Mövzu 11. Maliyyə menecmenti sistemində təhlil
11.1. Maliyyə menecmenti sistemində təhlilin rolu və əhəmiyyəti.
11.2. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlili metodları və üsulları.
11.3. Müəssisənin maliyyə fəaliyyətinin qiymətləndirilməsi.
11.1. Maliyyə menecmenti sistemində təhlilin rolu və əhəmiyyəti.
Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektlərinin fəaliyyətini xarakterizə edən əsas göstəricilərin məxfi (gizli) saxlanılması vacibdir. Məhz buna görə təsərrüfat subyektlərinin informasiya bazası uçot və mikroiqtisadi təhlil sistemində mahiyyətcə iki bloka ayrılır: ümumi aydın informasiyalar; məhdud aydın informasiyalar. Birinci blokla maliyyə uçotu və maliyyə təhlili prosedurları, ikinci blokla idarəetmə uçotu və müəssisədaxili təhlil prosedurları əlaqədardır.
Müasir dövrdə maliyyə təhlilinə dair iki yanaşma mövcuddur. Birinci yanaşmada maliyyə təhlili geniş aspektdə başa düşülür və maliyyə menecmenti sisteminə daxil olan, yəni kapital bazarı da daxil olmaqla ətraf mühit kontekstində təsərrüfat subyektlərinin maliyyəsinin idarə edilməsi ilə əlaqədar analitik işlərin bütün bölmələrini əhatə edir. İkinci yanaşma maliyyə təhlilinin əhatə sferasının mühasibat uçotunun təhlili ilə məhdudlaşdırılmasını nəzərdə tutur.
Maliyyə təhlilinin əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:
• müəssisənin əmlakı və maliyyəsinin müasir vəziyyəti xarakterizə olunur;
• müəssisənin tədiyyə qabiliyyəti, maliyyə dayanaqlığı və rentabellik göstəriciləri üzrə qiymətləndirilməsi aparılır;
• ümumən aydın informasiyalara əsaslanır;
• taktiki və strateji xarakterli qərarların informasiya təminatı;
• təhlilin nəticələrini istənilən istifadəçilər üçün açıq olması
• hesab-analitik prosedurların tərkibi və məzmunun uyğunlaşdırma imkanı
• meyarlar sistemində pul ölçüsünün dominantlığı;
• təhlilin yekunlarının yüksək etibarlıq səviyyəsi.
Maliyyə təhlili müəssisənin iqtisadi potensialından istifadənin vəziyyətini və səmərəliliyini qiymətləndirmək, həmçinin idarəetmə qərarlarının qəbulu üçün nəzərdə tutulan maliyyə xarakterli etibarlı informasiyalara əsaslanan analitik prosedurların məcmusudur. Maliyyə təhlilinin nəticələri mülkiyyətçiyə (səhmdara), kreditorlara, investorlara, vergi xidmətlərinə, malgöndərənlərə, menecerə və müəssisənin rəhbərinə lazımdır. Maliyyə təhlilinin başlıca məqsədi müəssisənin maliyyə vəziyyətini obyektiv şəkildə xarakterizə edən əsas parametrləri, yəni aktiv və passivlərin strukturunda, debitor və kreditor borclarında, mənfəətdə və zərərin tərkibində baş verən dəyişiklikləri aşkara çıxarmaqdan ibarətdir.
Maliyyə təhlilinin lokal məqsədlərinə aşağıdakıları aid etmək olar:
• müəssisənin maliyyə vəziyyətinin öyrənilməsi, qiymətləndirilməsi;
• maliyyə vəziyyətində baş verən dəyişikliklərin aşkara çıxarılması;
• maliyyə vəziyyətində dəyişiklikləri yaradan amillərin müəyyən edilməsi
• maliyyə vəziyyətinin inkişaf meyllərinin proqnozlaşdırılması Maliyyə menecerini həm müəssisənin cari maliyyə vəziyyəti və həm də onun perspektiv inkişafı haqqında analitik informasiyanın həcmi və keyfiyyəti maraqlandırır. Istehsal, təchizat, maliyyə, investisiya və innovasiya sferasında düzgün qərar qəbul etməkdən ötrü müəssisənin rəhbəri ilkin informasiyaların toplanması, təhlili və ümumiləşdirilməsi məsələsini həmişə diqqət mərkəzində saxlayır.
Ümumiyyətlə, maliyyə təhlili maliyyə menecmentinin ayrılmaz tərkib hissəsi olub maliyyə hesabatı şəklində uçot informasiyalarına və idarəetmə uçotunun məlumatlarına əsaslanır, faktiki göstəriciləri planla və standartlarla müqayisə etməyə, daxili audit aparmağa, düzgün idarəetmə qərarlarının qəbuluna imkan verir.
Təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin təhlilinin köməyilə maliyyə dayanaqlığını obyektiv qiymətləndirmək, maliyyə resurslarından istifadənin səmərəliliyini müəyyənləşdirmək, mümkün maliyyələşdirmə mənbələrini aşkara çıxarmaq mümkündür.
Maliyyə resurslarının mövcudluğu, yerləşdirilməsi və istifadəsi haqqında informasiyaların dərindən təhlili vasitəsilə müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək olar. Müəssisənin maliyyə vəziyyəti malgöndərənlər, istehlakçılar, vergi orqanları, banklar və digər tərəfdaşlar ilə qarşılıqlı münasibətlərin qurulması prosesində formalaşır.
Bazar iqtisadiyyatı şəraitində müəssisənin maliyyə sabitliyinin təmin edilməsi və müflisləşməyə qarşı vaxtında tədbirlərin həyata keçirilməsi baxımından həm sahibkarlar üçün və həm də bütün tərəfdaşlar üçün maliyyə təhlilinin rolu və əhəmiyyəti xeyli artır. Hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq və xoşagəlməz meyllərin vaxtında qarşısını almaq, yaxud zəifləmək üçün kəskin dəyişikliklərin səbəblərinin aşkara çıxarılması vacibdir.
Müəssisənin maliyyə vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biri onun tədiyyəqabiliyyətidir. Müəssisənin tədiyyə qabiliyyəti dedikdə bağlanmış müqaviləyə uyğun malgöndərənlərin ödəniş tələbinin vaxtında yerinə yetirilməsi, kreditin qaytarılması, heyətə əmək haqqının verilməsi, büdcəyə köçürmələrin aparılması qabiliyyəti başa düşülür
Maliyyə vəziyyətinin kompleks təhlili daxili və xarici amilləyin neqativ təsirinin aradan qaldırılması üzrə düzgün qərarın qəbuluna imkan verir. Sistemli maliyyə-iqtisadi təhlilin köməyilə müəssisənin maliyyə vəziyyətinin və investisiya cəlbediciliyinin proqnozlaşdırılması və planlaşdırılması, reytinq qiymətləndirilməsi müasir sistemini işləyib hazırlamaq mümkündür. Müəssisənin maliyyə vəziyyətinin təhlili onun bazarda mövqeyini müəyyənləşdirməyə, ölkədə, regionda və sahədə ümumi iqtisadi situasiyanı qiymətləndirməyə imkan verir. Məhz ona görə müəssisənin rəhbəri iqtisadçılar, maliyyəçilər, mühasiblər və auditorlar ilə birgə antiböhranlı idarəetmənin mühüm elementi kimi maliyyə vəziyyətinin komplek təhlili sistemini tətbiq etməlidir.
Maliyyə təhlilinin köməyilə müəssisənin qısamüddətli və uzunmüddətli maliyyələşdirilməsi, səhmdarlara dividend ödənilməsi və iqtisadi artım ehtiyatlarının səfərbərliyə alınması üzrə qərarlar qəbul edilir. Hazırda istifadəçiləri, xüsusilə xarici istifadəçiləri müəssisənin maliyyə fəaliyyəti haqqında beynəlxalq standartlara uyğun tam və real informasiyalarla təmin edilməsi zəruriyyətə çevrilib. Bu baxımdan müəssisələrin informasiya təminatı pul vəsaitlərinin hərəkəti, mənfəətin formalaşması və bölgüsü üzrə əsaslandırılmış idarəetmə qərarlarının qəbuluna imkan yaradan istiqamətdə təşkil edilməlidir.
Dostları ilə paylaş: |