11.3. Müəssisənin maliyyə faliyyətinin qiymətləndirilməsi.
Maliyyə vəziyyətinin qiymətləndirilməsində əsas məqsəd öz daxili tələbatını ödəmək və xarici agentlər qarşısında öhdəliklərini yerinə yetirmək üçün müəssisənin potensial imkanlarını aşkara çıxartmaqdır. Müəssisənin maliyyə dayanaqlığı maliyyə resurslarının elə vəziyyətini əks etdirir ki, bu zaman müəssisə pul vəsaitləri ilə azad manevr edərək onlardan effektiv istifadə etmək yolu ilə məhsulun istehsalı və satışının fasiləsiz prosesini təmin etməyə qadirdir.
Müəssisənin maliyyə hesabatının təhlili yolu ilə maliyyə-təsərrüfat fəaliyyətinin müxtəlif göstəriciləri arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq aşkara çıxarılır. Əvvəlki illərdə müəssisə fəaliyyətinin təhlilinin və cari maliyyə vəziyyətinin qiymətləndirilməsinin nəticəsi maraqlı şəxslərə və təşkilatlara gələcək dövr üçün idarəetmə qərarları qəbul etməyə imkan verir.
Müəssisənin maliyyə vəziyyəti vəsaitlərin tərkibi və yerləşdirilməsi, onların mənbələrinin strukturu, kapitalın dövretmə sürəti, vaxtında və tam həcmdə öz öhdəliklərinin yerinə yetirmək qabiliyyəti ilə xarakterizə edilir. Maliyyə vəziyyəti müəssisənin iqtisadi fəaliyyətini xarakterizə edən mühüm amildir. Maliyyə vəziyyəti müəssisənin rəqabətqabiliyyətinin, işgüzar əməkdaşlıqda onun potensialını müəyyən edir, müəssisənin özünün və tərəfdaşlarının maliyyə və digər münasibətlər üzrə iqtisadi maraqlarına nə dərəcədə təminat verdiyini qiymətləndirir.
Müəssisənin maliyyə vəziyyətinin təhlili mütləq və nisbi əmsalların köməyilə aşağıdakı beş istiqamət üzrə aparılır :
• balansın tərkibi və strukturunun qiymətləndirilməsi;
• müəssisənin likvidlikinin və ödəməqabiliyyətinin qiymətləndirilməsi;
• işgüzar aktivliyin qiymətləndirilməsi;
• müəssisənin maliyyə dayanaqlığının qiymətləndirilməsi;
• Rentabelliyin qiymətləndirilməsi.
Ödəməqabiliyyəti bütün kreditorlar tərəfindən təqdim edilən tələblərin və borcların ödənilməsinə müəssisənin hazır olmasıdır. Bura uzunmüddətli borc vəsaitləri daxil edilmir, hansıki, qaytarılma müddəti əvvəlcədən məlumdur. Beləliklə, əgər müəssisə özünün bütün qısamüddətli öhdəlikləri üzrə hesablaşmaları aparmaq və fasiləsiz istehsal prosesini davam etdirmək vəziyyətindədirsə, onda o ödəməqabiliyyətli sayılır. Ödəmə qabiliyyəti müəssisənin maliyyə vəziyyətinin və onun dayanaqlığının xarici təzahür formasıdır.
• Borcların ödənilməsi üçün potensial vəsait debitor borcları və müəssisənin malik olduğu əmtəə material qiymətli ehtiyatlar hesab edilir. Nəzəri cəhətdən borcların ödənilməsi müəssisənin dövriyyə vəsaitlərilə təmin edilir. Buna görə də müəssisə o zaman ödəməqabiliyyətli sayılır ki, onun dövriyyə vəsaitlərinin məbləği borclarının həcmindən xeyli çoxdur.
• Ödəmə qabiliyyətinin qiymətləndirilməsi cari aktivlərin likvidliyinin xarakteristikası əsasında həyata keçirilir, hansıki, onların pul vəsaitinə çevrilməsi üçün zəruri vaxtı müəyyən edilir. Həmin aktivin pul vəsaitinə çevrilməsi vaxtı nə qədər az tələb olunarsa, onun likvidliyi bir o qədər yüksək olar.
Müəssisənin likvidliyi balansın likvidliyinə nisbətən daha ümumi anlayışdır. Balansın likvidliyi yalnız daxili mənbələr hesabına ödəniş vəsaitlərinin axtarılmasını nəzərdə tutur. Ancaq müəssisə kənardan borc vəsaitləri cəlb edə bilər, əgər işgüzar dünyada uyğun imici və yüksək investisiya cəlbediciliyi varsa. Ödəmə qabiliyyəti və likvidlik anlayışları çox yaxındır. Belə ki, balansın likvidlik dərəcəsindən ödəmə qabiliyyəti bilavasitə asılıdır. Balansın likvidliyi müəssisənin ödəmə qabiliyyətinin əsasını təşkil edir.
Müəssisənin maliyyə dayanaqlığı ehtiyatların və xərclərin təminedilmə səviyyəsi və onların formalaşmasının xüsusi və borc mənbələri, xüsusi və borc vəsaitlərinin həcminin nisbəti ilə müəy yən edilir, mütləq və nisbi göstəricilər sistemini xarakterizə edir. Praktiki iş maliyyə hesabatının məlumatları əsasında aparılır. Zəruri informasiya bazası kimi mühasibat balansı çıxış edir.
İstehsal fəaliyyətinin gedişində müəssisədə əmtəə-material qiymətlilərin daim formalaşması gedir. Bunun üçün həm xüsusi dövriyyə vəsaitlərindən, həm də borc vəsaitlərindən istifadə olunur.
Ehtiyatların və xərclərin formalaşması mənbələrini tam əks etdirmək üçün aşağıdakı mütləq göstəricilərdən istifadə olunur:
• Xüsusi dövriyyə vəsaitlərinin miqdarı. O, xüsusi vəsait mənbələri və əsas vəsaitlər və qoyuluşlar arasında fərq kimi hesablanır.
• Ehtiyatların və xərclərin formalaşması üçün xüsusi dövriyyə vəsaitlərinin və uzunmüddətli borc mənbələrinin miqdarı.
• Ehtiyatların və xərclərin formalaşması üçün əsas vəsait mənbələrinin ümumi miqdarı. O, xüsusi dövriyyə vəsaitlərinin, uzunmüddətli və qısamüddətli kreditlərin və istiqraz vərəqlərinin məbləği kimi hesablanır.
Müəssisənin maliyyə dayanaqlığı xüsusi və borc vəsaitlərinin vəziyyəti ilə xarakterizə olunur və maliyyə əmsalları sisteminin köməyilə təhlil edilir. Müəssisənin maliyyə-iqtisadi vəziyyətinin təhlilinin tamamlayıcı mərhələsi təsərrüfat fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsidir. Müəssisənin təsərrüfat fəaliyyətinin səmərəliliyi işgüzar aktivlik və rentabellik göstəricilərinin vasitəsilə müəyyən edilir. İşgüzar aktivlik müəssisənin aktivlərinin nisbi miqdarını, yaxud istehsal prosesində onların istehlakının miqdarını əks etdirir. Rentabellik mənfəətin əsas normalaşdırılan dövriyyə istehsal fondlarına olan nisbəti kimi hesablanır.
Dövriyyə vəsaitlərinin sürətlə dövretməsi onlara tələbatı azaldır, rentabelliyin artmasına və müəssisənin maliyyə vəziyyətinin yaxşılaşmasına gətirib çıxarır.
İşgüzar aktivliyin kəmiyyət göstəricisi mütləq və nisbi meyarlarla: istehsal olunan məhsulun satış həcmi, mənfəət və müəssisənin aktivləri ilə müəyyən edilir. Mənfəət satışın həcminə və müəssisənin əmlakına nisbətən daha yüksək sürətlə artır. Buradan nəticə çıxarmaq lazımdır ki, istehsal və tədavül xərcləri azalmalıdır, müəssisənin resurslarından isə daha effektiv istifadə olunmalıdır. Geniş mənada rentabellilik gəlirlilik deməkdir. Rentabellilik göstəricinə aiddir:
• aktivlərin rentabelliyi. O, xalis mənfəətin aktivlərə olan nisbətidir.
• əsas fondların rentabelliliyi. Xalis mənfəətin əsas fondlara olan nisbətidir
Dostları ilə paylaş: |