Rabitə vasitələri AR ərazisində əhalinin təhlükə barədə xəbərdar edilməsi üçün şərti siqnal vasitəsi elektrik sirenalarıdır. Onlar şəhərlərin, yaşayış məntəqələrinin ərazisində elə yerləşdirilir ki, mümkün qədər hər tərəfə səsin yayılması təmin olunsun. Bu məqsədlə C-40 sirenalarından istifadə olunur; onlar səsi şəhərdə 300-400 metr radiusda yayır. Adətən, elektrosirena şəbəkəsi bir mərkəzdən idarə olunur.
Evdən kənar insanları xəbərdar edin digər effektiv sistem küçə səsgüsləndiriciləri şəbəkəsidir. Onlar şəhər və yaşayış məntəqələrinin radiotranslyasiya şəbəkəsinin əsas komponenti olub əhalinin xəbərdar edilməsinin vacib elementidir.
Təcrübədən məlumdur ki, əhalinin hamısının tam xəbərdar edilməsi mümkün deyil. Həmçinin, xəbərdarlıq vasitəlirinin təhlükə barədə verdiyi siqnalları əhalinin adekvat qəbul etməsi və verilmiş məlumata uyğun olaraq sonrakı davranış qaydalarına əməl etməsinə əmin olmaq mümkün deyil. Bundan ötrü əhalinin verilmiş xəbərdarlıq siqnallarını tanıması və onlara uyğun hərəkə etməsi üçün maarifləndirilməsi lazımdır.
Əhalinin xəbərdar edilməsinin tam təmin olunması üçün siqnallar dəfələrlə təkrar olunmalıdır və bütün xəbərdarlıq vasitələrindən istifadə olunmalıdır. Bu zaman nəzərə almaq lazımdır ki, günün vaxtlarından asılı olaraq müxtəlif xəbərdarlıq vasitələrinin effektivliyi dəyişir. Gecə vaxtı elektrik siqnalları və küçə gücləndiriciləri, axşam vaxtı televiziya yayımı, gündüz elektrik siqnalları, küçə gücləndiriciləri və radio yayımı şəbəkəsi daha effektlidir.
Əhalinin xəbərdar edilməsi və məlumatlandırılması üçün FH zamanı bütün yayım növlərindən (kabel, radio və televiziya yayayımı) istifadə olunur, yanaşı olaraq teleyayım səs siqnalları ilə müşayət olunur. Bu məqsədlə FHN xüsusi apparaturasından istifadə olunur.
Xəbərdarlıq siqnalları və mətnlər əvvəlcədən yazılır və idarəetmə orqanlarında saxlanılır. Bəzən FH zamanı «canlı yayım» idarəetmə orqanlarından birbaşa aparılır.
Rayonda, obyektdə rabitənin və xəbərdarlığın təşkili. Şəhərin (rayonun) ərazisində vahid MM rabitə sistemi yaradılmalıdır. Buna bütün mövcüd qüvvə və vasitələri, o cümlədən də dolayı rabitə xətlərini bir mərkəzdə (MM rabitə xidmətlərində) cəmləşdirmək onlara rəhbərliyi mərkəzləşdirilmiş halda planlaşdırmaq və rabitənin bütün növlərindən kompleks halında istifadə etməklə nail olmaq mümkündür. Obyektlərdə də rabitənin rolu və əsas vəzifələri mahiyyətcə şəhərdə (rayonda) olduğu kimidir. Burada rabitə sistemi konkret olaraq müəssisənin rabitə qovşağını (rabitə vasitələrini) və MM dəstələrinin rabitə vasitələrini özündə cəmləşdirir.
İri müəssisələrin rabitə qovşaqlarında adətən, istehsalat avtomat-telefon stansiyası (İATS), radioyayım qovşağı, texnoloji rabitə xətləri (sexlərlə, şöbələrlə dispetçer rabitəsi) olur.
Obyektlərin idarəetmə məntəqələrindəki rabitə qovşağında isə kommutator (telefon stansiyası), radiorabitə vasitələri (əsasən ultraqısadalğa radiostansiyaları), siqnal vasitələri, vacib obyektlərdə isə həmçinin son blok xəbərdarlıq aparatı olmalıdır. MM qüvvələrinin rabitə vasitələri-müxtəlif tipli telefon aparatlarından, telefon kabelindən, ultraqısadalğa radiostansi-yalarından və tabel üzrə verilən digər avadanlıqdan ibarətdir.
Obyektlərdə də rabitə aşağıdakı qaydada istifadə olunur:
Məftilli rabitə – rayonun (şəhərin) nazirliyin (yuxarı idarənin) rəhbərliyi ilə:
obyektin sığınacaqları, müşahidə postu, öz iş yerlərindəki sex və şöbə rəisləri və obyektin MM xidmətləri ilə əlaqə saxlamaq mümkündür.
Radiorabitə – obyektdə, adətən MM rəhbərinin radioşəbəkəsi təşkil edilir, buraya dəstə komandirlərinin radiostansiyaları qoşulur. Obyekt MM rəhbərlərinin radiostansiyası isə şəhər (rayon) rəhbərinin radioşəbəkəsinə daxil edilir.
Radiorabitədən xüsusən yürüş zamanı və zədələnmə ocaqlarında xilasetmə işləri aparılarkən istifadə olunur.
Səyyar rabitədən – texniki rabitə avadanlıqları olan əsas istiqamətlərdə əlavə vasitələr kimi, belə avadanlıq olmayan hallarda – əsas rabitə növü kimi istifadə edilir.
Siqnalla rabitə vasitələri – sirenalar, siqnal raketləri və bayraqcıqları həm xəbərdarlıq üçün, həm də MM-nin sərəncam və komandalarını çatdırmaqdan ötrü yardımçı vasitələr kimi işlədilir.
Xəbərdarlıq siqnallarının həm respublika MM idarəsi tərəfindən verilib, regional şöbələrə, şəhərlərə və rayon mərkəzlərinə çatdırılması mümkündür, həm də siqnal, məlumat və xəbərlər şəhər, rayon və obyekt MM qərargahlarının özləri tərəfindən verilə bilər. Birinci halda – respublika MM idarəsindən, yaxud onun regional şöbələrindən, rayon mərkəzlərinə çatdırılan siqnallar yerli qərargah tərəfindən təkrar olunmalı, ərazidəki bütün obyektlər və əhali xəbərdar edilməlidir.
Rəhbər-heyət iş və mənzillərdəki telefon vasitasilə xəbərdar edilir.
Əhaliyə siqnal, xəbər və məlumatlar iş və yaşayış yerlərindən müvafiq MM rəhbərləri tərəfindən, eləcə də yerli radioyayım şəbəkəsi ilə çatdırılır.
İstehsal, sosial və digər təşkilatların rəhbərlərinə rayonun, bir sıra hallarda isə paralel nazirliyin MM qərargahları xəbər verirlər. Obyektlərdə isə öz növbəsində əvvəlcədən avadanlıqla təchiz edilmiş xəbərdarlıq sistemi yaradalır, eləcə də rabitə və xəbərdarlıq sxemi tərtib edilir.
Siqnal və sərəncamları tez çatdırmaq üçün vacib obyektlərin MM mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminə qoşurlar. Belə sistem obyektin özündə də yaradıla bilər. Mərkəzləşdirilmiş avtomat xəbərdarlıq sisteminin tərkibi S-40 və S-28 elektrik sirenalarından məsafədən idarəetmə və məcburi çağırış aparaturundan (MN-MÇA) və rabitə xətlərindən (kanallarından) ibarətdir.
S-40 elektrik sirenası küçələrdə qoyulmaq üçündür, səsi 300-700 metrdən eşidilir.
S-28 sirenası isə sənaye müəssisələrinin səs-küylü sexlərində qoşulur. Məsafədən idarəetmə və məcburi çağırmış P-160 aparaturu elektrik sirenalarının mərkəzdən işə qoşulmasını, xəbərdarlıq siqnalları vermək üçün radioyayım qovşağı proqramının məsafədən məcburi surətdə dəyişdirilməsini, eləcə də rəhbər heyətin iş və mənzil telefonlarına çağırış siqnallarının məcburən verilməsini təmin edir.
Beləliklə, bütün bu vasitələrdən istifadə rayonlarda, obyektlərdə təhlükə yarandığı barədə «Hamının diqqətinə!» xəbərdarlıq siqnalını əhaliyə çatdırmağın vahid sistemi yaradılır. Təbii fəlakət və qəza baş verən, yaxud, belə təhlükə yaranan hallarda, habelə düşmən basqını barədə əhalini xəbərdarlığın əsas üsulu radio və televiziya vasitəsilə şifahi xəbərlərin verilməsidir. Belə xəbərlərdən əvvəl hökmən «Hamının diqqətinə!» siqnalı elan edilməlidir. Əldə olan xəbərvermə vasitələrindən – elektrik və əl sirenalarından, yaxud bu siqnallar yazılmış maqnitofon lentindən, vallardan istifadə etməklə siqnalı, eləcə də «Hava həyəcanı», «Hava həyəsanı qurtardı», «Kimya həyəcanı», «Radiasiya təhlükəsi», həmçinin müxtəlif təbii fəlakət və istehsalat qəzaları barədə xəbərlərin məzmununu dinləyicilərə çatdırır, belə hallarda əsas davranış qaydalarına riayət olunmalıdir.
Təhlükə potensiallı obyektlər yerləşən sahələrdə isə, həmçinin lokal (məhəlli) xəbərdarlıq sistemi də yaradılmalıdır. Bu sistem obyektlərin və ərazinin vahid bir struktura birləşdirilmiş xəbərdarlıq vasitələrindən ibarətdir. Məqsədi – fövqəladə hallar yarandığı barədə həmin obyektin işçilərini, habelə ehtimal olunan zəhərlənmə, yaxud fəlakətli subasma zonalarında yerləşən müəssisələrin, idarə və təşkilatların rəhbərlərini, eləcə də əhalini vaxtında xəbərdar etməkdir.
Lokal xəbərdarlıq sisteminin quraşdırılması sxemi və iş prinsipi, məsələn, kimyəvi təhlükəli müəssisələrdə belə ola bilər: kimyəvi təhlükəli obyektin radiotranslyasiya (radioyayım) qovşağı-buradan yaşayış məntəqəsinə əvvəlcədən çəkilmiş xüsusi kabel xətti və son xəbərvermə vasitələri – elektrik sirenaları, küçələrdəki səsucaldan cihazlar və mənzillərdəki radio reproduktorlar. Burada elektrik sirenaları ancaq «Hamının diqqətinə!» siqnalını vermək, küçə və mənzil radio reproduktorları isə hadisə şifahi xəbər və məlumatları, eləcə də davranış qaydalarını elan etmək üçündür.
Təhlükə barədə siqnal və məlumatlar obyektin radioyayım qovşağından ya bilavasitə, ya da şəhərin (rayonun) mərkəzi radioyayım qovşağı vasitəsilə verilə bilər. Güclü qəzalar zamanı şəhərin lokal xəbərdarlıq sistemi ilə əhatə olunmamış rayonlarda əhalini xəbərdar etmək və onların zəhərli zonaya girməsinin qarşısını almaq məqsədilə səs ucaldan səyyar vasitələrdən də istifadə etmək mümkündür.
Vəzifəli şəxslərə isə operativ məlumatları obyektin və şəhərin avtomat-telefon stansiyalarında quraşdırılmış məcburi çağırış telefon dayağı vasitəsilə çatdırmaq daha məqsədə uyğundur.
Lokal xəbərdarlıq sistemindən istifadə qaydası belədir: «kimyəvi təhlükəli obyektdə güclü, təsirli, zəhərli maddələrin ətrafa yayılması ilə baş verən qəza hallarında növbətçi dispetçerin fəaliyyət qaydası haqqında birtipli təlimat» mövcuddur. Bu sənədə görə, belə obyektlərdə fövqəladə hallar yaranarkən müəssisənin növbətçi dispetçeri obyektdəki bütün işçilərə, həmçinin 2.5 km-dək radiusda yerləşən digər müəssisələrin, idarə və təşkilatların rəhbərlərinə, eləcə də əhaliyə xəbər vermək üçün müstəqil olaraq qərara gəlmək səlahiyyətinə malikdir.
Deməli, o, belə hallarda heç bir əlavə göstəriş gözləmədən müəssisənin rəhbərliyinə, işçilərinə, qəza xidmətlərinin (qazdan xilasetmə, yanğınsöndürmə, tibb xidmətlərinin) növbətçilərinə MM qüvvələrinə, digər idarə və təşkilatların rəhbərlərinə yerli hökumət orqanlarına, şəhərin (rayonun) fövqəladə hallar komissiyası və MM qərargahlarının növbətçisinə, habelə əhaliyə xəbər verməlidir.
MM qərargahı əvvəlcədən yazılmış siqnalı və xəbərlərin mətnlərini texniki vasitələrlə elan edərək, bundan sonrakı davranışı nizama salır.