II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
206
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
Hələ tarixi dövrlərə nəzər salsaq, Azərbaycanda yaranmış Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin adında da bu
rənglərə rast gəlirik. Heç də təsadüfi deyil ki, bu dövlətlərin də adı “qara və ağ” sözləri ilə qurulmuşdur. Hətta, Qaraqoyunlu
dövlətinin başçısı olan Qara Yusifin də adında bu rəngə təsadüf olunur. Nəyə görə qara? Çünki tarixən bu söz “böyük,
qüdrətli, güclü” anlamını daşımışdır.
Ağ rəng haqqında danışarkən onu da qeyd etməliyik ki, bütün rənglərin ağ rəngdən törəndiyi hesab olunur və bu
səbəbdən o, “ana rəng” adlanır. Bir çox hallarda “ağ” kəlməsi bəzi sözlərə qoşulmaqla həm də “böyük” mənasını verir. Biz
bunu “Kitabi-Dədə Qorqud” dastanında rast gəldiyimiz “Ağ meydan” birləşməsində görə bilərik. Ağ rəng həm də qalibiyyət
mənasındadır. Məsələn, Manasın qalibiyyət bayrağı “Ağ bayraq” adlanırmış. Görkəmli sərkərdə Çingiz xanın da
doqquzqotazlı məşhur bayrağı “Böyük ağ bayraq” olmuşdur. Ağ rəng həm də Tanrı rəngi hesab edilmişdir. Buna görə də o,
uğurgətirən rəng kimi bilinmişdir.
Rənglər simvolikasından danışdıqda onu qeyd etməliyik ki, göründüyü kimi hegemon rənglər kimi ağ və qara rənglər
öz hakimiyyətini tarix boyu qoruyub saxlamışdır. Hər bir xalqın həyatında rənglərin simvolikası fərqli aspektə malikdir.
Məsələn, türk dünyasında qara rəng böyüklük, zülmət, qaranlıq dünya, yas mənasını ifadə edir. Bəzi xalqlarda isə bu
əksinədir. Avropa ölkələrində ağ rəng cavanlığın, təmizliyin, nöqsansızlığın rəngi olsa da, bir çox şərq ölkələrində, o
cümlədən Yaponiya və Çində təhlükə və matəm mənasını ifadə edir.
Onu da qeyd etmək lazımdır ki, ağ və qara rəngin nəinki simvolik mənalar daşıyır, hətta insan həyatına,
psixologiyasına da çox mühüm təsiri olduğu qeyd edilir. Bir çox alimlər belə bir nəticəyə gəliblər ki, ağ rəng insanlarda
enerjini, əhval ruhiyyəni qaldırdıqları halda, qara rəng isə daha mənfi enerjiyə sahib olub insanları pis əməllərə yönləndirən,
qaranlıq dünyaya sövq edən gücə malikdir.
Bir sözlə, “ağ və qara” rənglər qüdrətli rənglər hesab olunub və olunmaqda da qalacaqlar. Anar da öz əsərində bu rəngi
“ağ qoç, qara qoç” simvolu ilə önə çıxarmışdır. Dünya xeyir və şər üzərində qurulduğu üçün bu rənglər daim mübarizə
aparacaq və öz qüdrətlərini daim nümayiş etdirəcək.
Dostları ilə paylaş: |