4. Auditorun, auditor təşkilatlarının və sifarişçilərin vəzifələri, hüquqları və məsuliyyətləri "Auditor fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda auditorların, auditor təşkilatlarının və sifarişçilərin hüquq və vəzifələri, eləcə də onların məsuliyyəti öz əksini tapmışdır.
Auditor öz fəaliyyətini sahibkar kimi sərbəst və ya auditor təşkilatı ilə müqavilə əsasında həyata keçirir. Onun başqa növ fəaliyyətlə məşğul olması qadağandır. Auditor, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı aldığı andan auditor xidməti ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməyə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Auditorların və auditor təşkilatlarının əsas vəzifəsi həyata keçirilmiş təsərrüfat və maliyyə əməliyyatlarının dürüstlüyünün qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə təsərrüfat subyektinin maliyyə hesabatlarının və digər sənədlərinin müstəqil yoxlanmasının aparılmasıdır.
Auditin aparılması prosesində aşağıdakı məsələlər üzrə auditor rəyi tərtib olunur:
■ maliyyə hesabatlarının vəziyyəti və məzmunu üzrə;
■ təsərrüfat subyektlərinin illik mühasibat balansının dürüstlüyü və tamlığı üzrə;
■ təsərrüfat subyektinin investisiyaların cəlb edilməsi və inno- vasiya layihələrinin yerinə yetirilməsində iştirakının potensial imkanı üzrə;
■ kredit resursları və investisiyalardan məqsədli istifadə üzrə;
■ təsərrüfat subyektinin nizamnamə kapitalının vaxtında formalaşması və tamlığı üzrə;
■ təsərrüfat subyektinin maliyyə vəziyyəti üzrə.
Auditorlar və auditor təşkilatları onların peşə fəaliyyəti ilə bağlı digər auditor xidmətləri də göstərə bilər. Digər auditor xidmətlərinə mühasibat uçotunun qurulması və bərpa edilməsi; gəlirlər haqqında bəyannamənin tərtib edilməsi; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili; müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi; sifarişçinin informasiya, elmi və metodiki vəsaitlə təmin edilməsi; müştəriyə Azərbaycan Respublikasının vergi və təsərrüfat qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi daxildir.
Auditorun və auditor təşkilatlarının əsas vəzifəsi təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrə uyğun-
olaraq vaxtında və keyfiyyətlə auditor yoxlamalarının aparılmasıdır. Öz funksiyalarını yerinə yetirərkən auditorlar və auditor təşkilatlarının "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təsbit olunmuş aşağıdakı vəzifələri vardır:
auditin aparılmasında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə hökmən riayət etmək;
auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
bu Qanunun 18-ci maddəsində göstərilmiş hallara görə auditin aparılmasında iştirakının qeyri-mümkünlüyü barədə dərhal sifarişçiyə (səlahiyyətli dövlət orqanına) xəbər vermək;
sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxla maq;
auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular, mühasibat uçotunun aparılması və hesabatların tərtibi ilə bağlı nöqsanlar haqqında sifarişçinin rəhbərliyinə məlumat vermək;
sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı (məhkəmə orqanlarının tələb etdiyi hallar istisna ol maqla) məxfi saxlamaq;
yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;
təsərrüfat subyektinin tələbi ilə ona auditin aparılmasına dair qanunveririciliyin tələbləri, tərəflərin hüquq və vəzifələri, habelə auditorun rəyində olan irad və nəticələr üçün əsas olan normativ aktlar barəsində ətraflı məlumatlar vermək;
qanunvericilikdə nəzərdə tutulmuş hallarda vergi hesabatına dair auditor rəyi vermək.
Öz vəzifələrini müvəffəqiyyətlə yerinə yetirmək üçün auditorların və audit təşkilatlarının aşağıdakı hüquqları vardır:
bu Qanuna və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;
sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə (o cümlədən kənar hüquqi şəxslərdə saxlanılan sənədlərlə) tanış olmaq və yoxlamaq üçün onları almaq, pul məbləğlərinin, qiymətli kağızların, maddi sərvətlərin mövcudluğunu yoxlamaq və audit üçün lazım olan digər məlumatları almaq;
sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərkən müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;
auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb etmək;
yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək.
Auditorlar və auditor təşkilatları auditor fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinin və bağlanmış müqavilənin şərtlərinin pozulmasına görə məsuliyyət daşıyırlar. "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində auditor xidmətindən istifadə üzrə təsərrüfat subyektinin vəzifələri və hüquqları təsbit olunmuşdur. Belə ki, sifarişçi auditin vaxtında və keyfiyyətlə aparılması üçün lazımi şərait yaratmalı, audit üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməli, onun sorğusu üzrə yazılı və ya şifahi izahatlar verməli, yoxlanılmalı olan məsələlərin əhatəsini məhdudlaşdırmaq məqsədi ilə auditorun fəaliyyətinə qarışmamalı, auditor tərəfindən aşkar edilmiş qanunvericiliyin və mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsi üzrə müəyyən olunmuş qaydaların pozulması faktlarını vaxtında aradan qaldırmalıdır. Müəssisələr (şirkətlər və s.) auditor seçməkdə sərbəstdirlər.
Sifarişçi auditin aparılması ilə bağlı qanunvericiliyin tələbləri haqqında, eləcə də auditorun irad və nəticələrini müəyyən edərkən əsaslandığı normativ sənədlər haqqında tam məlumat almaq hüququ vardır və auditor belə informasiyaları sifarişçiyə təqdim etməyə borcludur. Sifarişçi auditora yoxlanmağa verilən sənədlərin və digər informasiyaların tamlığına və dürüstlüyünə görə məsuliyyət daşıyır.