Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 90
Qruplararası diskriminasiyanın bu iki tendensiyasının mahiyyətini açıqlayarkən birinci
tendensiyanın qruplararası münasibətlərdə ədavət və gərginliyin əmələ gəlməsi ilə, ikinci
tendensiyanın isə qrupdaxili əlaqələrin, qrup dəyərlərinin aşağı düşməsi, dezinteqrasiyası ilə
müşayiət olunması nəticəsinə gəlinir. Qeyd etmək lazımdır ki, bir çox müəlliflər qruplararası
diskriminasiya faktını sosial hadisə kimi psixoloji amillərlə deyil, sosial, siyasi, iqtisadi
amillərlə əlaqələndirirlər. Lakin, qeyd etmək lazımdır ki, psixoloji amil olmasa sosial, siyasi,
iqtisadi amillər də öz-özlüyündə mahiyyətini itirir. Cəmiyyətin inkişafı sosial, siyasi, iqtisadi
amillərin dəyişməsi və inkişafı psixoloji amillərdən də asılıdır. Psixoloji amillər isə öz
növbəsində sosial, siyasi, iqtisadi amillər zəminində yeni mahiyyət kəsb edərək daha da
zənginləşir. Deməli, onlar qarşılıqlı əlaqədə inkişaf edir və bir-birini şərtləndirirlər.
Q.Teşfel və J.Ternerin sosial identiklik nəzəriyyəsi qrupdaxili və qruplararası favoritizm
və qruplararası diskriminasiya fenomenlərini müxtəlif sosial qrupların nümayəndələrinin
arasındakı oxşarlıq və fərqin müəyyən olunması ilə bağlı olan koqnitiv proseslərin nəticəsi
hesab edirlər. Bu konsepsiyada qruplararası diskriminasiya başqa koqnitiv proseslərlə sıx
əlaqəli şəkildə tədqiq edilmişdir.
Bu proseslər əsasən 4 növə ayrılır:
1. Sosial kateqorizasiya – insanları qruplara (kateqoriyalara) bölərək sosial mühitin
nizamlanmasının koqnitiv prosesi kimi başa düşülür. Bu, fərdə öz sosial dairəsini
strukturlaşdırmağın səbəbini dərk etməsinə imkan verir. Burada qrup termini subyektdə
koqnitiv reallıq anlamını yaradır.
2. Sosial identifikasiya – fərdin özünü bu və ya digər sosial kateqoriyaya aid etməsi
prosesidir.
3. Sosial müqayisə - isə qruplararası fərqi göstərən müxtəlif sosial qrupların keyfiyyət
göstəricilərinin əlaqələndirilməsi prosesidir. Qrupdaxili və qruplararası favoritizm və
qruplararası diskriminasiya koqnitiv proseslər seriyasının son bəndidir. Teşfelin fikrincə,
göstərilən koqnitiv proseslərin təhlili qruplararası münasibətlərin sosial-psixoloji aspektdə
öyrənilməsinin əsasını təşkil edir. Qruplararası favoritizm qrupların qarşılıqlı əlaqəsinin
müxtəlif situasiyalarında olduğu kimi qruplararası qavrayış prosesində də özünü biruzə verir.
Qruplararası favoritizm qruplararası diskriminasiyanın nəticəsi kimi qiymətləndirilə bilər.
Qrupdaxili və qruplararası favoritizmin dərəcəsi qruplararası münasibət və qruplararası
qavrayış səviyyəsindən asılıdır.
Qruplararası favoritizm və diskriminasiya proseslərinin qaçılmaz olması fikri irəli
sürülsə də bir çox tədqiqatçılar göstərir ki, bu proseslər fəaliyyətin formasından və bir sıra
sosial amillərdən asılı olaraq aradan qaldırıla bilər. Əsasən də kollektivlərdə qruplararası