SƏSİN FORMALAŞMA MƏNBƏLƏRİ VƏ ƏLAMƏTLƏRİ
Səsin akustik fiziki əlamətləri. Səs çox mürəkkəb və geniş bir anlayışdır. Səs dedikdə, təbiətdə mövcud hər cür səs fikrə gələ bilər. Əslində, biz nəyi eşidiriksə, onu da ümumiləşmiş halda səs adlandırırıq. Doğrudur, müasir fizika sübut etmişdir ki, təbiətdə insan qulağı eşitməyən səslər də vardır. Həmin səslər fizikanın “akustika” bəhsində öyrənilir. Buradan belə bir nəticə çıxır ki, eşitmə üzvü ilə – qulaqla dərk olunan hər şey səsdir.
Lakin bütün bunlarla bərabər, belə bir cəhəti qeyd etməliyik ki, səsin varlığı bizim qulağımızdan asılı deyil və biz eşitməsək də, təbiətdə səs mövcuddur. Səsin törəmə mənbəyi və səbəbi başqadır, yayılma mühiti də müxtəlifdir. Buna görə bizim qulağımız da bir cür səs deyil, çox müxtəlif növ səs eşidir.
Bunu necə başa düşməli və necə izah etməli? Bu suallara cavab vermək üçün fizikanın səs (akustika) bəhsinə müraciət edək.
Cisimlər bu və ya digər qüvvənin təsiri nəticəsində rəqsə gəlir. Bu, rəqsli hərəkət adlanır. Rəqslənmə isə həmin cismin mühitini, yəni havanın və ya başqa qazın hissəciklərini rəqsə gətirir, lakin tədricən zəifləşir və nəhayət yox olur. Buna görə də hava və ya başqa qaz mühiti olmayan yerdə nə rəqslənmə əmələ gələ bilər, nə də yayıla bilər; halbuki hava eyni zamanda müxtəlif rəqslənməni çox müxtəlif istiqamətə keçirib yaya bilər.
İnsanda və heyvanların çoxunda hava rəqslənməsini son dərəcə həssaslıqla duyan xüsusi bir üzv – cihaz mövcuddur ki, bu üzv qulaq adlanır. Əşyanın rəqsi – bərəkəti nəticəsində hava hissəciklərində əmələ gələn rəqslənmə istiqamətində olan hava dalğaları qulağa çatacaq xüsusi bir təəssürat yaradır ki, buna biz səs deyirik. Səs, bu və ya digər mühitdə (adətən, havada) yayılıb eşitmə üzv ilə qəbul olunan və beyində müəyyən təəssürat yaradan rəqslənmədir. İnsan səsləri qulağı ilə eşidir.
Qulaq üç əsas hissədən ibarətdir: çöl, orta və iç hissə.
Səs dalğaları əvvəlcə qulağın çöl hissəsinə – çöl qulağa, yəni qulaq seyvanına gəlir və buradan çöl qulaqla orta qulaq arasında olan qulaq pərdəsinə çatır. Bu zaman qulaq pərdəsi ona toxunan dalğaların təsiri ilə həmin dalğaların rəqslənmə tezliyinə bərabər tezlikdə (rəqslənmənin bir saniyədəki sayı) rəqslənir. Qulaq pərdəsinin rəqslənməsi ling kimi işləyən oynaq sümüklər sistemi, yəni çəkic, zindan, üzəngi tipli sümüklər sistemi vasitəsi ilə qulağın daxili hissəsinin boşluğunu örtən uzunsov pəncərəyə verilir. Qulaq yolunun mexaniki qıcıqlanmaya qarşı çox həssas olan sinir ucları yerləşən hissəsi endoloimf deyilən maye ilə doludur. İçəridə əsas membran adlanan hissə vardır. Bu membran hər biri müəyyən tona köklənmiş bir neçə min (4500-ə qədər) müxtəlif uzunluqda liflərdən ibarətdir.
İç qulağa gələn səs dalğaları onun tezliyinə köklənməli olan liflərini rəqsə gətirir. Beləliklə, müəyyən liflər rəqsə gəlir və onlara uyğun olan əsəb ucları qıcıqlanır, bu əsəblər isə qıcıqlanmanı beyinə apanr. Mürəkkəb səs təsir etdikdə bir sıra əsəb ucları qıcıqlanır və bunun nəticəsində də insan mürəkkkəb səsin, məsələn, musiqi akkordunun ayrı-ayrı tonlarını dərk edə bilir.
Səs dalğalarının yayılma istiqamətlərinin dəqiq təyin edilməsində insan qulağının cüt olmasının da çox böyük əhəmiyyəti vardır. Səs dalğalarının istiqamətini təyin etməyi bacarmaq hissi isə beyin mərkəzlərinin qulaqlara çatan rəqslənmələrdəki kəmiyyət fərqini hesaba ala bilmək qabiliyyəti sayəsində əmələ gəlir.
Hər iki qulağı bərabər eşidən şəxsin, adətən, səs mənbəyinə üzünü düz tuta bilməsi və bir qulağı bir az ağır eşidən və ya kar olan şəxsin isə səs gələn tərəfə üzünü düz istiqamətləndirə bilməməsi də qulağın cüt olmasının əhəmiyyətini göstərən bir faktdır.
İnsanın eşitmə üzvü səsləri bir-birindən asanlıqla fərqləndirir, səsin zil – uca, pəst – alçaq, gur – zəif olduğunu, yaxud rəngarəng növlərini ayırd edə bilir. Hətta, insan eyni dərəcədə ucalıqda, gurluqda danışan iki tanış adamın səsini və ya eyni dərəcədə zillikdə və pəstlikdə çalman zurnanın, kamançanın, klarnetin və başqa musiqi alətlərinin səsini məhz tembrinə, səsin boyasına görə fərqləndirə bilir. Eyni əsasda dildəki a səsi o səsindən, i səsi ü səsindən ayırd edilir.
Bu nə üçün belədir və səslərin fərqlənməsini nə ilə izah etmək olar?
Yuxanda aydınlaşdırdıq ki, səs – rəqslənmədir. Akustikada rəqslənmənin, yaxud səs dalğalarının forma və xarakterinə görə fərqlənən səsin başlıca üç növündən danışılır, zərbələr, gurultular və tonlar.
Zərbələr atəş açılışından, partlayışdan, elektrik qığılcımından, hər hansı bir ağır cismin zərbəsindən çıxan səslərdir. Belə səslərə uyğun gələn zərbə rəqslənməsi təkcə bir dalğadan ibarət olur.
Küy yaxud gurultulu rəqslənmə qeyri-ahəngdar (qeyri-bərabər, qeyri-periodik) olanda, yəni reqslənmənin zaman vahidi – miqdarı dəyişkən olduqda yaranan səsə deyilir. Məsələn, ağac sınanda əmələ gələn çartıltı və s.
İnsanın danışıq üzvlərindən dodaqların, dilin, dilçəyin rəqslənməsində də küy ola bilər. Ağız boşluğunda və ya qırtlaqda da belə küy yarana bilir.
Ton, yaxud musiqi səsi (avaz) rəqslənmə ahəngdar (bərabər, periodik) olanda, yəni rəqslənmənin zaman vahidi miqdarı sabit qaldıqda yaranan səsə deyilir. Məsələn, musiqi alətlərinin, müğənnilərin səsi belə səslərdəndir.
Nitq prosesində səs tellərinin rəqslənməsi və bununla ağız və burun boşluğundakı havanın rəqslənməsi də belə ahəngdar rəqslənmədir.
Ümumiyyətlə, tonda az da olsa küy ünsürü, küydə də azacıq ton ünsürü mövcuddur. Buna görə də saf tona və ya saf küyə nadir hallarda təsadüf edilir.
Səsin bir sıra keyfiyyət xüsusiyyətləri küyə nisbətən tonda daha parlaq surətdə özünü göstərir və məhz buna görə də səsin gücü (şiddəti) ucalığı, uzunluğu və tembri kimi çox mühüm keyfiyyətləri də, əsasən, tonlar üzərində daha asan müşahidə və tədqiq oluna bilər.
Səsin ucalığı rəqslənmənin tezliyindən asılıdır, yəni bir saniyədə rəqslənmə miqdarı çox olarsa, səsin ucalığı çoxalar və səs də ucalar. Əksinə, bir saniyədə rəqslənmə miqdarı azalarsa, səsin ucalığı azalar və səs də alçalar.
İnsan qulağı ən alçaq səs olaraq saniyədə rəqslənmə miqdar 16 və ən uca səs olaraq saniyədə rəqslənmə miqdarı 20000 olan səsi eşidə bilir.
Səsin gücü rəqslənmənin amplitudundan (lat. genişlik) (bir ucundan o biri ucuna genişlənmə sahəsindən), yəni səs dalğasının qalxıb düşmə nöqtələri arasındakı məsafədən asılıdır.
Rəqslənmə amplitudu böyük olduqda, səs də güclü, rəqslənmə amplitudu kiçik olduqda, səs də zəif olur.
Səsin uzunluğu rəqslənmənin kəsilərək və ya uzadılaraq davametmə müddəti ilə ölçülür.
Adətən, nitq səslərinin, xüsusən sait səslərin davamlılıq dərəcəsinə görə növləri məhz səsin uzunluğu əsasında müəyyənləşdirilir.
Səsin tembri (zəng kilsəsi; frans. zəng vuran) səsin xüsusi keyfiyyəti və məxsusi boyalan deməkdir. Bərabər ucalıqda və gurluqda olan səslər tembrinə görə bir-birindən fərqlənə bilir. Tembrə görə eyni not üzrə oxumaq da, müxtəlif musiqi alətlərində çalmaq da, müxtəlif şəxslərin səslərini fərqləndirmək də olur. Buna görə, tembr səsin fərdiləşmə əlaməti kimi qiymətləndirilir.
Səs rezonansı (frans. əks-səda; səsə səs vermə) və rezonatoru, əslindəz. əks-səda adlandırdığımız hadisədir, yəni bir cismin reqslənməsinə cavab olaraq digər cismin rəqslənməsi səs rezonansıdır.
Rezonans, adətən, qapalı hava mühitində baş verir. Bu cəhətdən ağız və burun boşluğu nitq səsləri üçün (məsələn, qırtlaqda yaranma tonlar üçün) rezonans mühiti vasitəsi, yəni rezonator ola bilər. Bir qayda olaraq, ağız boşluğunda müxtəlif rezonans şəraiti yaranmaqla, səs dalğalarından müxtəlif saitlər formalaşır.
Əsas ton – mürəkkəb musiqi səsindəki ən aşağı tona deyilir.
Oberton (alm. yüksək ton) böyük tezliklərə malik olan qalan sadə tonlarla deyilir ki, bu da yüksək ahəngdar tonlar deməkdir.
Əsas tona nə qədər oberton qarışarsa, səsin tembri də bir o qədər dolğun və zəngin olar.
Bəzən əsas ton olmadan da rezonatorda ton yaranır ki, belə ton şərti olaraq rezonator tonu adlanır.
Adətən, rezonator tonu hər hansı bir hərəkətə gətirici qüvvə ilə (üfürməklə, tənəffüslə) rezonatorda olan havanın rəqslənməsindən yaranır.
Yeni alətlər vasitəsi ilə səslərin üzərində aparılan tədqiqat nəticəsində aydın olmuşdur ki, rezonans hava dalğası keçən rezonatorların (ağız boşluğunun) hər yerində birdən baş vermir və eləcə də ağız boşluğunun ön və arxa hissəsində ayrı-ayrı rezonans olur.
Eyni zamanda rezonatorun uzadılması, qısaldılması da tonun kökünü dəyişdirir.
Rezonans sahəsi (ön, arxa) və rezonans nəticəsi (alçaq, yüksək tonlar) formant adlanır.
Beləliklə, akustika baxımından səslərin ümumi xarakterini nitq səslərinə tətbiq etdikdə başlıca olaraq aşağıdakı ümumi nəticələr əldə edilir:
1. Nitq səslərinin coxu küylüdür və saf ton deyildir.
2. Səsin gücü – şiddəti səs tellərində havanın (nəfəsvermə zamanı) sıxılma gücündən asılı olur
(vurğulu və vurğusuz saitlərdə olduğu kimi).
3. Səsin ucalığı səs tellərinin uzunluğundan və gərginliyindən asılı olur.
4. Saitlərin davamlılığı çox, samitlərin davamlılığı az olur.
5. Səsin boyası, tembri ağız, burun boşluqlannın həcmindən və formasından asılı olur.
Buradan isə nitq hissələrinin akustik xarakteri ilə nitq səslərinin fizioloji şəraiti arasında sıx bağlılıq olduğu aydınlaşır. Bu isə o deməkdir ki, rezonans üçün rezonator lazımdır.
Dostları ilə paylaş: |