Mövzu Psixodiaqnostika anlayışı onun məzmunu və vəzifələri. Plan


Mövzu 11. Psixoloqun valideynlərlə aparacağı psixokorreksiya işinin məzmunu və formaları



Yüklə 0,94 Mb.
səhifə54/70
tarix02.01.2022
ölçüsü0,94 Mb.
#42080
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
Psixodiaqnostika-və-psixokonsultasiya-TSPX-3-cu-kurs-bakalavr

Mövzu 11. Psixoloqun valideynlərlə aparacağı psixokorreksiya işinin məzmunu və formaları.

Plan:

  1. Uşağın şəxsiyyətinin formalaşmasında onun əhatə olunduğu ətraf mikrososial mühitin rolu.

  2. Psixoloqun valideynlərlə psixokorreksiya işi aparmasının zəruriliyini şərtləndirən amillər.

  3. Problemli ailə” – tərbiyə resurslarının çatışmadığı ailələr, konfliktli ailələr və s.

  4. Psixoloqun valideynlərlə ünsiyyət texnikasının qurulması.

Ədəbiyyat siyahısı:

  1. Çələbiyev N.Z. “Təhsil sistemində psixoloji xidmət” I və II hissə. Bakı 2008

  2. Çələbiyev N.Z. “Psixodiaqnostika məsələləri” Bakı ADPU 2003

  3. Əlizadə Ə.Ə. “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri” Bakı Pedoqogika 2004

  4. Əmrahlı L.Ş. “Psixoloji xidmətin əsasları” Bakı 2006

  5. İsmayılov P.V. “Psixoterapiya” Bakı 1992

  6. Həmzəyev M.Ə. “Pedaqoji psixologiya” Bakı Maarif 1991

  7. Çələbiyev N.Z. “Uşaqların psixologiyası” Bakı ADPU 2005

Uşağın şəxsiyyətinin formalaşmasında onun əhatə olunduğu ətraf mikrososial mühitin xüsusilə kiçik qrupların ( ailə, həmyaşıdlar və qeyri – formal ünsiyyət qrupları və s.) müstəsna əhəmiyyəti və rolu danılmazdır. Uşağın ətraf sosial əhatəsi tərbiyə məqsədlərinin həyata keçirilməsində həlledici əhəmiyyət kəsb edir. Psixoloq uşağın vaxtının çox hissəsini keçirdiyi ailənin təsirinə daha çox üstünlük verir, haqlı olaraq davranışda meydana gələn qüsurların səbəblərini münasibətləri sağlam olmayan ailə mühitinin təsirində axtarırlar.

Bu sahədə uzun illər boyu tədqiqat aparmış rus psixoloq və pedaqoqlarından Q.P.Boçkareva, E.A.Liçko, B.N.Almazov, T.M.Mişina, V.M.Qarbuzov A.İ.Zaxarov, D.N.İsayev və b. qüsurlu davranışın simptomlarını və onların yaranma səbəblərini təhlil edərkən qarşılıqlı münasibətləri və daxili mühiti sağlam olmayan ailə tiplərinin təhlilinə vermiş, ailədaxili qeyri – sağlam iqlimin təzahürlərini göstərmişlər. Q.P.Boçkareva əlverişsiz tərbiyə amilini əsas göstərərək çətin uşaqların çıxdığı ailələri 2 əsas qrupa ayırmışdır:



  1. Uşaqlara qarşı münasibətdə laqeyd və kobud olmaqla yanaşı, hörmət bəsləyən, emosional mühiti əlverişsiz olan ailə;

  2. Üzvləri arasında emosional əlaqələri olmayan uşağın tələbatlarına qarşı etinasızlıq göstərən ailə. Belə ailələrdə uşaq onun üçün əhəmiyyətli olan mənəvi – emosional tələbatları ailədən kənarda tapmağa cəhd göstərir.

E.A.Liçko əlvrişsiz situasiyaların mövcudluğunu əsas götürərək çətin uşaqların yetişdiyi ailədən kənarda tapmağa cəhd göstərir.

  1. Uşaqların daxili həyatının hər cür təzahürlərinin yaranmasının iştirakçısı olmaq istəyindən tutmuş, qəddarlığa qədər müxtəlif səviyyəli himayədarlıq;

  2. Hərdən baxımsızlıq həddinə qədər çatan hədsiz himayədarlıq;

  3. Ailədə “sitayiş” yaradan situasiyalar. Belə ailələrdə uşaqların istənilən hərəkətlərinə göz yumulur, onun bütün ciddi uğurlarının hədsiz təriflənməsi xarakterikdir;

  4. “Zolaşka” (valideynlərinin gözündən düşmüş qız) effektinin yaranmasına səbəb olan ailə. Müəllif qeyd edir ki, ötən əsrin 80 – ci illərində elə ailələr yaranmağa başladı ki, onlar əsas diqqəti özlərinə yönəldərək uşaqlarını gözdən salmağa, etinasızlıq göstərməyə başladılar. Bunun nəticəsində qəddar və daşürəkli yeniyetmələrinin sayı artmağa başlamışdır.

Çətin uşaqların çıxdığı əlverişsiz mühiti olan ailələri B.N.Almazov 4 tipə ayırmışdır:

  1. Tərbiyə resurslarının çatışmadığı ailələr. Belə ailələrə a) dağılmış və ya natamam ailələr; b) ümumi inkişaf səviyyəsi zəif olan ailələr. (Belə ailələrdə uşağa təlimdə qarşılaşdığı çətinliklərin aradan qaldırılmasında kömək göstərən olmur); c) maddi təminat səviyyəsi aşağı olan ailələr.

Qeyd olunan belə ailələr öz – özünə çətin uşaqlar yetişdirmir, əksinə çox vaxt mənəvi cəhətdən sağlam uşaqların əksəriyyəti məhz belə əməllərdən çıxır. Lakin qeyd olunan çatışmazlıqlar uşağın normal tərbiyəsi üçün əlverişsiz fon yaradır.

  1. Konfliktli ailələr. Belə ailələrdə valideynlər öz xarakterlərindəki qüsurları aradan qaldırmağı cəhd göstərmir, bir – birinə qarşı dözümsüzlük nümayiş etdirirlər. Odur ki, belə ailələrdə uşaqlar münaqişələrin yaranmasına bais olan valideynlərinə sevgi bəsləmir, əksinə, müxtəlif mövqe tuturlar. Ailənin böyük yaşlı uşaqları çox vaxt baş verən konfliktə qarşı qiyam qaldırır və valideynlərindən birinin tərəfini tuturlar.

  2. Mənəvi cəhətdən əlverişsiz mühitli ailə. Belə ailələrdə ailə üzvləri öz dünyagörüşünə və ailənin qurulması prinsiplərinə münasibətdə fərqli mövqəyə malikdirlər. Ailə üzvlərindən ən azı biri öz məqsədinə başqalrının marağına zərbə vurmaqla, onun əməyindən istifadə etməklə, digərlərini öz iradəsinə tabe etdirmək yolu ilə nail olmağa çalışır.

  3. Pedaqoji baxımdan səriştəsiz ailə. Onlarda uşağın inkişaf mənzərəsi haqqında real deyil, köhnə, dumanlı və ziddiyyətli təsəvvürlər hakim olur. Belə valideynlərin fikrincə, uşağa tam sərbəstlik vermək olmaz, nəzarətsizlik bəlalara səbəb ola bilər.

T.M.Mişina ailədə ər – arvad münasibətlərindəki diskomfortun üç əsas tipini qeyd edir.

1. Ailədaxili münasibətlərdə dostluq – düşmənçilik xarakterli, qəriblik mühiti. Belə tip ailələrdə hər iki cütlük özlərinin qeyri – yetkinliyi, ailə rollarının formalaşmaması ilə seçilir və onların hər biri ailənin bütövlüyündə məsuliyyəti öz üzərinə götürmək iqtidarında deyildir.

2. Yalançı əməkdaşlıq. Belə ailələrdə zahirən ailə cütlüyü bir – birinə qarşı qayğıkeş görünsələr də, ailədaxili konfliktlərə heç də az təsadüf olunmur. Bu halda konfliktlərin yaranması ailədənkənar sferada ər – arvadın fərdi uğursuzluqları, işdəki yorğunluq və çətinliklərlə və ya ünsiyyət çətinlikləri ilə bağlı olur.

3. Təcrid olunma. Ər və arvad arasında emosional əlaqələr zəiflədiyinə görə onlar ər – arvad kimi bir – birinin problemləri ilə maraqlanmırlar. Belə ailələrdə təcrid olunmanın sərhədləri dəyişdikdə, yəni yaxınlaşma artdıqda konfliktlər meydana gəlir.

Ailə uşağın tərbiyəsində əsas sosial istitutlardan biridir. Bu cəhətdən onun fərqləndirici cəhətləri aşağıdakılardır:


  1. Ailə öz psixoloji strukturu ilə mürəkkəb daxili quruluşa malik bir sistemdir;

  2. Ailə onu təşkil edən ayrı – ayrı fərdlərin bir sıra xassə və xüsusiyyətlərini özündə əks etdirir;

  3. Ailə ona daxil olan ayrı – ayrı fərdlərin sadəcə mexaniki məcmuyu deyildir;

  4. Ailə sisteminə daxil olan hər bir fərd başqalarına təsir göstərməklə yanaşı, özü də başqalarının təsirinə məruz qalır;

  5. Ailə sistemi özünütənzimetmə qabiliyyətinə malikdir.

Ailənin bir sistem kimi qəbul edilməsi öz növbəsində uşaq və yeniyetmələrin tərbiyəsi işində müşahidə olunan qüsurların pedaqoji – psixoloji korreksiyasının təşkilinə sistemli yanaşmanın zəruriliyini irəli sürür. Yalnız ailənin bütün üzvləri ilə aparılan birgə iş arzu edilən müsbət nəticələrin əldə edilməsinə təminat yarada bilər. Psixoloji ədəbiyyatlarda davranışında qüsurlar olan uşaq və yeniyetmələrin tərbiyəsi sahəsində aparılan korreksiyaedici rəngarəng formaların adları qeyd olunur. Bunların sırasında 3 əsas forma qrup ailə psixoterapiyası ( bir neçə ailə cütü qrupları ilə iş), ayrıca bir ailə və ya onun üzvləri ilə aparılan fərdi psixoterapevtik iş, uşaq və valideynlərlə birgə aparılan qrup psixoterapiyası daxildir.

Ailədə fərdi və qrup halında aparılan psixokorreksiya işi eyni bir psixoterapevtik prosesin mərhələlərinə əsaslanır. Onun əsas məqsədi ailədə münasibətlərin normallaşdırılması vasitəsilə şəxsiyyətin psixoloji tamlığının bərpasına və möhkəmləndirilməsinə yönəldilir.

Psixoloji korreksiya uşağın psixoloji “risk faktoru” nun azaldılması, yenidən qurulması və ailədə ahəngdar qarşılıqlı münasibətlərin bərpasına yönəlmiş fəaliyyətidir. Bu istiqamətdə həyata keçirilən işlərin sistemində ailədə psixoloji iqlimin normallaşdırılması, ər - arvad cütlüyü arasında qarşılıqlı ünsiyyətin, uşaqlara qarşı valideynlik hisslərinin yaxşılaşdırılması və valideynlərdə ailə tərbiyəsinin məqsədi və vəzifələri haqqında təsəvvürlərin genişləndirilməsi mühüm yer tutur.

Valideynlərlə psixokorreksiya üzrə işi təşkil edərkən məktəb psixoloqu onlara uşağın ailədə tərbiyəsi üçün psixoloji təsir vasitələri haqqında məlumat verir, tərbiyəedici vərdişləri inkişaf etdirmək məqsədilə treninqlər təşkil edir və uşaqlarla qarşılıqlı münasibətlərin yeni formaları haqqında təsəvvürləri genişləndirir.

Valideynlərlə aparılan psixokorreksiya işlərinin kompleksi qarşılıqlı əlaqədə olan bir neçə blokdan ibarət sistemdir. Hər bir blok müxtəlif vəzifələrin yerinə yetirilməsinə yönəlməklə, spesifik metod və priyomlara əsaslanır.


  1. İstiqamətləndirici blok.

Məqsədlər:

a)kəskin ailədaxili böhran nəticəsində yaranmış gərginliyin aradan qaldırılması;

b)uşağın davranışında və ailədəki münasibətlərin yaxşılaşdırılmasına, müsbət dəyişikliyin yaranması mümkünlüyünə inamın yaradılması.

Metodlar:

a)”Valideyn yığıncağı” metodu;

b)Şagird gündəliyindəki qeydlərin psixoloji təhlili;

2. Korreksiyaedici blok.

Məqsədlər:

a)ailədaxili böhranın aradan qaldırılması;

b)tərbiyə metodlarının genişliyi haqqında fikirlərin dərk olunması;

c)münaqişə edən tərəflər arasındakı ziddiyyətlərin aradan qaldırılması;

d)uşağa qarşı münasibətdə valideynlilik mövqelərinin dəyişdirilməsi, valideynlərə, uşaqlarla ünsiyyətin yeni formalarının öyrədilməsi, ailə tərbiyəsi haqqında psixoloji biliklərin genişləndirilməsi.

Metodlar:

a)”qrup valideyn korreksiyası” metodikası;

b)”valideyn seminarı” metodikası;

c)valideynlərin uşaqlarla birgə məşğələsi metodikası.

3. Səmərəliliyin qiymətləndirilməsi bloku.

Məqsədlər:

a)korreksiya işinin səmərəliliyinin qiymətləndirilməsi;

Metodlar:

b)valideynlərin hesabatları.

Məktəb psixoloqunun valideynlərlə aparcağı işin sistemində psixoloji maarifləndirmə, psixoprofilaktika, psixoloii məsləhətvermə ilə yanaşı psixokorreksiya işləri də mühüm yer tutur. Psixoloqun ailə ilə işi ilk növbədə uşaqların mənafeyinin qorunmasına, ailə tərbiyəsində yol verilən qüsurların vaxtında qarşısını almağa və nəhayət problemli ailələrdə uşaq üçün normal inkişafetdirici mühitin yaradılmasına xidmət edir.

Uşaqların ailələri və onların valideynləri ilə ünsiyyətə daxil olan psixoloq ilk növbədə hamı üçün məcburi olan tələb və normaların daşıyıcısı, uşaq hüquqlarının müdafiəçisi rolunda çıxış edir. Təlimdə geridə qalan, tez – tez dərs buraxan və ya mürəkkəb davranışlı ( çətin) uşaqların məktəbi narahat edən problemlərin həllində məktəb psixoloqu formal mövqe nümayiş etdirməklə, həmin problemlərin həllində maraqlı olan qarşı tərəf rolunda çıxış edir. O, yaranmış vəziyyətdən asılı olaraq, valideynlərlə işgüzar dialoji ünsiyyətə daxil olur, problemi doğuran səbəbləri təhlil edir və optimal çıxış yolu göstərir. Valideynlərlə psixoloq arasında etibarlı ünsiyyət şəraiti o zaman yarana bilər ki, sonuncu səbr və səbrli müsahib – tərəfdaş mövqeyi nümayiş etdirə bilsin. Səbrli müsahib kimi məktəb psixoloqu daim başqalarını dinləməyi bacarmalıdır. Təsadüfi deyildir ki, pedaqoq və psixoloqun zəruri peşə keyfiyyətləri sırasında bu ən mühüm keyfiyyətlərdən biri kimi dəyərləndirilir.

Valideynlərlə söhbət edərkən psixoloq öz baxışlarını onların üzünə yönəltməməlidir, kənara yönəlmiş baxışlar gərginliyi və həyəcanı aradan qaldırır, etibarlı ünsiyyətin baş tutmasına yol açmış olur. Psixoloqla valideynlər arasındakı söhbət yalnız psixoloqun onları dinlədiyi halda deyil, həm də onun dinlənildiyi halda dialoq xarakterli ola bilər. Əlbəttə, dinlənilmək üçün həm də yaxşı dinləməyi bacaran müsahib olmaq lazımdır. Psixoloqun sözü valideynlərə o vaxt təsir göstərə bilər ki. Onun sözü inandırıcı, doğru və qərəzkarlıqdan uzaq olsun. Əgər psixoloq öz fikirlərini laqeyd və inamsızlıqla bildirirsə, onda valideynlərlə söhbətin mövzusunun əhəmiyyətsizliyi haqqında təəssürat meydana gələcəkdir.

Ünsiyyət texnikası ilə məşğul olan mütəxəssislər qeyd edirlər ki, irəli sürülən mülahizələri, məsləhətləri və verilən qiymətləri yumşaltmaq üçün “ mənə elə gəlir ki,” ,

“ fikrimcə” , “ hesab edirm ki, ” “ təklif edirəm ki,” və s. tipli giriş sözlərindən istifadə etmək lazımdır. Nəzakətli formada ifadə olunan istənilən rəyləri müsahiblər daha asan qavrayır və səmimi qəbul edirlər.

Məktəblə valideynlər arasında konfliktlərin yaranmasının çoxsaylı səbəbləri vardır. Bu cür konfliktlər əsasən problemli ailələrlə müəllimlər arasındakı qarşıdurmadan yaranır. Çox vaxt valideynlər yaranmış böhranlı vəziyyətə, konfliktə görə müəllimləri və məktəb rəhbərlərini onların oğluna və ya qızına münsibətdə ədalətsiz olmalarına görə günahlandırırlar.

Adətən müəllimin avtoritar iş üslubu və mövqeyi valideynlər tərəfindən qəbul edilmir. İrəlicədən məktəb haqqında mənfin rəyə malik olan valideynlərdə məktəblə işgüzar əməkdaşlığın mümkünsüzlüyü qənaəti yaranmış olur. Müəllimdən narazı qalan, onun nüfuzuna hörmət bəsləməyən valideynlər şübhəsiz ki, hər hansı problemin həlli ilə əlaqədar həmin müəllimə yardım üçün müraciət etmir. Uşağın problemini görən nüfuz sahibi olan peşəkar müəllim isə valideynlərlə əməkdaşlığın zəruriliyini dərk edir və özü əməkdaşlıq üçün təşəbbüs göstərmiş olur.

Valideynlərlə müəllimlər arasında qarşılıqlı münsibətlər pozulduqda və ya inamsızlıq yarandıqda psixoloq vəkil rolunda çıxış edir. Ailə və məktəbin münasibətlərində qarşılıqlı günahlandırma bəzən kəskin münaqişələrə gətirib çıxarır. Müəllim özü haqqında formalaşmış məlumatları müxtəlif mənbələrdən - ilk növbədə, valideynlərdən, başqa müəllimlərdən və uşaqların özlərindən alır.

Psixoloq məktəblə valideynlər arasında yaranan konfliktləri vaxtında görməli və onların genişlənəsinin qarşısını almaq üçün müvafiq tədbirlərə əl atmalıdır. Belə bir fikir geniş yayılmışdır ki, konfliktlər normal həyata mane olur. Sağlamlığa zərbə vurur, ona görə də mümkün qədər konfliktlərdən qaçmaq, uzaq olmaq lazımdır. Psixoloqlar isə bunun əksinə olaraq təsdiq edirlər ki, konfiliktlərdə həyatın rəngarəngliyi üzə çıxır, onlar nəinki qaçılmazdır, həm də zəruridir.

Konflikt – insanlar arasındakı ziddiyətlərin ifadəsi, bir – birinə əks olunan cəhətlərin, maraqların, təsəvvürlərin, dəyərlərin toqquşmasıdır.

Konflikt zamanı özünü düzgün aparan şəxs və ya şəxslər onun konstruktiv həllini təmin etdikləri halda, digərləri qeyri – konstruktiv mövqe nümayiş etdirərək həmin konfliktin inkişafına təkan vermiş olurlar.

Tutaq ki, A və B adlı iki şəxs eyni məqsədə can atır, məsələn eyni bir vəzifəni tutmaq istəyirlər. Aydındır ki, vəzifəni yalnız onlardan biri tuta bilər. Deməli, mənafelər toqquşur. Tərəflərin hər biri başa düşür ki, situasiya konfliktlidir. Ona görə də bu məsələdə güzəştə getmək istəməyən tərəflərin hər biri digərinin mövqelərinin zəifləməsinə, onun maraqlarına zərbə vurmağa çalışır. Belə halda konflikt aktuallaşır və qaçılmaz olur. Əvvəlcə bu konflikt tərəflər arasında qapalı baş verdiyi halda, sonralar konfliktli hərəkətlərə doğru yüksəlir və açıq konfliktə çevrilmiş olur.

Konfliktlər hərəkətlər bu və ya digər səviyyədə adətən impulsiv, iştirakçıların emosional vəziyyətləri ilə xarakterizə olunur və onları eyni hərəkətlərə təhrik edir ki, bu halda da konflikt daha kəskinləşmiş olur. Belə halda konflikt o vaxt öz həllini tapa bilər ki, situasiya dəyişmiş olsun (məsələn, həmin vəzifəni A və B – dən hər hansı biri yox, üçüncü bir şəxs tutmuş olsun ). Bu halda A və B – nin situasiyaya münasibəti dəyişir. Bu və digər səbəbdən onları bir - birinə rəqib kimi baxır. Onlar bir – birinə qarşı konfliktli hərəkətdən əl çəkir, konflikt zəifləməyə başlayır. Onların hər biri bu vəzifəyə ən layiqli adamın kim olduğunu müəyyən etməyin müəssisə müdriyyətinin səlahiyyətində olduğunu qəbul edirlər.

Konfliktlər insan cəmiyyətində, ayrı – ayrı sosial qruplarda baş verən hadisələrdən biridir. Belə hadisələr və situasiyalar ailələrdə pedaqoji kollektivlərdə olduğu kimi, valideynlərlə müəllimlər arasında da tez – tez baş qaldırır. Belə konfliktlərə məktəb konfliktləri də deyilir. Müəllimlərlə valideynlər arasında konfliktli situasiyalar adətən onların təlim və tərbiyəsinin məqsəd və vasitələri haqqında təsəvvürlərinin uyğunsuzluğu zamanı yaranır. Belə halda situasiyanın konfliktli olmasını tərəflərdən hansının tez qavramasından asılı olaraq onlardan biri konfliktə girişir və konfliktli hərəkətlər edir.

Polyak psixoloqu E.Melbrud konfliktli situasiyada konstruktiv davranışın və konfliktlərin həllinin müxtəlif modellərini təklif etmjşdir. Onun fikrincə, müəllimlərlə valideynlər arasında istənilən konfliktin konstruktiv həllinin əsas şərti tərəflərin açıq ünsiyyətidir. Əgər müəllim konflikti konstruktiv olaraq həll etmək istəyirsə, o, şagirdin ailəsini əməkdaşlığa cəlb etməlidir. Bunun üçün o, müəyyən səylər göstərməlidir: valideynlərə qarşı mənfi hissləri özündən uzaqlaşdırmalı, bu hissləri şagirdə kömək etməyin zəruriliyi ilə əvəz etməlidir. Real həyatda valideynlərlə müəllimlər arasında yaranmış bir neçə konflikti nəzərdən keçirək. Qeyd etmək lazımdır ki, bu misallarda konflikti yaradan valideynlər olmuş və onların bu təşəbbüsləri uşaqların müdafiəsinə yönəlmişdir.

Raisa səkkizinci sinif şagirdidir. Orta qabiliyyətli olan bu qız özünə olduqca inamlı və təkəbbürlüdür. Bu cəhətdən hamıdan fərqlənir, məktəbdə ictimai işlərdən boyun qaçırır. Məktəbdə baş verən hər bir şey haqqında faktları təhrif ertməklə, bəzən isə özündən uydurmaqla danışır. Onun sözlərinə görə, sinifdəki uşaqların çoxu siqarət çəkir, söyüş söyür, bir – biri ilə savaşırlar. Oğlanlar özlərini xuliqan kimi, qızlar isə sırtıq aparırlar. Müəllimlər ədalətsizliyə yol verir: öz xoşlarına gələn uşaqlara şişirmə qiymətlər yazır, başqalarını, o cümlədən onu sıxışdırırlar.

Ana məktəbə narazı görkəmdə gəlir müəllimlərin və məktəb müəllimlərinin ünvanına təhqiredici sözlər işlədir. Onların Raisanın söylədiklərinin yalan olması haqqında fikirləri ananı heç cür sakitləşdirmir. O, qızına qarşı münsibətdə ədalətin bərpa olunmasını, sinifdə qayda qanun yaradılmasını tələb edir. Direktorun işə qarışması heç bir fayda vermir. Raisanın evdə danışdıqlarından asılı olaraq konflikt gah alovlanır, gah da sönür. Bu hal üç il davam edir. Ana əvvəlki tək ədalət tələb edir. Raisa evə yalan məlumat çatdırır. Sinif yoldaşlarında Raisaya qarşı biganəlik və yad münasibət yaranır.

Göründüyü kimi, bu konflikt yalnız və yalnız Raisanın həmin məktəbi tərk etməsi ilə öz həllini tapa bilərdi.

Qeyd olunan nümunədə konflikt qeyri – konstruktivdir. Raisa və onun anası sinif rəhbərini və məktəb müdriyyətini səriştəsizlikdə, ədalətsizlikdə, ayrı – seçkiliyə yol verməkdə günahlandırır, əks tərəf isə öz hərəkətlərinin düzgün olmasından israrlıdırlar.

Raisanınn daxili emosional diskomfortundan irəli gələn şəxsi narahatçılığı, öz iddialarını həyata keçirə bilməməsi və onu ətrafdakıların, o cümlədən sinif yoldaşlarının gözündən saldı. Qızının sözlərinə qeyri – tənqidi yanaşan ana isə bu konflikti böyüdərək öz qızına hədsiz iddiaçılıq və adamlara qarşı inamsızlıq təlqin etmiş oldu.

Şəhər məktəblərinin birində Uşaq – Gənclər Birliyi “ Növbətçinin səsi” adlı divar qəzeti buraxırdı. Qəzetin növbəti nömrəsində onlar dördüncü sinifdə oxuyan Türkan adlı şagirdin karikaturasını qulaqlarında sırğa ilə təsvirini vermişdilər. Şəklin altından “Türkan öz sırğaları ilə” sözləri yazılmışdı. Axşam UGB – nin rəhbərinə Türkanın anası zəng edib bu biabırçılığa nə üçün yol verildiyini soruşdu. Ana deyirdi ki, qızı ağlayır, dərsə getmək istəmir, qorxur. Deyir ki, bütün uşaqlar ona güləcəklər. UGB – nin rəhbəri anaya bildirdi ki, qəzetdə nə çəkildiyindən xəbəri yoxdur, uşaqlar qəzeti ondan xəbərsiz hazırlayıb asıblar. O, Türkanın anasını əmin etdi ki, sabah hökmən həmin qəzetlə tanış olacaq və bu barədə tədbir görəcək, onu tələsdirməsinlər. Bir neçə gün keçdi. Ana bu müddətdə bir neçə dəfə zəng etdi və nəhayət məktəbə gələrək qəzetin ona göstərilməsini tələb etdi. O sinif rəhbərini və UGB – nin rəhbərini sinifə nəzarət etməməkdə təsdiqləndirir, onları təhqir edir və deyirdi ki, bu sinifdə kim nə istəsə onu da edir. Sırğa taxmaqda heç bir qəbahət yoxdur, onsuz da indi hamı taxır. Sinif rəhbəri və UGB – nin rəhbəri onların bu işdə günahlarının olmadığını deyir və bildirirlər ki, divar qəzeti üçün mövzuları redaksiya heyəti özü seçir, uşaqlar qəbahətli bir iş tutmamışlar. Məktəb bəzək – düzək yeri deyil.

Ana onları məhkəmə ilə hədələyir, qızının təhqir olunduğunu israr edirdi. Türkanın sırğaları isə hələ də üstündə idi. Məktəb direktoru işə qarışdıqdan sonra münaqişə aradan qalxdı və ana müəllimlərdən üzr istədi.

Bu situasiyada müəllimlər uşaqlara qarşı yolverilməz sanksiyaya yol verməkdə təqsirləndirilir. Əslində müəllimlər qəzetdəki materiallarla irəlicədən tanış olmalı idilər. Bu onlara ana ilə danışığa daha yaxşı hazırlaşmaq imkanı verərdi. Faktiki olaraq ana müəllimlərə emosional və iradi təzyiqlər göstərir. Müəllimlərin zəruri özünümüdafiə hərəkətləri isə konfliktli situasiyanı daha da kəskinləşdirir. Direktorun səyləri nəticəsində bu konflikt konstruktiv həllini tapmış olur.

Fizika müəllimi VII sinif şagirdi Aidaya rüblük qiymətləndirmədə “3” yazmışdı. Aida bu məktəbə iki ay əvvəl başqa məktəbdən gəlmişdi. Əvvəlki məktəbdə o, fizikadan “əla” qiymət alırdı. Evdə Aida anasına fizikadan aldığı “üç” qiymətin düzgün verilmədiyindən şikayətlənir və müəllimin ona qarşı ədalətsiz olduğunu bildirirdi. Bundan xəbərdaar olan müəllim dərsdə Aidaya bu narazılığı istehzalı şəkildə xatırlatdı. Buna etiraz olaraq Aida dərsi tərk edib sinifdən çıxdı.

Müəllim Aida və onun anasından direktora şikayət etdi. Direktor ananı məktəbə dəvət edərək Aidadan dərsi anasının və başqa fizika müəlliminin yanında soruşmağı məsləhət gördü. Belə də oldu Aidanın biliyi fizikadan əvvəlki kimi “ kafi” qiymətləndirildi. Ana komissiyanın qərarı ilə razılaşdı. Müəllim Aida üçün fərdi məşğələ proqramı tərtib etdi və qiymətini artırmaq istəyən bütün şagirdlər üçün belə proqramlar tərtib edəcəyinə söz verdi. Göründüyü kimi, fizika müəllimi ilə Aidanın anası arasındakı konflikt artıq açıq və kəskin şəkil almışdı. Direktorun ağıllı təklifi qarşıdurmanı aradan qaldırdı və əməkdaşlığa yol açdı. Konflikt konstruktiv yolla həll olundu.

İbtidai sinifdə təhsili başa vurduqdan sonra müəllim ilə münasibətlərinin pisləşdiyinə görə valideynləri Elbrusu başqa məktəbə köçürdülər. Elbrus yeni məktəbdə bir il oxudu, yeni dərs ili başlayarkən isə dərslərə gəlmədi. Elbrusun valideynləri şagirdlə maraqlanan sinif rəhbərinə bildirdilər ki. uşağı əvvəlki məktəbinə göndərəcəklər. İki ay uşaq heç bir məktəbə getmədi. Hər iki məktəbdən uşağın məktəbə gətirilməsi üçün zənglər olsa da, bu nəticəsiz qaldı. Valideynlər Elbrusun evdə fərdi təhsil alacağını bildirdləilər. Məsələ ilə əlaqədar Şəhər İcra Hakimiyyətinə edilən müraciətlərə müsbət cavab verilmədi. Hakimiyyət orqanı evdə təhsilin yalnız xəstə və zəif uşaqlar üçün mümkün olduğunu bildirmişdi.

Elbrus dərslərindən zəif olmasa da, öz qabiliyyətləri ilə seçilmirdi. Dərslərdə passiv idi, lakin hər şeyə maraq göstərir, ev tapşırılarını yerinə yetirir, böyüklərlə nəzakətli rəftar edirdi. O, bir qədər mütəhərrik və xəstə uşaq təsiri bağışlayırdı.

Konflitkli situasiya bu halda onunla izah oluna bilər ki, valideynlər yeganə övladlarının təlimi və tərbiyəsini məktəbə etibar etmirlər. Onlar məktəblə hər hansı əməkdaşlıqdan, açıq dialoqdan imtina edir, məktəbin hər hansı köməyinə bel bağlamırlar. Çıxış yolu uşağın hər hansı üçüncü bir məktəbə göndərilməsi idi. Ötən müddət ərzində Elbrus dərsə getmədiyindən təlimdə xeyli geridə qalmışdı.

Göstərilən həyati nümunələrdə konfliktli situasiyaların və toqquşamaların yaranmasında əsas səbəb tərəflər arasında dialoji ünsiyyətin yaradılmasında müəllimlərin səriştəsizliyi, onların psixoloji baxımdan məharətinin olmamasıdır. Belə hallarda konfliktlərin idarə olunması mümkünsüz olur.

Qeyd olunan tip situasiyalarda, həmçinin valideynlərlə məktəb arasında yaranan konfliktlərin həllində praktik psixoloq ağırlığı öz çiyinlərinə götürməli, tərəflər arasında açıq dialoq və əməkdaşlıq mühiti yaratmalıdır. O, məktəbin və müəllimlərin deyil, uşağın təmsilçisi olmaqda valideynləri inandırmalıdır ki, məktəb uşağın mənafelərini müdafiə edir. Uşağın yaxşı oxuması, intizamlı olması, məktəbdaxili qaydalara əməl etməsi hər bir məktəblinin borcudur. Məktəbdə hər bir şagirdə qarşı eyni münasibət, eyni qayğı və eyni tələbkarlıq vardır. Mümkün konfliktlərin konstruktiv həll yolunun tapılmasında psixoloq yalnız müəllimlərə deyil, məktəb rəhbərlərinə də optimal və konstruktiv davranış yolu tapmaqda yardımçı olmalıdır.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin