3. İntibah və Yeni dövr fəlsəfəsi İntibah dövrünün fəlsəfəsi İntibah fəlsəfəsi (fransızca “renaissanse” sözündəndir) bəşəriyyətin fikir tarixində mühüm yer tutur. XIV əsrin erkən humanizmindən, XVII əsrin naturfəlsəfəsinə qədər olan 250 illik dövrü əhatə edir.
İntibah bəşər mədəniyyətinin bütün sahələrində, o cümlədən elmin və fəlsəfənin inkişafında böyük nailiyyətlərin əldə edildiyi dövrdür. İntibah fəlsəfəsinin, təbiətşünaslıq elminin, sosial nəzəriyyələrin meydana gəlməsi və inkişafı Dante Aligerinin, F.Petrarkanın, Piko della Mirandolanın, L.da Vinçinin, T.Müntserin, N.Makiavellinin, T.Morun və T.Kampanellanın adları ilə bağlıdır.
İntibah fəlsəfəsinin, humanizminin meydana gəlməsini təmin edən başlıca amillərdən biri də təbiətşünaslığın – təbiətşünaslıq elmlərinin bərqərar olması və inkişafı idi.
İntibah Qərbi Avropa ölkələrinin hamısında birdən başlanmadı. O, ilk növbədə inkişaf etmiş ölkələrdə yarandı. İntibahın beşiyi İtaliya idi.
Feodalizm dövründə din mütləq mənada hökmran ideologiya olsa da İntibah dövründə kilsənin ruhani diktaturası artıq sarsıdılmışdı. Ona görə də İntibah sözünü yalnız sadəcə antik mədəniyyətin, elmin və fəlsəfənin tərəqqisi kimi başa düşmək düzgün olmazdı. İntibah sözünü, eyni zamanda, feodalizmə, kilsəyə, zadəganlara, bütün feodal qaydalarına qarşı çevrilmiş bir mübarizə kimi dərk etmək lazımdır. İntibah dövrünün ideologiyası, fəlsəfəsi və mədəniyyəti üçün həlledici meyllərdən biri teosentrik baxışdan antroposentrik baxışa keçməkdən ibarət idi. Bu o deməkdir ki, feodalizm ideologiyasına qarşı mübarizədə Allah haqqında təlimdən fərqli olaraq insan haqqında təlim ön plana çəkildi. İnsan zəkasının ecazkar qüdrətinə, əqlin gücünə inam artdı.
Leonardo da Vinçi (1452-1519) – İntibah dövrünün dahi rəssamı, böyük riyaziyyatçısı, mexaniki və mühəndisi kimi tanınmışdır. O, gerçəkliyin elmi surətdə dərk olunmasını fəlsəfənin əsas vəzifəsi hesab edirdi.
N.Kopernik (1473-1543) elmi astronomiyanın əsasını qoymiş, 1543-cü ildə yazdığı “Səma dairələrinin dövranı haqqında” əsərində heliosentrik sistemin əsas müddəalarının belə bir şərhini vermişdir:
1) Yer aləmin mərkəzində hərəkətsiz dayanmır, o, öz oxu ətrafında fırlanır. 2) Yer aləmin mərkəzini tutan Günəş ətrafında fırlanır.
Kepler (1571-1630) alman astronomu, riyaziyyatçısı, fiziki və filosofu olmuşdur. Planetlərin hərəkətinin qanunauyğunluqları haqqında riyazi yolla həll edilmiş nəzəriyyə Keplerin adı ilə bağlıdır.