AZƏRBAYCAN DİLİNİN TERMİNOLOJİ SİSTEMİNDƏ PSİXOLOGİYA TERMİNLƏRİ
Ramil BAYRAMOV
Azərbaycan Dillər Universiteti
rbayramov924@gmail.com
Terminologiya dilçiliyin xüsusi bir sahəsi olaraq elmi anlayışları ifadə və ya təyin edən termin-sözləri və termin-söz
birləşmələrini, bütövlükdə dilin terminoloji sistemini öyrənir. Tarixən ayrı-ayrı elm sahələri artan templə inkişaf etmiş, elm
aləminə yeni-yeni elmi nəzəriyyə, prinsip, müddəa və qanunauyğunluqlar daxil olmuş, bunlara uyğun olaraq insan
təfəkküründə mövcudlaşan məfhumların sayəsində müxtəlif anlayışlar sistemi yaranmış, indi də yaranmaqdadır. İnsan
təfəkkürünün məhsulu olan bu cür məfhum və anlayışlar məntiqi kateqoriya sisteminə aid olsalar da, belə anlayışların
daşıyıcısı olan alimlər tərəfindən onlar müvafiq sözlərlə ifadə olunaraq dilçiliyin malına çevrilirlər. Yəni məfhum və
anlayışları öyrənən məntiq elmindən fərqli olaraq, dilçiliyin terminologiya bölməsi anlayışların fonetik qabığını təşkil edib,
onları ifadə edən termin-sözləri tədqiq edir, öyrənir və sistemləşdirir. Belə sistemləşdirmə zamanı elmi terminlər
ümumilikdə deyil, ayrı-ayrı elm sahələri üzrə qruplaşdırılır və hər bir elm sahəsinə məxsus olan terminlər ayrıca
sistemləşdirilərək elm aləminə təqdim edilir.
Məlum olduğu kimi, son əlli il ərzində Azərbaycan dilçiliyi tarixində terminologiya sahəsində xeyli irəliləyişlər
olmuşdur. Belə ki, terminologiyanın elmi-nəzəri məsələləri ilə yanaşı, ayrı-ayrı elm sahələrinə xas olan terminlər
dəqiqləşdirilmiş, sistemləşdirilmiş və linqvistik tədqiqə cəlb edilmişdir. Lakin bu sahədə görülən işləri bitmiş hesab etmək
olmaz, çünki bu proses hələ də davam edir, konkret elm sahələrinə məxsus terminlərin üzərində elmi araşdırmalar aparılır.
Hətta elə elm sahələri də var ki, onlar öz terminlərinin sistemləşdirilməsini və dilçilik baxımdan tədqiqata cəlb edilməsini
gözləyir. Belə elm sahələrindən biri də psixologiya elmidir. Fikrimizcə, psixologiya elminə məxsus anlayışları ifadə edən
termin-sözlərin linqvistik tədqiqə cəlb edilməsi zamanın tələbidir. Ona görə ki, sosial-siyasi elmlərin sırasına daxil olan
psixologiya elmi artıq cəmiyyətin bütün sahələrinə sirayət etmişdir. Psixologiyaya aid anlayışların sərhədini
müyyənləşdirmək, onları ifadə edən terminlərin işlənmə mövqeyini, yaranma mənbəyini və digər linqvistik xüsusiyyətlərini
tədqiq edib öyrənmək, ictimaiyyətə təqdim etmək artıq zərurətdir. Bu zərurəti nəzərə alaraq, biz Azərbaycan dilində işlənən
psixologiya terminlərini dilçilik nöqteyi-nəzərdən araşdırmağı qarşımıza məqsəd qoymuşuq.
Qeyd edək ki, hər bir konkret elm sahəsini digər elm sahələrindən fərqləndirən əsas cəhətlərdən biri də həmin elmə
məxsus anlayışları ifadə edən terminlərdir. Yəni hər bir elmin obyekti və predmeti onu başqa elm sahələrindən
fərqləndirdiyi kimi, onun özünəməxsus terminlər sistemi də onları – ayrı-ayrı elmləri bir-birindən fərqləndirən xüsusiyyət
kimi diqqəti cəlb edir. Özünənməxsus obyektə və predmetə malik olduğundan psixologiya da özünün terminləri, bütövlükdə
terminoloji sistemi ilə digər elmlərdən fərqlənir. Bu elmin obyekti insan, predimeti isə insanın ruhi aləmi, ümumiyyətlə,
ruhi həyat hadisələridir. Predmetinə uyğun olaraq bu elm sahəsinin özünəməxsus anlayışlar sistemi var və bu anlayışları
adlandıran terminlər var.
Xüsusi qeyd etmək lazımdır ki, psixologiyaya aid terminlər hələ müstəqil psixologiya elmi formalaşmamışdan qabaq
da mövcud olmuşdur. Belə ki, bu elmin predmetini insan, onun daxili-ruhani aləmi təşkil etdiyi üçün bu elmə məxsus
anlayışların yaşı insanın – insan cəmiyyətinin yarandığı vaxtdan hesablanmalıdır.
Psixologiya elminin müstəqil şəkildə formalaşmasına qədər də müəyyən anlayış və onları ifadə edən sözlər mövcud
olmuşdur. Lakin o vaxtlar belə anlayış və terminlərin mənsub olduğu konkret ayrıca bir elm sahəsi mövcud olmadığından
fəlsəfə elminin tərkibində inkişaf etmişdir. Bununla yanaşı, belə anlayışlara və terminlərə insan təfəkkürünün ilkin
mərhələsini əhatə edən şifahi xalq yaradıcılığı və bir qədər sonrakı yazılı ədəbiyyat nümunələrimizdə də rast gəlirik. Buna
görə də psixologiya terminlərini araşdırarkən təkcə müstəqil psixologiya elmi yarandığı dövrdən bugünə kimi deyil,
|