Ər-Riyad sürətlə inkişaf edən şəhərlərdən biridir. O, həm
Səudiyyə Ərəbistanının paytaxtı, həm də Nəcd tarixi coğrafi
əyalətinin inzibati mərkəzidir. Şəhər əhalisinin sayı 3,0 mln. nəfərdən
artıqdır. Paytaxtın tarixi çox qədim deyil. O, 1821-ci ildə Vəhhabilər
dövlətinin inzibati mərkəzi kimi salınmışdır.
Müasir Ər-Riyad ölkənin ən böyük siyasi, iqtisadi və mədəni
mərkəzidir. Şəhərdə neftemalı, sement, yeyinti, toxuculuq,
maşınqayırma sənaye müəssisələri, istilik və atom elektrik
stansiyaları fəaliyyət göstərir. Ər-Riyadda bir neçə ali məktəb
fəaliyyət göstərir. 1957-ci ildən fəaliyyət göstərən Ər-Riyad
universiteti ölkənin ilk ali məktəbidir. Bu universitetdə təhsil ərəb və
ingilis dillərindədir. Şəhərdə İslam universiteti də fəaliyyət göstərir.
O da qeyd olunmalıdır ki, Səudiyyə Ərəbistanından olan gənclərin bir
qismi Qərbi Avropa və Amerika universitetlərində təhsil alırlar.
Məkkə bütün dünya müsəlmanlarının adını əzbər bildikləri
şəhərdir. Ölkənin qərbində yerləşmiş Məkkə Hicaz əyalətinin inzibati
mərkəzidir. Şəhər Qırmızı dənizin sahillərindən 70-75 km aralıdır.
Rahat avtomobil yolları onu ölkənin digər böyük şəhərləri ilə
birləşdirir.
Səudiyyə Ərəbistanının başqa şəhərlərində olduğu kimi
Məkkənin də əhalisi sürətlə artır. 1970-ci ildə bu şəhərdə 200, 2005-
ci ildə isə 700 min nəfər yaşayırdı. Ziyarət zamanı şəhər əhalisinin
sayı bir neçə dəfə artır. Şəhərdə kimya, toxuculuq, metal emalı,
yeyinti, əczaçılıq, zəmzəm quyusunun «müqəddəs suyunu» şüşələrə
dolduran müəssisələr var. Dini ayin əşyaları (kiçik namaz xalçaları,
müqəddəs kitablar, təsbeh və s.) istehsal edən kiçik müəssisələri
çoxdur. Şəhərdə dini tədris ocaqları ilə yanaşı tibb işçiləri və orta
məktəblər üçün müəllim hazırlayan kolleclər var. Ümumdünya İslam
Cəmiyyətinin və İslam Konfransı Təşkilatının mənzil-qərərgahı
Məkkə şəhərindədir.
Məkkə İslamın ən müqəddəs şəhəridir. Burada İslam dininin ən
müqəddəs məbədi Kəbə (Allahın evi) yerləşir. Müsəlman dünyasında
ikinci müqəddəs məkan Mədinə şəhərində Məhəmməd peyğəmbərin
(S) məzarı yerləşən məsciddir.