AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
63
idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər
içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü
siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi.
Qələbəmizin üçüncü əsas amili beynəlxalq səviyyədəki uğurlarımızdır. Biz bütün
dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki,
əsrlərboyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi
bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı
məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik,
sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan
torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz
həllini tapmalıdır. Dünyanın bütün aparıcı təşkilatları, bütün beynəlxalq təşkilatlar
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qətnamələr,
qərarlar qəbul edibdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş
Assambleyasının qətnamələri, Qoşulmama Hərəkatının qətnamələri, İslam
Əməkdaşlıq Təşkilatının qətnamələri, Avropa Parlamentinin qətnamələri və digər
beynəlxalq təşkilatların qərar və qətnamələri birmənalı şəkildə Dağlıq Qarabağı
Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı. Bu, bizə əlavə güc verdi. Əgər biz bunu
etməsəydik, bu gün münaqişənin ətrafında cərəyan edən proseslər bizə böyük
problemlər yarada bilərdi. Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar,
qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı
strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır.
Biz bütün qonşu ölkələrlə səmimi dostluq əsasında münasibətlər qura bildik,
qarşılıqlı hörmət, qarşılıqlı inam əsasında. Əgər biz bunu etməsəydik, bu gün
münaqişə ətrafında tam başqa proseslər gedə bilərdi.
Şuşa işğal altına düşəndə bizim əsas problemlərimiz həm o idi ki, ordumuz yox idi,
rəhbərlik öz vəzifə borcunu yerinə yetirə bilmirdi. Beynəlxalq müstəvidə
Azərbaycan demək olar ki, bütün ölkələrlə münasibətləri gərginləşdirmişdi. Biz
demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Ancaq bu gün biz Ermənistanı təcrid
edilmiş vəziyyətə saldıq. Bizim transmilli layihələrimiz regionda tamamilə yeni
mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib
etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını
təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
64
ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq
formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük
dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş
vəziyyətdə qala bilərdi.
Nəhayət və ilk növbədə, ordu quruculuğu. Bu 17 il ərzində mənim işimin əsas
hissəsi ordu quruculuğuna həsr edilmişdir ki, biz ordumuzu necə gücləndirək,
ordumuzu ən müasir silahlarla təchiz edək. O da asan məsələ deyildi. O silahları
almaq üçün təkcə maddi vəsait kifayət etmir. Eyni zamanda, diplomatik, siyasi
səylər göstərilməlidir və biz buna da nail olduq. Bu gün Azərbaycan öz hərbi
təchizatını bir çox ölkələrdən təmin edir. Eyni zamanda, mənim təşəbbüsümlə
Azərbaycanda müdafiə sənayesi yaradıldı. Biz ordumuzun tələbatını böyük
dərəcədə daxili istehsal hesabına təmin edirik. Azərbaycanda 1000-dən çox adda
hərbi təyinatlı məhsul istehsal edilir, o cümlədən ən müasir məhsullar. Budur bizim
fəaliyyətimiz. Ordu quruculuğu, hərbçilərin maddi-məişət problemlərinin həlli,
təqaüdə çıxmış hərbçilərin məişət problemlərinin dövlət tərəfindən həll olunması,
onlara mənzillərin verilməsi, hərbçilərimizin iş şəraitinin yaxşılaşdırılması. Biz
demək olar ki, bütün hərbi şəhərciklərimizi, hərbi bazalarımızı yenidən qurduq və
onlar ən yüksək standartlara cavab verir. Əlbəttə, ilk növbədə, döyüş qabiliyyəti.
Döyüş qabiliyyəti artdı. Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlar
bütün dünyaya bizim gücümüzü göstərdi.
Döyüş qabiliyyətinin artırılması ordu quruculuğu sahəsində əsas amildir. Biz
müasir silahlardan istifadə edirik, texnikadan istifadə edirik, düşmənin texnikasını
məhv edirik. Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti
azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində
silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim
əsgərlərimizə!
Bax, belə ordu yaratmışıq biz! Deyirdik işğalçılara, deyirdik, düz yola gəlin, işğala
son qoyun, hələ ki, gec deyil. Ona görə bizim bütün dövrlərdəki siyasətimiz
birmənalı olub. Demişik ki, əgər məsələ sülh yolu ilə öz həllini tapmasa, hərbi
yolla məsələni həll edəcəyik. Mən bunu dəfələrlə demişəm. Buna görə də tənqid
olunmuşam bəzi ölkələr tərəfindən. Mən demişəm ki, bəs bizim torpaqlarımız
|