CEYMS MORİYERİN YARADICILIĞINDA TÜRK MÖVZUSU
(Müəllifin “Ayişə, Qars qızı” romanının materialları üzrə)
Lalə İSAYEVA
Qafqaz Universiteti
lala1508@mail.ru
XIX əsrin birinci yarısında səyahət və macəra janrında yazdığı romanları ilə ədəbiyyat tarixində unudulmayan, əsərləri
bir sıra dünya xalqlarının dillərinə tərcümə edilən Ceyms Yustinian Moriyerin (James Justinian Morier, 1782-1849)
ədəbiyyat ensiklopediyalarında diplomat, novellaçı və səyahət yazıçısı olduğu qeyd olunur. Lakin o, 1808-1818-ci illərdə
nəşr etdirdiyi səyahət romanları ilə ədəbi aləmdə şöhrət qazansa da, Şərq mövzusunda macəra janrında yazdığı romanları ilə
ədəbi arealın diqqətini özünə çəkmiş, Şərq mövzusunda yaxşı romanlar müəllifi kimi onun yaradıcılığına müasirləri, o
cümlədən Qərbi Avropada tarixi romanlar janrının yaradıcısı Valter Skott yüksək qiymət vermişlər. Yazıçının Şərq
romanları sırasında 1834-cü ildə nəşr etdirdiyi “Ayişə, Qars qızı” (“Ayesha, the Maid of Kars”) romanı müəyyən
məziyyətləri ilə diqqəti çəkir. Lakin ingilis ədəbi-nəzəri fikrində, eləcə də bir çox ensiklopedik nəşrlərdə yazıçının həyat və
yaradıcılığına həsr olunmuş məqalə və annotasiyalarda “Ayişə” romanının yazıçının əsərləri ilə müqayisədə çox da böyük
uğur qazanmadığı söylənilmiş, onun yaradıcılığının erkən dövrünə aid edilən romanların ideya-bədii və estetik səviyyəsinə
çatmadığı polemik mühakimə kimi irəli sürülmüşdür.
Ceyms Moriyerin sağlığında – 1846-cı ildə təkrar Londonda nəşr olunmuş “Ayişə” romanının “Ön söz”ündə
oxuyuruq: “Müəllif (Ceyms Moriyer – L.İ.) kitabın ilk nəşri vaxtından indiyədək Şərqdə (əsasən Türkiyədə - L.İ.) baş
vermiş hər hansı dəyişikliyə cavabdeh deyildir. Belə dəyişikliyin vaqe olacağı inkar edilməzdir. Qoy hardasa otuz, yaxud
qırx il əvvəl türklərlə təmasda olanlar söyləsin və həmin adamlar bunu deyəcəklər ki, onların imperiyasının həmin o
guşələrində türklər avropalılarla ünsiyyət, əlaqə saxlamağa tələsmişlər. Onlar (türklər – L.İ.) uzun zamandan bəri onların
özünü narahat edən həmin o şiddətli, azğın dini və milli qərəzdən tədricən canlarını qurtarırlar. Bu əsər yazılandan bəri
təxminən on il keçən müddət ərzində dəyişiklik əsasən hiss olunan dərəcədədir” (1, s.5).
Daha sonra yazıçı hadisələrin zaman və məkanını diqqətə çəkərək onun 1810-cu ildə Türkiyədə vaqe olduğuna işarə
edir.
Hər şeydən əvvəl, Ceyms Moriyer romanında Şərq aləmi ilə Qərb aləmi arasında yaranan dini ayrı-seçkilik məsələsinə
diplomat və yazıçı mövqeyindən çıxış edərək ayrı-ayrı xalqların, o cümlədən ingilislərlə türklərin həmrəylik, əməkdaşlıq və
yaşadığımız dünyada insan mənəviyyatını yaxından duyub dərk etmək ideyalarını təlqin edir.
“Ayişə, Qarslı qız” - əslində romanın bütöv adıdır. Lakin əsərdə yazıçının qarşısına qoyduğu əsas məqsəd bir növ
məhəbbət macərası müstəvisində firənglərlə (ingilislərlə) türklərin müqayisəsini verməkdir. Romanda baş qəhrəmanlar
Ayişə və Osmondla yanaşı Süleyman və Zabitə, Stasso, Mustafa, Pəhləvan Paşa, erməni Boqos, rus generalı, Qara bəy
|