Məhsulun satışı ilə əlaqədar mövcud olan problemlər aşkar edilir və həmin problemlərin həllinə səbəb olan məqsədlər müəyyən olunur. Belə məqsədlərə: gəlirin və satışın həcminin, satış bazarında və topdansatış ticarət dövriyyəsində payın nəzərdə tutulmuş ölçüsünə nail olunması; optimal təsərrüfat əlaqələrinin müəyyən edilməsi; satış heyətinin işinin səmərəliliyinin artırılması; hazır məhsul ehtiyatlarının optimallaşdırılması; istehlakçılara göstərilən əlavə xidmətlərin səmərəliliyi; əmtəələrin hərəkətinin səmərəli qurulması; iddia işlərinin təsirinin gücləndirilməsi; məhsulun reallaşdırılmasının optimal kanallarının seçilməsi; nəqliyyat xərclərinin minumumlaşdırılması; satış üzrə bütün xərclərin optimallaşdırılması; firmanın xarici ticarət sövdələşmələrinin gəlirliyinin artırılması; firmanın reklam siyasətinin təsirliliyinin yüksəldilməsi; istehlakçıların tələblərinin stimullaşdırılması aiddirlər.
Müxtəlif firmalarda və ya müxtəlif dövrlərdə bir firmada qarşıya qoyulmuş məqsədlər, təbiidir ki, bir-birindən fərqlənə bilər.
Firmanın istər kommersiya, istərsə də bütövlükdə təsərrüfat fəaliyyətində tələb və konyunkturanın proqnozlaşdırılmasının böyük əhəmiyyəti vardır. Bu proqnozlar firmanın strateji kommersiya qərarları üçün əsas olur. Buna görə də, perspektivdə tələb və konyunkturada baş verəcək kəmiyyət və struktur-keyfiyyət dəyişikliklərini nəinki görmək, həm də marketinq səyləri göstərərək bazarda yaranacaq problemli vəziyyəti aradan qaldırmaq lazımdır.
Tələb və konyunktura proqnozları əsasında məhsulun reallaşdırılması proqnozları hazırlanır ki, bunlar da proqnoz dövründə kommersiya əməliyyatlarını aparmaq və cari reallaşdırma və gəlirlər planlarının tərtibi üçün bir növ baza rolunu oynayır.
Problem və konkret məqsədlər aydınlaşdıqdan sonra onların həlli yolları, mərhələləri və fəaliyyət ardıcıllığı müəyyən olunur, yəni satış xidmətinin fəaliyyət planı (proqramı) tərtib olunur. Bu planın bölmələri qarşıya qoyulmuş məqsədlərə uyğun olmalıdır və ya olur.
Hazır məhsulun istehlakçılara qədər hərəkəti onların tələbləri nəzərə alınmaqla əmtəə hərəkətinin bütün elementlərinin optimal variantının axtarılması ilə təmin olunur.
Hər bir elementin əmtəələrin hərəkəti sistemində öz yeri vardır. Buna görə də, nəqliyyatın növünə, məhsulun istehlakçılara çatdırılması marşrutlarına və s. görə əmtəələrin hərəkəti sisteminin bir neçə variantı hazırlanılır və onlardan ən optimalı seçilir.