Mövzu 4. QƏRB ÖLKƏLƏRİNDƏ FƏLSƏFİ FİKİR P L A N 1. Antik dövr fəlsəfəsi
2. Avropada orta əsrlərdə sxolastika fəlsəfəsi
3. İntibah və Yeni dövr fəlsəfəsi
4. Müasir dövrdə əsas fəlsəfi cərəyanlar
1. Antik dövr fəlsəfəsi Minillik bir dövrü əhatə edən antik fəlsəfə e.ə VII-VI əsrlərdə meydana gəlmiş, əvvəlcə İoniyada, sonradan Cənubi İtaliyanın yunan şəhərlərində, nəhayət, Afinada yaranmış və inkişaf etmişdir. Romada isə antik fəlsəfə e.ə II-I əsrlərdə yaranmış, eramızın V-VI əsrlərinə qədər fəaliyyət göstərmişdir. E.ə VI-V əsrlərdə çiçəklənməyə başlayan antik fəlsəfədə gələcək dünyagörüşün bütün tipləri rüşeym halında mövcud olmuşdur. Antik dövrün fəlsəfi fikrinin yaranması və inkişafına Şərq fəlsəfəsi – xüsusilə Misir, Babilistan, Hindistan və Çin filosofları böyük təsir göstərmişlər. Məşhur alman fəlsəfə tarixçisi Vilhelm Vindelband (1848-1915) 1893-cü ildə nəşr etdirdiyi “Qədim fəlsəfənin tarixi” kitabında yunan fəlsəfəsinin Şərq fəlsəfəsi ilə varislik əlaqəsini tam aydınlığı ilə açıb göstərmişdir. O, yazırdı ki, yunan fəlsəfəsi öz inkişafının ilkin mərhələsində qətiyyən nəzərə çarpmır, hətta ikinci dərəcəli əhəmiyyət kəsb edirdi. Yunan mədəniyyəti Şərqlə qovuşduqdan sonra tərəqqi yoluna qədəm qoydu, bununla da birinci dəfə ioniyalılar Yunanıstanın mənəvi mədəniyyətinin gələcək inkişafı üçün geniş imkanlara malik oldular.
XIX əsrin ortalarında alman alimi Qladis “Dünya fikir tarixinin inkişafında din və fəlsəfə” adlı kitabında yunan fəlsəfəsinin birbaşa Şərq elmi ilə əlaqədar olduğundan danışaraq deyirdi ki, yunanlar Şərqin və dünyanın bir sıra digər mədəni xalqlarının yaratdıqları yetkin mənəvi dəyərləri ardıcıl surətdə mənimsəmişlər. Bu fikirlərin doğru olduğunu Qladisin özünün yazdığı əsərlər də təsdiq edir. Məs: o, bir sıra əsərlərini belə adlandırmışdır: “Pifaqorçular və çinlilər”, “Eleylilər və hindlilər”, “Empedokl və misirlilər”, “Heraklit və Zərdüşt”, “Anaksaqor və yəhudilər”.
Antik fəlsəfənin inkişafı aşağıdakı dörd əsas mərhələdən keçmişdir:
Birinci mərhələ - Sokrataqədərki mərhələ adlanır. Həmin mərhələ yunan fəlsəfəsinin formalaşmasından, yəni eramızdan əvvəl VII-VI əsrlərdən bu fəlsəfənin inkişafında kəskin dönüş əmələ gələnə qədər olan dövrü əhatə edir. I mərhələdə Milet məktəbi, Eley məktəbi, Pifaqor və pifaqorçular, Empedokl və Anaksaqor, yunan atomistləri Levkipp və Demokrit fəaliyyət göstərmişdir.
İkinci mərhələ- klassik mərhələ adı ilə məşhurdur. E.ə V əsrin yarısından İV əsrə qədərki dövrü əhatə edən bu mərhələ sofistlərin, Sokratın, kiçik Sokrat məktəblərinin, Platonun, Aristotelin adı ilə bağlıdır.
Üçüncü mərhələ - ellinizm mərhələsi kimi tanınmışdır. (Ellinizm yunanca “hellen” sözündəndir, mənası isə “ellindən” deməkdir). Makedoniyalı İskəndırin (e.ə 334-324-cü illər) dövründə Kiçik Asiya və Qara dəniz sahillərindəki mədəniyyət şərti olaraq “ellinizm mədəniyyəti” adlanırdı. Bu mərhələdə e.ə IV əsrin axırından başlanır, II əsrə qədər davam edir. Həmin dövrdə klassik mərhələdən fərqli olaraq, xeyli fəlsəfi sistemlər və məktəblər təşəkkül tapır. Onlar Platonun, Aristotelin fəlsəfəsinin təsiri altında yaranmışdı. Bu mərhələdə Epikür yazıb-yaratmış, stoisizm, skeptisizm, eklektisizm təlimləri formalaşmış, inkişaf etmişdir (Feofrast, Lampsakl, Straton).
Dördüncü mərhələ - antik fəlsəfənin inkişafında yekun mərhələdir. Bu mərhələ e.ə I əsrdən başlayır, eramızın V-VI əsrlərində sona çatır.
Həmin mərhələdə Roma antik fəlsəfənin inkişafında həlledici qüvvəyə çevrilmiş, burada stoisizm, epikürizm, skeptisizm, neoplatonizm fəlsəfi məktəbləri fəlsəfi məktəbləri fəaliyyət göstərmiş, Tit Lukretsi Karın fəlsəfəsi özünün ən ali inkişaf mərhələsinə yüksəlmişdir. (Litsi Anney Seneka, Mark Avreli)