Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə113/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   109   110   111   112   113   114   115   116   ...   125
252 
sevgi, inqilaba cəhdin uğursuz sonucu, məhbəs həyatı, kənd 
müəllimliyi. Taleyin onun üçün cızdığı həyat trayektoriyasında 
Mustafa aldığı  zərbələrin psixoloji gərginliyindən mənəvi 
böhran həddini yaşamağa müncər olur. 
Müəllif toxunduğu hər mətləblə bağlı dünya filosof və 
yazıçılarının ibrətamiz düşüncələrini, fikirlərini sərgiləyir. Bu 
fikirlər sanki qəhrəmanın öz həyat tərzini kodlaşdırması üçün 
impuls verir. Heç bir yerdə-oxuduğu universitetdə, qaldığı evdə, 
hətta doğulduğu yurdda belə özünə rahatlıq tapmayan, tənha və 
tək görünən Müstafanın yeganə  həmdəmi kitablar olur: “Səhər 
açılan kimi paltarımı geyinib Axundov kitabxanasına gedirdim. 
Səhər yeməyini də, günortanı da orda yeyirdim. Kitabxanalara 
girən kimi kataloqlara baxırdım. Əvvəl oxuduğum kitabları seçib 
yenidən oxuyurdum. Mütaliə məni xilas edirdi.” 
Mustafanın içində güclü bir təklik sevdası hökm sürür: 
“İnsanlar daha da çoxalırdılar. Dərdimi kimə deyəydim? Dünya 
dolu adam idi”. Arzuların heçliyə dirənişi Mustafayanın həyatına 
melanxoliya gətirir və psixoloji sarsıntılar onun mənəvi dünya-
sında boşluq, təklik, son problematikası ilə müşayiət olunmağa 
başlayır. Kənddə müəllim kimi çalışarkən bütün ümidini Əkrə-
mə bağlayan və onu məhv olmuş ideallarının daşıyıcısı kimi 
yetişdirmək istəyən Mustafanın öz şagirdinə etdiyi nəsihətin 
məğzi əslində, onun mənəvi dünyasında illər boyu gəzdirdiyi əsl 
dekadansın göstəricisi, mövcudluğu kimi sərgilənir: “Mən 
inandığım  şeylər uğrunda  əzab çəkdim. Qız sevdim, alınmadı. 
Dünyanı dəyişdirmək istədim, lakin dəyişən yaşayış yerim oldu. 
... Insan inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər.”  
Bu gün mətn olmayan, mətn kimi oxunmayan heç nə yox-
dur. “Mustafa” romanına da müxtəlif rakurslardan yanaşmaq 
və  dəyərləndirmək mümkündür. Müəllif Mustafanı formalaş-
dığı dövrün gəncliyinin səciyyəvi obrazı kimi təqdim etməyə 
çalışmışdır. Mustafanın yaşantıları, duyğuları yazıçıya yaxşı 
tanışdır, o üzdən təhkiyəni birbaşa öz üzərinə götürüb. Başqa 
sözlə desək, Mustafa müəllifin proobrazıdır, bəlkə  də bütün 
yeni nəslin içində bir Mustafa yaşayır, desəm yanılmaram. 


253 
Gənc nəsil bu gün özünüdərk məsələsinə daha çox vaxt ayırır 
və məhz, keçib gəldiyi zamana baxış, qayıdış fonunda mənəvi 
böhran yaşamış özünün obrazını ədəbiyyata gətirir. A.Kamyu-
nun “Qiyama qalxan insan” essesində belə bir fikir var: “Yal-
nız azadlıq uğrunda ölməyin mənası var, çünki bu zaman insan 
inanır ki, o, tamamilə ölmür”. Əslində, azadlıq uğrunda müba-
rizənin məğlubiyyətlə sonuclanması da eyni məna tutumu ilə 
düşündürür, insanı inandığı ideallardan vaz keçməyə qoymur. 
“Mustafa” romanında da müəllif ona çalışır ki, məğlubiyyətə 
müncər olmuş insanın fərdi taleyi timsalınsa idealların, mübarizə 
hissinin ölmədiyinə bizi inandırsın. Amma inandıra bilirmi?  
Əsərin proloqunda qeyd olunur:  “İnsan yaşantısı  dərhal  ədə-
biyyatda əks olunursa ədəbi əsər özündən çox şey itirir. Üstündən 
nəfəs dərəcək qədər zaman keçməlidir. İllərlə beynimdə möhkəm-
lənmiş bu düşüncəyə sadiq qalaraq başıma gələn hadisələri səkkiz 
il sonra yazmağa qərar verdim.” Doğru fikirdir, dövrün kon-
septual dərki, daha dərin qatlara eniş üçün müəyyən nəfəsdərimə 
ehtiyac var. Digər tərəfdən, roman janrı insanın zamanla bağlı-
lığını dolğunluqla bədii təcəssümün mərkəzinə  çəkmək üçün əl-
verişli imkanlar yaradır. Lakin janrın tələbləri kontekstindən 
yanaşdıqda “Mustafa” romanında müəyyən kəsirlər nəzərə çarpır 
və bu qədər zaman fasiləsinə,  əsərdə yer alan maraqlı detallara 
rəğmən əsər roman səviyyəsində gerçəkləşmir.  
Məsələ bundadır ki, Mustafanın təkliyi, tənhalığı əsərin qa-
yəsi kimi götürülür, bu sırada qəhrəmanın sevgisi, siyasi fəaliy-
yəti, dostlarla münasibəti, hətta şəhər həyatı - Bakıya, Əli-Bay-
ramlıya dair səhnələr də ümumi olaraq, bu tənhalığın kölgə-
sində  təqdim olunurlar. “Mustafa” romanının məqsədi də elə 
budur, sosial-mənəvi problemlər qaldırmaq, insanın sosial fərd 
olaraq tənhalığını göstərmək. Fəqət romanda idraki məqamlara 
varılmır. Mustafanın tənhalığının səbəbləri, üzləşdiyi problem-
lər, ideallarının məğzi-məğlubiyyəti nəsr fakturası ilə gerçək-
ləşmir.  Əvəzində,  əsərdə  nəql olunanların təfərrüatlı inikasına 
varmaq əvəzinə səthi təsvirlər, ümumi cümlələrlə ötüb keçilir, 
roman strukturuna məxsus obraz, hadisə, situasiya yaratmaq 
əzmi isə hiss olunmur. 


 
254 
Əsər boyu qəhrəmanın publisist düşüncələrinin, eləcə  də 
dünya yazıçı  və filosoflarından sitatlar fonunda Mustafanı 
müxtəlif situasiyanın iştirakçısı qismində görürük. Amma 
bütün bu situasiyalarda sosial gerçəklər  əsərə birbaşa daxil 
edilir. “Nə  qədər  şeyi yanlış anlamışdım, nə  qədər sadəlövh 
olmuşdum, yalanlara nə tez inanmışdım, həqiqəti nə gec başa 
düşmüşdüm. Bizə yalan söyləmişdilər! O yalanı açıb-ağardana 
qədər çox əziyyət çəkdim.” Bütün əsər boyu müəllifin tapdığı 
həqiqətin nə olduğu bizi də düşündürür, lakin qəhrəmanın 
sosial ümidsizliyinin motivlənməsini görmürük. Bu mənada, 
əsərin sonunda Mustafanın  Əkbərə dediyi fikirlər oxucunu 
çaşdırır: “Bax, Əkrəm, o şəhərə gedirsən. O iblis cəmiyyətin 
növbəti qurbanına çevrilməməyin üçün yetişdirdim səni. Sən 
mən olmayacaqsan. Bunu bilirəm. Buraxdığım səhvlərin səbəb-
lərini anlamışam mən. O səhvləri bir-bir sənə izah da etmişəm. 
Amma bilirəm, sən də  səhvlər edəcəksən. Həyat riyaziyyat 
deyil ki, dəftər-kitabla öyrənəsən. Həyat həm kitabdır, həm də 
laboratoriya.” Mustafanın kədəri və  tənhalığı doğrudan da bu 
qədər dərin imişsə, bəs niyə əsər boyu bizi tərpətmədi? Çünki 
romanın həcmində o ağrını yaşamağa müvəffəq olmuruq, Mus-
tafanın həyat yolu dərin bədii idrak obyektinə çevrilə bilmir. 
Əlbəttə, təfsilatın reallığı bizdə  şübhə doğurmur, o cümlədən 
Mustafanın uğursuzluğu və  məğlubiyyəti bizi acıdır, amma 
sarsıtmır, düşündürmür. Bu hansı məğlubiyyətdir? Mustafanın 
o qədər də  dərin hisslərlə bağlanmadığı sevginin alınmaması-
mı, yoxsa əsərdə xəsis boyalarla təsvir olunan siyasi fəaliyyə-
tinin uğursuzluğumu? Əgər bunlardırsa, bu səbəblər əsərdə tu-
talğası yox kimi görünür. Müəllifin faciəvi-dramatik məzmun 
verməyə çalışdığı sevginin qəhrəmanı da, sonradan həmin qəh-
rəmanın inqilabçı ədada bulunması da əsərə deklarativ şəkildə 
daxil olur. Çünki hər iki məqama gətirən problem-situasiya 
primitiv təsir bağışlayır. Bütün əsər boyu sadəlövh görünən 
Mustafa son səhnədə birdən-birə böyüyür, əxlaqi-didaktik not-
larla danışır, həyata seyrçi-fəlsəfi baxışlarla nəzər salır: “Səni 
bura çağırmaqda bircə  məqsədim var. Həmişə ürəyinin səsini 


255 
dinlə. Səhv etməkdən qorxma. Həyatda məqsədlər çoxdur, va-
sitələr var. Məqsədə çatmaq əsas deyil, əsas ona sarı getməkdir. 
Əsas hansı məzhəbə qulluq etməyin deyil, ona nə qədər səda-
qətli olmağındır. Əsas məqsədə çatmaq deyil, məqsəddən sarp-
mamaqdır.” Əlbəttə, bu böyüməni müəllif oxucuya vəd etmiş-
di: “Mustafa hələ böyüməmişdi. Amma mütləq böyüyəcəkdi.” 
Fəqət roman qəhrəmanının böyüməsi, daxili-mənəvi inkişafı 
əsərin hərəkət trayektoriyasında cızılmır. Məgər bədii obraz 
həm də yaşam deyilmi? Ki, onun mənəvi dünyasından keçib də 
orda, qəhrəmanın iç duyğularında özünü, keçmişini, yaşantı-
larını tapa biləsən?! 
“Mustafa”nın düşüncələri, hadisələrə yanaşma və münasi-
bəti, Azərbaycan insanına və  məkanına dair mülahizələri sivil 
mövqeni, mütərəqqi dünyagörüşü qabardır, nominal səviyyədə 
müqayisələrə  də yol açır. Belə ki, əsərdə müqayisə yalnız 
Şərqlə  Qərb arasında deyil, elə  Şərqlə  Şərq arasında aparılır. 
Türkiyədəki azad həyat tərzinin, təhsilin, tələbə həyatının üst-
ünlükləri bu müqayisənin təcəssümü kimi təzahür edir. Həmçi-
nin din, cəmiyyət, dövlətçilik qanunları, idarəediciliklə bağlı 
düşüncə  sırası  əsərdə bir məqam, reaksiya olub keçsə  də bu 
mövzularla bağlı Mustafanın intellektual-təfəkkür aləmi bizi 
qane edir. Bu kontekstdən yanaşaraq  əsərdəki sosial-mənəvi 
çalarların vüsət almasını gözləyirik. Lakin Mustafa nəinki 
cərəyan edən hadisələrin, həmçinin özünün daxili təlatümləri-
nin məğzinə yetmir, onların daha çox zahiri şəklini çəkməklə 
kifayətlənir. Bu təbii ki, müəllifin üslubi xüsusiyyəti, onun 
analitik təhkiyəyə meylinin zəifliyi ilə bağlıdır. Çünki qəhrə-
manın zamanının, mühitinin sosial-əxlaqi panoramının dolğun 
inikasını vermək gərəkirdi. Bir halda ki, mühit, sosial-siyasi 
toplum,  əxlaqi-mənəvi tənəzzül insanı öz ideallarını realizə 
etmək yolunda əngələ çevrilir, o zaman problemin ictimai 
mahiyyətinə müdaxiləni dərinləşdirmək, onun sosial-psixoloji 
köklərini incələməklə mündəricə mənalılığına yetmək olardı.  
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin