Fonetikanın mövzusu və növləri. Fonetika dilçiliyin bir bölməsidir. Bu bölmədə dilin əsas tərkibindən, səs qanunlarından daha ümumiləşmiş halda desək, dilin səs sistemindən bəhs olunur.
Ümumi və xüsusi dilçilik olduğu kimi, onun bir bölməsini təşkil edən fonetika da ümumi fonetika və xüsusi fonetika olmaq üzrə iki növdür.
Səslərin ümumi akustik və fizioloji cəhətləri, səslərin təsnifində tətbiq olunan ümumi prinsiplər, eləcə də vurğu, heca, intonasiya, səs, fonem, səs sistemi, səslərin dəyişməsi, əvəzlənməsi kimi bir sıra məsələlərin nəzəri əsasları ümumi fonetikanın mövzusunu təşkil edir. Xüsusi fonetikada isə bu məsələlər ayrıca olaraq bu və ya digər konkret bir dil əsasında tədqiq olunur və həmin dilin özünə xas olan cəhətləri aydınlaşdırılır, hətta məxsusi qanunları müəyyənləşdirilir. Ümumi fonetikada ümumiləşdirilmiş halda verilmiş bir sıra qanunlar, təsnifat bu və ya digər dilin materialları əsasındakı nümunələrlə xüsusi fonetikada bir qədər də dəqiqləşdirilir.
Beləliklə, hər bir dilin öz adı ilə müəyyənləşən xüsusi fonetika formalaşmış olur. Məsələn, Azərbaycan dilinin fonetikası, rus dilinin fonetikası, gürcü dilinin fonetikası, türk dilinin fonetikası, ərəb dilinin fonetikası, alman dilinin fonetikası və s.
Dilin səs vahidləri əməli və nəzəri məqsədlərlə müxtəlif cəhətlərdən, müxtəlif istiqamətdə tədqiq olunur, beləliklə də fonetikanın müxtəlif bəhsləri və müxtəlif növləri formalaşır. Bu baxımdan fonetikanın aşağıdakı növlərini xüsusi qeyd etməyi lazım bilirik.
1. Təsviri fonetika. Bu və ya digər konkret bir dilin müasir səviyyədə malik olduğu səs tərkibini, səs qanunlarını və müəyyən şəraitdən asılı olaraq, yaranan fonetik dəyişmələrin qanunauyğunluğunu aydınlaşdırmaq, təsbit etmək və bunlardan əməli nəticələr çıxarmaq təsviri fonetikanın mövzusunu və məqsədini təşkil edir. Belə nəticələr isə dil təlimi işini faydalı və səmərəli qurmaqda, əlifbanı təkmilləşdirməkdə, orfoqrafiya qaydalarını elmi-nəzəri əsaslar üzrə dəqiqləşdirməkdə, təkmilləşdirməkdə, orfoepiya əsaslarını müəyyənləşdirməkdə mütəxəssisləri və eləcə də dil müəllimlərini nəzəri cəhətdən silahlandırır.
Əlbəttə, təsviri fonetikanın bir sıra nəticələri fonetikanın digər növləri üçün də faydalı ola bilər. Bu nəticələr - dilin musiqi, xüsusən təğənni (hava ilə oxumaq, zümzümə etmə) işi ilə əlaqədar bəzi məsələlərini də aydınlaşdırmaq üçün istifadə oluna bilər.
2. Tarixi fonetika. İnkişaf tarixi boyu müəyyən dilin səs tərkibində, fonetik qanun və qaydalarında baş vermiş dəyişmələri öyrənib, həmin dilin fonetik sisteminin inkişaf tarixini müəyyənləşdirmək tarixi fonetikanın mövzu və məqsədini təşkil edir.
Tarixi fonetikada səs tərkibinin təkmilləşməsi, müəyyən səsin və ya fonetik qanunun tədricən geniş dairədə işləkolma prosesi, yeni bir səsin törəmə, digər bir səsin yoxolma prosesi tədqiq olunur.
Tarixi fonetika təsviri fonetikadan tədqiqat obyektinə və mənbəyinə görə də fərqlənir. Təsviri fonetikada müasir ədəbi dilə, canlı danışığa və nəhayət, canlı şivələrə əsasən nəticələr çıxarılır, daha doğrusu, təsviri fonetikada hazırkı dövrdə səslənən, eşidilən dil tədqiq olunur. Burada təbii (qulaqla) eşitmədən başqa, alətlər vasitəsi ilə də tədqiqat aparılır və nəticələr əldə edilir.
Tarixi fonetikada vəziyyət başqa cürdür. Burada, əsasən, yazılı abidələr və qohum dillər fonetik cəhətdən tədqiq edilsə də, müasir dil, onun müxtəlif şivələri, müxtəlif üslub növləri də tədqiqat obyekti ola bilər. Bu tədqiqatda isə müqayisəli tarixi üsul tətbiq olunur. Deməli, tarixi fonetika öz tədqiqat üsuluna görə də təsviri fonetikadan fərqlənir.
Bütün bunlara baxmayaraq, həm təsviri, həm tarixi fonetika bir-birini tamamlayır və əslində, təsviri fonetika da tarixi fonetikanın bir hissəsini təşkil edir. Çünki tarixi inkişaf nöqteyi-nəzərindən müasir dilin fonetik sistemi inkişaf tarixində müəyyən mərhələnin fonetik sistemindən başqa bir şey deyildir.
Buna baxmayaraq, təsviri fonetika müstəqil istiqamətli və müəyyən tədqiqat obyekti olan müstəqil bir sahədir.
Fonetikanın, dilçilik ədəbiyyatında adları çəkilən digər növlərinə gəldikdə, deməliyik ki, təcrübi fonetika, fizioloji fonetika, müqayisəli fonetika kimi adlarla tanınan bütün bu fonetika növləri əslində təsviri və tarixi fonetikalarda tətbiq olunan üsul ilə, vasitə ilə, ya da tədqiq olunan sahə ilə bağlı olaraq fərqlənən növlərdir.
3. Təcrübi, yaxud eksperimental fonetika daha çox təsviri fonetikadır. Lakin burada müxtəlif alətlər vasitəsi ilə səsin məxrəci, səsin uzanma, qısalma dərəcəsi və sairə, xüsusən müasir fizika, texnika imkanları – maşınları əsasında laboratoriyada tədqiq olunur.
Dostları ilə paylaş: |