7.4. Çevik istehsal – logistik sistemlərinin yaradılması
Çoxnomenklaturalı fərdi və kiçik seriyalı diskret istehsalın, yəni eyni zamanda çoxnomenklaturalı ədədi məmulatların hazırlanması üzrə iqtisadi fəaliyyətin səmərəliliyinin yüksəldilməsi problemi istehsalın təşkili və idarə edilməsi üzrə yeni metodların axtarılıb tapılması və onların praktiki tətbiqinə əsaslanır. Belə metodlar istehsalın kifayət qədər yüksək məhsuldarlığını və avtomatlaşdırılmasını (işçi qüvvəsinə yer qalmayan - istehsalın robotlaşdırılmasını) təmin etməklə istehlakçı zövqünü tam oxşayan məmulatların hazırlanmasını nəzərdə tutur və bunun üçün isə uyğun istehsal avadanlıqlarının yaradılmasını tələb edir.
Bu baxımdan çoxnomenklaturalı diskret istehsalda istifadə olunan müasir texnoloji komplekslər aşağıdakı tələblərə cavab verməlidir:
a) texnoloji əməliyyatların intensivləşdirilməsi və avtomatlaşdırılması;
b) texnoloji proseslərin avtomatlaşdırılması, istehsala hazırlıq mərhələsi də daxil olmaqla onun bütün mərhələlərinin kompyüterləşdirilməsi, istehsalın texniki təminatının yüksək səviyyəsi;
c) icra edilən texnoloji əməliyyatların nəqletmə, anbarlaşdırma və idarəetmə ilə əlaqələndirilməsi.
Qeyd olunan tələblərin ödənilməsi texnoloji proseslərin təşkili və idarə edilməsi sahəsində yeni prinsiplərin - çevik istehsal sistemlərinin meydana gəlməsini şərtləndirdi. Belə sistemlər istehsalın təşkili və idarə edilməsi üzrə ənənəvi prinsip-lərdən (onlara riayət etməklə) yalnız avtomatlaşdırma səviyyəsinə görə fərqlənir. Çevik avtomatlaşdırılmış istehsal rəqəmli – proqramla idarə edilən dəzgahları və emal mərkəzlərini minielektron hesablama maşınları, texnikası ilə birləşdirən avtomatik sistemlərdən ibarətdir. Belə istehsal bir məmulatın emalından tezliklə digərinə keçməyə, eyni vaxtda müxtəlif əməliyyatları yerinə – yetirməyə imkan verir və müxtəlif növ məmulatların hazırlanmasında tətbiq edilir.
Çevik istehsal sistemlərinin meydana gəlməsini mümkünləşdirən texniki şərtlər aşağıdakılardan:
unifikasiya edilmiş şəbəkə modulları (istehsala xidməti həyata keçirən manipulyatorlar, robotlar və digər növ qurğuların) bazasında köməkçi və quraşdırma əməliyyatlarının avtomatlaşdırılmasını təmin edən və rəqəmli– proqramla idarə olunan müasir avtomatlaşdırılmış avadanlıqların yaradılması;
kompyüter texnikasından istifadəyə əsaslanmaqla yük vahidlərinin saxlanması, istehsal sahələrinin tələbatı üzrə anbarlarda axtarılması və iş yerlərinə çatdırılması, habelə onların iş yerlərində müvafiq formada quraşdırılması üzrə icra edilən əməliyyatların avtomatlaşdırılmasını təmin edə bilən qurğuların yaradılması;
ayrı-ayrı texnoloji əməliyyatlar (vahidləri) və texnoloji komplekslər üçün əlaqəli informasiya – idarəetmə strukturunun qurulmasına imkan verən kifayət qədər etibarlı və nisbi mənada ucuz kompyüter texnikasının aşkar edilməsindən ibarətdir.
Bu baxımdan müasir istehsal kompleksləri üçün texnoloji, parametrik və struktur çeviklik dərəcəsinin yüksək olması və tipik texnoloji, habelə idarəetmə qərarlarının geniş tətbiq edilməsi xarakterikdir.
Beləliklə, müasir iqtisadi şəraitdə elmi – texniki tərəqqinin inkişafı, alıcı bazarının formalaşması, alıcı motivasiyasının dəyişməsi, habelə bütün formada rəqabət mübarizəsinin kəskinləşməsi prosesləri bazar mühitinin dinamik inkişafını şərtləndirən ən mühüm amillərdir. Belə bir şəraitdə fərdiləşdirmə ənənələrinə tabe olmaqla kütləvi istehsal imkanlarının saxlanılmasına çalışan sahibkarlar çevik istehsal – logistik sistemlər (ÇİLS) əsasında istehsalın təşkil edilməsi məsələsinə daha çox üstünlük verirlər.
Dostları ilə paylaş: |