3. Məşğulluğun və işədüzəltmənin təmin edilməsi
Azərbaycan Respublikası ərazisində vətəndaşların əməklə bağlı hüquqlarının həyata keçirilməsinin təmin edilməsi və məşğulluq problemlərinin nizama salınmasında «Məşğulluq haqqında» Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli qanunu mühüm əhəmiyyət kəsb edir. Lakin məşğulluq haqqında Azərbaycan Respublikası qanunvericiliyi yalnız bu qanundan deyil, həmçinin, Respublika Konstitusiyasından, Əmək Məcəlləsindən, digər müvafiq normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Məşğulluq haqqında respublika qanunvericiliyi əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifi tarazlaşdırmaq siyasətini həyata keçirir. O, vətəndaşların hüquqi müdafiəsinin güclənməsinə və müəssisələrin lazımi kadrlarla təmin olunmasına kömək edir.
Bazar münasibətlərinə keçid dövründə məşğulluq haqqında qanunvericilikdə yeni-yeni anlayışlar meydana gəlir ki, onlar da yuxanda qeyd olunan aktlarda öz əksini tapıb. Bu norma və anlayışları bilmək mövcud qanunvericiliyi daha düzgün və effektiv tətbiq etməyə imkan verir. Lakin daha çox rast gəlinən anlayışlar bunlardır: məşğulluq, işsiz, münasib iş, işdən çıxarılmış işçilər, işədüzəltmə. Bu anlayışları nəzərdən keçirək.
«Məşğulluq» dedikdə, Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasında daimi yaşayan, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin respublika qanunvericiliyinə zidd olmayan, onların şəxsi və ictimai tələbatının ödənilməsi ilə bağlı olan və bir qayda olaraq onlara qazanc (gəlir) gətirən hər hansı fəaliyyəti başa düşülür.
İstehsal və yaradıcı əməyə öz qabiliyyətlərini sərf etmək vətəndaşların müstəsna hüququdur. Qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halları çıxmaqla əməyə məcbur etməyə yol verilmir. Vətəndaşların məşğul olmamaları onların inzibati və digər məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz.
Dostları ilə paylaş: |