Mövzu: Azərbaycan ədəbi dil normalarının işgüzar və akademik kommunikasiyada yeri.
Plan:
1. Nitq mədəniyyəti və ədəbi dil normaları
2. Fonetik norma
3. Leksik norma
4. Qrammatik norma
5. Nitqdə durğu –fasilə
6. Azərbaycan dilində işlənən söz qrupları
1.Nitq mədəniyyəti və ədəbi dil normaları
Nitq mədəniyyətinin əlaqədar olduğu cəhətlərdən biri də ədəbi dilin normalarıdır. Dil və norma bir-biri ilə bağlıdır. Sabit normalara malik ədəbi dil dialekt və şivələr hesabına müasir səviyyəyə gəlib çatsa da, dialekt, şivə və canlı danışıq dilinin mükəmməl olmayan qaydalarını olduğu kimi qəbul etməmiş, bütün xalqımız üçün anlaşıqlı olmaqla tarixi inkişaf nəticəsində müştərək bir şəklə salınmış və müvəffəqiyyətlə işlənən formalara üstünlük vermişdir. Məhz ədəbi dilimizin normalarının hamı tərəfindən vahid şəkildə qəbul edilməsinin nəticəsində də nitq mədəniyyətinin formalaşıb yaranması mərhələsi başa çatmışdır. "Norma" sözü latın dilindən alınmış termin olub mənası qayda, əsas, nümunə deməkdir. Nitq mədəniyyətinin elm və tədris fənni kimi mövcudluğu dilimizin strukturunun bütün səviyyələrdəki normalarının formalaşması ilə əlaqədardır. Əgər dilin fonetik, leksik və qarmmatik normaları formalaşmasa idi, təbii ki, bu gün ədəbi dilimizdən və nitq mədəniyyətindən danışa bilməzdik. Deməli, dilin normaları olmadan ədəbi dil, ədəbi dil olmadan nitq mədəniyyəti yoxdur. Nitq mədəniyyəti və ədəbi dil normaları
Nitq mədəniyyəti yüksək inkişaf səviyyəsinə çatmış, dilin qanunauyğunluqları ilə tənzimlənən sabitləşmiş qaydalar sisteminə əsaslanır. Nitq mədəniyyətinin normaları yazılı və şifahi nitqin qaydalarından törəmişdir. ümumxalq danışıq dilində, dialekt və şivələrdə normalar sabit qalmır. Ədəbi dilimizdə isə dialekit və şivələrdən, eləcə də onların əsasında formalaşıb təşəkkül tapmış xalq danışıq dilindəkindən fərqli olaraq hamının qəbul etdiyi nümunəvi normalar vardır. Ümumxalq dilində bəzən bir anlayışın ifadəsi üçün qəbul edilmiş sözün bir neçə variantına rast gəlirik. Məsələn "qaçmaq" mənasında "götürülmək", "daban almaq", "mıx" əvəzinə "mismar", "qadax" və başqa sözlərin bir neçə adla işlənməsi mövcuddur. Amma ədəbi dildə onlardan biri, daha doğrusu, fonetik prinsipə uyğun olmaqla ölkəmizin əksər yerlərində işlənən forma əsas götürülmüşdür, qalanları dialekt sözləri kimi yaşayır, aid olduğu yerlərdə ədəbi dildəki variantı ilə paralel işlənir, dialektoloji lüğətlərdə təsbit olunur. Nitq o zaman düzgün, gözəl, təsirli olur ki, işlədilən sözlər fonetik normalar daxilində yazıya və tələffüzə yararlı olur, cümlələr qrammatik normalara cavab verir. Normalar isə təkcə bədii, elmi, publisistik və rəsmi-kargüzarlıq üslublarında möhkəm nümunəvi dil qaydalarını deyil, dilin lüğət tərkibini, sözlərin leksik-semantik mənasını, onların tələffüz və yazılışını formalaşdırır, dilin özünün strukturu və sistemindəki obyektiv qanunauyğunluqları da tənzimləyir. Norma təkcə təbiətdə və cəmiyyətdə deyil, eləcə də dildə mövcuddur. Norma qanuna salınmış və hamı tərəfindən qəbul edilmiş məcburi qaydalardır. Əlbəttə, dil ictimai hadisə kimi dəyişib inkişaf etdiyi kimi, dil normaları da dəyişir və təkmilləşir. Norma əslində dilin özündə mövcuddur. Belə olmasaydı, insanlar bir-birini başa düşməz, bir-biri ilə ünsiyyət yarada bilməzdilər. Normanın inkişafı danışıq dilində kortəbii, ədəbi dildə isə şüurlu şəkildə olmuşdur
Dostları ilə paylaş: |