Yerinə yetirdikləri vəzifələrə görə - obyektlərdə ümumi məqsədli mülki müdafiə dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaşdırılmış dəstələr yaradılır. Ümumi məqsədli MM dəstələri zədələnmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur. Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma mexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır. Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yardım, yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. xidmət dəstələri sayılır. Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edilən müəssisələrdə və s.)ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar (24 saat).
Rayonun mülki müdafiə qərargahı. Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şöbələrinin, idarələrinin və digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha adətən ştatda olan işçi (qərargah rəisi) rəhbərlik edir. Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan yerinə yetirir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin plan üzrə və məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır.
Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16 nəfərdən ibarət ola bilər: - qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis ve 1-2 köməkçi). Rayon İcra Başçısı rayon tabeliyində olan şəhərdə yerləşirsə, belə hallarda rayonun ve şəhərin birləşmiş mülki müdafiə qərargahı yaradılır, həmçinin rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir.