Mövzu Azərbaycanda monqol əsarəti. Azərbaycan xalqının monqollara qarşı mübarizəsi



Yüklə 34,72 Kb.
səhifə5/9
tarix02.01.2022
ölçüsü34,72 Kb.
#47905
1   2   3   4   5   6   7   8   9
A.Mövzu 5

Teymur 1385-ci ildə Azərbaycana daxil oldu, lakin Mərkəzi Asiyada baş vermiş hadisələrlə əlaqədar geri qayıtdı. Sultan Əhməd Bağdada çəkilmişdi. Bu zaman Toxtamış 1385-ci ilin sonunda 90 minlik qoşunla Dərbənddən Şirvana daxil oldu və Təbrizə çatdı. Təbrizlilər müdafiəyə qalxdılar, şəhər ətrafında xəndəklər qazıldı, küçə səngərləri yaradıldı. Düşmən 8 gün Təbrizin ətrafında dövrə vurdu, amma şəhərə girə bilmədi. Toxtamış danışıqlara məcbur oldu, tərəflər arasında razılıq əldə olundu. Təbriz hakimi Əmir Vəli və şəhər əyanları xərac toplayarkən, əhali sülhə inanıb silahı yerə qoydu. Toxtamış bundan istifadə edib 1382-ci ildə hiylə işlədib şəhərə daxil oldu. Əhali ciddi müqavimət göstərə bilmədi, Toxtamış sonra Marağanı tutdu, yenidən Təbrizə qayıtdı. Bir dəstəsi Mərənd və Naxçıvana tərəf yollandı, digəri isə Əhər yolu ilə irəlilədi, sonra Qarabağa gəldilər. Ölkədən çoxlu qənimət və 200 min əsir aparıldı.

Azərbaycan 1386-cı ilin baharında yenidən Teymurun hücumlarına məruz qaldı. “Üçillik yürüş” kimi tanınan səfərdə Təbriz tutuldu. Cəlairi əmirlərinin əsas hissəsi Bağdada, bir qismi isə Əlincə qalasına getdi. Teymur payızda Naxçıvana gəldi. Xalq Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxdı. Teymur Əlincə qalasını mühasirəyə aldı. 1387-ci ilin əvvəllərində Toxtamışın dəstələri Dərbənddən Azərbaycana soxuldu, lakin Miranşahın Kürün şimalına göndərilmiş qoşununa qarşı dura bilməyib geri çəkildilər. Həmin ildə Teymur, Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk etdi, Azərbaycanın idarəsini oğlu Miranşaha tapşırdı (qəddarlığına görə “Maranşah”- ilanlar şahı kimi tanınırdı).

Təbriz uğrunda Sultan Əhməd və onun Əlincə qalasındakı əmirləri, Qara Yusifin başçılıq etdiyi qaraqoyunlular, Təbrizin yerli əmirləri və Teymuri əmirləri mübarizə aparırdılar. 1387-1392-ci illərdə Təbrizə 17 dəfə hücum edildi və nəticədə şəhər bir feodal qrupundan digərinə keçirdi. 1392-ci ildə Teymur 2-ci dəfə Azərbaycana gəldi və Təbrizə daxil oldu. Cəlairi əmirləri Əlincə qalasında idilər və Teymura tabe olmamışdılar. Qala Sultan Tahirin başçılığı ilə Xacə Cövhər və sonra Əmir Altun tərəfindən müdafiə olunurdu. Qalada 300-dən artıq döyüşçü var idi. Teymur qalanı tuta bilmədi, sonra Gürcüstanı zəbt etdi, Şəki hakimini itaətə gətirdi. 1392-ci ildə Toxtamış Azərbaycana hücum etdi. Cavab olaraq, Teymur 1395-ci ildə Dərbənddən Qızıl Ordaya yürüş edərək rəqibinə qalib gəldi və oradan Səmərqəndə qayıtdı.

Əlincə qalası mühasirədə qalırdı. Teymur 1387, 1393, 1397-ci illərdə Əlincə qalasına yürüş etmiş və heç birində qələbə qazanmamışdı. İlk yürüş dövründə qalada su qıtlığı baş verir və qalanı təslim etmək qərarına gəlirlər. Teymur qoşunu qalanın ətəklərinə endirir, lakin güclü yağış yağır və bol su ehtiyatı yaranır. Əlincə Teymura tabe edilmir. 1393-cü ildə Teymur qalaya hücum edir, bu zaman qala müdafiəçilərindən bir dəstə, Əmir Altunun başçılığı ilə, qaladan kənara çıxmışdı. Geri qayıdarkən qalanı mühasirə olunduğunu görüb onlara hücum etdilər. Düşmən böyük tələfat verdi, Altun isə öz dəstəsi ilə qalaya girə bildi. Əlincə qalası istisna olmaqla, bütün Azərbaycanı Teymurilər zəbt etmişdilər. Qalanın müdafiəçiləri ilə birləşən Şəki və gürcü feodalları Teymurilərə qarşı vuruşur, hətta qalib gəlirdilər. Bu hadisələrdən narahat olan Teymur 1399-cu ildə 3-cü dəfə yürüş etdi və Qarabağa gəldi. Bu vaxt Əlincənin müdafiəsi zəifləmişdi. 1400-cü ildə qala təslim edildi. Teymur bir müddətdən sonra Səmərqəndə qayıtdı və 1405-ci ildə vəfat etdi.



Şirvanşahlar dövləti. Azərbaycanın Şirvana qədər olan əraziləri Miranşahın oğlu Mirzə Ömər tərəfindən idarə olunurdu. Bu dövrdə Xəzərin qərb sahilində yerləşən Şirvan vilayəti Kür çayından Dərbənd mahalının şimal hüdudlarına kimi olan ərazini əhatə edirdi. XIII əsrin əvvəllərində Şirvanşahlar dövlətini Güştasb (1203-1225) idarə edirdi. 1225-ci ildə III Fəribürz (1225-1243) ölkənin idarəsi ilə ciddi məşğul olmayan atası Güştasbı hakimiyyətdən qovdu və XIII əsrin ortalarına kimi Şirvanı idarə etdi. Fəribürz Cəlaləddinə xərac versə də, Şirvanın müstəqilliyini qoruya bildi. 1231-ci ildə monqollar Şirvana daxil oldular, 1239-cu ildə Şirvan və Dərbənd ələ keçirildi.

II Axsitan (1243-1260) Hülakülərin hakimiyyətini qəbul etməli oldu. Onun dövründə Şirvanşahlar tədricən öz müstəqilliyini itirdi. Şirvan hakimləri Hülakülər tərəfindən təyin edilirdi və bu, XIV əsrin 2-ci rübünə qədər davam etdi. Şirvanşah Kavusun (1345-1372) dövründə Şirvanşahlar əvvəl Çobanilərdən, sonra isə Cəlairilərdən asılı vəziyyətə düşdülər. 1364-cü ildə Şirvanda Cəlairilərə qarşı üsyan qalxdı. 1367-ci ildə Şeyx Üveys Şirvana yürüş etdi. Cəlairilər 3 aya yaxın Şirvanda qalıb əhalini qarət etdilər. Kavus tutuldu və Üveysin hüzuruna gətirildi. O, 3 aydan sonra azad edildi və yenidən Şirvana hakim təyin olundu. Kavus öldükdən sonra Şirvanı onun oğlu Huşəng (1372-1382) idarə etdi. 1382-ci ildə Huşəng öldürüldü və hakimiyyətə Şeyx İbrahim Dərbəndi (I İbrahim) gəldi (1382-1417).

Şeyx İbrahimin hakimiyyəti dövründə Şirvan ərazisi 2 təhlükə qarşısında qalmışdı: cənubdan Teymurun qoşunları, şimaldan isə Qızıl Orda xanı Toxtamışın həmlələri Şirvanın xarici və daxili vəziyyətini gərginləşdirdi. Toxtamış 1387-ci ildə yenə Şirvana hücum etdi, lakin ölkədən çıxmalı oldu. Şeyx İbrahim mahir siyasətçi idi və rəqibin birindən digərinə qarşı istifadə etmək qərarına gəldi. İbrahim 1386- cı ildə Teymur Qarabağda olan vaxt onun yanına gələrək onunla Toxtamışa qarşı müqavilə bağladı. Bu ittifaq Şirvanı yersiz qarətdən xilas etdi, həm də İbrahim Toxtamışa qarşı güclü müttəfiq qazandı. İbrahim bu əlaqədən istifadə edib Şirvanı iqtisadi-siyasi və hərbi cəhətdən qüvvətləndirdi. O, Teymurun Qızıl Ordaya qarşı yürüşündə iştirak etdi. İbrahim Azərbaycanın yerli feodallarının Teymurla danışıqlar aparmasında yaxından iştirak etdi.

Teymur 1399-cu ildə 3-cü dəfə Azərbaycana gəldikdə, Şeyx İbrahim Cənubi Qafqazın Miranşaha qarşı üsyan etmiş feodallarının, o cümlədən Şəki hakimi Seydi Əhmədin Teymur ilə ittifaq bağlamasına nail oldu və beləliklə, bu ərazini işğaldan azad etdi. Teymurun ölümündən sonra İbrahim siyasi vəziyyət dəyişdiyindən Teymurilərə qarşı yeni siyasi xətt tutdu. Şirvanşah İbrahimin siyasəti Azərbaycanı birləşdirmək idi. Teymurilərə qarşı qalxan xalq hərəkatından istifadə edən İbrahim Gəncəni və Qarabağın xeyli hissəsini tutdu. Gürcü çarı, Şəki və Ərdəbil hakimləri və Qaramanlı tayfasının müttəfiq qoşunları 1405-ci ilin yayında Kür sahilində Teymuri Ömərin qoşununu məğlub etdi. Bu zaman Təbrizdəki üsyançılar şəhəri tutdular və yardım üçün İbrahimə müraciət etdilər. İbrahim 1406-cı ilin mayında Təbrizə daxil oldu. Xalq onu hörmətlə qarşıladı. Lakin çox keçmədən Cəlairi sultanı Əhməd və onun müttəfiqi Qaraqoyunlu Qara Yusif şəhərə yaxınlaşdığından I İbrahim Təbrizi tərk edib Şirvana çəkildi. Beləliklə, İbrahim qısa müddət olsa da, Azərbaycanı öz hakimiyyəti altında birləşdirmiş oldu.


4. Monqol yürüşləri Azərbaycanın ictimai-siyasi və mədəni həyatına ağır zərbə vurdu. Monqolların keçdikləri ərazilərdə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin sahələri tapdalandı, xırmanlar yandırıldı. Muğanda çağırılmış qurultayda Cənubi Qafqaz ərazisi monqol noyonları arasında bölündü. Düşmən qılıncından canını qurtarıb sağ qalanlar qula çevrilirdi. Sənətkarlar Qaraqoruma və digər yerlərə göndərilirdi. Cavan əsirlərdən ehtiyat hərbi hissələr təşkil olunur və ön cəbhəyə göndərilirdi. Bu, məhsuldar qüvvələrə zərbə vururdu.

Maarif. Monqol-türk qəbilələrinin Azərbaycana gəlişi ölkədə elm və mədəniyyətin inkişafına təsir etdi. Təhsil sisteminin əsasını məktəb və mədrəsə təşkil edirdi. Məktəb əsasən ibtidai təhsil verən elm ocağı idi. Əsasən şəriət dərsləri, dini ehkamların təlimi, Quran oxunması tədris olunurdu. Yetim uşaqların təhsil alması üçün “Dar ülitam” (Yetimlər evi), “Beyt ül-təlim” (Təlim evi) adlanan məktəblər fəaliyyət göstərirdi. Burada hər 10 uşağa bir tərbiyəçi-atabəy təhkim olunurdu. Təhsilin Məzhər formasında şagirdlər elmin müxtəlif sahələri ilə müstəqil məşğul olur, vaxtaşırı öz ustadının yanına gedib məsləhət alır və onun mühazirələrini dinləyirdilər. Mədrəsələr əsasən orta təhsil verirdi. Dini təlimlə yanaşı, dünyəvi elmlər, ictimai və texniki fənlər keçilirdi. Tədrislə 2 müdərris məşğul olurdu-biri şəriət dərslərini, digəri dünyəvi fənləri tədris edirdi. Mədrəsə xərcləri şəxsi hesabdan və ya vəqf əmlakının gəlirlərindən ödənilirdi. Təbrizdə xüsusi elm ocağı-ali mədrəsə Rəbi Rəşidi məhəlləsində yerləşir, Şərqdə ilk ali təhsil ocağı idi. Onun təsisçisi alim, həkim Fəzlüllah Rəşidəddin olmuşdur. Təbriz ali mədrəsəsində 500-ə qədər alim dərs demiş, 7000 tələbə təhsil almışdır. Onlardan 6000 nəfəri başqa ölkələrdən və şəhərlərdən gəlmişlər. Müdavimlər təqaüd alır, yataqxana ilə təmin olunurdular. Ali mədrəsə müasir dövrün tanınmış universitetlərinin göstəriciləri səviyyəsindədir. Bu faktlar hələ 700 il bundan əvvəl Təbrizdə Universitetin (Darülfünun) mövcud olduğunu bildirir. Rəbi Rəşidi məhəlləsində 60000 nüsxə kitaba malik kitabxana var idi. Şam-Qazanda fəaliyyət göstərən 2 kitabxana qiymətli kitablar xəzinəsi hesab olunurdu. 1259-cu ildə Marağada Nəsirəddin Tusinin rəhbərliyi ilə tikilmiş rəsədxana, həmçinin, XIV əsrin əvvəllərində Şam-Qazanda (Təbriz) tikilmiş rəsədxana Şərqdə nücum elminin (astronomiya) mərkəzinə çevrildi. Marağa rəsədxanasında 100-dən artıq alim, 400 min əlyazmaya malik kitabxana var idi. Marağa rəsədxanasının banisi Nəsrəddin Tusi (1201-1274) təhsil aldığı Tus şəhərinin adı ilə Tusi ləqəbi qəbul etmişdir. Bir müddət Ələmut qalasında həbsdə qalan Tusi Hülakü xanın əmri ilə azad edildi, əvvəl onun məsləhətçisi, sonra isə Abaqa xanın vəziri oldu.


Yüklə 34,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin