IV FƏSİL
«LEYLI VƏ MƏCNUN»
Eşq və ayrılıq
«Xosrov və Şirin» dastanından illərcə sonra artıq Nizaminin 50 yaşı var idi. Qıpcaq
qızı Afaqı itirmiş, oğlu Məhəmməd isə 14 yaşına çatmışdı. Bu zaman çərçivəsində
Şirvan şahı Axsitan İbn Mənucöhr Nizamiyə ehtiramla dolu bir məktub yazıb «Leyli və
Məcnun» dastanını nəzmə çəkməyi xahiş etdi. Nizami bu xahişi qəbul etdi. Qeyd edək
ki, şahın həmyerlisi Xaqani Şirvani bir neçə əl yazmasını «Leyli və Məcnun» barədə
şaha təqdim etmişdi. O da öz növbəsində onları Nizamiyə göndərmişdi. Şair də böyük
zövqlə işə girişməyi qarşısına məqsəd qoydu.
O, bu işə başlayanda öz dərdi, bu ayrılıq hicranı bir-birinə qarışdı. Digər tərəfdən
Afaqı itirməsilə ürəyinin tək təsəllisi övladı oldu. Atası Yusifin, anası Rəisənin, dayısı
Xacə Ömərin itkisi, onu dostlardan ayırmışdı. Bu dərdlər Nizamini incidir, onu rahat
buraxmırdı. Lakin hər bir insan kimi o da bunlara dözürdü. Belə bir vaxtda şahın öz xətti
ilə yazılmış 15 sətirlik bir məktubu şairin sevincinə səbəb oldu.
Şahın bu təklifi şairi ərəb dastanlarına cəlb etdi. Bundan əvvəlki, «Sirlər xəzinəsi»,
«Xosrov və Şirin» şahın rəğbətini qazanmışdı. Şah Nizamiyə fars, türk, Arrandan
danışdıqdan sonra ərəb və islam dünyasına girməyi məsləhət bilmişdi. Onu əlavə edək
ki, bu hadisələr «Şirvanşahlar» və Xosrovdan qabaq baş vermişdi. Şirvanlı Xaqani bu
məsələyə toxunsa da Əbnəlmüzəffər Axsitan özü şair təbiətli bir adam olduğundan
Nizami onun diqqətini çox çəkmişdi. Digər tərəfdən şah bu şeirlərin bəzilərini «Leyli və
Məcnun» dastanının ərəb variantında eşitmişdir. Şahın Nizamiyə təklifi şairin ürəyincə
oldu. Məcnun və Leylinin eşq macərası o zaman çox məşhur idi və dillər əzbəri
olmuşdur. Axsitanı maraqlandıran iki ərəbin bir-birini sevməsi deyil, eşq, aşiq və
məşuqun nə olduğunu bilmək, onu poeziyanın gücündə görmək idi. Bu eşq həqiqi sevib-
sevilənlərin böyük bir mücəssəməsinə çevrilmişdi. Sevən bir gəncin, öz sevgisinə
çatmaması zamanın zalım bir qanunu nəticəsində baş verir. Digər tərəfdən onlar
76
qovuşmasalar da, şerin hədisi onları daha da yüksəldir. Adi səhranı şair elə təsvir etmişdi
ki, onu poeziyasız təsvir etmək mümkün deyil.
Nizamidən çox əvvəl ərəb və fars şairlərində məhəbbət motivləri olmuş və əldən-
ələ gəzmişdi. Hətta, hicri tarixinin III əsrində naməlum şair Əbubəkr Valəbi tərəfindən
bəzi misralar ərəbcədən farscaya çevrilmişdi. Şah Axistan bundan xəbərdar olduğundan
onun tam farsca variantını Nizaminin yazacağına əmin idi. Çünki, «Xosrov və Şirin»
kimi gözəl bir məhəbbət dastanı yazan bir şairin belə bir eşq dastanı yazacağına şübhə
yeri qalmırdı.
Nizami bu əsəri 4 aya yazdı. Onun farscası çox sadə və anlaşıqlı idi ki, bu da şah
və kəndli üçün aydın idi.
Məcnun və Leyli hər ikisi məktəbdə oxuyur və elə orada da bir-birlərinə vurulurlar.
Məcnunun əsl adı Qeys olsa da, o, Məcnun çağırıldıqda heç pərişan olmur, əksinə, eşq
divanəsi olduğuna görə sevinir. Amma zəmanə Məcnunu qəbul etmir və tezliklə Leylini
valideynləri məktəbdən uzaqlaşdırır. Məcnun da Leyli eşqiylə səhraya üz tutur. O, göz
yaşlarını saxlaya bilmir və eşq mahnıları oxuyur. Qəbilə ağsaqqalları belə qərara gəlirlər
ki, onlar Leylinin atasıgilə elçiliyə getsinlər. Lakin Leylinin atası Məcnuna qız
verməyəcəyini bildirib şərt qoyur ki, o, Kəbəyə gedib «məcnun» olmayacağına and
içsin. Qeysi Kəbəyə aparsalar da, o eşqdən başqa heç nəyi qəbul etmir və Leylini özünə
qiblə hesab edir. Orada məşhur bir kəlamı deyir: «Xudaya, sən mənim başıma Leyli
eşqindən başqa bir şey qoymamısan axı!». Eşq bu iki gənc üçün hər şey idi.
Məcnunu atası evə aparıb səhra həyatından ayırmaq, ona ağıl vermək istəsə də,
Leyli Məcnunu görməsə də onun yazdığı şeirlərə mahnı oxuyub özünü Məcnunsuz
təsəvvür edə bilmirdi. Atası Leylini bu eşqdən aralandırmaqdan ötrü onu İbn Səlam adlı
bir varlı ərəbə ərə verir. Lakin Leyli onu qəbul etmir və İbn Səlam da buna tab
gətirməyib dünyasını dəyişir.
Məcnunun atası səhraya gəlib oğluna yenə nəsihət vermək istəyir, amma
Məcnundakı Leyliyə qarşı ülvi məhəbbəti görüb evə qayıdır və bu hala dözə bilməyib
77
ölür. Məcnun atasının ölümündən xəbər tutub çox kədərlənir. Bir qədər sonra Məcnun
anasını da itirir. Lakin bütün bunlar onu səhradan ayıra bilmir. Nizami yazır :
«Səhra Məcnun üçün qışda qışlaq,
Yayda yaylaq olaraq qalacaq» (72-118)
Nəhayət, Leyli bütün bunlara dözməyib intihar edir. Məcnun acı-acı buna yanır və
Leylidən sonra yaşamağın mənası olmadığını əsas gətirərək, o da Leylinin qəbri üstündə
can verib dünyadan köçür. Nizaminin bu eşq macərası belə nakam məhəbbətlə bitir.
Bütün bunların içərisində şairin o zamankı mühitə, cahilliyə qarşı sərt bir davranışı
dayanır. Nizami bununla ərəb mühitini şərq oxucusuna çatdırır.
Məcnun və Leyli hər ikisi ərəb ailələrinin zəngin və tanınmışından olsalar da,
cəhalət və onları əhatə edən mühit bu gənclərin birləşməsinə rəvac vermir, əksinə,
onların nakam ölümünə səbəb olur.
Nizami özü mütərəqqi insan olaraq ona bəxş edilən kənizi ömür-gün yoldaşı kimi
qəbul edir, bu sevgi də əbədi yaşayır. Bu fikir «Xosrov və Şirin»də özünü göstərir.
Nizamiyə görə səhradakı vəhşi heyvanlar belə Məcnunla ünsiyyət yaradır, əfsus ki, cahil
insanlar onu anlamır. Gəncəli şairin bu cəsarəti onu fövqəlbəşər bir insana çevirir.
Nizami əxlaq məsələlərini çox bariz bir surətdə açmağa nail olmuşdur. Nizami həmişə
doğru insanların tərəfində olmuş, onların ideyalarını şahlara, xaqanlara qarşı qoymuş,
ədalətin qələbə çalacağına inanmış və inandırmağa çağırmışdır.
Gəncəli şair Nizaminin «Leyli və Məcnun» dastanını sifarişlə yazması həm də şairə
öz ideyalarını təcəssüm etdirməsinə imkan vermişdir. Əgər belə olmasaydı, şair belə
imkanı əldə edə bilməzdi.
Şair bu dastan vasitəsiylə bəşəriyyətə bəyan edir ki, zülm ilə abad olanın axırı
bərbad olar. Nizami bütün bunlara baxmayaraq gələcəyə yaxşı ümidlərlə yaşayan
sənətkardır.
|