Fonetik transkripsiya. Məhdud miqdarda hərflərdən ibarət olan əlifba əsasında qurulmuş yazıda nitq səsləri dəqiq işarə olunmur, çünki yazının vahidləri olan hərflər nitq vahidləri olan səslərlə tam eyniyyət təşkil etmir.
Orfoqrafik qaydaya görə müəyyən sözlərdə eyni hərf bəzən müxtəlif səslər kimi, bəzən də eyni səsin müxtəlif variantı kimi tələffüz olunur. Məsələn, hoqqa, toqqa sözlərində yanaşı yazılın qq hərflərindən birincisi karlaşmış halda (ka kimi), ikincisi isə cingiltili - dilarxası samit kimi tələffüz olunur. Yaxud kolxoz, kino, katib, çiçək sözlərində k hərfi üç səsin işarəsi halında tələffüz olunur; kolxoz sözündə k hərfi dilarxası - kar samit (ka) kimi, kino, katib sözlərində k hərfi dilortası - partlayan kar (ke) samit kimi, çiçək sözünün sonundakı k hərfi isə dilortası - novlu kar samit kimi tələffüz olunur.
Eləcə də sovet, kolxoz sözlərində ilk hecanın tərkibindəki o hərfi a kimi, alim, aciz sözlərinin əvvəlindəki a hərfi uzun a halında, alma, ağac sözlərindəki a hərfi isə adi orta kəmiyyətli a saiti halında tələffüz olunur və s.
Belə misalların sayını artırmaq mümkündür, lakin elə bu nümunələrdən də aydın olur ki, hərflər hər zaman səslərlə eyniyyət təşkil etmir. Buna görə də dildəki səsləri tələffüz olunduğu kimi dəqiq surətdə öz məxrəcinə uyğun halda yazmaq üçün həmin dilin yazı vasitəsini təşkil edən əlifbadakı hərflərdən əlavə, başqa yazılarda istifadə olunan əlifbalardakı hərflərdən də, hətta hərflərin sağında, solunda, üstündə, altında qoyulan bir sıra şərti işarələrdən də istifadə etmək lazım gəlir.
Beləliklə, əlavə hərflərdən və bir sıra şərti işarələrdən istifadə etməklə, xüsusən şifahi dildə olan səsləri daha dəqiq halda yazıya köçürmək mümkün olur. Dildəki səsləri və səs variantlarını dəqiq surətdə yazıya köçürmək üçün istifadə edilən xüsusi hərflər və işarələr sistemi ümumiləşmiş halda fonetik transkripsiya (lat. trans (köçürmə) və criptio (yazı) sözləri tərkibindən düzəldilmiş termin; sözləri yazıda deyilişinə daha uyğun əksetdirmə üsuludur) adlanır.
Fonetik transkripsıyadan müxtəlif məqsədlərlə aparılan tədqiqat işlərində istifadə olunur, xüsusən dillərin müqayisəli tədqiqində, dialektoloji tədqiqat işlərində, fonetikada, orfoepiya normalarının dəqiqləşdirilməsində fonetik transkripsiyadan daha çox istifadə edilir.
Biz bu kitabda fonetik transkripsiya kimi, əsasən, müasir əlifbamızdan və bəzi şərti işarələrdən istifadə etmişik ki, bunlar aşağıdakılardan ibarətdir:
Dostları ilə paylaş: |