Ticarət vasitəçiləri bağlanmış müqavilənin şərtlərinə uyğun əmtəələrin alıcı və satıcılarına kömək göstərməyi öhdəlik götürən hüquqi və ya fiziki şəxslər olurlar
Ticarət vasitəçiləri bağlanmış müqavilənin şərtlərinə uyğun əmtəələrin alıcı və satıcılarına kömək göstərməyi öhdəlik götürən hüquqi və ya fiziki şəxslər olurlar. Ticarət vasitəçilərinə agentlər, dilerlər, distributerlər (bölüşdürücülər), kommivoyajerlər (firmanın ticarət agentləri) aiddirlər. Buna uyğun olaraq vasitəçi firma və təşkilatların müxtəlif növləri mövcuddur. Bunlara təchizat-satış, topdansatış–vasitəçi, pərakəndəsatış firma və firmalar, pərakəndəsatış və topdansatış mağazalar, kommersiya mərkəzləri, ticarət evləri, agent firmaları aid edilə bilər.
Ticarət agentləri – firmanın vəsaiti və mənafeyi hesabına məhsulun reallaşdırılması üzrə sövdələşmələri həyata keçirən hüquqi və fiziki şəxslərdir. Agentlə firma arasındakı münasibətlər xüsusi müqavilə ilə tənzimlənir. Bu halda agentlik fəaliyyəti kommersiya xarakterinə malikdir, çünki o, müstəqil kommersant kimi firma tərəfindən etibarnamə əsasında fəaliyyət göstərir. Bu zaman agent tərəfindən bağlanmış sövdələşmələr üzrə hüquq və vəzifələr firmaya aid olur və öhdəlik qüvvəsinə malik olur. Agent öz fəaliyyətinə görə haqq alır. Bu haqqın ölçüsü, adətən firma üçün sövdələşmənin son nəticələrindən asılı olmayaraq bağlanmış sövdələşmənin həcmindən faiz formasında müəyyən edilir.
Kommersiya ticarəti xarici ölkədə yerləşən anbarlardan məhsulların satışı üzrə sövdələşmələrin bağlanmasını nəzərdə tutur.Bu cür ticarətdə konsiqnant və konsiqnator iştirak edir. Konsiqnant xarici ölkədə yerləşən anbardan konsiqnasiya ticarətinin təşkili üzrə tapşırıq verən firmadır. Bu halda firma reallaşdırılan məhsulun nomenklaturasını, bu məhsulların satılacağı ərazini və minimal qiymətini dəqiq müəyyən etməlidir. Qeyd edilənlərlə yanaşı firma razılaşdırılmış nomenklaturada, çeşiddə və miqdarda, məhsulları konsiqnasiya anbarına vaxtında göndərməli, həmçinin anbar xərclərini ödəməlidir. Konsiqnant məhsul satılana qədər və ya bu məhsula görə pul vəsaitləri firmanın hesabına daxil olana qədər onun sahibi olaraq qalır.
Konsiqnator öz adından və konsiqnantın hesabına konsiqnasiya ticarətinin təşkili üzrə tapşırığın yerinə yetirilməsini öhdəsinə götürən fiziki və ya hüquqi şəxsdir.Konsiqnatorun funksiyalarına ticarətin təşkili, yerin hazırlanması, məhsulun sığortalanması və qorunması daxildir. Onun gəliri məhsulun satış həcmindən asılıdır və ya məhsulun firma tərəfindən təyin edilmiş minimal qiyməti ilə onun satış qiyməti arasındakı fərq kimi müəyyən edilir. Konsiqnator məhsulun mülkiyyətçisi deyildir və onun fəaliyyətinin şərtləri əks olunduğu müqavilə əsasında fəaliyyət göstərir.