Qədimbəyova Əfşan Ələkbər qızı (1915-1980) İrəvan şəhərində anadan olmuşdur. 1931-ci ildə Bakı şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji fakültəsinə daxil olmuş və 1935-ci ildə oranı bitirmişdir.
Ə.Qədimbəyova geniş ictimai iş aparmış, 1942-ci ildə Azərbaycan İttifaqı Mərkəzi Komitəsinin üçüncü katibi seçilmiş, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru vəzifəsində çalışmışdır. Əfşan xanım 1953-cü ildə həm də, AZərbaycan SSR Ali Sovetinin sədr müavini idi. 1968-1978-ci illərdə V.I. Lenin adına API-nin məktəbəqədər tərbiyə kafedrasının müdiri vəzifəsində çalışmış, 1965-ci ildə “Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı tarixi” (1920-1941-ci illər) mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Əfşan xanım bu sahədə elmi dərəcə alan ilk alimdir.
Ə.Qədimbəyovanın elmi-pedaqoji kadr hazırlığında da xidməti böyükdür. Son vaxtlar məktəbəqədər tərbiyə kafedrasında çalışan müəllimlərin böyük bir dəstəsi məhz Ə.Qədimbəyovanın elmi rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişlər.
Rüstəmova Nazimə Məhəmməd qızı 1934-cü ildə Füzuli rayonunda anadan olmuşdur. 1955-ci ildə V.İ.Lenin adına APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1960-cı ildə Azərbaycan ETPEİ-nin aspiranturasına daxil olmuş, 1964-cü ildən Məktəbəqədər fakültədə fəaliyyətə başlamış, 1967-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş 1978-1988-ci illərdə kafedra müdiri vəzifəsində işləmişdir. Bir sıra elmi məqalələrin və “Məktəbəqədər pedaqogika tarixi” (2004)adlı dərs vəsaitinin müəllifidir.
Məktəbəqədər tərbiyə müəssisələri ilə yanaşı təhsil müəssisələri də inkişaf edirdi. Məktəbdənkənar təhsil müəssisələri ölkədə təhsil sisteminin vacib tərkib hissəsi kimi Sövetlər Hakimiyyəti illərində ildən-ilə genişlənmiş, yeni-yeni müəssisələr yaratmışdır. Azərbaycan SSR Xalq Maarif Komissarlğnin tərkibində yaradılan “Məktəbdənkənar təhsil” şöbəsi məktəblilərin elm, mədəniyyət və incəsənətin müxtəlif növləri üzrə biliklərin genişləndirilməsi, onların asudə vaxtlarının səmərəli təşkili işində böyük işlər görmüşdür. 1920-ci illərdə əsası qoyulan pioner evləri və saraylar, uşaq kitabxanaları, “gənc elektrotexniklər”, “aviamodelçilər”, “gənc təbiətçilər” dərnəyi, idman dərnəkləri, uşaq texniki stansiyaları, şahmat məktəbləri, gənc təbiətçilər stansiyası, musiqi məktəbləri və s. kimi məktəbdənkənar müəssisələr müharibədən sonrakı illərdə də genişləndirilirdi.
Azərbaycan SSR Nazirlər Sovetinin 1952-ci ildə qəbul etdiyi “Məktəbdənkənar tərbiyə müəssisələri şəbəkəsinin nizama salınması qaydalarının müəyyən edilməsi haqqında” adlı qərarı Respublikada məktəbdənkənar təhsil müəssisələrinin sonrakı inkişafında mühüm rol oynayırdı. 1970-ci illərdə bədən tərbiyəsi və idmanın inkişafı üçün qəbul edilən qərar idmanın kütləviliyini artırdı.