Mövzu: 1 Azərbaycan ərazisində ibtidai-icma quruluşu, tayfa birlikləri və ilkin dövlət qurumları. P L an


Xilafətin torpaq və vergi siyasəti



Yüklə 457,4 Kb.
səhifə26/76
tarix02.01.2022
ölçüsü457,4 Kb.
#43571
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   76
FF tarix

Xilafətin torpaq və vergi siyasəti

Xilafət dövründə beş torpaq sahibliyi mövcud olmuşdur. 1. Divan (sultan) mülkləri, 2. İqta, 3. Mülk, 4.Vəqf, 5. İcma. Ələ keçirilən ölkələrin torpaqları xərac torpaqları adlanırdı və mərkəzi divanda qeydə alınırdı. Həmin torpaqlardan gələn gəlir xəlifənin xəzinəsinə daxil olurdu.

Xilafətin sosial-iqtisadi quruluşunda iqta torpaqları çox mühüm rol oynayırdı. Çünki hakim zümrə, mülki və hərbi məmurlar, hərbi qulluqçular bu torpaqlann gəlirləri hesabına saxlanılırdı. Xəlifə tərəfindən vəzifəyə qoyulan məmurlara verilən şəxsi iqtalar müvəqqəti olub, vəzifə müddəti bitdikdə geri alınırdı. Adətən hərbiçilərə verilən icarə iqtaları da eyni səciyyə daşıyırdı və bir qayda olaraq irsən keçmirdi. Xilafət qarşısında çox böyük xidmət göstərən şəxslərə verilən xüsusi (xass) iqtaların sahibləri çox böyük səlahiyyətlərə malik olurdular və bu iqta növü irsən ötürülə bilərdi. Belə iqtalar həm də ərazicə çox böyük olurdu. Xəlifə Mötəsim Babək hərəkatını yatırdığına görə türk sərkərdəsi Afşinə Azərbaycan, Aran və Ərməniyyəni iqta vermişdi.

Xilafətdə mülk torpaqları xəlifə iqtaları, bataqlıqların qurudularaq əkinə yararlı hala salınması və xəlifə mülklərinin (dövlət torpağı) satın alınması hesabına yaranırdı. Məmurlar və vəsaiti olan digər Şəxslər xəlifə mülklərini (dövlət torpaqlarını) əldə edərək, onların daimi sahiblərinə çevrilir və bu torpaqlardan nisbətən sabit gəlir götürürdülər. Bu kateqoriyadan olan torpaqların sahibləri əlavə vergilər verməli və torpaqlarından keçən kanalların bərpası xərclərini ödəməli idilər Xilafətə qədər Azərbaycan əyanlarının ixtiyarında olan xüsusi torpaqlar da indi mülk adlanırdı. Mülk torpaqlarını alıb - satmaq, bağışlamaq və varislərə ötürmək olardı. Bu torpaq sahibliyinə görə hərbi xidmət göstərilməsi məcburi deyildi.

Xilafət dövründə Azərbaycanda geniş vəqf torpaqları mövcud idi. Vəqf torpaqlarının gəliri hesabına müqəddəs sayılan şəhərlər, müxtəlif dini müəssisələr (məscidlər, mədrəsələr və s.) saxlanılırdı. Azərbaycanda olan və qazı adlanan bəzi hərbi qüvvələrin əsgərlərinin xərci də vəqf torpaqlarının gəlirindən ödənilirdi. VIII -IX əsrlərdə Şirvanın (Bakının) neft və duz mədənləri Dərbənd əhalisinə, əslində buradakı ərəb qarnizonuna vəqf edilmişdi. Ümumiyyətlə, müsəlman ruhani idarəsinin ixtiyarında olan vəqf torpaqlarından xəzinə üçün heç bir xərac yığılmırdı. Vəqf torpaqlarının alqı-satqısı da qadağan idi.

Kəndlərdə əhaliyə məxsus olan torpaqlar, otlaq və biçənəklər icma torpaqları adlanırdı. Dövlətin nəzarətində olan bu torpaqlardan hökmən xəzinəyə xərac ödənilirdi.

Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr və s. icma torpaqlarına aid idi. Əs-lində xəzinəyə gələn gəlir də bu torpaqlardan alınan vergilər idi.

Beləliklə, Azərbaycan ərəblər tərəfindən işğal edildikdən sonra yerli torpaq sahibləri öz müstəqilliklərini tamam əldən verərək. ərəb üsul-idarəsindən asılı vəziyyətə düşdülər. İşğalçı ərəblər tutduqları ölkələrin feodal ağaları ilə tez bir zamanda ümumi dil tapsalar da, özlərini onlardan həmişə ayırırdılar.Ərəblər Azərbaycanı işğal edəndən sonra ilk vaxtlar əvvəlki vergi sistemini saxlamışdılar. Əməvilərə qədər ərəblər Azərbaycanın ayrı-ayrı bölgələrində vergilərin ümumi miqdarını təyin edir, ancaq onun adambaşına bölgüsü işinə qarışmırdılar. Məhəmməd Peyğəmbərdən (Ə) sonra hakimiyyətdə olmuş və adı İslam dünyasında müqəddəs tutulan 4 xəlifədən biri Həzrəti Əli ərəb hakimlərindən birinə yazdığı məktubda «xərac toplanmasına deyil, torpağın becərilməsinə diqqət yetirilməsini)) əmr etmişdir. Əks halda, «ölkə var - yoxdan çıxar, xalq qırılıb tükənərdi)). Əməvilərə qədərki dövrün digər xüsusiyyəti vergilərin Sasani dövrünə nisbətən bir neçə dəfə az olmasındadır. Əsas torpaq vergisi xərac olsa da, Azərbaycanın Aran bölgəsinin xristian əhalisi xəracla yanaşı, cizyə vergisi də ödəyirdi. Müsəlmanlardan isə xərac vergisi ilə yanaşı, məhsulun onda bir hissəsini təşkil edm uşr da alınırdı. Qeyri-müsəlmanları dinə gətirmək üçün torpaq vergisi onlardan 2 dəfə çox alınırdı. Əməvilərin dövründə (661 - 750) vergi siyasətində əsaslı dəyişikliklər baş verdi. 725/26-cı ildə Azərbaycanda və Aranda əhali, torpaq, mal-qara və hər cür əmlak yenidən siyahıya alındı. Moisey Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu yeni siyahıyaalma "adamları, mal-qaranı və bütün ölkəni elə köləlik boyunduruğuna saldı ki, sonrakı ildə Arranda dəhşətli aclıq başladı". Yeni vergilər tətbiq edildi.Bu zaman daha çox xərac vergisinin yığılmasına diqqət yetirilsə də, əhali üzərinə sənətkarlıq məhsullarına, nigah bağlanmasına görə də vergilər qoyuldu. Əvvəlki dövrün vergilərindən olan novruz hədiyyəsi bərpa edildi, rahiblərin də üzərinə cizyə vergisi qoyuldu.

Əməvilərin vergi siyasəti təkcə yoxsullan deyil, Aranın bir çox əyan və varlı adamlarını da dilənçi kökünə saldı və böyük fəlakətlərə səbəb oldu. Xalqımız ağır zülmdən inləyirdi və dözülməz fəlakətlərdən xilas yolu isə görünmürdü. M.Kalankatlınm yazdığı kimi, vergi siyahıyaalması insanları və bütün ölkəni köləlik boyunduruğu altına salmış və 727-ci ildə dəhşətli aclıq baş vermişdi. Əməvilər dövründə (661-750) dövlət xərac toplanmasına böyük diqqət yetirir-di. 725-ci ildə xəlifə Hişamın əmrinə əsasən Azərbaycanda əhali, mal-qara, torpaq siyahıya alındı. Bu məqsədlə o, öz sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi.

15 yaşdan yuxarı əhali vergi verməli idi. Vergilərin ağırlığına dözə bilməyən kəndlilər kəndlərdən kütləvi şəkildə gedirdilər. Onların torpaqlarını isə feodallar mənimsəyirdi .Əməvilərin yeritdiyi bu siyasət onlara qarşı böyük narazılıqlar yaratdı və 750-ci ildə onları Abbasilər əvəz etdilər (750-1258). Abbasilər əsasən yerli feodalların nüfuzundan istifadə edirdilər. Vergi qayda-sında yeni dəyişikliklər qoyuldu. Abbasilərin Azərbaycandakı sosial - iqtisadi siyasətində etdikləri əsas dəyişiklik mövliya adlanan yerli əyanlar zümrəsinə arxalanmağa başlanmasından ibarətdir. Abbasilər yerli əyanlara ərəblərlə eyni hüquq verməsələr də, əhalinin idarə edilməsində onlardan bir vasitə kimi istifadə edirdilər.Torpaq əkilib-əkilməməyindən asılı olmayaraq vergi verilməli idi. Zimmilər (xristanlar) daha çox vergi verirdilər. 750-ci ildə Əməvilər sülaləsini yıxaraq siyasi səhnəyə çıxan Abbasilərin dövründə xərac torpağın əkilib - əkilməməsindən asılı olmayaraq sahəsinə görə nəqd pulla alınırdı. Vergilərin nəqd pulla tələb edilməsi Azərbaycanda gümüş və qızılı tamamilə tükəndirmişdi

Xəlifə əl Mənsur (754 - 755) hətta ölülərə görə də vergi tələb edirdi. Ona «pul atası» ləqəbini vermişdilər. Mənbələrə görə «o, pulu allahdan çox istəyirdi». Xəlifə Harun ər-Rəşidin dövründə (786 - 809) Azərbaycanın və Aranın əhalisindən alınan vergilərin miqdarı hədsiz dərəcədə artırıldı. Azərbaycandan (Cənub - Red.) ildə 4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi toplanılırdı. Vergi zülmündən qaçan və ya şəhərə köçənlərin mülkiyyəti ərəb və yerli əyanlar tərəfindən mənimsənilirdi. Bu dövrdə xəracı və digər vergiləri ödəyə bilməyənləri döyür, qızmar günəş altında saxlayır, başlarına yağ tökür, arvad - uşaqlarını qula çevirir, inəyini, davarını - ələ keçən nəyi var idisə, zorla alıb aparırdılar. Mənbələrdə vergilərin iltizama verilməsi, iltizamçıların lazımi məbləğdən artıq pul və vergi yığmaq üçün rəiyyətlə rəhimsiz rəftar etməsi haqqında da məlumatlara rast gəlinir.

Xilafət dövründə Azərbaycan əhalisi xüms və zəkat vergisi də ödəyirdi. Xüms yeni əmlakdan, neft, duz, filiz mədənlərindən və dəniz nemətlərindən ödənilirdi. Zəkat vergisi əmlakın onda birindən az hissəsini təşkil edirdi.

.

VIII əsrin ortalarında hakimiyyətə gəlmiş Abbasilər Azərbaycan və Arranın vergi verən əhalisinin vəziyyətini heç də yaxşılaşdırmadılar. Moisey Kalankatlının sözlərilə desək, "Abbasilərin hakimiyyətə gəlişi ana yurdumuz Albaniya üçün böyük fəlakət idi, çünki taciklər (yəni ərəblər - N. V.) öz iyrənc qarətçilikləri ilə alban işxanlarından paytaxtımız Bərdəni aldılar və öz səltənətlərinin köhnə paytaxtı Dəməşqdə olduğu kimi indi də Alban torpağında -Bərdədə iqamətgah qurdular ki, torpağın bol nemətlərini sovursunlar".



Təxmini hesablamalara görə Azərbaycandan Xilafətə ildə 8 milyon dirhəmə yaxın vergi ödənilirdi.

Azərbaycan tacirləri təkcə Xilafətə tabe olan ölkələrlə deyil, həm də başqaları ilə ticarət əlaqələri saxlayırdılar. Çoxsaylı tacirləri Azərbaycana təkcə malların bolluğu, gözəlliyi, alverin rəvan getməsi deyil, həm də ucuzluq cəlb edirdi. Azərbaycan şəhərləri Xilafətlə Şimal-Şərqi Avropa və Asiya ölkələri arasında ticarətdə vasitəçilik edirdi. Daxili və dünya bazarlarındakı ticarətdən Azərbaycan tacirləri xeyli mənfəət əldə edir və gəlirin bir hissəsini dövlətin xəzinəsinə verirdilər. Ərəblər Bizansın Qara dənizdən keçən əsas ticarət yolunun istiqamətini dəyişərək, onu Şərqə-Xəzər dənizi tərəfə ke- çirtdilər. Ərəblərin Ön Qafqazdakı bütün ticarət yollarının kəsişdiyi Bərdə Şimalla tranzit ticarətinin mərkəzinə çevrildi.

Erkən Orta əsrlərdə (VII-IX) Xilafətdə və ona tabe olan ölkələrdə sosial-iqtisadi, siyasi və mədəni sahələrdə baş verən dəyi- şikliklər öz əksini mədəniyyətdə də tapırdı. Ümumi islam mədə- niyyətinin zənginləşməsində Xilafətə tabe olan bütün xalqların az və ya çox dərəcədə payı var idi. Kargüzarlıq işlərinin ərəb dilində aparılması Xilafətin inzibati və dövlət idarələrində çalışan azərbaycanlı məmurları məcbur edirdilər ki, ərəb dilini mükəmməl öyrənsinlər. Ona görə də tədricən milli-etnik sərhədlər zəifləyirdi. Dini mənsubiyyət əsas amilə çevrilirdi. Azərbaycandan onlarla istedadlı gənc Ərəb Şərqinin mədəniyyət mərkəzlərinə təhsil almağa gedirdi. Azərbaycanın Ərdəbil, Marağa, Təbriz, Şamaxı və s. iri şəhərlərində təhsil ocaqları, kitabxanalar, məscidlər, əzəmətli abidələr yaranmaqda və inkişaf etməkdə idi. VII-IX əsrlərdə Azərbaycanda ədəbiyyat, hüquqşünaslıq, təbiətşünaslıq, riyaziyyat, astronomiya, maddi mədəniyyət, elm və fəlsəfi fikir, tarix, memarlıq və şəhərsalma və s. inkişaf etməkdə idi. “Albanların tarixi” əsərinin müəllifi Musa Kalankatlı Alban hakimi Cavanşirin müasiri idi. Əsər 3 hissədən ibarət idi: I kitab Bibliya tarixindən başlayır və IV fəsildən başlayaraq Albaniyanın real tarixinin şərhi verilir. II kitab VI əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər baş verən hadisələrlə tamamlanır. III kitabda ərəblərin tarix səhnəsinə çıxması, Cənubi Qafqaza hücumları və bu ərazilərə sahib olmalarından bəhs edilir. Kitab X əsr hadisələrinin şərhi ilə başa çatır. “Kitabi-Dədə Qorqud” dastanı Xilafətin hakimiyyəti dövründə formalaşıb başa çatmışdır. 59 Bu qəhrəmanlıq epopeyası IX əsrin əvvəllərində ərəb dilinə tərcümə edildi və İslam mədəniyyətinin dəyərli incisinə çevrildi. Azərbaycanın ilk ərəbdilli şair və yazıçılarının yaradıcılığı VII-VIII əsrlərə təsadüf edilir: Dəvdək, Musa Şəhavət, İsmayıl ibn Yaşar, onun oğlu Məhəmməd və b. Bu dövrdə şəhərlərin hamısı qala divarları ilə əhatə edilmişdir. Şəhərlərdə saxsı borular vasitəsilə su şə- bəkəsi və kanalizasiya qurğuları yaradılırdı. İnşaat sənətinin yeni xüsusiyyəti bişmiş kərpic hörgü texnikasının təkmilləşdirilməsi idi. Azərbaycan memarlığında günbəzli tikililər VIII əsrə qədər geniş yayılmışdı. Bərdə şəhəri yaxınlığında Tərtər çayı üzərində çaylaq daşından hörülmüş körpü və Qazaxda Əskipara kəndi yaxınlığındakı dağda monastr kompleksi Xilafət dövrü memarlığının ən səciyyəvi nümunələridir.Ərəblər Azərbaycanda və başqa işğal etdikləri ərazilərdə öz hakimiyyətlərini möhkəmlətməkdən ötrü islam dinindən istifadə edirdilər. Onların Allahın vahidliyini və bütövlüyünü qəbul edən, onun göndərdiyi müqəddəs kitabların (Quran, Tövrat İncil, Zəbur) müqəddəsliyinə inanan insanlara hörmətlə yanaşırdılar. “Müqəddəs kitabları”olmayan qalan dinlərə və təriqətlərə sitayiş edənləri təqib edirdilər.

Azərbaycanda ərəb istilasına qədər əsas din zərdüştülük və xristianlıq idi. Cizyənin ağırlığı onları məcbur edirdi ki, islam dinini qəbul etsinlər. Bütpərəstlərə qarşı (o cümlədən xristianlığı qəbul etməmiş bütpərəst albanlara və Azərbaycanın bütpərəst türk əhalisinə) zor işlədən ərəblərin "əhli Kitab"ı xristian və yəhudilərlə yanaşı, "əhli Kitab" hesab etmədikləri atəşpərəstlərə də işğalın ilk dövründə iltifat göstərmələri daha çox siyasi baxımdan, yəni Qafqazın Bizansa qarşı mübarizədə mühüm strateji əhəmiyyəti ilə də izah olunur. Lakin çox keçmədən islam bütpərəstliklə yanaşı, atəşpərəstliyi də aradan götürdü. Tədqiqatçıların fikrincə, Allah qarşısında bütün müsəlmanların bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-iranlı əhalisi, o cümlədən azərbaycanlılar arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin məlumatını şişirdilmiş fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiş, Quran oxuyurdu.

Yeni din Muğan, Mil, Xəzər sahili, Kür-Araz çayları sahili boyunca və şəhərlərdə daha sürətlə yayılırdı. Xristianlığın daha geniş yayıldığı dağ və dağətəyi rayonlarda islama qarşı müqavimət güclü idi. Uzun illər keçməsinə baxmayaraq Azərbaycanın dağlıq əraziləri –xüsusiilə Dağlıq Qarabağda xristian dini əvvəlki mövqeyini saxlaya bildi. Bundan istifadə edən erməni kilsəsi yerli əhalini öz təsiri altına saldı və əhalinin həm dilində, həm də mənsubiyyyətində dəyişikliklər baş verdi.

Yeni dinə iman gətirənləri "muminuna", yəni "möminlər", Allaha inamla yeni dini qəbul edənləri - təslim olanları ("əsləmə") isə "muslimuna" - müsəlmanlar, yəni "təslim olmuşlar, tabe olmuşlar" adlandırdılar.

Beləliklə, ilk ərəb işğalından keçən təqribən üç əsr ərzində bütün Azərbaycan əhalisinin əksəriyyəti islamlaşdı, azərbaycanlılarla yanaşı, ərəb işğal dairəsinə düşmüş qonşu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas səbəbi Azərbaycan ərazisində - həm şimalda və həm də cənubda, dini etiqadca bütpərəst və atəşpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların üstünlük təşkil etməsi idi.


Yüklə 457,4 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin