1. Coğrafi mövqeyi və təbiəti Coğrafi mövqe. İsrail Yaxın və Orta Şərq regionunda yerləşmiş
iki qeyri müsəlman ölkəsindən biridir. 1947-ci ilin 29 noyabrında BMT-
nin Baş Məclisinin keçmiş Britaniya müstəmləkəsi olmuş Fələstin
ərazisinin 14,1 min kv km-ni müstəqil Yəhudi dövlətini yaratmaqdan
ötrü bu bölgədə yaşayan yəhudi xalqına vermişdi. Son 50-60 ildə İsrailin
yerləşdiyi ərazi zəbt etdiyi torpaqlar hesabına xeyli dəyişkənliyə məruz
qalmışdır. Beynəlxalq ictimaiyyət isə BMT tərəfindən müəyyən edilmiş
ərazi və sərhədləri tanıyır.
1948-49-cu illərdə İsrail BMT tərəfindən müstəqil ərəb dövləti
yaratmaq üçün ayrılmış 11,1 min kv km ərazinin 5,7 min kv km-ni zəbt
edib öz torpağına qatır. 1949-cu ildə İsrailə onun qonşuları Misir, Ürdün,
Suriya və Livan arasında demarkasiya sərhədi barədə razılıq əldə olunsa
da, sonrakı illərdə İsrail bu razılığı tez-tez pozur. Beləliklə, İsrailin
ərazisi 20,8 min kv km-ə çatır. 1967-ci ildə İsrail Ürdün çayının qərb
sahilini, Qəzza bölgəsini və Suriyanın Colan təpəlikləri ərazisini də zəbt
edir. 2005-ci ildə öz qoşunlarını Ürdün çayının qərb sahili və Qəzza
bölgəsindən çıxarır.
Qurudan 4 müsəlman dövləti (əslində Fələstin də daxil olmaqla
5 dövlət olmalı idi) ilə həmsərhəd olan İsrailin qərbdən 188 km
məsafədə Aralıq dənizinə, şərqdən 56 km məsafədə Ölü dənizin
cənub-qərb bölgəsinə, cənubdan 10 km məsafədə Qırmızı dənizin
Əqəbə körfəzinə çıxışı var.