1861-1865-ci illər Vətəndaş müharibəsi. 1861-ci ilin əvvəlindən iki düşmən tərəf üz-üzə dayanmışdır. Bu vaxt 31 milyon Birləşmiş Ştatlar əhalisinin üçdən iki hissəsi Şimalda yaşayırdı. Şimalın əhalisi Cənuba nisbətən daha sürətlə böyüyürdü. Çünki, Avropadan gələn bütün miqrantlar şimalın əhalisini artırırdı. Ölkənin insan resurslarının və sənaye potensialının böyük hisəsi Şimalda cəmləşmişdir. Lakin Cənub daha zəngin və hərbi cəhətdən daha güclü idi. Cənub ordusunda həm də peşəkar zəbitlər çoxluq təşkil edir, silah ehtiyatı da kifayət qədər idi. Ən əsası isə o idi ki, onlar tez və qətiyyətli qələbənin müvəffəqiyyət gətirə biləcəyinə inanırdılar. Cənub plantatorları “yankilərə” (şimallılara) kor-koranə nifrət hissi bəsləyir, onları düşmən kimi qəbul edir, varlanmaq və firavan həyat arzusu ilə ölüm-dirim mübarizəsi aparırdılar.
Şimalda da Cənubu sakitləşdirə biləcək müqavilənin bağlanması tərəfdarları az deyildi. Bu, xüsusən də, plantatorlarla iş əlaqəsində olan burjua dairələrində özünü daha çox biruzə verirdi.
Müharibənin başlanğıcındakı laqeydlik və ləng hərəkət şimallılara baha başa gəldi. 1861-ci il döyüşlərində onlar yalnız məğlubiyyət yaşadılar. Hətta həmin ilin iyun ayındakı döyüş az qala onlara paytaxtın itirilməsi ilə başa gələcəkdir. Vaşinqton cəbhə xətti keçən şəhərə çevrildi. 1861-ci ilin sonunda Şimal ordusuna çoxlu sayda könüllülər qoşuldu və onun sayı 650 min nəfəri ötdü. Lakin müharibənin taleyini təkcə say üstünlüyü həll edə bilməzdi. Məğlubiyyətin bir səbəbi də baş komandanlığın buraxmış olduğu səhvlər və komandir heyətinin təcürbəsizliyi idi. Cənuba qarşı Şimalın apardığı hərbi kampaniyanın ümumi məqsədi onu mühasirəyə alaraq, mühasirə dairəsini tədricən daraltmaqdan(anakonda planı) ibarət idi. Lakin min milədək uzanan cəbhə xəttini yarıb keçmək çox asan idi və gözlənilən bu hadisə 1862-ci ildə baş verdi.
Federal qoşunlar qərbdən (Missisipi çayı hövzəsindən) və Şərqdən eyni zamanda Virciniya üzərinə hücuma başladılar. Qərb istiqamətində müvəffəqiyətlər əldə olundu. General Uliss Qrant bir sıra şəhərləri alaraq Missisipi çayından cənuba doğru hərəkət etdi. Çayın mənsəbi Yeni Orlean limanı ilə birlikdə dənizdən şimal donanmasının köməyi ilə tutuldu. Beləliklə, konfederasiya iki hissəyə parçalandı. Lakin cəbhənin cənubluların zəif olduğu bu hissəsindəki müvəffəqiyyət, əsas cəbhədə Şimal ordusunun məğlubiyyəti ilə heçə endirilmişdir. Onlar Konfederasiyanın paytaxtı Riçmondu ələ keçirmək üçün 3 dəfə Virciniyaya hücum etdilər. İstedadlı komandan general R. Linin başçılığı ilə Cənub ordusunun əks hücumlarının qarşısı isə qərbdən əlavə ordu hissələrinin gətirilməsindən sonra alındı.
A. Linkolnun və onun administrasiyasının qətiyyətli siyasi addımları müharibənin gedişində Şimalın xeyrinə dönüş yaratdı. 1862-ci il 20 may tarixində homstedlər haqqında qanunu və həmin ilin 22 sentyabrında qulların azad olunmaları haqqında qərar müharibədə şimalın qələbəsini şərtləndirən amillər oldu.
Birinci qanun Birləşmiş Ştatlara qarşı qiyamda iştirak etməmiş və 10 dollar rüsum ödəyən hər bir vətəndaşa ferma düzəltmək üçün azad torpaqlarda 160 akr(64 ha) torpaq sahəsi(homsted) tutmaq üçün icazə verirdi. Tutduğu sahədə 5 il yaşadıqdan sonra həmin ərazidəki istehsal sahələri və tikililər əvəzi ödənilmədən torpağı tutanın mülkiyyətinə verilirdi. Bu isə Respublikaçılar partiyasının 1860-cı ildə seçkiqabağı kompaniyada vəd etdiyi aqrar məsələnin həlli demək idi. Bu qanun birbaşa hərbi məqsəd üçün hesablanmışdı. Çünki, Cənub üzərində qələbə çalınmasaydı geniş xalq kütləsi, nə də mühacirlər Qərbdə azad torpaqlarda məskunlaşmanı həyata keçirə bilməzdilər.
İkinci qanun 1 yanvar 1863-cü il tarixindən bütün qulları azad elan etdi. Konfederasiyanın ərazisində, onun özünün qanunlarının qüvvədə olmasına baxmayaraq, qullara da təsir etmişdir. Onlar artıq kimin tərəfində olmalarını bilirdilər. Quldarların bütün antiazadlıq tədbirlərinə baxmayaraq, Konfederasiya bütün dayaqlardan məhrum oldu, zəncilər kütləvi şəkildə şimallıların tərəfinə keçdi və federal orduya qoşuldular. Artıq Cənub vacib şeylərə ehtiyacı olan nəhəng bir düşərgəni xatırladırdı. Onun çox da böyük olmayan sənayesi cəbhənin ehtiyaclarına işləyirdi. Dənizdən mühasirəyə alınma isə Avropaya pambıq ixrac etməyə, oradan ərzaq, tibbi ləvazimat və lazım olan digər vasitələrin alınmasına mane olurdu. Lakin Cənubun insan və maddi resurslarının son həddə çatmasına baxmayaraq, onun hərbi gücü hələ də tükənməmişdi.
1863-cü ilin yazında cənublular general Linin komandanlığı altında Virciniya ərazisində Çanselorvillem yaxınlığında federal qoşunlara yenidən güclü zərbə endirə bildilər. Ancaq bu cənubluların sonuncu qələbəsi oldu. Nəzərə almaq lazımdır ki, Şimalın insan resursları çox böyük idi və dağıdılmış hərbi hissələr tez bir zamanda yenidən formalaşdırılırdı. Öz növbəsində əsasını cənubdan gəlmiş zəncilər təşkil edən alaylar da coşqunluqla vuruşurdular. Sənaye çevrilişi başa çatmış Şimalda isə sənayenin bütün sahələri tam gücü ilə işləyirdi, fermerlər də kənd təsərrüfatı məhsullarının istehsalını və ixracını genişləndirmişdilər. Dəniz ticarəti daha da böyümüşdür. Azad Ştatlara gələn mühacirlərin sayı getdikcə artırdı. Şimal, demək olar ki, heç bir şeydən korluq çəkmirdi və hər hansı bir müvəqqəti məğlubiyyət Şimalı çökdürə bilməzdi.
General Linin ordusunun hücümları Pensilvaniyada Gettisberq yaxınlığında dayandırıldı və 1863-cü ilin iyulunda onlar Virciniyaya geri oturuldu. Qrantin ordusu isə cənubların dayaq nöqtəsi olan Missisipi çayı hövzəsindəki Viskberq şəhərini tutdu. Bu hadisə müharibənin gedişində əsas dönüş nöqtəsi kimi qeyd olunur. 1864-cü ilin yayında federal qoşunlar qərb istiqamətindən konfederasiyanın ürəyi sayılan Corciya Ştatına hücüm etdilər. Payızda həmin ordu Şermanın komandanlığı altında Cənubun iri sənaye mərkəzi olan Atlanta şəhərini tutdular və ABŞ tarixində məhşur olan “dənizə marş” hücum kompaniyası başladı. 1865-ci ilin aprelində Qratın orduları hücumla Ricmondu tutdu və aprelin 9-da general Linin 28 minlik ordusu təslim oldu. Ümumi sayı 175 minə çatan Cənub ordusunun digər hissələri də silahı yerə qoydular. Bütün qiyamçıların danışıqsız təslim olmaları isə 1865-ci il 26 aprel tarixində baş verdi. Beləliklə, hər iki tərəfdən 600 min nəfər insan həyatı bahasına başa gəlmiş Vətəndaş müharibəsi başa çatdı.
Vətəndaş müharibəsi ABŞ tarixində ən bacarıqlı və nüfuzlu prezidentlərdən biri olan A. Linkolnu da həyatdan apardı. 1865-ci il 14 aprel tarixində qələbə münasibəti ilə Vaşinqton teatrinda təntənəli tamaşaya gəlmiş Linkolun həmin teatrın aktyoru Con Uilks Buts tərəfindən ölümcül yaralandı. Linkolnun ölümü bütün Amerikanı matəmə qərq etdi. O, müxtəlif əqidə və baxışa malik olan insanların məhəbbətini və hörmətini qazanmışdır. Siyasətdə və həyatda ümumibəşəri dəyərlərə daim hörmətlə yanaşıb ona riayət edən, məğrur, təmənnasız və xoşniyyətli bu insan öz dövrünün və ondan sonrakı zamanların ən böyük dövlət xadimlərindən biri olaraq qaldı. O, düşməni olan Cənuba qarşı mübarizədə diktaturaya belə can atmırdı, onun əsas məqsədi isə quldarlığı ləğv etməklə, bütün ştatlar üçün bərabər olan konstitusiya əsasında keçmiş ABŞ dövlətini bərpa etməkdən ibarət idi. O, məğlub olanlara xoş münasibət bəsləməyi, onların siyasi hüquqlarını bərpa etməyi və mülki sülhə xidmət edən bütün yolları ən düzgün olan hesab edirdi. Lakin həyat göstərdi ki, müharibədən sonra Cənubun yenidən qurulması (rekonstruksiyası) probleminin həlli, Linkolunun güman etdiyi kimi o qədər də sadə deyilmiş və hadisələr digər istiqamətdə başladı.
Dostları ilə paylaş: |