2. Təzə yığılmış taxılın mikrobiotası
Taxılın taxılın yığılması və döyülməsi prosesində taxıla mikroorqanizmlərin
düşməsi kəskin artır.
Yığım və döyüm zamanı taxıl kütləsinə mikroorqanizmlərin düşməsinin əsas
mənbəyi toz, qum və alaq qatışıqları hesab edilir.
Bu zaman yığım üsulunun, həmçinin hava şəraitinin mühüm əhəmiyyəti vardır.
Birbaşa kombaynla yığılan dənin nəmliyi əksərən yüksək olur və bununla əlaqədar
mikroorqanizmlərin miqdarı da xeyli çox olur. Əgər ayrılıqda yığım quru isti havada
aparılarsa, mikroorqanizmlərin miqdarı azalır, əksinə rütubətli hava zamanı dənin
səthində mikroorqanizmlərin miqdarı kəskin artır. Əgər belə dən tez döyülüb və
qurudulmasa, o xarab ola bilər.
Birbaşa kombayınla alınan dənin orta nəmliyi 25% olursa, ayrılıqda yığılan
dənin nəmliyi 14% olur.
Mikroorqanizmlərin miqdarı (başlıca olaraq bakteriyalar) ayrı-ayrı yığılan dəndə,
birbaşa kombayınla yığılan üsula görə 10 və 100 dəfə azdır.
Dəndə kif göbələklərinin miqdarı birbaşa yığım vaxtından və üsulundan
asılıdır. Yığımın daha axır vaxtlarında bakteriyaların miqdarı azalır və göbələklərin
miqdarı çoxalır.
Dənin daşınması üçün çirkli nəqliyyat və tara vasitələrindən istifadə etməyə yol
vermək olmaz. Belə ki, onlar dən kütləsinə nəinki saprotrof mikrobların, həm də bəzi
patogen növlərin – insan və heyvanlarda infeksion xəstəlik törədicilərinin düşmə
mənbəyi ola bilər.
Dənin mikroblarla artmasında onun emalı proseslərində – təmizləmə,
sortlaşdırma, qurutma və bu zamanı baş verə bilən mexaniki zədələnmələrin
olmasının mühüm əhəmiyyəti vardır. Mikroorqanizmlər örtük təbəqəsi pozulmuş
dəndə, bütöv dənə görə mikroorqanizmlər daha fəal inkişaf edirlər. Dəndə alaq
toxumlarının qatışıqları da dən kütləsinin mikroorqanizmlərlə zənginləşməsində
mühüm mənbə hesab edilir.
Dən kütləsinə mikroorqanizmlərin düşməsinin nisbətən eyni formalı şəraiti və
mənbəyi olduğuna görə saxlanmaya daxil olan təzə taxılın mikrobiotasının növ tərkibi
əsasən ümumi xarakter daşıyır.
Tədqiqatlar göstərir ki, əksər dənli bitkilərdən təzə yığılan keyfiyyətli dənin
mikrobiotasını başlıca olaraq spor əmələ gətirməyən Pseudomonas cinsi
bakteriyalar təşkil edir. Bunlar çox vaxt mikroorqanizmlərin ümumi miqdarının
90-99%-ni təşkil edir. Xüsusilə tez-tez Pseudomonas herbicola aşkar edilir.
Bunun dən kütləsində çoxlu miqdarda olması, müəyyən dərəcədə dənin təzəliyini
və yaxşı keyfiyyətli olmasını göstərir. Kif göbələkləri bir qayda olaraq dən
kütləsindəki mikroorqanizmlərin ümumi miqdarın yaxşı halda bir neçə faizə
qədərini təşkil edir. Göbələklər arasında Alternaria, Cladosporium, Fusarium,
Trichoderma, Ascochyta cinsinin nümayəndələri təsadüf edilir. Son zamanlar
müəyyən olunmuşdur ki, dənin mikrobiotasının miqdarı və növ tərkibi bitki
növündən və hətta sortundan asılı olaraq fərqlənə bilər.
Dənin səthində mikroorqanizmlərin miqdarı onun qlafının quruluşundan,
toxumun aşağı sallanma dərəcəsindən, çiçək təbəqəsinin olmasından, paxlanın
layından və b. asılıdır.
Məsələn, paxla toxumlarında – noxud, lobya, mərcimək və başqaların səthində
buğda toxumuna nisbətən mikroorqanizmlərin miqdarı az olur. Bu onunla izah olunur
ki, paxla toxumları möhkəm qabıqla örtülü olduğuna görə qabıqdan çıxma vaxtına
qədər mikroorqanizmlər ora düşə bilmir. Bundan əlavə paxla toxumlarının qabığının
hamar və düz olması da mikroorqanizmlərin az olmasına səbəb olur. Bu zaman buğda
toxumunda olan şırımlar (oyuq) xeyli mikroorqanizmlərin dənin səthində oturması
üçün şərait yaradır. Digər dənli bitkilərdən fərqli olaraq qarğıdalı dənində
mikroorqanizmlərin ümumi miqdarına görə kif göbələklərinin faizi yüksək olur.
Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, təzə yığılmış yaxşı keyfiyyətli
qarğıdalı dənində kif göbələkləri mikroorqanizmlərin ümumi miqdarının 2-dən
50%-ə qədərərini təşkil edə bilir. Məlum olmuşdur ki, qarğıdalı dəninin yetişməsi
artdıqca kif göbələklərinin miqdarı artır, bakteriyaların miqdarı isə azalır. Əsasən
Penisillium, Fusarium göbələk növlərinin nümayəndələri olur.
Müxtəlif dənli bitkilərin mikrobiotasının növ tərkibində olan fərq başlıca
olaraq kif göbələklərində müşahidə olunur. Əgər təzə yığılmış buğda dənində tez-
tez Alternaria, Cladosporium kimi göbələk cinslərinə təsadüf edilirsə, yulaf
dənində göstəriləndən başqa, daima Trichoderma cinsinin nümayəndələri də olur,
qarğıdalı dənində tez-tez Fusarium müəyyən olunur, qarabaşax dənində isə daimi
Ascochyta göbələk cinsinə rast gəlinir.
Müəyyən olunmuşdur ki, Alternaria, Cladosporium göbələk cinsləri yalnız
təzə yığılmış buğda dənində və digər bitkilərdə rast gəlinir. Bu göbələklər «tarla
kifi» adını almışdır. Saxlanılan dəndə göstərilən növlər tez məhv olur və onların
yerinə Penisillium, Aspergillus, Mucor növləri meydana çıxır. Bu göbələklər isə
«saxlanma kifləri» adını almışdır.
Saxlanmağa daxil olan taxıl kütləsində üç əsas mikroorqanizm qrupları
müəyyən oluna bilər: saprotrof, fitopatogen, insan və heyvanlar üçün patogenlər
olanlar.
Saprotrof mikroorqanizmlər dən kütləsində həmişə bu və ya digər miqdarda olur.
Bunlara yuxarıda təsvir etdiyimiz epifit mikroorqanizmlər, spor əmələgətirən
bakteriyalar, kif göbələkləri, aktinomisetlər, mayalar, mayayabənzər göbələklər və bir
çox başqa növlər aiddir.
Məlumdur ki, saprotrof mikroorqanizmlər özlərinin qidalanmaları üçün ölmüş
heyvan və bitki qalıqlarının üzvi maddələrindən istifadə edirlər. Bu növ
mikroorqanizmlər bir çox qida maddələrini saxlanma zamanı, o cümlədən də dəni
xarab edə bilər. Dəndə saprotrof mikroorqanizmlərin miqdar və keyfiyyət tərkibi
bəzən onun saxlanma prosesində həlledici təsirə malik ola bilər.
Zərərsiz epifitlərlə bərabər, bitkilərdə və dəndə müxtəlif xəstəliklər törədə
bilən parazitlərə də rast gəlinə bilər. Belə mikroorqanizmlər fitopatogen
mikroorqanizmlər adlanır. Çox zaman bitkilərdə xəstəlik törədiciləri fitopatogen
göbələklər hesab olunur.
Dənli bitkilərin göbələk xəstəliyi törədiciləri – mikozalar: sürmə, çovdar
mahmızı, fuzariozların müxtəlif növləri və başqaları çox zaman saxlanmaya daxil
olan dən kütləsində aşkar edilir.
Bu və ya digər fitoparazitlərin olduğu taxıl partiyasını uzun müddət
saxlanmaya qoyulan zaman bunu ciddi nəzərə almaq lazımdır.
Zədələnmiş dən əlavə işlənilir və sağlam partiyadan ayrı qoyulur. Patogen
mikroorqanizmlər – insanlarda və heyvanlarda infeksion xəstəlik törədiciləri – dən
kütləsinə təsadüfən düşə bilər.
Taxıla xəstəlik törədicilərinin düşməsinin ən çox ehtimal olunanı, xəstə
heyvanlardan insanlara keçə-bilən: qarayara, manqo, tulyaremiya, bruselloz və
başqaları göstərmək olar.
Bu mikroorqanizmlərin mənbəyi və infeksiyanın keçiricisi xəstə heyvanlar,
yaxud basil daşıyanlar, kənd təsərrüfatı heyvanları, gəmiricilər, həmçinin bəzi
quşlar və həşəratlar olur.
Taxıl patogen mikroorqanizmlər üçün əlverişli mühit olmadığına görə
onlardan çoxu dən kütləsinin saxlanması zamanı kifayət qədər tez ölür. Dən
infeksiyanın yalnız ötrücü rolunu yerinə yetirə bilər. Dən kütləsinə patogen
mikroorqanizmlərin az hallarda düşməsinə baxmayaraq, bu mümkünlüyü daimi
yazda saxlamaq və nəzərə almaq lazımdır.
Taxılla işləyərkən elementar sanitar tədbirlərə ehtiyatla əməl olunmalı və
dənin saxlanması və emalı üçün nəzərdə tutulan, taxıl anbarının, dəyirmanın,
anbarların təmizlənməsi və dezinfeksiyası üzrə olan xüsusi qaydalara ciddi riayət
etmək lazımdır.
Göstərilən tədbirləri xüsusilə, yuxarıda adları sayılan infeksion xəstəliklərin
qeyd olunduğu rayonlardan daxil olan taxıllara qarşı yerinə yetirmək lazımdır.
3. Taxılın mikrobiotasının müxtəlif saxlanma şəraiti və emalı zamanı
dəyişilməsi
Çoxlu tədqiqatlar göstərmişdir ki, əgər taxıl quru vəziyyətdə olarsa və daimi
temperatur
şəraitində
saxlanarsa,
onun
saxlanma
müddəti
uzandıqca
mikroorqanizmlərin
ümumi
miqdarı
azalır,
həmçinin
taxıl
kütləsinin
mikrobiotasının keyfiyyət tərkibi də bir qədər dəyişir. Məsələn, buğda və çovdarı
normal şəraitdə uzun müddət saxladıqda Pseudomonas herbicola bakteriyaları
tamamilə ölür, lakin spor əmələ gətirən Bacillus mesentericus, Bacillus subtilis
bakteriyaları, həmçinin kif göbələklərinin sporları yaxşı qalırlar. Əgər taxılın
saxlanması normal şəraitdə davam edərsə, mikroorqanizmlər – kif göbələkləri və
başqaları – sükunətdə olur və çoxalmırlar.
Saxlanma şəraiti dəyişilən zaman (nəmliyin, temperaturun artması) istər təzə
yığılan, istərsə də uzun müddət saxlanılan taxıl kütləsində mikroorqanizmlər ola
bilər və onlar tədricən və ya sürətlə çoxala bilər. Bu zaman bir növü digəri, o
cümlədən epifitləri kif göbələkləri əvəz edir. Sahədə və taxıl anbarında əlverişsiz
şəraitdə saxlanma zamanı bir neçə gündən sonra mikroorqanizmlərin təsiri altında
taxıl qismən, yaxud tamamilə xarab ola bilər.
Saxlanma zamanı (dən) taxıl kütləsində mikroorqanizmlərin inkişafına imkan
verən mühüm şərait: taxıl kütləsinin və onun ayrı-ayrı komponentlərin nəmliyi;
onun aerasiya dərəcəsi; dənin tamlığı və onun örtük toxumasının vəziyyəti;
qatışıqların miqdarı və növ tərkibi hesab edilir.
Normal keyfiyyətli taxılda mühit reaksiyası pH-5,6-6,4 arasında olur. Hiss
olunacaq dəyişiklik isə taxıl xarab olanda müşahidə edilir. Taxıl kütləsinin adi
mikrobiotasına düz günəş şüası öldürücü təsir edir. Lakin səpələnən şüaya əksər
saprotrof mikroorqanizmlər laqeyd münasibət göstərirlər.
4. Rütubət və temperaturun taxıl kütləsinin mikroorqanizmlərinə təsiri
Mühitin rütubəti mikroorqanizmlər üçün vacib şərtdir. Yığım zamanı bir
qayda olaraq müxtəlif rütubətli taxıl alınır (7%-dən 30%-ə qədər və daha çox).
Təzə yığılmış taxılda rütubətin belə kəskin dəyişməsi yığım şəraitindən,
qıçada, sünbüldəki ayrı-ayrı dənlərin rütubətinin müxtəlifliyindən, həmçinin alaq
qatışıqlarının olmasından asılıdır. Yığım zamanı taxılın nəmliyi sünbülün ayrı-ayrı
sahələrində paxlanın qıça yaxud qınında geniş həddə dəyişə bilər. Üzvi mənşəli
alaq qatışıqları və müxtəlif bitki qalıqları – yüksək nəmliyə malik ola bilər (60%-ə
qədər və daha çox). Əgər taxıl kütləsi vaxtında qatışıqlardan təmizlənməsə, onda
bu rütubət çox tezliklə əsas taxıla keçər. Yüksək rütubət həmçinin xırda, xüsusilə
cılız və əzilmiş dənlərdə olur. Hətta bir dəndə nəmlik bərabər paylanmır. Dənin
rüşeymi hiqroskopik olduğu üçün su ilə daha zəngin olur.
Müəyyən olunmuşdur ki, dəndə mikroorqanizmlərin inkişafı yalnız onda
sərbəst suyun olduğu zaman mövcuddur. Birləşmiş sudan mikroorqanizmlər istifadə
edə bilmir. Birləşmiş su elə suya deyilir ki, dənin hidrofil kolloidləri: zülallar,
nişasta ilə kimyəvi və fiziki birləşmiş olur. Buğda dənində birləşmiş su orta hesabla
14% olur.
Rütubətlik yüksələn zaman dəndə damcı şəklində sərbəst su əmələ gəlir ki,
bundan mikroorqanizmlər həyat fəaliyyəti prosesində istifadə edirlər.
Dən kütləsində rast olunan mikroorqanizmləri rütubətə tələbatlarına görə
adətən üç qrupa bölürlər: hidrofitlər, mezofitlər və kserofitlər. Rütubətin mühitdə
olmasına ən az tələbkar göbələklər – kserofitlərdir.
Taxılın rütubəti ətrafdakı havanın nisbi rütubəti ilə qarşılıqlı əlaqədə olur.
Taxılın və toxumun rütubəti havanın nisbi rütubətinin 80-100% həddində kəskin
qalxır. Havanın nisbi rütubəti 70% olduğu zaman taxıl bitkilərinin dənində
rütubətlik 14,5%, 75%-də 15-16%-ə uyğun olur, 80-100% rütubətlikdə 32-36%-ə
çatır.
Havanın nisbi rütubətinin taxılın rütubətliyinə təsiri yalnız saxlanma zamanı
deyil, həm də tarlada onun yetişməsi və daşınması zamanı da müşahidə edilir.
Bununla əlaqədar taxıl kütləsində baş verəcək rütubət dəyişkənliyi, bu və ya
digər mikroorqanizmin qrupları – hidrofitlər, mezofitlər yaxud kserofitlərin inkişafı
üçün şərait yarada bilər.
Taxılda rütubətliyin artması birinci növbədə bəzi kif göbələklərinin –
kserofitlərin, sonra isə mezofitlərin fəal inkişafı üçün şərait yaradır. Taxıl
kütləsində rast olunan tipik kserofitlərə, Aspergellus cinsinin nümayəndələri,
mezofitlərə isə Penicillium və Mucor cinslərinin nümayəndələri aiddir.
Kif göbələkləri – kserofitlərin inkişafı və sərbəst suyun meydana çıxması
üçün mümkün olan rütubətliyin aşağı həddi, taxıl kütləsinin «kritik» rütubətliyinə
təxminən uyğun gəlir.
Müxtəlif taxıl bitkilərinin kritik rütubətliyi müxtəlif olub, toxumun kimyəvi
tərkibindən və anatomik quruluş xüsusiyyətindən asılıdır. Belə ki, buğda toxumunda
göbələklər – kserofitlər 14,5% rütubətlikdə, qarğıdalı toxumunda – 13,5-14%-də,
darıda – 12,0-13,0%-də, günəbaxanda – 6,0-10,0%-də (yağın miqdarından asılı
olaraq) inkişafa başlayır.
Taxılın və toxumun saxlanma təcrübəsində qeyd olunur ki, bəzi kif
göbələkləri nəinki onun kritik, həm də kritik rütubətliyindən xeyli aşağıda da
inkişaf edə bilər. Bu göbələklər rütubətlik çatışmadıqda zəif inkişaf edir və az fəal
olur, zəif kiflənmə prosesi gedir. Nəticədə göbələk inkişaf etdikcə tədricən nüvənin
tərkibi dəyişir, mübadilənin zəhərli məhsulları ifraz olunur, bu da dənin
cücərməsinə mənfi təsir göstərir. Belə kiflənmədən qorunmaq üçün, yığımdan
sonra dərhal rütubətliyin kritik vəziyyətindən aşağı qədər qurudulmalıdır. Əsasən
havası qızdırılmış aktiv vintilyasiyalı qurutma məsləhət görülür. Taxıl partiyasının
uzun müddət saxlanmaya boşaldılmasına «quruluq» tələbini təmin edənlərə icazə
verilir (buğda və çovdar üçün rütubətlik 14,0% yuxarı olmaması). Rütubətliyi
15%-dən çox olan taxılın aşağı temperaturda yalnız qısa müddətdə saxlanmasına
icazə verilir.
Mühiti temperaturu mikroorqanizmlərin intensiv inkişafını müəyyən edən
mühüm amillərdən biridir. Taxıl kütləsindəki mikrobiotanın həyat fəaliyyəti ətraf
mühitin temperaturundan da asılıdır.
Məlumdur ki, bütün mikroorqanizmlər temperatur şəraitində inkişaf
münasibətinə görə psixrofillərə, mezofillərə və termofillərə bölünür.
Taxıl kütləsində rast olunan bakteriya və kif göbələklərinin əksəriyyətini
mezofill qruplara aid etmək olar. Belə ki, onların inkişafının optimal temperaturu
25-30C həddində olur. Termofil bakteriyalara yalnız taxılın öz-özündən qızışma
prosesinin axırıncı mərhələsində, temperatur 50-60C qalxdıqda müşahidə olunur.
Temperatur aşağı düşdükdə (10C aşağı) əksər mikroorqanizmlər öz
inkişaflarını dayandırır, lakin onlardan çoxu hətta 0C aşağı temperatur zamanı da
həyat qabiliyyətini saxlayır.
Taxıl kütləsinin dondurulmasında çox zaman mikroorqanizmlərin inkişafı
dayanır, lakin onların ölümünə səbəb olmur. Aşağı temperatura kif göbələklərini bəzi
növləri davamlıdır və onlar arasında hətta mənfi temperaturda inkişaf etmək
qabiliyyətinə malik olanlar da var. Bununla əlaqədar olaraq rütubətli taxılı uzun
müddət saxladıqda, o daimi aşağı temperaturda saxlamaq lazımdır, onun
yüksəlməsinə yol vermək olmaz. Temperaturun azacıq artması mikroorqanizmlərin və
birinci növbədə taxılın öz-özünə qızışmasına səbəb olanlardan biri olan kif
göbələklərinin güclü inkişafına səbəb olur.
Temperaturun taxıl kütləsindəki mikroorqanizmlərin inkişafına təsiri taxılın
rütubətliyi ilə sıxı surətdə asılı olur.
Tədqiqatlar göstərir ki, taxılın rütubətliyi nə qədər yüksəkdirsə, onda
mikroorqanizmlərin inkişafı bir o qədər geniş temperatur diapazonunda qeyd
olunur. Aşağıda taxıl kütləsində mikroorqanizmlərin çoxalmasının getdiyini
xarakterizə edən rütubətlik və temperatur həddi rəqəmləri verilir.
Taxılın rütubəti, % ... 16-17; 17-18; 18-19 və 20-21.
Mikroorqanizmlərin çoxalması getdiyi temperatur həddi, C … 30-40; 25-40;
20-40 və 10-40.
Rütubətliyi kritik vəziyyətdən aşağı və temperaturu 30C qədər olan buğda
kütləsində, təzə yığılmış taxıla xas olan normal epifit mikrobiota uzun müddət
əhəmiyyətli dəyişikliyə uğramadan qalır.
Təzə yığılmış taxılda temperatur 30-40C artdıqca epifit mikrobiota kifayət
qədər tez ölməyə başlayır. Yüksək temperaturda saxlanılan taxıl kütləsində epifit
mikrobiotanın yerinə spor əmələ gətirən Bacillus mesentericus və Bacillus subtilis
bakteriya formaları meydana çıxır. Taxıl kütləsində rütubətlik kritikdən yüksək
olduqda mikroorqanizmlərin inkişaf sürəti havanın nisbi rütubəti və saxlanma
temperaturu ilə sıx bağlı olur.
Rütubətli taxılda mikrobların daha intensiv artması 25-30C temperaturda
qeyd olunur. Bu temperaturda müxtəlif bakteriyaların, həmçinin Aspergillus,
Penicillium, Mucor və başqa göbələklərin daha intensiv inkişafı müşahidə edilir.
Temperaturun yüksəlməsi artdıqca və saxlanma vaxtı uzandıqca Penicillium
cinsinə aid növlər Aspergillus cinsinin nümayəndələri tərəfindən sıxışdırılır.
Penicillium kif cinsinin inkişafı üçün ən əlverişli temperatur 25C-yə yaxın,
Aspergillus növləri üçün - 30C ətrafında olur.
Temperatur +10C-ə qədər və aşağı düşdükdə bütün mikroorqanizmlərin
inkişafı tədricən zəifləyir və sonra isə dayanır.
5. Havanın daxil olmasının taxıl kütləsindəki
mikroorqanizmlərə təsiri
Taxıl kütləsində əsasən hava kifayət qədər olduqda, aerobda inkişaf etmək
qabiliyyətinə malik olan mikroorqanizmlər olur.
Taxılda rast olunan göbələklərin əksəriyyəti (Aspergillus, Penicillium,
Mucor), həmçinin bakteriyaların çoxu mütləq aerobdurlar və hava sərbəst daxil
olduqda fəal inkişaf edə bilirlər. Taxıl kütləsində az miqdarda fakültativ anaeroblar
da müşahidə edilir (mayalar, süd turşusu bakteriyaları və b.).
Beləliklə, taxılı saxladıqda, hətta yüksək rütubətlikdə belə, hava daxil
olmadıqda, mikroorqanizmlərin inkişafı dayana bilər.
Taxılın rütubətliyi və temperaturu taxılın, alaqların və mikroorqanizmlərin
həyat fəaliyyətinə köməklik edən, anaerob şəraitdə saxladıqda dənlər arası
məsafədə hava tədricən dəyişilir. Oksigen taxıl kütləsinin canlı komponentləri
tərəfindən tənəffüs üçün istifadə edilir, oksigenin yerinə isə dənlər arası məsafədə
çoxlu miqdarda karbon qazı toplanır. Bu zaman əksər mikroorqanizm növlərinin
həyat fəaliyyəti zəifləyir. Bakteriya və göbələklərin inkişafı taxıl kütləsində CO
2
qatılığının 18-20%-də dayanır.
Taxılda öz-özünə saxlama baş verir. Müxtəlif ölkə tədqiqatçıları tərəfindən
oksigen daxil olmadan taxılın saxlanması üsulu hazırlanır. Hazırda taxılın oksigen
daxil olmadan saxlanmasının iki tipii təklif olunur.
Taxılı taxıl anbarında hermetik saxlanılması (autokonservasiya);
Dənlərarası və dən səthindəki məsafəni mikroorqanizmlərini inkişafını
ləngidən hər hansı bir qazla: karbon qazı ilə, xlorpikrin, dixloretan buxarı ilə
doldurmaq.
Birinci tip saxlanmada oksigen dən kütləsinin canlı komponenti tərəfindən
istifadə olunur. İkinci tipdə isə oksigen digər qazlar tərəfindən çıxarılır.
Kifayət qədər rütubətlikdə və optimal temperaturda dənin canlı
komponentlərinin tənəffüsü intensiv olur və öz-özünə saxlanma prosesi tez baş
verir. Müəyyən edilmişdir ki, oksigen olmadan (anaerob şəraitdə) taxılın
saxlanması parlaqlığın itirilməsinə, rəngin pisləşməsinə, həmçinin çox zaman
turşməzə – maya iyinin əmələ gəlməsinə səbəb olur. Eyni zamanda dənin çıxışı və
cücərmə enercisi də azalır.
Taxıla süni surətdə karbon qazı verdikdə öz keyfiyyətini yaxşı saxlayır. Taxılı
anaerob şəraitdə saxlamaq üsulunun rütubətli taxılı saxlamaqda əhəmiyyəti o vaxt
olur ki, onu kritik rütubətə qədər qurutmaq çətin olsun, yaxud da buna ehtiyac
olmasın. Məsələn, qarğıdalı dənini yem üçün saxladıqda.
Dənin saxlanmasında istifadə olunan əsas üsullar, dən kütləsinə havanın kifayət
qədər daxil olmasını təmin edir. Taxıl kütləsində əlverişli rütubət və temperatur
şəraitində aerob mikroorqanizmlər (başlıca olaraq kif göbələkləri) fəal inkişaf edə
bilər ki, bu da keyfiyyətinin pisləşməsinə və dənin xarab olmasına səbəb olar.
Taxıl kütləsində mikroorqanizmlərin inkişafının qarşısını almaq üçün, kifayət
qədər hava mübadiləsi olmaqla fəal ventilyasiya üsulundan istifadə etmək lazımdır.
Belə ventilyasiya hökmən temperatur və nəmliyin düşməsi ilə müşayiət olunur.
Əgər ventilyasiya prosesi taxıl kütləsində temperatur və nəmliyin düşməsilə
müşayiət olunmursa, onda ayrı-ayrı sahələrdə yaxud dənlərin hamısında öz-özünə
qızışma prosesi baş verə bilər.
6. Taxıl kütləsində örtük toxumanın və qatışıqların vəziyyətindən asılı olaraq
formalaşan mikrobiota
Sağlam, zədələnməmiş dən möhkəm qılafla örtülüdür. Bu qılaf,
mikroorqanizmlərin təsirinə nisbətənm davamlı olan sellüloza və mümabənzər
maddələrdən təşkil olunur.
Dənin bütövlüyü və onun qılafı mexaniki zədələnmələr nəticəsində pozulduqda
mikroorqanizmlərin, o cümlədən kif göbələklərin inkişafı üçün əlverişli şərait yaradır.
Xüsusilə, mikroorqanizmlər zədələnmiş dənin rütubətliyi yüksək olduqda fəal inkişaf
etməyə başlayırlar. Təcrübədə elə hallara rast gəlinir ki, Penicillium cinsi ilə
zədələnməsi buğdanın cücərmə qabiliyyətinin kəskin aşağı düşməsinə səbəb olur.
Zədələnmə dərəcəsindən asılı olaraq əzilmiş qarğıdalı dənində mikroorqanizmlərin
inkişafının mümkünlüyü öyrənilmişdir. Kif göbələklərinin ən fəal inkişafı basılmış
dəndə, bir qədər az qlafında ayrı-ayrı çatları olan dəndə, həmçinin rüşeym tərəfi
zədələnmiş sahədə olmuşdur.
Kif göbələkləri ilə zədələnmiş qarğıdalı toxumunun da cücərmə qabiliyyəti
əhəmiyyətli dərəcədə azalır. Bu zaman əsas mənfi rolu Penicillium, Fusarium
göbələk cinsləri oynayır.
Buğda və qarğıdalıdan başqa, mikroorqanizmlər digər dağıdılmış və xarab
olmuş dənli bitkilərin(lobya, darı, yulaf, günəbaxan və s.) toxumlarını da zədələyə
bilər.
Taxıl kütləsinin mikroorqanizmlərlə zənginləşməsində müxtəlif qatışıqların,
xüsusilə alaqların mühüm əhəmiyyəti vardır. Buğda taxılındakı alaq qatışıqlarının
mikrobiotasını öyrənən zaman müəyyən olunmuşdur ki, ən çox mikroorqanizmlər
basılmış, ovulmuş (gəmrilmiş) dənlərdə, alaq otları toxumlarında, həmçinin
mineral qatışıqlarda (qum, torpaq danələrəi) olur.
Alaq toxumları çox zaman əsas bitki dənələrinə nisbətən yüksək rütubətə malik
olur və ona görə də mikroorqanizm mənbəyi ola bilər.
Mikroorqanizmlərin güclü mənbəyi xarab olmuş, çürümüş, kiflənmiş taxıl dənləri
olur. Belə dənlər taxılın saxlanması zamanı hər hansı əlverişsiz təsirə məruz qalan,
məsələn öz-özünə qızışan taxıllarda təsadüf oluna bilir. Alaq qatışıqlarının taxıl
kütləsini mikroorqanizmlərlə zənginləşdiyini nəzərə alaraq taxılı yığandan sonra, onu
saxlamaya qoymazdan qabaq vaxtında təmizləmənin həlledici əhəmiyyəti vardır.
Dostları ilə paylaş: |