Pedaqoji ünsiyyətin ikinci mərhələsi.Bu mərhələ müəllimin təşəbbüsü ilə bilavasitə ünsiyyətin təşkilini nəzərdə tutur. Pedaqoji ünsiyyət prosesinin ikinci mərhələsinin vacib tərəfi müəllimin şagirdlərin diqqətini özünə cəlb etməsidir. Çünki siniflə ünsiyyət o zaman effektiv olur ki, şagirdlərin diqqəti müəllimdə mərkəzləşir.
Diqqətin cəlb olunmasının bir sıra üsulları ayırd edilmişdir:
Səsli üsul –fasilə, intonasiyanın dəyişməsi, danışığa şagirdlərin ad və soyadlarının daxil edilməsi, sükut və s.
-Mimik və pantomimik üsul- nitqsiz danışıq. Üz və bədən hərəkətləri ilə danışıq.
Nitqli üsul – müəllimin yazıdakı, danışıqdakı səhvlərə xüsusi düzəliş verməsi, istənilən çalarda zarafatlara və s.
Təşkilati üsul – dərsi maraqlı, oyun formasında təşkil etmək.
Pedaqoji ünsiyyətin üçüncü mərhələsi. Bu mərhələ ünsiyyətin idarə olunması mərhələsidir. Ünsiyyətin idarə olunmasının başlıca şərti müəllimin strateji və taktiki tapşırıqları həll etməyə: əsas prosesləri təmin etməyə, emosional atmosfer yaratmağa imkan verən təşəbbüskarlığıdır. V.A.Kan-Kalik qeyd edir 5 ki,ünsiyyətdə təşəbbüskarlığa nail olmaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
-Siniflə ilkin əlaqənin qurulmasında operativlik;
-Təşkilati prosedurlardan (salamlaşma,və s.) işgüzar və şəxsi ünsiyyətə operativ keçid;
-Sinifdə sosial- psixoloji vahidliyin operativ şəkildə əldə olunması, “biz” hissinin yaradılması;
-Bütün siniflə məqsədyönlü əlaqənin təşkili;
-Sinfi bir yerə toplamağa imkan verən ilkin qarşılıqlı təsir məqamında sual və tapşırıqlar qoymaq;
-Xarici görünüşə diqqət etmək: səliqəlilik, intizamlılıq, aktivlik, xeyirxahlıq, cazibədarlıq və s.
-Qarşılıqlı təsirin verbal və qeyri – verbal vasitələrindən istifadə etmək;
-Sinifdə uşaqların rəğbətini qazanmaq bacarığı, mehribanlıq;
-Ümumi və situativ qarşılıqlı anlamaya nail olmaq, şagirdlərdə müəllimlə qarşılıqlı təsirə olan tələbatın formalaşması.
Müəllimin şagirdlərlə bilavasitə ünsiyyət yaratması prosesində tez – tez “psixoloji baryerlər” əmələ gəlir ki, bunlar da ünsiyyətə mane olur, dərsin gedişinə mənfi təsir göstərir, müəllim və şagirdlərdə mənfi əhval – ruhiyyə yaradır.