kipriyi peykan" adlandırır və
ölümünün səbəbi olaraq onu göstərir. Dorian Rottenberq misranın məzmununu saxlayaraq "kipriyi peykan"anlayışını "her
piercing glance" (onun iti baxışı) kimi tərcümə etmişdir.
Aşıq Ələsgərin ingilis dilinə tərcümə olunmuş şeirlərindən biri də"Sənə qurban" adlanır. Bu qoşmanı ingilis dilinə İrina
Jeleznova tərcümə edib.Aşığın bu şeiri lirik məzmunludur. Aşıq bu qoşmada sevgilisinə olan incə duyğularını bədii təsvir
və ifadə vasitələri vasitəsilə zəngin bir dillə ifadə edib.Aşıq Ələsgər bu qoşmada xalq ədəbiyyatının üslubuna uyğun söz və
ifadələr işlətdiyi kimi, klassik ədəbiyyatın ənənəvi obrazlarından da yararlanmışdır.Tərcüməçi İrina Jeleznova qoşmanın
birinci bəndinin birinci misrasını (Bir sözüm var, sənə pünhan deməli) tərcümədə qoşmanın adı kimi verib (A word must in
secret to you I impart).Tərcümədə diqqəti çəkən başqa bir əlamət odur ki, İrina Jeleznova bütün qoşma boyu "sənə qurban"
birləşməsini "beloved" (sevimli, əzizim) kimi tərcümə edib. Azərbaycan şifahi xalq ədəbiyyatında "sənə qurban", "qurban
olum", "canını qurban vermək" kimi deyimlər çox işlənir.Tərcüməçi bu incəliyə xüsusi diqqət verməlidir. İngilis dilində
olan "beloved" (sevgilim, əzizim) sözü də "qurban olmaq"anlayışını tam olmasa da, dolayısı ilə ifadə etmək gücündədir.
Dostları ilə paylaş: