İstehsalın təşkilinin fərdi formasında əməliyyatlar bütövlükdə bir iş yerində yerinə yetirilir. Məmulat onun istehsalı ilə əlaqədar olan əməliyyatların əsas hissəsi toplandığı yerdə hazırlanır. Bu formaya misal olaraq, məmulatın fəhlələr tərəfindən onun ətrafında hərəkəti ilə quraşdırılmasını göstərmək olar. İstehsalın təşkilinin belə forması bir sıra üstünlüklərə malikdir. İstehsalın təşkilinin fərdi forması məmulatın konstruksiyasını və emalı ardıcıllığını tez-tez dəyişməməyə, istehsalın tələbatı ilə müəyyən edilən miqdarda müxtəlif nomenklaturalı məhsullar istehsal etməyə, avadanlıqların yerinin dəyişdirilməsi ilə əlaqədar vaxta və xərcə qənaət etməyə və habelə istehsalın çevikliyini artırmağa imkan verir.
İstehsalın təşkilinin qarışıq formasımaterialların istehsala ardıcıl, paralel və ya qarışıq şəkildə verilməsi ilə qarışıq və ya xətti struktura əsaslanan əsas və köməkçi əməliyyatların vahid istehsal prosesində birləşdirilməsinə əsaslanır. İstehsalın təşkilinin qarışıq (birləşdirilmiş) formasında sahələrdə emaletmə, nəqletmə, anbarlaşdırma və idarəetmə vahid istehsal prosesində birləşdirilir və bütün bu işlər koordinasiya edilir. Bunlar isə, bütün iş yerlərinin «avtomatik nəqliyyat - anbar kompleksi» vasitəsilə birləşdirilməsi yolu ilə təmin edilir. Burada istehsal prosesinin idarə olunması elektron hesablama maşınlarının köməyi ilə həyata keçirilir ki, bu da istehsal sahəsində texnoloji prosesin bütün elementlərinin «anbarda zəruri xammal və materialların axtarılması - onların iç yerlərinə nəqledilməsi - emalı - emal edilmiş detalların anbara qaytarılması» sxemi üzrə fəaliyyətini təmin edir. Ayrı-ayrı iş yerlərində detalların emalı və nəql edilməsi zamanı yaranan vaxt fərqləri əməliyyatlararası və sığorta zadellərinin bufer anbarlarını yaratmaqla nizama salınır. Qarışıq (birləşdirilmiş) istehsal sahələrinin yaradılması, istehsal proseslərinin birləşdirilməsi və avtomatlaşdırılması birdəfəlik xərclərin yüksək olması ilə nəticələnir.
İstehsalın təşkilinin birləşdirilmiş formasına keçidin iqtisadi səmərəsi istehsal tsiklinin azaldılması, avadanlıqların yüklənmə səviyyəsinin artırılması, istehsal prosesinin tənzimlənməsi və ona nəzarətin yaxşılaşdırılması hesabına əldə edilir.