3.Azərbaycan müəllimlərinin sovet dövrü qurultayları. Azərbaycan müəllimlərinin sonrakı, IV-X qurultayları sovet hakimiyyəti illərində baş tutmuşdur. IV qurultay 1925-ci ildə çağrıldı. Qurultayın çağrılmasında məqsəd sovet müəllimi “əməkçi balalarından həqiqi insan yetişdirmək siyasətinin mərkəzində duran işçi-kəndli qardaşlıq ittifaqının dərinləşməsi və möhkəmlən-dirilməsi məsələsinə daha artıq diqqət yetirmək” və s. kimi məqsədlərə çatmaq üçün mübarizə meydanına atılan sarsılmaz bir qüvvə hesab etməsi idi.
Sovetlər hakimiyyəti illərində çağrılmış müəllimlər qurultayları bir qayda olaraq kommunist ideologiyasının təsiri altında keçmiş, sovet dövlətinə siyasətinə xidmət etmişdir.
Bununla belə müəllimlər qurultaylarında uşaq və gənclərin təhsilinin vəziyyəti, onu yaxşılaşdırmaq yolları müzakirə olunur, məktəblər qarşısında duran vəzifələr bir daha müəyyən edilirdi. Qurultaylarda Azərbaycan məktəbinin inkişafəna mane olan məsələlər müzakirə obyekti olmuşdur. Məsələn 1931-ci ildə olmuş V qurultay mədəni quruculuq cəbhəsində konkret tapşırıqları yerinə yetirmək, ilk növbədə kəndin maddi-texniki bazasını, material təminatını yaxşılaşdırmaq tədbirlərinin həyata keçirilməsi məqsədilə çağrılmışdır. Qurultay ərəfəsində hökumət 1930-1931-ci illərdə Azərbaycanda ümumi icbari təhsilə keçmək. 1932-1933-cü illərdə bu prosesin başa çatdırılması haqqında qərar vermişdi. Qurultayın açılışı ərəfəsində hökumət müəllimlərinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə yanaşı kənd müəllimlərinə qarşı sinfi düşmənlərin axtarılıb tapılması və onların inqlab qanunları ilə cəzalandırılmasına aid dekret verdi. Göründüyü kimi dekretin ikinci bəndi sırf siyasi xarakter daşıyırdı.
Qurultayın sənədlərindən keçən dövr ərzində məktəblərin və şagirdlərin sayının artması xüsusi qeyd olunurdu. Məlum olur ki, 1929-30-cu illərdə 189.000 uşaq təhsilə cəlb olunmuşdu. Onlaqdan 107 mini azərbaycanlı, o cümlədən 27.000 nəfəri azərbaycanlı qızları idi. O zamanlar 13 ali məktəbdə 26 min tələbə təhsil alırdı. 300 min nəfərin savadsızlığı aradan qaldırılmışdı.
1931-ci ildə Azərbaycan SSR Xalq Kommisarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsi Rəyasət heyətinin 25 yanvar tarixli qərarı “Mədəni inqlabın cəsur döyüşcüsü olan” müəllimlərin siyasi rolu və çətin iş şəraiti ilə bağlı qəbul etdiyi qərar kənd müəllimlərinin həyatə və məişət şəraitinin yaxşılaşmasını nəzərdə tuturdu.
Azərbaycan müəllimlərinin VI qurultayı V qurultaydan 15 il sonra, 1946-cı ildə baş tutdu. O vaxtlar Azərbaycan SSR Maarif naziri olan Mirzə İbrahimovun “Respublikamızınməktəblərində təlim və tərbiyənin keyfiyyətini yaxşılaşdırmaq haqqında” məruzəsində əldə edilmiş naliyyətlərlə yanaşı, “bir çox nöqsanlar” da aşkar edildi. Xüsusilə bütün şagirdlərin, yaxud da onların böyük əksəriyyətinin tam hazırlığı, elmlərin əsaslarını mənimsəməmiş olmaları, onların bir hissəsinin biliyinin hələ də lazım səviyyədə olmaması, çox aşağı, səthi olması tənqid obyekti oldu.
Qurultayda 7 yaşından başlayaraq gənc nəslin 7 illik təhsil həcmində ümumi məcburi təhsilin yerinə yetirilməsi, müəllimlərin ixtisası və pedaqoji elminin öyrənilməsi qurultay iştirakçılarının diqqət mərkəzində olmuşdur.
Qurultayda təlim və tərbiyə işində müəllimin əsas sima olduğu xüsusilə vurğulanmışdı. Qurultayın sənədlərində deyilirdi: “Müəllimsiz nə məktəb, nə də pedaqoji sistem ola bilər. Hər bir məktəbdə təlim və tərbiyənin keyfiyyəti müəllimdən asılıdır. Müəllimin hazırlıqlı, elmi-nəzəri biliyi, pedaqoji təcrübəsi, müəllimlik sənətinə məhəbbəti təlim-tərbiyənin keyfiyyətini müəyyən edir”.
Azərbaycan müəllimlərinin 14-16 noyabr 1960-cı ildə olmuş VII qurultayında müzakirə olunan əsas məsələ məktəbin yenidən qurulması haqqında 1958-ci ildə qəbul edilmiş Qanunun həyata keçirilməsi sahəsində görülmüş işlərin ilk yekunları idi.
Qurultaya iki gün qalmış, noyabrın 12-də SSRİ Ali Sovetinin Rəyasət heyəti Azərbaycan SSR müəllimlərinin VII qurultaya seçilmiş müəllimlərini və xalq maarifi işçilərini “gənc nəslin kommunizm ruhunda tərbiyə edilməsində böyük xidmətlərinə görə” SSRİ orden və medalları ilə təltif etmək haqqında fərman verdi. Fərman ilə 579 nəfər, o cümlədən 39 nəfər Lenin ordeni, 83 nəfər “Qırmızı Əmək Bayrağı” ordeni, 119 nəfər “Şərəf nişanı” ordeni, 338 nəfər isə “əmək igidliyinə görə” medalı ilə təltif edildi. Qurultayda Azərbaycan SSR Maarif naziri Mehdizadə məruzə ilə çıxış etmişdi. Qurultayda 7 illik təhsil müddətindən 8 illik təhsil müddətinə keçmək, başqa sözlə səkkiz illik ümumi təhsilin həyata keçirilməsi, ümumi və politexnik təlimin səviyyəsini yüksəltmək, yeni insan tərbiyə etmək, pedaqoji elmlər sahəsində tədqiqat işlərinin geriliyini aradan qaldırılması kimi məsələlər əsas müzkirə obyekti idi.