Mövzu 11. Təbiət və cəmiyyət. Cəmiyyət özü inkişaf edən sistemdir.
P L A N 1. Təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin inkişaf tarixi
2. Fəlsəfədə cəmiyyət anlayışı
3. Cəmiyyətin tarixi inkişafı
Təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin inkişaf tarixi
İnsan cəmiyyəti təbiətin inkişafının müəyyən mərhələsində, onun özünəməxsus şəkildə davamı yaranmışdır. Bütün dövrlərdə cəmiyyətin mövcudluğu və inkişafı təbiət ilə ayrılmaz əlaqədə baş verir. Bu mənada təbiət cəmiyyətin daimi və zəruri şərtidir, təbiətsiz cəmiyyət mövcud deyildir. Müasir dövrdə təbiət-cəmiyyət-insan münasibətlərində gərginlik durmadan artmaqdadır. Ekoloji böhran sivilizasiyanın gələcək varlığını ciddi təhlükə altına alır, buna görə də onun həlli labüd və zəruridir.
Təbiət ilə cəmiyyət arasındakı münasibətlərin xarakteri konkret tarixi məzmuna malikdir. Bu mənada aşağıdakı tarixi mərhələləri ayırmaq olar:
1. Birinci mərhələ ən qədim dövrü əhatə edir. Bu mərhələdə insanlar təbiətin hazır məhsullarından istifadə etməklə ovçuluq və balıqçılıqla məşğul olurdular. Başqa sözlə, mənimsənilən iqtisadiyyatın hökm sürdüyü həmin mərhələdə insanlar təbiət qüvvələrindən demək olar ki, tam asılı idilər. Buna görə də onlar təbiətə sitayiş edir, müxtəlif qurbanlar verməklə ondan rəhm diləyirdilər. Həmin dövrdə onların dünyagörüşündə fetişizm, cadugərlik və ovsunçuluq geniş yer tuturdu. Ibtidai insan təbiəti ilahiləşdirir, yaşamağın mənbəyini ona itaət etməkdə görürdü.
2. ikinci mərhələ 7-10 min il bundan əvvəl baş vermiş neolit inqilabı ilə başlanmışdır. Onun əsas məzmununu əkinşilik ilə maldarlığın bir-birindən ayrılması, oturaq həyata və yaradılan iqtisadiyyata keçilməsi təşkil edir. Artıq bu dövrdə insanlar təbiətin hazır nemətlərindən istifadə etməklə kifayətlənmir, lazım olan məhsulları və yaşayış vasitələrini özü istehsal etməyə başlayır. Bu bir tərəfdən ictimai inkişafa təkan verdi, digər tərəfdən cəmiyyət ilə təbiət arasında ziddiyyətlərin yaranmasına gətirib çıxardı. Buna baxmayaraq, təbiət ilə cəmiyyət arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir və möhkəmlənirdi.
3. Üçüncü mərhələ təxminən XVI-XVII əsrlərdən etibarən özünü göstərir. Onun əsas mahiyyətini maşınlı sənayeyə keçilməsi nəticəsində insanların təbiətə göstərdiyi təsirin güclənməsi təşkil edir. Cəmiyyətin sərəncamında olan texniki vasitələr təkmilləşdikcə sözün əsl mənasında təbiətin amansız istismarı baş verdi.
4. Nəhayət, XX əsrin ortalarından etibarən təbiət cəmiyyət münasibətlərində keyfiyyətcə yeni, dördüncü mərhələ özünü göstərir. onun səciyyəvi cəhətini müasir elmi texniki tərəqqi şəraitində cəmiyyətlə təbiət arasındakı ziddiyyətlərin kəskinləşməsi təşkil edir. Bu öz ifadəsini müasir ekoloji böhranda, bəşəriyyətin gələcək mövcudluğunun təbii şəraitinin artmaqda olan təhlükəsində tapır.