Direktoriya üsul-idarəsinin dağılması 18 brümör dövlət çevrilişi.Konsulluq.
Fransada 1797-1799-cu illərdə daxili siyasi vəziyyət olduqca qeyri-sabit idi. Varlı siniflər arasında irticaçı əhval-ruhiyyə güclənirdi. Baböfün qəsdindən sonra, xüsusilə, hakim siniflər qorxmağa başladı. Qanunverici korpusa 1797-ci ilin yazında keçirilmiş seçkilərdə seçilmiş deputatların arasında çoxlu royalist var idi. Beşyüzlər Şurasının sədri general Pişegeryü seçildi. O, əksinqilabçı mühacirlər ilə gizli əlaqə saxlayırdı. Belə olduqda hərbi hissələr qanunverici korpusun binasını tutub, royalist və onlara yaxın deputatları həbs etdi. Direktoriyanın tərkibi təzələndi.
1798-ci ilin aprelində keçirilmiş seçkilərdə demokratlar qələbə çaldılar. Bu sola tərəf dönüş olduğuna görə hökumət 106 demokrat deputatın yerini ləğv etdi. 56 yer irticaçılara verildi. Direktoriyanın siyasəti ardıcıl deyildi. Ona görə də Direktoriya hökumətinin siyasətini «yelləncək siyasəti» adlandırdılar. 1799-cu ildə Direktoriya bir daha sola meyl etdi. Demokratlar yenə əksəriyyət qazandılar. Direktoriyanın tərkibindən mürtəce deputatlar çıxarıldı.
Fransanın iri burjuaziyası Direktoriya hökumətini ölkədə qayda-qanun yarada bilməməkdə təqsirləndirirdi. Xüsusən demokratik qrupların güclənməsi iri burjuaziyanı qorxudurdu. Yeni Yakobin klubu yaranmışdı. O, xalqı Marat, Robespyer və başqalarının intiqammı almağa çağırırdı. Digər tərəfdən, royalistlər canlanır, ölkənin bir sıra rayonlarında qiyam qaldırırdılar. İri burjuaziya öz mənafeyini monarxistlərdən və demokratik qüvvələrdən qorumaq üçün möhkəm hökumət yaratmağa cəhd edirdi.
Çevriliş tərəfdarları üçün Napoleon Bonapart ən layiqli namizəd idi. Napoleon özü və qardaşları İtaliya səfəri zamanı çox varlanmışdılar. Çevriliş ərəfəsində Bonapartlar ailəsi 2 mln. frank əmlaka malik idi. Direktoriya hökumətinin siyasətindən narazı olan dairələr Napoleona böyük məbləğdə pul buraxdılar. Napoleon dövlət çevrilişi təşkil etmək üçün generalları, siyasi xadimləri ələ almağa başladı. Hökumətin başçısını istefaya çıxmağa məcbur etdilər.
Dostları ilə paylaş: |