Mövzu Firmanın (müəssisənin) inkişafı: məqsəd, mühit və təsir amilləri. Kursun predmeti və vəzifələri


Təşkilati strukturlarda və idarəetmə sistemində dəyişikliklər



Yüklə 424,07 Kb.
səhifə6/6
tarix28.04.2017
ölçüsü424,07 Kb.
#16103
1   2   3   4   5   6

Təşkilati strukturlarda və idarəetmə sistemində dəyişikliklər
Müasir dövrdə idarəetmənin təşkilati strukturlarının modifikasiyası prosesi əsasən aşağıdakı istiqamətlərdə gedir:

  1. istehsal və satış əməliyyatlarının əksmərkəzləşməsi;

  2. yeniliklərin tətbiqi ekspansiyası, yeni bazarların axtarılması və əməliyyatların diversifikasiyası (şaxələnməsi);

  3. əksbürokratikləşdirmə, heyətin yaradıcı və istehsal faydalı iş əmsalının daima yüksəldilməsi.

İdarəetmə üslubunda dəyişikliklər. Korporativ mədəniyyət.


Strategiyanın reallaşdırılmasına nəzarətin təşkili
Strategiyanın reallaşdırılmasının idarə edilməsi məsələləri sırasında strateji proqramların işlənilməsini xüsusilə fərqləndirmək olar. Strateji proqrama aşağıdakılar aid edilə bilər:

  1. təşkilatın strateji planı

  2. strategiyanın reallaşdırılması planı

  3. strategiyanın reallaşdırılması qrafiki

  4. strategiyanın resurs təminatı.



Strategiyanın reallaşdırılmasının qiymətləndirilməsi.
Strategiyanın yerinə yetirilməsinə nəzarət və qiymətləndirmə - məntiqi olaraq strateji idarəetmədə həyata keçirilən sonuncu proses hesab olunur.

Strateji nəzarət – strategiyanın reallaşdırılması haqqında informasiyanın toplanması və emalını, kənarlaşmaların aşkara çıxarılmasını və bunun səbəblərinin müəyyən edilməsini və qiymətləndirilməsini, strateji fəaliyyətlərdə korrektə (düzəliş) edici qərarların qəbulunu nəzərdə tutur.

Strateji nəzarət aşağıdakı xüsusiyyətlərə malikdir:


  • vaxtlı-vaxtında olması

  • nəticəyə yönəlik olması

  • sadə olması

  • qənaətli olması

  • təşkilatın missiyasına və strategiyasına uyğun olması.

Başlıca strateji nəzarətçi – firmanın sahibidir (mülkiyyətçisidir).



Mövzu 12. Cəmiyyətə münasibətdə firmanın (müəssisənin) davranış stratrgiyası. Biznesin sosial məsuliyyəti

Biznesin sosial məsuliyyətinin mahiyyətivə məzmunu

Korporativ sosial məsuliyyətlə bağlı beynəlxalq təşəbbüslər və fəaliyyətlər

Qlobal Saziş və onun prinsipləri

Firmaların sosial sərmayə proqramlarının mahiyyəti və xüsusiyyətləri.

Biznesin sosial məsuliyyətinin mahiyyətivə məzmunu
Müəssisə və şirkətlərin fəaliyyəti ilə bağlı son illər “sosial sərmayə proqramları”, “biznesin sosial məsuliyyəti” və “korporativ sosial məsuliyyət” kimi anlayışlar geniş istifadə edilməkdədir. Əslində bunlar, demək olar, eyni mənada işlənən və bir-birini əvəz edə bilən anlayışlar kimi qəbul olunur. Bu anlayışlar müəssisə və şirkətlərin fəaliyyət göstərdikləri ərazilərdə baş verən ekologiya və ətraf mühitin mühafizəsi və bərpası, ekoloji tarazlığın təmin edilməsi, yoxsulluğun və işsizliyin azaldılması, insan haqqlarının təmin edilməsi, icmaların inkişafı və s. kimi sosial proseslərdə fəal iştirakını, onların məhz bu yöndə xüsusi proqramların həyata keçirmələri fenomenini xarakterizə edir.

Bu fenomen elmi-nəzəri tədqiqatlar və praktiki tətbiq baxımından məhz XX əsrin ortalarından geniş vüsət almağa başlayıb. Lakin, bəzi tədqiqatçıların fikrincə, korporativ məsuliyyət “hissi” hələ XVII əsrdə - kapitalist iqtisadi modeli ilə birlikdə - meydana çıxıb1. XIX əsrin sonları və XX əsrin əvvələrində Robert Boş və Henri Ford kimi tanınmış iş adamlarının şirkətləri sosial məsuliyyətlə bağlı öz üzərinə bir sıra öhdəliklər götürmüşdülər. Amma bunlar sistemli bir iş olmayaraq, sadəcə ayrı-ayrı sosial tədbirləri (məsələn, işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılması, onların mənzil təminatı və s. kimi) əhat edirdi.

Ümumiyyətlə, bu konsepsiyaya əsasən şirkətlər öz fəaliyyətlərində cəmiyyətin maraqlarını nəzərə almalı, onların fəaliyyətlərinin sifarişçilərə, tədarükçülərə, işçilərə, səhmdarlara, yerli icmalara və cəmiyyətə olan təsirlərinə görə öz üzərlərinə məsuliyyət götürməlidirlər. Bu öhdəliklər yalnız qanunlar və başqa normativ sənədlərlə müəyyən edilmiş çərçivələrlə məhdudlaşdırılmamalı (şirkətlər bunlara əməl etməyə borcludur), əksinə, öz üzərinə bu çərçivələrdən əlavə olaraq işçilərin və onların ailə üzvlərinin, yerli icmaların və bütövlükdə cəmiyyətin yaşam şəraitinin keyfiyyətinin yüksəldilməsi üzrə könüllü öhdəliklər götürməlidir2.

KSM - ayrı-ayrı sosial qrupların və bütövlükdə cəmiyyətin həyat (yaşayış) şəraitinin keyfiyyətinə təsir göstərən, lakin qanunvericilikdə yayğın şəkildə təyin edilmiş (dəqiq ifadə olunmamış) yaxud müəyyən edilməmiş norma və qaydalara əməl etməklə bağlı biznes subyektlərinin cavabdehliyidir. Məsuliyyət cəmiyyətin tələblərinə və ehtiyaclarına biznes subyektinin saymazyana (etinasız) münasibəti yaxud kifayət qədər diqqət yetirməməsi nəticəsində yaranır və həmin biznes üçün resurs bazası hesab edilən ərazidə əmək resurslarının təkrar istehsalının yavaşımasında ifadə olunur. Başqa sözlə, bu, biznes-qərarları qəbul edənlərin həmin qərarların birbaşa və ya dolayisı təsirlərinə məruz qalanlar qarşısında cavabdehliyidir3.

Lakin belə cavabdehlik müəyyən edilmiş icbari qayda deyil, sadəcə biznes qərarlarının qəbulu prosesində hərəkətə gəlməli olan etik prinsipdir. Bu zaman biznes özünü “korporativ vətəndaş” kimi aparır və fəaliyyətini həyata keçirdiyi cəmiyyətin mühüm problemlərinə nəinki laqeyd qalmır, əksinə onların həllində maraqlı olur4. Belə ki, hər bir iş adamı istər ki, onun işi böyüsün, genişlənsin, inkişaf etsin və mənfəəti artsın. Bu isə o halda mümkündür ki, cəmiyyətdə insanların alıcılıq qabiliyyəti və rifah səviyyəsi yüksək olsun. Buna görə də dünyada biznesin gəlirliliyinin və effektivliyinin mühüm şərtlərindən birinin məhz cəmiyyətin sabit və davamlı inkişafına investisiya yönəldilməsi olduğunu qəbul edən şirkətlərin sırası getdikcə artmaqdadır.

Beləliklə, KSM (yaxud biznesin sosial məsuliyyəti) dedikdə sosial, iqtisadi və ekoloji sferalarda cəmiyyətin inkişafına biznesin - şirkətin əsas fəaliyyəti ilə birbaşa bağlı olan və qanunla müəyyən edilən minimum çərçivələrdən kənara çıxan - könüllü töhfəsi başa düşülür. Ayrı-ayrı ədəbiyyatlarda biznesin sosial məsuliyyəti, bir qayda olaraq, 2 qrupa ayrılır: şirkətdaxili və şirkətdənkənar5.

Biznesin şirkətdaxili sosial məsuliyyətinə aşağıdakıları aid etmək olar:


  • əməyin təhlükəsizliyi;

  • əmək haqqının sabitliyi;

  • əmək haqqının sosial əhəmiyyətli səviyyədə saxlanması;

  • əməkdaşların (işçilərin) əlavə tibbi və sosial sığortası;

  • insan resurslarının inkişafı (təhsil proqramları, yenidən hazırlanma və ixtisasın artırılması proqramları vasitəsi ilə);

  • kritik situasiyalarda işçilərə yardım göstərilməsi.

Biznesin şirkətdənkənar sosial məsuliyyətinə aşağıdakıları aid etmək olar:

  • sponsorluq və korporativ xeyriyyəçilik;

  • ətraf mühitin mühafizəsinə yardım;

  • yerli icmalarla və yerli hakimiyyətlə qarşılıqlı əməkdaşlıq;

  • kritik situasiyalarda iştiraka hazırlıq;

  • mal və xidmətlərin istehlakçıları qarşısında məsuliyyət (keyfiyyətli malların buraxılması).



Korporativ sosial məsuliyyətlə bağlı beynəlxalq təşəbbüslər və fəaliyyətlər
Şirkətlərin KSM fəaliyyətlərini yönləndirmək məqsədi daşıyan bir sıra beynəlxalq sənədlər və alətlər mövcuddur. Bunlara riayət etmək könüllü olsa da, bunlar cəmiyyət və ətraf mühitlə münasibətlərdə biznes üçün bir «təlimatçı» rolunu oynaya bilir.

Transmilli korporasiyalar üçün İƏİT-in Tövsiyələri. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən 2000-ci ildə qəbul edilən Tövsiyələr şirkətləri iqtisadi və sosial sferanın inkişafına, ətraf mühitin qorunmasına öz töhfələrini verməyə çağırır. Belə töhfə davamlı inkişafa nail olmağa və insan haqlarına əməl edilməsinə imkan verə bilər. İƏİT şirkətləri fəaliyyət göstərdikləri ölkələrdə olan ətraf mühitin qorunması, səhiyyə, əmək və əməyin mühafizəsi, vergi və digər qanunvericiliklərin müəyyən etdiyi norma və qaydalara əməl etməyə, habelə yerli siyasi proseslərdə “ləyaqətsiz” formada iştirakdan çəkinməyə çağırır. Şirkətlər məcburi və uşaq əməyinin tətbiqinə, hər hansı bir formada diskriminasiyaya yol verməməli, muzdlu işçilərinin həmkarlar ittifaqlarında və başqa assosiasiyalarda birləşmək hüququna hörmət etməli, məşğulluq və istehsal münasibətləri standartlarına əməl etməli, ətraf mühitin qorunmasına diqqəti artırmalı, heç bir formada korrupsiya hallarına yol verməməlidir. Bunlardan başqa, İƏİT-in təlimatları istehlakçı maraqlarının qorunmasını, məlumatlılıq və texnologiyalar, ədalətli rəqabət və vergilərin qanunauyğun ödənilməsi məsələlərini əhatə edir.

Avropa Birliyi. Avropa Komissiyası biznesin sosial məsuliyyətinə münasibətdə Avropa Birliyinin proqramının baza prinsiplərini müəyyən edib. Həmin prinsiplərə əsasən: biznesin sosial məsuliyyəti könüllü təşəbbüs olaraq qalmalıdır; biznesin sosial məsuliyyətinin reallaşdırılması praktikası şəffaf və etibarlı olmalıdır; biznesin sosial məsuliyyəti sahəsində cəmiyyətin (icmanın) özünün strategiyası daha çox yeni dəyər yaratmağa imkan verən sahələrə istiqamətlənməlidir; belə strategiya sosial, iqtisadi və təbiətin mühafizəsi sahələrini əhatə etməklə biznesin sosial məsuliyyətinə münasibətdə balanslaşdırılmış və hərtərəfli yanaşmanı təmin etməlidir; belə strategiyada kiçik və orta müəssisələrin inkişafına xüsusi diqqət yetirilməlidir; belə strategiya beynəlxalq hüquqi öhdəliklər dəstəklənməlidir və s. 2002-ci ilin dekabrında Avropa Şurası bütün üzv ölkələri milli səviyyədə KSM-in inkişafına şərait yaratmağa çağırdı.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) transmilli şirkətlər və sosial siyasətə dair Üçtərəfli Bəyannaməsi. Bu, sosial siyasətlə bağlı transmilli şirkətlər üçün istinad ediləcək daha bir beynəlxalq sənəddir. Sənəd hökumətlər, işçilər və işəgötürənlər və həmçinin onların birlikləri tərəfindən qəbul edilmiş bir sənəddir. Bəyannamə sosial məsələlərlə bağlı aşağıdakı mövzuları əhatə edir: məşğulluq; təlimlər; iş və həyat şəraiti; əmək münasibətləri.

Ekvator prinsipləri”6 – Dünya bankının Beynəlxalq Maliyyə Korporasiyası və layihələrin maliyyələşdirilməsi sferasında çalışan dünyanın aparıcı bankları tərəfindən müəyyən edilən bu qaydalar dəsti təbiəti mühafizə, sağlamlıq və həyatın təhlükəsizliyi məsələlərinin idarə edilməsini nəzərdə tutur. Prinsiplərin birinci redaksiyası 2003-cü ilin iyunun 4-də, ikinci redaksiyası isə 2006-cı ilin iyulunda qəbul edilmişdir. Banklar bütün ölkələrdəki fəaliyyətləri zamanı şirkətlərin kreditləşdirilməsi zamanı biznesin bu prinsiplərə əməl etmələrini əsas götürməlidirlər.



Beynəlxalq hüquqda biznesin sosial öhdəliklərinin mənbələri. Biznesin sosial öhdəlikləri ilə bağlı müəyyən tələblərə aşağıdakı beynəlxalq sənədlərdə rast gəlmək olar:

  • Ətraf mühitin qorunması ilə bağlı əsas sazişlər:

    • Bioloji müxtəliflik haqqında Konvensiya;

    • Iqlim dəyişiklikləri haqqında Konvensiya və Kioto Protokolu;

    • Vəhşi təbiəin qorunması məsələləri üzrə başlıca sazişlər.

  • Insan hüquqları haqqında prinsipial sazişlər7:

    • İnsan hüquqları Bəyannaməsi;

    • Iqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Saziş (İCESCR), mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Saziş (İCCPR);

    • Büyün növ irqi diskriminasiyanın ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya və BMT-nin “Qadınlara münasibətdə bütün formalarda diskriminasiyanın ləğv edilməsi haqqında” Konvensiyası;

    • BMT-nin uşaq hüquqları Konvensiyası;

    • Büynəlxalq Əmək Təşkilatının (BƏT) əsas sazişləri.


Qlobal Saziş və onun prinsipləri

Qlobal Saziş ideyası BMT-nin Baş katibi Kofi Annan tərəfindən irəli sürülüb. 2000-ci ilin iyulunda bu təşəbbüsə rəsmi start verildi: BMT-nin Baş katibi dünyanın nəhəng şirkətlərinin rəhbərlərinə müraciət edərək onları yeni beynəlxalq təşəbbüsə - Qlobal Sazişə qoşulmağa çağırdı. Bununla da proses ümumdünya xarakteri aldı.

Müasir dünyada şirkətlərin “korporativ” vətəndaş mövqeyinin təsdiqinə yönəlmiş ən böyük qlobal təşəbbüs8 kimi Qlobal Sazişin qarşısında duran əsas vəzifə biznesin sosial məsuliyyətlilik prinsipini inkişaf etdirmək və qloballaşmanın daha kəskin problemlərinin həllində biznesin iştirakını təmin etməkdir.

Bu, könüllü bir təşəbbüsdür. “Saziş”ə qoşulmaqla şirkət belə bir inamı (qənaəti) bölüşdüyünü bəyan etmiş olur: bu universal prinsiplərə söykənən işgüzar fəaliyyət (praktika) qlobal bazarın daha dayanıqlılığına, ədalətliliyinə və təmsilçiliyinə kömək edir, çiçəklənən və firavan (uğurlu) cəmiyyətin formalaşmasına imkan verir.



Qlobal Saziş şəbəkə formasında münasibətlər sistemini əks etdirir. Bu şəbəkə Qlobal Saziş Bürosu və BMT-nin 6 idarəsinin (İnsan haqları üzrə Ali Komissarın Bürosu, BMT-nin Ətraf mühitin mühafizəsi Proqramı, Beynəlxalq Əmək Təşkilatı, BMT-nin İnkişaf Proqramı, BMT-nin sənaye inkişafı Təşkilatı, BMT-nin narkotiklərlə və cinayətlərə qarşı mübarızə Bürosu) bazasında təşkil olunmuşdur. “Saziş”in fəaliyyət sferasına cəmiyyətin bütün müvafiq təbəqələri cəlb edilmişdir:

  • ölkə hökumətləri - təşəbbüsün əsasını təşkil edən prinsipləri bunlar formalaşdırıb;

  • şirkətlər - “Saziş”in fəaliyyətinin obyekti hesab olunur;

  • əmək kollektivləri – qlobal miqyasda istehsal proseslərində bilavasitə iştirak edirlər;

  • vətəndaş cəmiyyəti institutları – cəmiyyətin ayrı-ayrı sosial qruplarının maraqlarının ifadəçiləri kimi çıxış edir;

  • BMT – təşkiletmə və əlaqələndirmə funksiyalarını həyata keçirir.

Qlobal Sazişin on prinsipi aşağıdakılardır9:

  • İnsan haqları sahəsində:

Prinsip 1 - İşgüzar dairələr beynəlxalq səviyyədə elan edilmiş insan haqlarının qorunmasını dəstəkləməli və buna hörmətlə yanaşmalıdırlar;

Prinsip 2 - İşgüzar dairələr insan haqlarının pozulmasında iştirak etməməlidirlər.

  • Əmək münasibətləri sahəsində:

Prinsip 3 - İşgüzar dairələr birləşmə azadlığını dəstəkləməli və kollektiv danışıqlar aparmaq haqqını real olaraq tanımalıdırlar;

Prinsip 4 - İşgüzar dairələr məcburi və icbari əməyin bütün formalarının ləğvinə tərəfdar olmalıdırlar;

Prinsip 5 - İşgüzar dairələr uşaq əməyinin tam aradan qaldırılmasına tərəfdar olmalıdırlar;

Prinsip 6 - İşgüzar dairələr əmək və məşğulluq sferasında diskriminasiyanın ləğv edilməsinə tərəfdar olmalıdırlar.

  • Ətraf mühitin mühafizəsi sahəsində:

Prinsip 7 - İşgüzar dairələr ekoloji məsələlərə münasibətdə ehtiyatlılıq prinsipinə əsaslanan yanaşmanı dəstəkləməlidirlər;

Prinsip 8 - İşgüzar dairələr ətraf mühitin durumuna görə məsuliyyətin daha da artırılmasına yönəlik təşəbbüslər göstərməlidirlər;

Prinsip 9 - İşgüzar dairələr ekoloji təhlükəsiz texnologiyaların inkişafına və yayılmasına yardım etməlidirlər.

  • Korrupsiyaya qarşı olmaq sahəsində:

Prinsip 10 - İşgüzar dairələr, rüşvətxorluq və ələalma da daxil olmaqla, korrupsiyanın bütün formalarına qarşı olmalıdırlar.

Sosial sərmayə proqramları

Sosial sərmayə dedikdə gəlir yaxud digər sosial effektlər (faydalar) əldə edilməsi məqsədilə şirkətlər tərəfindən pul və digər resursların sosial sfera obyektlərinə sərmayə kimi yönəldilməsi başa düşülür. Sosial sərmayə cəmiyyət, biznes və hakimiyyət arasında qarşılıqlı münasibətlərin yeni pilləsi olmaqla müasir dünyada geniş tətbiq olunmaqdadır. Sosial sərmayələr o zaman səmərəli olur ki, sərmayəntin yönəldiyi sosial sfera bütün iştirakçıların və maraqlı tərəflərin ehtiyaclarını qarşılamış olsun və icmaların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etsin.

Hər bir ölkədə cəmiyyətin və icmalarının ehtiyaclarına uyğun olaraq sosial sərmayə proqramlarının müvafiq isiqamətləri formalaşır. Bu baxımdan sosial proqramlar kifayət qədər rəngarəngdir. Bunula belə sosial proqramların ümumiləşmiş əsas istiqamətləri bütün ölkələr üçün eyni qədər xarakterikdir.

Yuxarıda artıq qeyd etdiyimiz kimi, sosial sərmayə proqramları şirkətdaxili (şirkətin personalına yönəlik) və şirkətxarici (yerli icmalara və cəmiyyətə yönəlik) olur.

Şirkətin xaricə (icmalara və cəmiyyətə) yönələn sosial proqramları əsasən aşağıdakılardır:



  • Vicdanlı işgüzar praktika - bu biznes qurumunun sosial proqram istiqamətlərindən olmaqla tədarükçü, müştəri və biznes partnyorlar arasında vicdanlı işgüzar praktikanın yayılmasına yönəlir;

  • Ətraf mühitin və sərvətlərin mühafizəsinə yönələn sosial proqramlar - Bu istiqamət biznes qurumu tərəfinin təşəbbüsü ilə həyata keçirilən sosial proqramlar olmaqla ətraf mühitə mənfi təsirlərin azaldılmasına, çirklənmənin qarşısının alınmasına, maye, bərk və qaz tullantılarının səmərəli idarə olunmasına, təbii sərfətlərdən maksimum səmərəli və qənaətlə istifadəyə yönələn təşəbbüslərin dəstəklənməsi və icma iştirakçılığı təmin olunmaqla xüsusi sosial sərmayə proqramlarının həyata keçirilməsidir.

  • Yerli icmaların inkişafı - Biznes qurumu tərəfindən könüllü həyata keçirilən və icmaların inkişafına tövhə verən müxtəlif təyinatlı (təminatsız icma üzvlərinə dəstək, gənlərin və uşaqların təhsilinə dəstək, mənzi-kommunal sisteminin, su təchizatı, drenaj ststemlərin qurulması, mədəni və idman tədbirlərin təşkilinə sponsorluq etmək, xeyriyyət təbirlərində iştirak və s.) sosial təyinatlı investitsiyaların qoyulması.

Şirkətin personalına (işçi heətinə) yönələn sosial proqramlar bunlardır:

  • Heyətin inkişafı - Biznes qurumunun işçilərin inkişafına yönələn və yüksək ixtisaslı işçiləri saxlamaq üçün motivləşdirilən əməyin ödəniş sistemi, işçilərə sosial paketin təqdim olunması, işçilərin istirahəstinin təşkilinə və sağlamğığının qounmasına yönələn və işçilərin biznesin idarə olunmasında iştirakını təmin edən sosial proqramların məcmusu, habelə təlimlər;

  • Sosial məsluliyyətli restrukturizasiya - Bu müəssisədə sosial proqram siyasətinin restruktirizasiyası yolu ilə işçilərin sosial maraqlarının təmin olunmasına yönələn siyasətdir;

  • Sosial məsuliyyətli investisiyalaşma - Biznes qurumu tərəfindən həyata keçirilən və yalnız maliyyə gəlirlərinin əldə edilməsi məqsədi ilə deyil, həm də etik normalar çərçivəsində sosial proqramların investisiyalaşdırılmasıdır.


1 http://www.soc-otvet.ru/asi/socialresponsibility

2 Grayson, D. and Hodges, A. Corporate Social Opportynity! Seven Steps to Make Corporate Social Responsibility Work for your Business. 2004

3 Корпоративная социальная ответственность - http://ru.wikipedia.org/wiki

4 Центр корпоративного гражданского Бостонского колледжа. 2005 http://spero.socpol.ru

5 Литовченко и Корсакова. Социальнаяответственность бизнеса: актуальная повестка. 2003

6 http://www.wwf.ru/about/what_we_do/sustainability/equator/

7 http://hrlibrary.ngo.ru/russian/links/Rnorms-Aug2003.html

8 Hazırda dünyanın 100-dən çox ölkəsinin minlərlə şirkəti və təşkilatı bu təşəbbüsün iştirakçısıdır

9 http://www.un-az.org/doc/Global%20Compact%20brochure.pdf


Yüklə 424,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin