4.1.Mühasibat hesabları haqqında anlayış, onların təyinatı və quruluşu
Mühasibat uçotu hesabları təşkilatın aktivləri,öhdəlikləri,kapitalı, gəlirləri və xərcləri üzrə baş verən hadisə və faktların, əməliyyatların cari əks etdirilməsi və onlara nəzarət üçün iqtisadi cəhətdən qruplaşdırılma üsuludur. Hesablar informasiya daşıyıcılarıdır və onların məlumatlarından müxtəlif icmal göstəricilər və hesabatlar tərtib etmək üçün istifadə olunur. Mühasibat hesablari maliyyə hesabatlarının hər bir elementi üzrə məlumatın toplanması və saxlanması üçün istifadə olunan qeydiyyat sistemidir. Hesabların məlumatlarına əsasən ən mühüm hesabat forması olan Mühasibat balansı(Maliyyə vəziyyəti haqında hesabat) tərtib edilir. Xarici görünüş etibarı ilə hesablar kitab, cədvəl, kartoçka və s. formada olur. Müasir şəraitdə kitab, cədvəl və kartoçkalar əvəzinə texniki informasiya daşıyıcılarından istifadə edildiyi üçün onlar fərqli xarici görünüşə də malik olur. Hər bir hesab onda uçota alınan odyektin xarakterinə uyğun olaraq müəyyən ada və koda malik olur. Hesablar təkcə xarici görünüşünə görə deyil, həm də müxtəlif məzmuna malik olmasına görə bir-birindən fərqlənir. Məsələn 201 “ Material ehtiyatları” hesabında ancaq materiallar haqda informasiya toplanır, materiallarla bağlı olmayan məlumatlar orada öz əksini tapa bilməz. Əyani olaraq hesabları öyrənmək ücün aşağıdakı sxemdən (T modelindən ) başlamaq məqsədəuyğundur. Hesab qrafik olaraq aşağıdakı formada olur: