Məhkəmə sahəsində islahat keçirildi-qazı vəzifəsinə layiqli din xadimləri təyin olundu. 30 illik tarixi keçmiş iddia sənədləri öz qanuni qüvvəsini itirmiş elan olundu. Qazi vəzifəsinə təyin olunanlardan qanuna ciddi əməl edəcəkləri barədə iltizam alınması tətbiq olundu. Qazan xanın rabitə sahəsində tədbirləri vahid rabitə sisteminin yaranmasına səbəb oldu. Əsas yollarda hər 3 fərsəxdən (20 km.) bir rabitə dayanacaqları-yamlar yaradıldı. Yamlara əmirlər təyin olundu. Yollarda karvansaralar tikildi. Qazan xan ticarətin inkişafını təmin etmək üçün vahid pul sistemi yaratdı, çəki və ölçü vahidlərini sabitləşdirdi, ticarət yollarında və bazarlarda gömrük toplanması, karvanların, ticarət mərkəzlərinin qorunması üçün əsaslı tədbirlər gördü.
Monqol yürüşləri şəhər həyatına da ziyan vurmuşdu. Qazan xanın islahatları, xüsusilə vergi və ticarət sahəsindəki tədbirlər şəhər həyatında canlanmaya səbəb oldu. Toxuculuq, xalçaçılıq, metalişləmə, dulusçuluq, dəri istehsalı, ağac emalı, bədii sənətkarlıq növləri daha da inkişaf etmişdi. Şirvan ipəyi dünyada məşhurlaşmışdı. Beyləqan öz qənnadı məmulatı ilə, Kağızkonan şəhəri kağız istehsalı ilə tanınırdı. Metalişləmə sahəsində soyuq silah istehsalına xüsusi diqqət yetirilirdi.
İslahatlardan sonra Hülakü dövlətinin Asiya, Avropa və Afrikanın bir çox ölkələri ilə ikitərəfli intensiv ticarət əlaqələri var idi. Azərbaycan karvan yollarının kəsişdiyi məkana çevrilmişdi. Azərbaycanın daxilindən keçən karvan yollarının uzunluğu təxminən 2000 km-dən artıq idi. Ticarət yolları üzərində karvansaralar tikildi, karvanların təhlükəsizliyi təmin edildi. Bakı nefti, Şirvan ipəyi, Təbriz və Şirvan xalçaları, Şəmkirin yun parçaları, Şəkinin dəri məmulatı, Naxçıvanın duzu və s. mallar xarici ölkə bazarlarında yüksək qiymətləndirilirdi. Zərbxanalarda tümən, dinar, danq, fils, dirhəm və s. pul vahidi tədavülə buraxılırdı.
Qazan xandan sonra Hülakü dövlətinin taxt-tacına sahib olmuş qardaşı Məhəmməd Olcaytu onun siyasətini davam etdirdi. Onu əvəz edən oğlu, 12 yaşlı Əbu Səid (1316-1335), dövlət idarəsindən kənarda qaldı. Çünki, Olcaytunun vəsiyyətinə görə dövlət işlərinin idarəsi Sulduz qəbiləsindən olan baş əmir Çobana həvalə olundu. Əmir Çoban faktiki hökmranlıq edirdi. Bundan narazı olan feodal qruplar və qonşu dövlətlər Elxanilərə qarşı mübarizəyə qalxdılar. 1318-ci ildə Xorasanda iğtişaş baş verdi. Qızıl Orda Hülakü dövlətinə hücuma keçdi, Kür çayının sahillərinə kimi gəldi. Hülakülər əsas qüvvələrini Azərbaycana topladılar və rəqiblərini geri çəkilməyə məcbur etdilər. Şimal sərhədlərini möhkəmləndirdilər. Əmir Çoban bu qələbədə mühüm rol oynadı. Buna baxmayaraq, ölkədə feodal çəkişmələri güclənirdi. Əmir Çobana qarşı açıq mübarizə gedirdi. 1319-cu ildə Gürcüstanda başlanan qiyam Azərbaycanda davam etdi. Naxçıvan qiyamçıların iqamətgahına çevrilmişdi. Onlar Təbrizə, oradan da Sultaniyyəyə getdilər. Qiyamçılarla Əbu Səidin qüvvələri arasında döyüş oldu. Əbu Səid qiyamçıları darmadağın etdi, bu igidliyinə görə ona Bahadır ləqəbi verildi. Əmir Çobanın rəhbərliyi ilə 1319- cu 1325-ci illərdə Qızıl Orda dövlətinə yürüşlər təşkil olundu və müvəffəqiyyət əldə edildi.
Çoban Elxanilər dövlətinin idarəsini bütövlükdə öz əlinə almışdı. Oğlanlarını isə bir sıra vilayətlərə hakim təyin etmişdi. Əbu Səid nəinki siyasi, həm də iqtisadi cəhətdən çobanlardan asılı idi. 20 yaşlı Əbu Səid Çobana qarşı mübarizəyə başladı. O, 1328-ci ildə Çobanı və onun oğullarından ikisini edam etdirdi. 1334-cü ildə Sultaniyyədə baş verən üsyan çətinliklə yatırıldı. 1335-ci ildə ölkə Qızıl Ordalıların hücumlarına məruz qaldı. Əbu Səid 60 minlik qoşunla Arrana gəldi. Qızıl Orda xanı geri çəkilməyə məcbur oldu. Bu zaman Əbu Səid arvadı tərəfindən zəhərlənərək öldürüldü. Özbək xan Kür çayına kimi irəlilədi. Yeni hökmdar Arpa xan rəqibini ölkədən qovdu. Sultan Əbu Səidin ölümü ilə Hülakü dövləti getdikcə tənəzzülə uğradı.
Beləliklə, Qazan xanın islahatları yalnız ilk vaxtlar təsirli nəticələr verdi, lakin XIV əsrin 30-cu illərində ölkənin iqtisadi vəziyyəti yenidən pisləşməyə başladı. Əbu Səidin dövründə mərkəzi hakimiyyətin zəifləməsi, Xorasanda, Gürcüstanda və başqa vilayətlərdə baş vermiş iğtişaşlar, Qzıl Orda xanlarının Azərbaycana yürüşləri ölkənin təsərrüfatına, iqtisadiyyatına güclü zərbə vurdu. Azərbaycan əhalisi Çobani feodallarının zülmündən təngə gəlib vətəni tərk edirdi. XIV əsrin 80-ci illərində ölkədə başlanan feodal çəkişmələri yenidən iqtisadi böhrana gətirib çıxardı. Toxtamış və Teymurun ara verməyən hücumları, daxili ara müharibələri şəhərlərin, kəndlərin dağılmasına, təsərrüfatın daha da geriləməsinə səbəb oldu. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən Cəlairilər, Xorasan əmirləri və Şirvanşahlar “Hülakülər səltənətinin mühafizəsi” adı altında mübarizəyə qoşuldular. Ara müharibələri nəticəsində Hülakü dövləti müxtəlif hissələrə parçalandı. Cəlairilər-Bağdadda, Xorasan əmirləri-Xorasanda, Çobanilər isə Azərbaycanda möhkəmləndilər. Lakin Çobanilər Cəlairilərdən fərqli olaraq müstəqil Çobanilər dövləti təsis edə bilmədilər.
Dostları ilə paylaş: |