İXTİONİM KOMPONENTLİ AMERIKANİZM – FRAZEOLOGİZMLƏRİN LEKSIK-
SEMANTİK TƏHLİLİ
Mehdi RƏHİMOV
Gəncə Dövlət Universiteti
mehdi.rahimov@gmail.com
Məlum olduğuna görə, “hər hansı milli dilin frazeologiyasının dərindən öyrənilməsi həmin dilin tam
mənimsənilməsində əsas halqadır və eləcə də o dilin daşıyıcılarının zəngin, rəngarəng və bir qədər də sirli aləminə açılan
pəncərədir” (Mirzəliyeva M. Türk dilləri frazeologiyasının nəzəri problemləri,Bаkı, 2009; s.25). Bu səbəbdən də bu və ya
digər dilin frazeoloji sisteminin öyrənilməsi həmin xalqın məişəti, yaşam standartları, əxlaqi-etik prioritetləri haqqında
dolğun məlumat əldə edilməsinə yardımçı ola bilər. Başqa sözlə desək, “frazeologimlər həmişə dolayısı ilə xalqın dünya-
görüşünü, ictimai – siyasi quruluşunu, dövrün ideologiyasını əks etdirir. Necə ki, səhər günəşinin işığı şehdə öz əksini
tapdığı kimi...”). Bu mənada nəinki ayrı-ayrı ədəbi dillərin, hətta fərqli coğrafi regionalarda işlək olan ədəbi dil variantları
və dialektlərin frazeoloji sistemində yer alan fraeoloji obrazların spesifikası və süjet özəllikləri ilə seçilməsi qaçınılmazdır.
Heç şübhəsiz ki, ingilis dilinin ABŞ variantının ümumingilis ideomatik fondundan özünə xas özəlliklərlə fərqlənməsi bu
coğrafi regionun təbii şərtləri, multikultural, linqvososisoloji spesifikasının məntiqi davamı kimi səciyyələndirilməlidir.
ABŞ variantının frazeoloji sistemində zoonim komponentli ifadələr özünün geniş leksik-semantik palitrası və kifayət
qədər yüksək işlənmə tezliyi ilə seçilir. Onların sırasında ixtionim, yəni balıq adı komponentli frazeologizmlər xüsusi maraq
doğurur. Xatırladaq ki, yunan dilində ichthys “balıq”, onim “ad” deməkdir.
Amerikanizm olduğu qeyd edilən və ilk istifadə tarixi 1881-ci ilə aid edilən ("They [local vested interests in
Galveston] are big fish in a small pond." / The Galveston Daily News ) Big fish in a small pond ifadəsi geniş məna
spektrini əhatə edir. Belə ki, A.V.Kuninin lüğətindən də məlum olduğu kimi, istifadə edildiyi kontekstə görə həmin ifadə
“yerli səviyyədə tuz, nüfuzlu adam” kimi müsbət səciyyəli məna yükündən başlayaraq, “gölməçə balaca olduğundan balıq
böyük görünür” kinayə konnotasiyalı mənasına qədər geniş semantik spektri əhatə edir (А.В.Кунин Англо-русский
фразеологический словарь, М.,1964; с.280). “But tell me, why does Miss Tuckerman think you ought to get out of Fort
Penn?” “Because, I’ll stagnate here”. “Did she explain that?” said Grace “She said I’d just grow up to be a big frog in a
little pond” ( J.O’Hara “A Rage to Live”) “Bir mənə de görüm, nə üçün Miss Takerman sənin Fort Penndən getməyinin
vacibliyini düşünür?” “Ona görə ki, mən burda ətalətdə batıb qalacağam”. “O, bunu necəsə izah etdi?”- Qreys dedi.”O,
dedi ki, mən sadəcə balaca gölməçədəki böyük qurbağaya dönəcəm” (C. O’Hara “Yaşam tutqusu”)
Müqayisə üçün deyək ki, ingilis və Azərbaycan dillərində zoomorfizmləri araşdırmış A.Hacıyeva həmin ifadənin
dilimizdəki qarşılığını neytral deyil, neqativ semantikada təqdim etmişdir: “kiçik bir yerdə böyük hesab edilən şəxs = Öz
örüşündə Muradəli də bəydir; Qoyun olmayan yerdə keçiyə Kəraməddin ağa deyərlər; Kiçik tövlədə böyük pəyənin eşşəyi”
(A.Hacıyeva İngiliscə-Azərbaycanca zoometaforizmlər lüğəti, B., 2004, s.20).
|