Orta əsrlərdə Qərb ölkələrinin ideoloji həyatında əsasən dini dünyagörüşü hökmranlıq edirdi. Bu dövrdə fəlsəfə ilahiyyatın xidmətçisinə çevrilmişdi. Qərb ölkələrində kilsə dövlətin madi və mənəvi əsası hesab edilirdi. Hüquqşünaslıq, fəlsəfə, təbiətşünaslıq elmlərinin məzmunu kilsə təlimləri ilə uyğunlaşdırılırdı. Orta əsrlərdə hakim mövqe tutan fəlsəfə sxolastika idi. Bu fəlsəfənin nümayəndələri dini dünyagörüşünün nəzəri əsaslarını yaradırdılar. Sxolastika fəlsəfəsi VIII əsrdə meydana gəlmiş, XIV-XI əsrlərə qədər davam etmişdir. Sxolastika sözünün yunan dilindən mənası “məktəb” deməkdir. Ona görə də bu fəlsəfə “məktəb fəlsəfəsi” adlanırdı. Həmin fəlsəfənin nümayəndələri xristian dini təlimlərini əsaslandırmaq və sistemləşdirmək istəyirdilər. Bu məqsədlə sxolastiklər Platonun, xüsusilə Aristotelin ideyalarından istifadə edir, onları öz məqsədlərinə uyğunlaşdırırdılar. Həmin dövrdə fəlsəfə yalnız monastır məktəblərində tədris olunurdu. Onu gələcək keşişlər və kilsə xadimləri öyrənirdilər. Fəlsəfənin vəzifəsi gerçəkliyi tədqiq etməkdən ibarət deyildi. Fəlsəfə etiqadın elan etdiyi kəlamların həqiqət olduğunu sübuta yetirmək üçün səmərəli yollar axtarmalı idi. O dövrdə fəlsəfə müstəqil elm kimi mövcud deyildi, o, kilsədən asılı idi, ilahiyyatın “xidmətçisi” - kənizi rolunu oynayırdı. Bu dövrdə Allahın varlığının öyrənilməsi haqqında ilahiyyatın predmeti, eyni zamanda, sxolastika fəlsəfənin predmeti hesab edilirdi. Elm və ilahiyyatla, fəlsəfə və ilahiyyat arasında heç bir fərq qoyulmurdu. Xristian fəlsəfəsinin görkəmli nümayəndələrindən A.Avqustini, A.Fomanı, Eriugenanı, K.Anselmi, İ.Rosselini və s. göstərmək olar.
A.Avqustinin fəlsəfi təfəkkürünün mərkəzi Allah idi: bu səbəbdən də dünyagörüşü “teosentrizm” adlanırdı (yunanca “teos”-Allah, sentrizm-mərkəz) Avreli Allahı birinci qəbul etdiyi üçün ruhun bədən üzərində, iradə və hisslərin əql üzərində üstünlüyünü sübut etməyə çalışırdı. Avqustinin fikrincə, Allah hər cür xoşbəxtliyin və bütün predmetlərin səbəbkarıdır. Hər cür nemət və bütün xoşbəxtliklər Allahdan gəlir.
Sxolastika fəlsəfəsi özünün ən yüksək inkişafına A.Fomanın yaradıcılığında çatdı. Foma “İlahiyyatın məcmusu” adlanan kitabında katolik ehkamlarını işləyib hazırlamışdır. İlahiyyat təlimlərinin məcmusundan ibarət olan bu kitab bütün xristianlığın əsas əsəri hesab olunurdu. Foma Allahın mövcudluğunun 5 sübutunu göstərmişdir:
1-ci sübut: Hərəkətdə olan cisim, hər hansı bir başqa qüvvənin təsiri ilə hərəkətə gətirilmişdir. Deməli, cismin hərəkətə gətirilməsi üçün bir hərəkətverici qüvvə lazımdır. Bu qüvvə Allahdır.
2-ci sübut: Hər şeyin səbəbi olmalıdır. Ola bilməz ki, hər hansı bir şey öz-özünün səbəbinə çevrilsin. Deməli, nəyinsə yaranması üçün bir səbəb olmalıdır. Bu bir səbəb də Allahdır.
3-cü sübut: Hər şey zərurətdən yaranır. Gerçəkliyin predmetləri, şeyləri və hadisələri təsadüflər nəticəsində meydana gələ bilməz. Onların yaranması üçün bir zərurət olmalıdır. Bu bir zərurət də Allahdır.
4-cü sübut: Gerçəklikdə bir-birinin ardınca gedən müxtəlif keyfiyyət dərəcələri mövcuddur. Bunların da içərisində ən yüksək keyfiyyət dərəcəsinə malik təkmilləşmiş bir qüvvə də mövcud olmalıdır. Həmin qüvvə də Allahdır.
5-ci sübut teoloji sübut adlanır. Bunun əsasında bütün təbiətdə təzahür edən xeyirlilik durur. Foma deyirdi ki, gerçəklikdə hətta təsadüfi və xeyirsiz görünən hər hansı bir şey məlum məqsədə yönəldilir. Onların da müəyyən mənası və xeyri var. Deməli, həyatda mövcud olan bütün təbii şeyləri müəyyən məqsədə yönəldə bilən ağlabatan bir qüvvə olmalıdır. Həmin qüvvə isə Allahdır.