Mehdi Mehdizadə. Azərbaycanda istər xalq cumhuriyyəti dövründə (1918-1920), istərsə də sövetlər hakimiyyəti illərində (1920-1991) və müstəqillik dövründə xalq maarifinə, məktəb təhsilinə xalqımızın ən qabaqcıl, qeyrətli, səriştəli övladları rəhbərlik etmişlər. Keçən əsrin 40-cı illərindən sonra, 1942-1946-cı illərdə Xalq Maarifinə rəhbərlik etmiş nazirlər sırasında xalqımızın unudulmaz oğlu Mirzə İbrahimov, Azərbaycanın uzaq dağ kəndlərinə gedən cığırları belə tanıyan Məmməd Ələkbərov, Naxçıvan Müəllimlər institutunun məzunu, 1959-1960-cı illərdə Maarif naziri olmuş Rəhim Rəhimov, təhsil tarixində iki dəfə 1952-1954-cü və 1960-80-ci illərdə uzun müddətli nazir olmuş Mehdi Mehdizadə bu gün hörmət və ehtiramla yad edilr. M.Mehdizadədən sonra 1980-1983-cü illərdə maarif nazirliyinə Elmira Qafarova, 1983-1988-ci illərdə Kamran Rəhimov, 1988-ci ildə Müslüm Məmmədov, 1989-1992-ci illərdə isə Rafiq Feyzullayev (1943-2000) rəhbərlik etmişdir. Bunların hər biri dərin hörmətə layiqdilər.
Azərbaycan maarif nazirləri içərisində akademik Mehdizadə Mehdi Məmməd oğlunun (1903-1984) xüsusi yeri var idi. Mehdi müəllim 18 yanvar 1903-cü ildə Cəbrail qəzasının Daşkəsən kəndində anadan olmuş Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 1926-cı ildə bitirmiş, ibtidai və orta məktəblərdə müəllim olmuşdur. Mehdi müəllimin sonra ki, fəaliyyəti V.İ.Lenin adına APİ ilə bağlı olmuşdur. O, burada dosent, professor, dekan, 1950-1951-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmışdır. Mehdi müəllim fəaliyyətinin son dövründə Respublika təhsil nazirliyində maarif naziri kimi çox məhsul və şərəfli bir vəzifə tutmasıdır. M.Mehdizadə SSRİ PEA-nı təsis edən dövlət komissiyasının üzvü olmuş və birbaşa həmin Akademiyanın həqiqi üzvü (9.31.1967) seçilərək, geniş elmi-pedaqoji fəaliyyət göstərmiş müxtəlif illərdə YUNESKO (UNESCO)-da yaşlıların təhsil işləri üzrə məsləhət komitəsinin daimi üzvü olmuş və onun konfranslarında iştirak etmişdir. 1982-ci ildə əməkdar elm xadimi fəxri adına layiq olmuşdur.
Azərbaycanda pedaqogika elminin nəzəri və xüsusilə də tarixi problemlərinə dair bir sıra iri həcmli əsər və məqalələrin müəllifidir. Onun Moskvada müdafiə etdiyi doktorluq dissertasiyası Azərbaycan sovet məktəblərinin 30-40 illik tarixinin tədqiqinə həsr edilmişdir. Onun dissertasiyası Azərbaycan və rus dillərində çap edilmişdir. 1980-ci ildə müəllimlər heyətilə çap etdirdiyi “Azərbaycanda xalq maarifinin sürətli inkişafı” maarif işçiləri və tədqiqatçıların stolüstü kitabına çevrilmişdir. Onu əsərlərindən biri ingilis və fransz dillərinə tərcümə edilərək çap olunmuşdur.
Mehdi müəllimin yüksək ixtisaslı müəllim və elmi-pedaqoji kadrların, xüsusilə də elmlər doktotlarının (Hüseyn Əhmədov, Aben Kərimov, Yusif Talıbov və b.) yetişməsində böyük xidmətləri vardır.
Mehdi müəllim Azərbaycan pedaqoji elminin görkəmli nümayəndəsi olmaqla yanaşı, gözəl insan idi. Mehdi müəllim özünün sadəliyi və təvazökarlığı ilə fərqlənirdi. Onun mehriban və səmimi söhbətlərindən xeyirxah məsləhətlərindən doymaq olmurdu. Mehdizadə SSRİ miqyasında böyük hörmətə və nüfuza malik alim idi.
Akademik Mehdizadə öz şəxsiyyəti-şəxsi nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji ehtiram nümayiş etdirirdi. Yüksək dərəcədəmədənilik, düzlük, paklıq, ədalət, qayğıkeşlik onun şəxsiyyətinin heyrətamiz cəhətlərindən idi.
Mehdi müəllim 1980-ci ildə nazir vəzifəsindən təqaüdə çıxandan sonra böyük həvəs və gənclik enerjisi ilə elmi-pedaqoji fəaliyyət göstərirdi. Onun 1982-ci ildə nəşr etdirdiyi “Ümumtəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi yolları” adlı irihəcmli monoqrafiyası özünün orjinallığı ilə seçilirdi.
Mehdi Mehdizadə Azərbaycan pedaqoji elminin və təhsil quruculuğunun nəhəng simalarından biri, respublika pedaqoq alimlərinin böyük bir dəstəsinin müəllimi-rəhbəri-dayaqkeşi olmuş, həm alimliyi, həm idarəetmə sahəsindəki yüksək səriştəliyi, həm də insanlığı, alicənablığı və digər milli-mənəvi dəyərlərə malik olması ilə nəsillərə örnək olan bir şəxsiyyət idi.