2. İnsan biososial varlıqdır İnsanın mahiyyətini aydın başa düşmək üçün onda bioloji və sosial tərəflərin nisbətinə diqqət yetirilməlidir. İnsanda təbii (bioloji), ictimai (sosial) və mənəvi (psixoloji) amillər qarşılıqlı vəhdətdə təzahür edir, onun formalaşması və inkişafını şərtləndirir. İnsanın formalaşmasında hansı tərəfin bioloji, yoxsa sosial tərəfin aparıcı rol oynaması fəlsəfi fikirdə ən çox mübahisəyə səbəb olan məsələlərdəndir. İnsanın biolojiləşdirilməsi və ya sosiolojiləşdirilməsi mövqeləri arasında fikir ayrılıqları vardır. İnsanın formalaşmasında təbii, bioloji cəhətləri mütləqləşdirən irqçilik, sosial darvinizm konsepsiyaları məhz biolojiləşdirmə mövqeyindən çıxış etmişlər.
Sosioljiləşdirmə konsepsiyasının tərəfdarları isə insanda ancaq sosial cəhəti əsas tutur, onu mütləqləşdirirlər. Lakin elmi fəlsəfə insanda bioloji və sosialı vəhdətdə götürür, onun formalaşmasında ictimai əlaqə və cəhətləri əsas götürsə də, insanın ümumi, fərdi xüüsusiyyətlərini, özünəməxsusluğunu inkar etmir. Çünki, insan özütəbiətin bir hissəsidir.
Beləliklə, insan bütövlükdə bioloji, sosial və psixi-mənəvi ölçülərin təşkil etdiyi tamlıqdır. Bioloji cəhət insanın varlığı üçün ilkin şərt olan morfo-fizioloji, genetik, beyin-əsəb sistemi xüsusiyyətləri ifadə edir. Psixi-mənəvi cəhət insanın daxili mənəvi aləmini (şüur, iradə, həyəcan, əhval-ruhiyyə, yaddaş, xaraakter, temperament) əks etdirir. Insanda sosial aspekt onun başqa adamlarla qarşılıqlı əlaqə və münasibətlərini, sosial əlaqələrini, ictimai mühitdə kəsb etdiyi xassə və keyfiyyətlərini əhatə edir. Bu aspektlərin üçü də insanda vəhdət halında təzahür edir və insanın biopsixososial mahiyyətini əks etdirir.
3. Fərd, fərdiyyət, şəxsiyyət anlayışları Tarixi prosesdə görkəmli şəxsiyyətlərin rolu böyükdür. Bu rol ondan ibarətdir ki, görkəmli şəxsiyyət tarixi prosesin zəruri əlaqələrini və qanunauyğun gedişini düzgün dərk edərək, kütlələrin fəaliyyətini həmin mütərəqqi istiqamətə yönəldir və onları məqsədəuyğun şəkildə idarə edir. Xalq kütlələri və şəxsiyyətin qarşılıqlı fəaliyyəti cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir.
Fərd dedikdə, bu və ya digər sosial birlik formasının ayrıca bir nümayəndəsi nəzərdə tutulur. Fərd insan nəslinin tək, konkret canlı nümayəndəsidir. Fərdin özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri vardır. Şəxsiyyət anlayışında isə bundan fərqli olaraq yaşadığı cəmiyyətin sosial əhəmiyyət kəsb edən cəhətləri və sosial münasibətləri təcəssüm olunur. Şəxsiyyət – ictimailəşmiş, sosial münasibətlərə girən, inkişaf etmiş insandır. Şəxsiyyətin başlıca cəhəti insanın fiziki təbiəti deyil, onun sosial fəaliyyətində təzahür edən sosial keyfiyyətləridir. Onlar öz-özünə yaranmır, mövcud cəmiyyətin sosial münasibətləri sisteminin məhsulu kimi çıxış edir.
“Şəxsiyyət” anlayışı biososial varlıq olan insanın ancaq sosial tərəfini ifadə edir. Şəxsiyyət yüksək reallığa, öz hərəkət və davranışı üçün məsuliyyət hissini, şəxsi ləyaqəti və başqa yüksək mənəvi keyfiyyətləri özündə təcəssüm etdirən insandır. Şəxsiyyətin başlıca cəhəti onun sosial fəaliyyətidir. İnsan anadan fərd kimi doğulur, tədricən şəxsiyyət kimi formalaşır.
Fərd şəxsiyyətə çevrildikdə həm də fərdiyyət xüsusiyyətini kəsb edir. Fərdiyyət hər bir fərdi başqalarından fərqləndirən spesifik, özünəməxsus , konkret bioloji və sosial cəhətlərin məcmusudur. Hər bir fərdin cəmiyyət ilə əlaqələri, bu prosesdə onun öz fərdiliyini və şəxsi avtonomluğunu saxlaması bu fərdiyyət anlayışında ifadə olunur. Bu anlayış insanın cəmiyyət ilə münasibətlərində öz xüsusiliyini, təkrarolunmazlığını qoruyub saxlaması deməkdir.
Fərdiyyət və şəxsiyyət anlayışları məzmunca qismən yaxındır. Bu yaxınlıq onda təzahür edir ki, bir tərəfdən bütün şəxsiyyətlər özünəməxsus keyfiyyətlərə malikdir, fərdidir, təkrarolunmazdır, digər tərəfdən məhz fərdilik şəxsiyyətin spesifikliyini ifadə edir. Lakin həmin anlayışları tam eyniləşdirmək olmaz. Belə ki, əgər fərdiyyət anlayışı insanın təkrarolunmaz xüsusiyyətlərini, orijinallığını ifadə edirsə, şəxsiyyət anlayışı daha çox insan müstəqilliyini, əqidə möhkəmliyini, prinsipiallığını, çətin vəziyyətdə sərbəst qərar qəbul etmək qabilyyətini göstərir.
(Şəxsiyyətin sosial strukturu bunu aşkara çıxarmalıdır ki, məlum cəmiyyətin xarakterik cəhətləri fərddə necə təkrar istehsal olunur.)
Şəxsiyyətin fəaliyyyətinin mənbəyini onun tələbatı təşkil edir. Məhz tələbat insanı müəyyən tərzdə və müəyyən tərzdə və müəyyən istiqamətdə fəaliyyət göstərməyə təhrik edir.
Ayrı-ayrı insanların fəaliyyətində, davranışında uyğun cəhətlər çoxdur. Ona görə də insanları uyğun, oxşar sosial əlamətlərinə görə qruplara ayırmaq olar ki, bu da adətən şəxsiyyətin sosial tipləri adlanır. Şəxsiyyətin sosial tipi şəxsiyyətin həyat fəaliyyətinin, qarşılıqlı təsirdə olduğu formasını və sinfi əsas götürülür. (psixoloji və sosial-psixoloji tipologiya.Şpranqer, Xofni, K.Yunq. Antropoloji tipologiya., Darendorf).
Alman mütəfəkkiri E. Şpranqer (1882-1936) şəxsiyyətin 6 tipini nəzərdən keçirir: 1) nəzəri tip (həqiqəti aşkara çıxarmağa meyllilik), 2) iqtisadi tip (faydaya meyllilik), 3) estetik tip (dünyanın obrazlı qurulmasına meyllilik), 4) sosial tip (insanlara sevgi, özünü fəda etməyə meyllilik), 5) siyasi tip (hakimiyyətə və liderliyə meyllilik), 6) dini tip (həyatın mənasını axtarmaq, fövqəltəbiiliyə inam).
K. Xofni şəxsiyyətin 3 tipini ayırd edirdi: 1) güzəştə gedən; 2) təcrid edilmiş; 3) düşmən (insanlara qarşı)
Darendorf şəxsiyyəti mədəniyyətin inkişaf məhsulu kimi nəzərdən keçirir. O, 4 tipi ayırd edir:
1.Zəhmətkeş insan (ictimai cəhətdən faydalı nemətlər yaradan şəxsiyyət, məs; kəndli, siyasətçi, hərbçi vəs.)
2.İstehlak edən insan ( kütləvi istehlakla formalaşan şəxsiyyət)
3. Universal insan (müxtəlif fəaliyyət növləri ilə məşğul ola bilən şəxsiyyət)
4.Totalitar insan ( totalitar dövlətdən asılı olan şəxsiyyət)