Rayon qərargahının əsas vəzifələri: - rayonun mülki müdafiə planını işləyib hazırlamaq və onun yerinə yetirilməsini təşkil etmək; - əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş hazırlığını daim təmin etmək; - əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin, xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; - kəşfiyyatı təşkil etmək və ona müntəzəm rəhbərlik etmək; - əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə, kimyəvi, bakterioloji və adi silahlardan, sülh mahiyyətli FH-dan mühafizəsinə dair tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; - mülki müdafiə xidmətləri və dəstələri şəxsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; - rayonun ərazisində yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir. Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mövcud qanunvericiliyin icrası ilə əlaqədar şəhər, rayon, qəsəbələrdə habelə, təyinatından və mülkiyyət formasından asılı olmayaraq obyektlərdə mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə olunmasını təmin etmək üçün yerli şəraiti və müvafiq bazanın olmasını nəzərə alaraq rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.
Rabitə xidməti - rayon (şəhər) rabitə təşkilatının bazası əsasında təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir, MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır, rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə qüvvə və vasitələrinin idarə olunmasını təmin edirlər.
Tibb xidməti - tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirlərini həyata keçirir, tibb dəstələrinin ixtisas hazırlığını təmin edir, zərər çəkmiş, zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.