3. Tələbə qrupu anlayışı və onun xarakteristikası
Psixoloqlar qrup dedikdə, tarixən müəyyən cəmiyyət çərçivəsində yaranmış ümumi mənafe, sərvətlər və davranış normalarına malik olan adamların nisbətən sabit məcmusunu nəzərdə tuturlar.
Qrup – özünəməxsus strukturu olan mürəkkəb sistemdir. Qrupa daxil olan hər kəs onda müəyyən rol və vəzifə daşıyır. Hər bir qrup öz üzvlərinə müntəzəm nəzarət edir. Qrup üzvlərində tədricən tərəfdaşlıq – “biz” hissi formalaşır. Qrup üzvləri biri-birilə doğmalaşır, biri-birinin sevinci və kədəri ilə yaşamağa başladı. Qrupun hər bir üzvündə ümumi iş üçün məsuliyyət və borc hissi yaranır.
Qrup – adamların qeyri-mütəşəkkil yığımı, təsadüfi birliyi deyil. Qrup üzvləri qarşılıqlı münasibətlərdə olan, qrup üçün tipik olan fəaliyyət növlərinə qoşulan adamların elə bir sabit məcmusudur ki, bu məcmu qrupun norma və qaydalarını qəbul edir, onu “özününkü” hesab edir, onlara tabe olur və məsuliyyət hiss edir.
Mürəkkəb sistem olan qrupun struktur elementləri aşağıdakılardır:
Qrupun həcmi;
Qrupun tərkibi;
Kommunikasiya kanalları;
Rolların bölüşdürülməsi;
Tabeçilik sistemi;
Şəxsiyyətlərarası münasibət;
Qrupun normaları və dəyərləri;
Rəhbərlik üslubu;
Liderlik və s.
Qrupun əmələ gəlməsi üçün ən azı iki adam arasında qarşılıqlı münasibət yaranmalıdır. Bu halda qrup ikitərəfli münasibət kimi meydana çıxır və formalaşır. Psixoloqların diadlar adlandırdığı bu qruplarda adamlar arasında ancaq emosional münasibət mümkündür və genetik cəhətdən ünsiyyətin ilk formasıdır. Çoxcəhətli münasibətlərin yaranması üçün üçüncü adamın iştirakı zəruridir.
Tələbə qrupu – kiçik qruplar sırasına daxildir. Tələbə qrupunun strukturu, bir tərəfdən, onun fəaliyyət göstərdiyi sosial mühitin təsirləri, digər tərəfdən, qrup daxilindəki şəxsiyyətlərarası münasibətlərin xarakteri ilə müəyyənləşir.
Formal qrup kimi tələbə qrupunda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzimlənir. Tələbə qrupunun üzvləri arasında qeyri-formal münasibətlər də yaranır. Ümumiyyətlə, formal qrup olan tələbə qrupunun müxtəlif fəaliyyət novlərinin müvəffəqiyyəti qeyri-formal stukturların biri-birinə uyğunluğundan çox asılıdır.
Tələbənin qrup daxilində bir şəxsiyyətəxsiyyət kimi inkişafının empirik göstəricilərini belə ifadə etmək olar:
Tələbələrin ilkin qruplarda ünsiyyətinin strukturu;
Tələbənin qrup daxilində yoldaşları ilə ünsiyyətdən məmnunluq, razılıq hissinin səviyyəsi;
Qarşılıqlı yoldaşlıq yardımı, qarşılıqlı hörmət və tələbkarlıq;
Tələbə qrupunun bütöv, möhkəm kollektiv kimi təzahür etdiyi situasiyalar ;
Qrupda formalaşmış münasibətlər;
Qrupda formalaşmış davranış normaları;
Qrupun əxlaqi dəyərləri;
Tələbənin qrup tərəfindən təqdir edilən, qiymətləndirilən şəxsiyyətəxsi keyfiyyətləri;
Qrup ənənələri və onun tələbələrin əxlaqi durumuna təsiri;
Qrup daxilində konfliktli situasiyaların səbəbləri;
Ilkin tələbə qruplarının ali məktəbin təlim, elmi, ictimai, mədəni həyatında iştirakı;
Fəaliyyətin müxtəlif formalarında tələbələrin qarşılıqlı ünsiyyətinin xarakteri.
Dostları ilə paylaş: |