Almaniyada inqilab. Fransada inqilabın qələbəsi xəbəri alman dövlətlərində inqilabın başlanması üçün təkanverici qüvvə oldu. Parisdə respublika elan olunduqdan(27 fevral 1848) iki gün sonra Fransa ilə həmsərhəd olan Böyük Baden hersoqluğunda liberallar və radikallar Manheym şəhərində xalq məclisi çağıraraq parlamentdən xalqın silahlandırılması haqqında petisiyanın qəbul edilməsi, partiyaların yaradılması istiqamətində qadağaların aradan qaldırılması, yığıncaq azadlığının verilməsi, ədliyyə sisteminin demokratikləşdirilməsi və ümümmilli alman parlamentinin çağrılmasını tələb etdilər. Martın 1-də petisiya nümayişçilərin iştirakı ilə xüsusi nümayəndə vasitəsilə landtaqa (yerli parlament) verildi. Parlament bu tələbləri qəbul etdi. Böyük hersoq isə qəbul edilən qərarları müdafiə etməyə məcbur oldu və onları həyata keçirmək üçün liberallardan ibarət hökümətin təşkilinə razılıq verdi.
Alman ittifaqına daxil olan kiçik və orta səviyyəli dövlətlərdəki hadisələr də 1848-ci il mart tarxində Badendə baş vermiş hadisələrə oxşayırdı: Belə ki, xalq iclasları çağrılır, nümayişçilər analoji tələblər irəli sürür, liberallar hökümətdə yer almağa başlayırdı. Mart inqilabı tezliklə bütün alman torpaqlarına, o cümlədən Avstriya və Prussiya kimi iri dövlətləri də bürümüşdür. İnqilabi çıxışlar 3 martda Reyn əyalətinin mərkəzi Kölndə, 7 martda Berlində alovlanaraq xalqı öz ətrafında cəmləmişdir. Sosial-inqilabi xarakterli bu etirazlar getdikcə artırdı. 13 martda isə nümayişçilər üzərinə qoşun yeritdilər. Toqquşmalar zamanı ölən və yaralananlar oldu.
Vyanadakı inqilabi çıxışlardan və Metternixin qaçışından xəbər tutan IV Fridrix Vilhelm martın 18-də senzuranın ləğv edildiyini və birləşmiş landtaqın çağrılmasını elan etdi. Eləcə də Alman İttifaqının yenidən qurulacağına və konstitusiya qəbul ediləcəyinə söz verdi. Lakin bu vaxt Berlində səngər döyüşləri gedir, üsyançılardan 400 nəfəri öldürülmüşdü. 19 martda kral ordunun Berlindən çıxarılması haqqında əmr verdi. Reyn əyalətinin liberal xadimlərindən Lidolf Kamphauzen və David Hanzeman hökümətin rəhbəri təyin edildilər.
Ümumalman parlamentinin yaradılması uğrunda gedən hərəkat milli məclis çağırılmasına kimi davam etdi. 1848-ci il 18 may tarixində müqəddəs Pavel kilsəsində(Frankfurt –Maynda), əsasən liberallar və demokratların, bir qədər də mühafizəkarların nümayəndələrindən təşkil olunmuş Məclisin birinci iclası keçirildi. Deputatların əksər hissəsi savadlı idi. Onların arasında 49 universitet professoru var idi. Təssüf ki, bu məclis ümumalman mərkəzi hakimiyyətinə çevrilə bilmədi. Parlament Avstriyanın keçmiş hersoqu İohannı müvəqqəti olaraq imperiya hakimi seçdi. Lakin imperiya hakiminin heç bir səlahiyyəti yox idi. Onu başda Avstriya və Prussiya olmaqla, heç bir alman dövləti dəstəkləmirdi. Parlamentin əksər iclaslarında imperiya konstitusiyasının müzakirəsi və Almaniyanın gələcəyi(Avstriya imperiyasının iştirakı olmadan”Kiçik Almaniyanın” yaradılması) məcələləri müzakirə edilmiş və bu məsələlərə alman dövlətlərinin vacib məsələsi kimi baxılmışdır.
1849-cu il 28 mart tarixində parlamentə 1848-ci ilin dekabrında əsas hissəsi parlament tərəfindən müdafiə edilən imperiya Konstitusiyasını qəbul etdi. Bu Amerikanın 1776-cı il “İstiqlaliyyət Bəyannaməsi” və Fransanın 1789-cu il” İnsan və vətəndaş hüquqları bəyannaməsi” nümunəsində “Alman xalqının hüquqları” adlı sənəd idi. Beləliklə, Almaniya tarixində ilk olaraq vətəndaşların azadlığı: şəxsiyyət, söz, imperiya ərazisində sərbəst hərəkət etmək, iclaslar keçirmək və ittifaq yaratmaq, qanunlar qarşısında bərabərlik, sənət seçmək və əmlak toxunulmazlığı elan olundu. Feodalizmin qalıqları olan bütün silki fərqlər aradan götürüldü, olüm hökmü qadağan olundu, İmperiyanın (Kiçik Almaniyanın) ilk variantı qəbul edildi, Prussiya kralı IV Fridrix Vilhelm “almanların imperatoru” və icra hakimiyyətinin başçısı seçildi. Qanunverici orqan (kişi əhalisinin bərabər və ümumi seçki hüququ yolu ilə seçilirdi) iki palatadan: Xalq məclisi(foekshaus) və ayrı-ayrı alman dövlətləri hökumətinin lantaqlarından olan nümayəndələrdən ibarət dövlətlər məclisindən (Ştatenhaus) ibarət idi. Bununla da mühafizəkarlar istəklərinə nail oldular, yəni liberalların köməkliyi ilə Konstitusiyada monarxiya prinsiplərini saxlayaraq daha da möhkəmləndirirdilər, ölkəni yenə də pərakəndə şəkildə və sülalə hakimiyyətləri formasında saxladılar. Bütün bunlar isə demokrat və radikalların vahid demokratik respublika yaratmaq istəklərinin əleyhinə idi. Lakin Frankfurt parlamentinin qəbul etdiyi bu konstitusiya işləmədi, çünki, 1849-cu il 3 aprel tarixində Prussiya kralı inqilab iyi verən Avstriyanın tacını qəbul etmədi. Kralın bu hərəkəti Almaniyada əksinqilabi qüvvələrin hücuma hazırlanması və Frankfurt parlamentinin dağıdıması üçün bir işarə oldu. Nəticədə konstitusiya Alman dövlətlərinin monarxları və hökümətləri tərəfindən rədd olundu.
Respublikaçılar və demokratlar Konstitusiyanı müdafiə etməyə cəhd etsələr də, mümkün olmadı. Çünki bu, yalnız əksinqilabla mübarizədə mümkün ola bilərdi. 1849-cu ilin may-iyun aylarında Konstitusiyanın müdafiəsi üçün Drezdendə, Reyn əyaləti, Pfalts və Badendə xalq üsyanları oldu. Lakin üsyanların hamısı qəddarcasına yatırıldı. Beləliklə, vahid almaniya uğrunda demokratik hərəkat bogulmuş oldu.
1849-cu ilin iyununda əksinqilab artıq Prussiyada öz mövqeyini möhkəmləndirmişdi. Hadisələrin demokratik qüvvələr əleyhinə inkişafı əksinqilabın güclənməsinə səbəb oldu. 1848-ci ilin iyununda liberal Kamphauzen, sonra isə Hanzeman hökümətləri istefaya getməyə məcbur oldular. Noyabr ayında isə əksinqlabi imperiya aristokratların dayağı olan qraf Vilhelm Fon Bradenburqu hakimiyyətə dəvət etdi. Daxili işlər naziri isə iri məmur baron Edvin fon Montoyfel(1850 ci ildə nazir-prezident olmuş, “Montoyfel dövrü” deyilən onilliyin əsasını qaymuş) təyin olundu. Berlində mühasirə vəziyyəti elan olunduğuna görə, Montoyfel 1848-ci ilin may ayında Prussiya parlamentini şəhərdən çıxardı. Parlamentdə liberallar çox olsa da, heç bir qanun və vacib sənəd qəbul edə bilməmişdirlər. Bir aydan sonra məclis buraxıldı. 1848-ci ilin dekabrında mart azadlıqlarını hələ də özündə saxlayan və kral tərəfindən təqdim olunan konstitusiya tətbiq edildi, lakin 1850-ci ildə yeni konstitusiya qəbul olunana kimi kralın lantaq tərəfindən qəbul edilmiş qərarları ləğv etmək hüququ saxlanırdı.
1849-cu ilin mayında lantaqın deputatlar palatasına üç dərəcəli secki sistemi tətbiq olundu, yəni vergi ödəyicilərinin ödədikləri verginin məbləğinə görə seçicilər üç dərəcəyə bölündü. Əgər birinci dərəcəyə daxil olanlar ən varlı seçicilər idisə, ikinci dərəcəyə bir qədər çox seçici, üçüncü dərəcəyə isə qalan əsas hissə daxil idi. Hər bir dərəcəyə daxil olan seçicilər eyni sayda, açıq səsvermə yolu ilə seçilirdilər. Bu seçki sistemi Prussiyada monarxiya ləğv edilənə kimi (1918-ci ilədək) yaşamışdır. Parlamentin yuxarı palatası isə torpaq aristokratlarının, yüksək din xadimlərinin, şəhərlərin ober-viromistlərinin nümayəndələrindən ibarət olmaqla, qeyri-demokratik yolla təyin (seçilir) olunurdu.
Lakin inqilab alman xalqının qarşısında duran və həllini gözləyən əsas məsələləri həll etmədi və məğlub oldu. Yəni Böyük Fransa burjua inqilabından fərqli olaraq çevriliş etmədən qaldı: monarxiya ləğv edilmədi, feodalizmin qalıqları aradan qaldırmadı. Ancaq bunlara baxmayaraq, feodalizmin bir sıra qalıqları ləğv edildi. Prussiyada və bir sıra alman dövlətlərində əhalinin bir sıra hüquq və azadlıqlarını təmin edən Konstitusiyalar qəbul edildi. Öz növbəsində bu da Almaniyada kapitalizmin inkişafına səbəb oldu.
İnqilab demokratik hərəkatın inkişafını, lokal üsyanların və kütləvi çıxışlarda fəhlələrin geniş iştiakını, inqilabi təşkilatların və onların liderlərinin rolunu göstərdi. Alman burjuaziyasının inqilabın radikallaşmasından ehtiyat etməsi alman dövlətlərində əksinqilabın güclənməsinə şərait yaratdı və onu liberal siyasi kursdan geri çəkdi.
Beləliklə, Almaniyanın aşağıdan inqilab yolu ilə birləşməsi mümkün olmadı. Odur ki, digər bir yolla birləşmək qarşıda dururdu və bu birləşmədə Prussiya monarxiyası əsas rol oynadı.
Dostları ilə paylaş: |