Sarkomastiqoforlara hərəkəti və qidanın tutulmasını yerinə yetirən yalançı ayaqları və qamçıları olan, sərbəst və parazit həyat tərzi keçirən birhüceyrəlilər daxildir. Bir sıra sarkodinlər qamçılar əmələ gətirir, bir çox qamçılılar isə yalançı ayaqlar əmələ gətirirlər. Buna görə sarkodinlərlə qamçılılar bir-birinə oxşardırlar və bir tipdə birləşirlər. Sarkomastiqoforlar tipinin 2 sinfi vardır: 1.Sarkodinlər (Sarcodina); 2.Qamçılılar (Mastigophora).
Sarkodinlər forma və quruluşlarına görə müxtəlif olub, 11000-dən çox növü vardır. Bu sinfin nümayəndələrini səciyyələndirən əsas xüsusiyyət onların xarici örtüyünün (pellikula) olmamasıdır. Bununla əlaqədar sarkodinlərdə bədən forması sabit olmayıb dəyişiləndir. Sarkodinlər sitoplazmatik çıxıntı (ayaqlar) əmələ gətirməklə hərəkət edirlər. Sarkodinlərin bədənləri sitoplazmadan, nüvədən və bir neçə orqanoidlərdən ibarətdir.
Sarkodinlərin bir çoxu üzvi və mineral tərkibli skeletə – qövqəyə malikdir. Qövqə sitoplazmanın ifraz etdiyi şirədən əmələ gəlir və mühafizə funksiyası daşıyır.
Sarkodinlər olduqca müxtəlif həyat tərzi keçirirlər. Böyük əksəriyyəti dənizlərdə yaşayır, bir çox növləri şirinsu hövzələrində, bir qismi isə torpaqda yaşamağa uyğunlaşmışdır. Sarkodinlərin az da olsa parazit formaları vardır (1,3 %-ə qədər).
Sarkodinlər sinfi daxilində 3 yarımsinif müəyyən edilir: 1.Kökayaqlılar (Rhizopoda); 2.Şüalılar (Radiolaria); 3.Günəşkimilər (Heliozoa).
Forma və quruluşlarına görə müxtəlif olan kökayaqlıları səciyyələndirən ümumi əlamət onların çılpaq olmaları və müvəqqəti protoplazmatik çıxıntılar – yalançı ayaqlar əmələ gətirmələridir. Yalançı ayaqlar (psevdopodi) hərəkət orqanoididir. Psevdopodilər bədənin müxtəlif nahiyələrində əmələ gəlib, yox ola bilir.
Kökayaqlılar yarımsinfi 3 dəstəyə bölünür: 1.Amöblər (Amoebina); 2.Qövqəli amöblər (Testacea); 3.Foraminiferlər və ya dəlikdaşıyanlar (Foraminifera).
1.Amöblər dəstəsi (Amoebina). Amöblərin geniş yayılmış növü adi amöbdür - Amoeba proteus (şəkil 44). Proteus amöbünün yalançı ayaqları nisbətən kökdür, uzundur və qurtaracağı kütdür. Yalançı ayaqların miqdarı müxtəlif sayda olur, hərəkətə və qidalanmaya xidmət edir.
Sitoplazmaya düşmüş qida həzm fermentləri ilə əhatə olunur və nəticədə endoplazmada həzm vakuolu əmələ gəlir. Həzm olunmayan qida hissəciyi bədənin hər hansı bir yerindən xaricə atılır.
Yumulan və ya ifrazat vakuolu qovuqşəkilli olub, ektoplazmanın altında yerləşmişdir və dövrü olaraq əmələ gəlir, yox olur.
Parazit amöblərdən dizenteriya amöbü (Entamoeba histolytica) ilk dəfə 1875-ci ildə F.A.Leş tərəfindən Peterburq şəhərində tapılmış və təsvir edilmişdir. Parazitin törətdiyi xəstəlik - dizenteriya xəstəliyi (amöbiaz) adlanır.
QAMÇILILAR SİNFİ – FLAGELLATA&MASTIGOPHORA
Qamçılılar sinfinin 6000-dən çox növü vardır. Sinfi səciyyələndirən əsas xüsusiyyət hərəkət orqanoidi vəzifəsini yerinə yetirən qamçıların olmasıdır. Qamçı sitoplazmanın nazik tükşəkilli çıxıntısı olub, növündən asılı olaraq bir və ya iki, bəzən də 4-8 və daha çox (hətta yüzlərlə) ola bilər. Sinfin az bir qismində (Rhizomastigida dəstəsi) müvəqqəti və ya daimi yalançı ayaqlar olur. Bu xüsusiyyət ona əsas verir ki, sarkodinlərlə qamçılılar bir-birinə yaxın formalardır. Digər tərəfdən, qamçılılarla bitkilər arasında ümumi əlamətlərin olması faktı da vardır. Qamçılıların bədəni müxtəlif formada, əsasən iyşəkilli, oval və ya şarşəkilli olurlar. Bədəni sitoplazmadan, nüvədən və həyat proseslərində iştirak edən bir çox orqanoidlərdən ibarətdir. Sitoplazma iki hissədən ibarət olub, xarici hissəsi ektoplazma, daxili hissəsi isə endoplazma adlanır. Sarkodinlərdən fərqli olaraq, qamçılıların bədən səthi ektoplazmanın qalınlaşmasından əmələ gələn pellikula ilə örtülmüşdür. Pellikula kifayət qədər möhkəmdir və ona görə də qamçılılar sabit bədən formasına malikdir. Pellikula elastiki və ya zireh formada ola bilir. Şirin sularda yaşayan qamçılılarda xüsusi ifrazat orqanoidi – yumulan vakuol olur. Yumulan vakuol qovuqşəkilli olub, rezervuarın yanında yerləşmişdir və daha mürəkkəb quruluşa malikdir.
Bədənin dal tərəfinə yaxın hissədə nüvə yerləşmişdir. Nüvə əsas orqanoid olub, kürəşəkilli formadadır, çoxalmada və bütün həyat proseslərində mühüm rol oynayır (şəkil 46).
Koloniya halında yaşayan qamçılıların praktiki əhəmiyyəti ilə yanaşı, onların nəzəri əhəmiyyəti olduqca böyükdür. Xüsusilə çoxhüceyrəli heyvanların əmələ gəlməsində keçid forma kimi onlar mühüm yer tuturlar. Eyni hüceyrələrdən təşkil olunmuş sadə quruluşlu qonium koloniyasında hüceyrələr arasında fərqli əlamətlər müşahidə edilməsə də ondan sonra gələn koloniyalarda fərdlərin artması ilə əlaqədar olaraq nəzərə çarpacaq fərqli əlamətlər meydana çıxır. Xüsusilə, volvoks koloniyasındakı fərdlər arasında olan müxtəliflik, cinsi hüceyrələr olan makroqamet və mikroqametlərin əmələ gəlməsi, koloniya üzvlərinin bir-birilə sitoplazmatik çıxıntılarla birləşməsi, izoqam kopulyasiyanın ooqamiya ilə əvəz olunması və s. onların çoxhüceyrəli heyvanlara başlanğıc verməsini sübut edən əsaslı əlamətlərdir.
Qamçılılar şirin sularda və dənizlərdə geniş yayılmışlar. Bir çox növləri isə müxtəlif heyvanlarda və insanlarda parazitlik edərək ağır xəstəliklər törədirlər. Əlverişsiz şəraitdə bütün ibtidailər kimi sistalaşırlar.
Təsnifatı. Qamçılılar sinfi iki yarımsinfə bölünür: 1.Bitki qamçılılar (Phytomastigina); 2. Heyvani qamçılılar (Zoomastigina).
Fitomastiginlər – xlorofilə və digər piqmentlərə malik xromatoforları olan əsl bitki qamçılılarıdır. Bəzi rəngsiz formaları ilə yanaşı parazit növləri də vardır. Autotrof və ya miksotrof yolla qidalanırlar, nadir hallarda holozoy qidalanma da müşahidə edilir.
Bitki qamçılılardan fərqli olaraq heyvani qamçılılarda xromatoforlar olmur. Qamçılarının sayı 1-2 və onlarla ola bilər. Heyvani qamçılılar heterotrof orqanizmlərdir. Əksər növləri parazit həyat tərzi keçirərək, bitki, heyvan və insanlar arasında təhlükəli xəstəliklər törədirlər.
SPORLULAR TİPİ – SPOROZOA
Sporlular böyük bir qrup ibtidai heyvanlar olub, 3600-ə qədər növü vardır. Sırf parazit həyat tərzi keçirərək, onurğasız və onurğalı heyvanların müxtəlif toxuma və orqanlarında yaşayırlar. Onların bəzi növləri isə insan və heyvanlarda dərin parazitlik etməklə təhlükəli xəstəliklər törədirlər.
Parazitliklə əlaqədar olaraq sporluların bir çox orqanoidləri ixtisar olunaraq, kəskin şəkildə dəyişikliyə uğramışlar. Onlarda hərəkət orqanoidləri, həzm vakuolu yoxdur. Sporluların qidalanması osmotik yolladır.
Sporlular üçün səciyyəvi xüsusiyyətlərdən biri onlarda mürəkkəb inkişaf mərhələsinin olması və spor əmələ gətirməsidir. Onlar spor mərhələsində fərdlərinin sayını çox sürətlə artıra bilirlər. Spor xaricdən möhkəm örtüyə malik olub, onların yayılmasında mühüm rol oynayır. Sporun daxilində bir və ya bir neçə rüşeym olur.
Sporlular qeyri-cinsi və cinsi yolla, həmçinin onların növbələşməsi ilə çoxalırlar.
Sporlular tipi 2 sinfə ayrılır: 1.Qreqarinlər – Gregarinina; 2.Koksidikimilər –
Coccidiomorpha.
KOKSİDİKİMİLƏR SİNFİ — COCCIDIOMORPHA
Koksidikimilər – hüceyrədaxili parazitlər olub, qreqarinlərdən fərqli olaraq onurğalı və onurğasız heyvanların orqan və toxumalarında parazitlik edirlər. Bunların əksəriyyətində cinsi və qeyri-cinsi çoxalmanın növbələşməsi müşahidə edilir.
Koksidikimilər sinfi 2 dəstəyə ayrılır: 1.Koksidilər (Coccidiida); 2.Qansporlular (Haemosporidia).
QANSPORLULAR DƏSTƏSİ – HAEMOSPORIDIA
Qansporlular 100-ə qədər növü birləşdirib, məməlilərin, quşların və sürünənlərin hüceyrədaxili parazitləridir.
Koksidilərlə qansporluların qohumluq əlaqələri olduğunu ilk dəfə 1887-ci ildə İ.İ.Meçnikov qeyd etmişdir. Onlar arasında başlıca fərq qansporlularda hərəkətli amöbvari şizontların olması və sporların olmamasıdır.
Digər sroplularda olduğu kimi, qansporlularda da hüceyrə xaricdən üçqatlı membranla örtülüdür. Apikompleksin hüceyrənin ön qütbündə yerləşməsi əsas təsnifat əlaməti hesab olunur. Apikompleksin əsas orqanoidləri konoid və mikroborulardır. Konoid və mikroborular polyar həlqədən başlayır və hüceyrənin arxa qütbünə qədər uzanır. Mikroboruların sayı hüceyrənin hərəkət aktivliyindən asılı olaraq dəyişir və sporluların növlərinin təyin olunmasında nəzərə alınır. Hüceyrənin apikal qurtaracağında polyar həlqədən sapşəkilli mikronemlər və butulkaşəkilli roptrilərin axarları keçir. Bu orqanoidlərin ifraz etdiyi fermentlərin parazitin sahib orqanizminə daxil olmasına xidmət etməsi güman edilir. Mikroporlar (məsamələr) parazitin sahib orqanizmindən osmotik yolla qida qəbul etməsini təmin edir (şəkil 48).
Qansporlular içərisində Plasmodium cinsindən olan sporlular daha böyük praktiki əhəmiyyət kəsb edərək, insanlarda malyariya xəstəliyini törədir. Malyariya plazmodisinin 4 növü məlumdur: Plasmodium vivax, P.malariae, P.falciparum, P.ovale. P.vivax – üçgünlük isitmə xəstəliyini törədir, hər 48 saatdan bir titrətmə baş verir. P.malariae – 72 saatdan bir titrətmə verən dördgünlük isitmə xəstəliyini törədir. P.falciparum – malyariyanın daha ağır forması olan tropik malyariya xəstəliyini törədərək, qeyri-müntəzəm (24-48 s) və uzun sürən titrətmə verir. P.ovale – Afrika və Asiyada yayılaraq 48 saatdan bir titrətmə ilə nəticələnən malyariyanın törədicisidir.
İNFUZORLAR TİPİ – CILIOPHORA&INFUSORIA
Başqa ibtidai heyvanlara nisbətən infuzorlar tipinin nümayəndələri daha mürəkkəb quruluşa malikdirlər. İnfuzorların bədəni pellikula ilə örtülüdür. Pellikulanın olması ilə əlaqədar olaraq onların nisbətən sabit bədən forması vardır. İnfuzorlar üçün səciyyəvi xüsusiyyətlərdən biri onlarda kirpiklərin olmasıdır. Bir qrup infuzorlarda kirpiklər çox sıx, bir qismində kirpiklər bədənin müəyyən nahiyəsində yerləşmiş olur. Sorucu infuzorlarda isə kirpiklər ancaq inkişafın ilk mərhələsində olur və sonradan itirlər. Kirpiklər yaxşı inkişaf etmiş hərəkət orqanoidləridir. Digər tərəfdən, onlar həmçinin qidanın tutulmasında da iştirak edirlər. İnfuzorlar üçün səciyyəvi xüsusiyyətlərdən biri də onlarda iki tip nüvə aparatının olmasıdır. Nüvələrdən biri nisbətən iri olub makronukleus, digəri isə kiçik olub mikronukleus adlanır. Növlərindən asılı olaraq infuzorların böyük və kiçik nüvələri bir neçə ədəd ola bilir. Mikronukleus cinsi (generativ) nüvə adlanır və cinsi çoxalma prosesində əsas rol oynayır. Makronukleus isə somatik (vegetativ) nüvə adlanaraq cinsi çoxalmadan başqa infuzorun bütün həyat prosesində iştirak edir.
İnfuzorlar tipinin 6000-dən çox növü vardır. Onlar dəniz və şirin su hövzələrində, nəm torpaqda, bəzi növləri isə insan və heyvanların bədənində yaşamağa uyğunlaşmışdır.
Parazit formalardan balıqlarda Trichodina cinsinin növləri, insanlarda isə Balantidium coli növü geniş yayılmışdır. Ophryoscolecidae fəsiləsinə mənsub olan növlər gövşəyən heyvanların mədəsində yaşamağa uyğunlaşmışdır.
(Suctoria).
KİRPİKLİ İNFUZORLAR SİNFİ – CILIATA
Kirpikli infuzorların bədəni bütün ömrü boyu kirpiklərlə örtülü olur. Həyat tərzi və qidalanmaları çox müxtəlifdir.
İnfuzorlar müxtəlif bədən formasına malikdirlər. Əksər infuzorların bədəni üzmə həyat tərzi ilə əlaqədar uzunsovdur. Buna adi tərlik (Paramecium caudatum) misal ola bilər. İnfuzorların ölçüləri də müxtəlifdir, hətta 2 mm-ə qədər uzunluqda olan iri növləri də vardır (Spirostomum).
İnfuzorların bədəninin üzəri möhkəm, nazik pellikula ilə örtülüdür. Pellikula mürəkkəb quruluşludur, şəffafdır və həmçinin elastikidir. Elastiklikdən asılı olaraq infuzorlar bədənlərini müəyyən dərəcədə dəyişə bilirlər. Boruşəkilli bədənə malik olan stentor infuzoru kürəşəkilli forma ala bilir.
Kirpiklər mənşə etibarilə qamçılıların qamçısına oxşar olub, qısa olmaları ilə ondan fərqlənir. Kirpiklərin sayı təqribən 10000-dən 15000-ə qədərdir və hərəkət orqanoididir. Kirpiklər sitoplazmada yerləşən bazal danəciyindən başlanır və ritmik hərəkət edirlər.
Kirpikli infuzorların sitoplazması nəzərə çarpacaq dərəcədə iki hissəyə ayrılır. Onlardan biri nisbətən açıq və möhkəm olan xarici hissə - ektoplazma, digəri isə nisbətən duru və dənəvər olan daxili hissə - endoplazmadır. Ektoplazma mürəkkəb quruluşlu olub, bir çox orqanoidlərin əmələ gəlməsində rol oynayır. İnfuzorların üzərini örtən pellikula, kirpiklər və bazal danəciyi ektoplazmanın məhsuludur. Ektoplazmada pellikulaya perpendikulyar yerləşən trixosistlər də vardır. Trixosistlər uzunsov formada olub, infuzor qıcıqlandırıldıqda sapşəkilli formada açılaraq müdafiə və hücum orqanoidi vəzifəsini görür. Açılmış trixosistlər korlanır və yenisi ilə əvəz olunurlar. Trixosistlər qanunauyğun şəkildə kirpiklərin arasında yerləşir və onların da sayı kirpiklər kimi çoxdur (şəkil 50).
Həzm orqanoidləri sitostom adlanan ağızla başlanır. Əksər infuzorlarda sitostom peristom adlanan ağızətrafı çökəklikdə yerləşir. Bakteriyalarla qidalanan bir çox infuzorlarda peristom spiral şəklində yerləşən membranellərlə (daha uzun kirpiklərlə) əhatə olunmuşdur. Kirpiklərin və membranellərin titrək hərəkəti suda cərəyan yaradaraq qidanı ağıza doğru hərəkət etdirir.
Hüceyrə ağzından daxilə sitofarinks adlanan udlağabənzər kanal açılır. İnfuzor qidalanarkən qida peristom hissədən sitostoma, oradan sitofarinksə, oradan da endoplazmaya düşür.
Qida daxilə düşdükdən sonra həzm vakuolu əmələ gəlir. Endoplazmaya düşən qidanın miqdarından asılı olaraq bir o qədər də həzm vakuolu əmələ gəlir.
Vakuolda qidanın həzm olunması sitoplazmanın ifraz etdiyi xüsusi fermentlər vasitəsilə olur. Həzm olunmayan hissəciklər bədənin müəyyən hissəsində pellikulada yerləşən sitoprokt adlanan xüsusi dəlik vasitəsilə xaricə atılır. Bu dəliyi ancaq lazımsız hissəciklər xaric olarkən görmək olar.
İnfuzorlarda ifrazat məhsullarını xaric etməyə xidmət edən bir, iki və ya bir neçə yumulan vakuollar vardır. Yumulan vakuolların ətrafında ulduzşəkilli gətirici kanalcıqlar vardır. Bu kanalcıqlar bədəndə olan lazımsız maddələri toplayır və yumulan vakuola verirlər. İfrazat vakuolları növbə ilə yumulub açılaraq bədəndə olan lazımsız maddələri xaric edirlər.
İnfuzorların mühüm orqanoidlərindən biri nüvədir. Nüvələrin sayı ayrı-ayrı növlərdə müxtəlifdir. Tərlikdə bir makronukleus və bir mikronukleus, P.aurelia növündə isə iki mikronukleus vardır. Makronukleus vegetativ nüvə, mikronukleus isə cinsi və ya generativ nüvə olub, bütün kirpikli infuzorlar üçün xarakterikdir.
ÇOXHÜCEYRƏLİLƏR YARIMALƏMİ – METAZOA
Birhüceyrəlilərdən fərqli olaraq çoxhüceyrəlilərdə hüceyrələr çoxqatlıdır. Xarici qatda yerləşən hüceyrələr bütöv lövhəşəkilli ötrük əmələ gətirərək heyvanın bədənini xarici mühitdən təcrid edir, çoxhüceyrəli quruluşa malik heyvanlarda orqanizmdaxili mühitin yaranmasına şərait yaradır. Bu təcrid çoxhüceyrəli heyvanlarda ayrı-ayrı sistemlərin yaranmasına səbəb olur. Təkamül prosesində bədən örtüyü təkmilləşmiş, heyvanın daxili mühitinin davamlılığının saxlanmasına xidmət etmişdir. Çoxhüceyrəli orqanizm üçün vacib olan bütün orqanlar və orqanlar sistemi həmin daxili mühit şəraitində inkişaf etmiş və təkamül prosesində yüksək ixtisaslaşmış əlamətlər qazanmışdır.
Çoxhüceyrəlilərin mənşəyi və təkamülü barədə bir çox mülahizələr mövcuddur.
Çoxhüceyrəlilərdə bədən çoxsaylı hüceyrələrdən ibarət olur, lakin ibtidailərin koloniyalarında da (Eudorina, Volvox və s.) çoxhüceyrəlilik müşahidə olunur. Bu koloniyalarda cinsi hüceyrələrdən başqa digər hüceyrələr az və ya çox dərəcədə bir-birinə oxşardır. Çoxhüceyrəlilərin orqanizmində isə hüceyrələr həm quruluş, həm də funksiya etibarilə müxtəlif istiqamətlərdə diferensasiya etmiş, orqanizmin hissələri olmaqla müstəqilliyini itirmişdir. Çoxhüceyrəlilərin xarakterik xüsusiyyəti onların həyat tsiklində mürəkkəb fərdi inkişafın olmasıdır. İbtidailərdə ontogenez hüceyrə səviyyəsində baş verir, kirpik aparatı, qidanın tutulmasına kömək edən orqanoidlər, hərəkət orqanoidləri bu inkişafın məhsuludur.
Çoxhüceyrəlilərin birhüceyrəlilərdən əmələ gəlməsi barədə mülahizələr qəbul edilsə də, bu prosesin hansı yolla getməsi mübahisəlidir. Müxtəlif qruplara mənsub olan bir çox ibtidailərdə çoxhüceyrəli quruluş qazanmaq meyli müşahidə olunur. Bu xüsusiyyət şüalılarda, opalinlərdə özünü büruzə verir. İnfuzorlarda nüvə dualizmini çoxhüceyrəliliyə meyl kimi qəbul etmək mümkündür. Miksosporidilərdə müxtəlif hüceyrə törəmələrinin əmələ gəlməsinə həqiqi çoxhüceyrəliliyin başlanğıcı kimi baxmaq olar.
Somatik və cinsi hüceyrələrdən ibarət koloniyalara əsaslanan Hekkel (1874) qastreya nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə əsasən çoxhüceyrəlilərin uzaq əcdadı ibtidailərin kürəşəkilli koloniyaları olmuşdur. Hekkel ontogenezdə rüşeym qatının (entoderma) daxilə çökməsi (invaginasiya) nəticəsində ikiqatlı mərhələnin (qastrula) əmələ gəlməsini təsdiq edən embriologiyanın məlumatlarına əsaslanmışdır. Filogenezdə kürəşəkilli blastulaya bənzər orqanizmin bir qatı daxilə çökmüş, ağız dəliyi vasitəsilə xaricə açılan ilk bağırsaq boşluğu əmələ gəlmişdir. Belə quruluşu olan ikiqatlı orqanizm qamçıların köməyilə suda üzmüş, cinsi yolla çoxalmış və bütün çoxhüceyrəlilərin əcdadı olmuşdur. Qastreya nəzəriyyəsi ikiqatlı çoxhüceyrəli hidraya aid edilə bilər.
Çoxhüceyrəlilərin təkamülündə əhəmiyyətli yer tutan nəzəriyyə Meçnikovun faqositella nəzəriyyəsidir. İbtidai çoxhüceyrəlilərin ontogenezini öyrənərkən Meçnikov onların entodermasının daxilə çökməsi yolu ilə deyil, ayrı-ayrı hüceyrələrin blastula boşluğuna köçməsi yolu ilə baş verdiyini müəyyən etmişdir. Burada onlar əvvəlcə yumşaq, sonra isə sıx daxili qatın başlanğıcını əmələ gətirir, bu sıx hüceyrə qatından bağırsaq boşluğu və ilk ağız əmələ gəlir. Sıx entoderma başlanğıcı olan mərhələ süngərlərin və bağırsaqboşluqluların inkişafında mövcuddur. Meçnikova görə də çoxhüceyrəlilər koloniya halında yaşayan qamçılılardan əmələ gəlmişdir, lakin filogenezdə daxili rüşeym qatının əmələ gəlməsi daxilə çökmə yolu ilə deyil, koloniya boşluğuna çökmüş hüceyrələr tərəfindən həyata keçirilmişdir. Bu proses hüceyrədaxili həzmlə əlaqədar olmuş və daxili hüceyrə təbəqəsi Meçnikov tərəfindən faqositoblast adlandırılmışdır. Meçnikovun bu nəzəriyyəsi faqositella adlandırılır.
VII mühazirə
BAĞIRSAQBOŞLUQLULAR TİPİ – COELENTERATA&CNIDARIA
Bağırsaqboşluqlular tipinə aid olan heyvanlar sadə quruluşlu çoxhüceyrəlilərdir. Bağırsaqboşluqlular ikili təbiətə malik heyvanlardır. Vaxtilə Aristotel də göstərmişdir ki, bağırsaqboşluqluların qidalanması, xarici qıcıqlara cavab verməsi heyvani xüsusiyyət, sadə quruluşlu olmaqla, substrata yapışaraq oturaq həyat tərzi keçirməsi isə bitkiyə oxşarlıq əlamətidir. Bağırsaqboşluqluların əksəriyyəti radial və ya şüalı simmetriyalı quruluşa malikdir. Yüksək inkişaf etmiş formalarda (mərcan poliplərində) ikiyansimmetriya və ya bilaterial simmetriya da müşahidə olunur.
Bağırsaqboşluqluların bədəni iki qatdan ibarətdir. Xarici qatı ektoderma, daxili isə entoderma adlanır, hər iki qatın arasında bağırsaqboşluqluların inkişaf səviyyəsindən asılı olaraq, nazik elastiki lövhəcik – bazal membranı (hidralarda, dəniz hidroid poliplərində) və ya mezoqley (hidromeduzalarda, ssifomeduzalarda, mərcan poliplərində) inkişaf etmişdir.
Bağırsaqboşluqlular sadə quruluşlu olsalar da onlarda çox müxtəliflik müşahidə olunur. Bu müxtəliflik əsasən mürəkkəb koloniyanın əmələ gəlməsi və bir-birinə oxşamayan polip və meduza formalarının olması ilə əlaqədardır (şəkil 52). Polip formalar kisəşəkilli olub, oturaq həyat tərzi keçirir. Meduza isə çətir və ya dairəşəkillidir və aktiv üzmək qabiliyyətinə malikdir.
Bağırsaqboşluqlular üçün səciyyəvi xüsusiyyətlərdən biri onlarda dalayıcı hüceyrələrin olmasıdır. Bu hüceyrələr bağırsaqboşluqluların müdafiə olunmasında və şikarların tutulmasında iştirak edir.
Bu tipə aid olan heyvanlarda bir boşluq vardır ki, buna qastral boşluq deyilir. Bu boşluğun olmasına görə də onlara bağırsaqboşluqlular adı verilmişdir.
Bağırsaqboşluqluların həzm sistemi sadə quruluşlu olub, ağız adlanan dəliklə başlanır. Ağız qastral boşluğa açılır. Qida qastral boşluqda həzm olunur. Bununla yanaşı bağırsaqboşluqlularda hüceyrədaxili də həzm baş verir. Qastral boşluqda həzm olunmayan qida hissəcikləri və ifrazat məhsulları da ağız dəliyi vasitəsilə xaric olunur. Hidroidlərdən fərqli olaraq meduzalarda mezoqleyin yaxşı inkişaf etməsilə əlaqədar boşluqda həlqəvi və radial kanallar sistemi vardır. Ona görə də bu boşluq qastrovaskulyar boşluq adlanır.
Süngərlərdən fərqli olaraq bağırsaqboşluqlularda sinir hüceyrələri vardır. Sadə quruluşlu formalarda sinir hüceyrələri diffuz xarakterlidir, meduzalarda isə sinir hüceyrələri müəyyən yerlərdə toplanaraq daha mürəkkəb quruluşlu olur.
Cinsi çoxalmasına görə bağırsaqboşluqluların əksəriyyəti müxtəlifcinsli, bir qismi də hermafroditdir. Hidroidlər kimi sadə quruluşlu formalarda cinsi məhsullar ektodermada, ssifoidlər, mərcan polipləri kimi daha yüksək quruluşlu formalarda isə entodermada inkişaf etmişdir.
Bağırsaqboşluqluların 9000-ə qədər növü vardır. Onlar 3 sinfə ayrılırlar:
1. Hidroidlər— Hydrozoa
2. Ssifoidlər—Scyphozoa
3. Mərcan polipləri—Anthozoa
Bağırsaqboşluqluların 9000-ə qədər növü vardır. Onlar 3 sinfə ayrılırlar:
1. Hidroidlər— Hydrozoa
2. Ssifoidlər—Scyphozoa
3. Mərcan polipləri—Anthozoa
İLKAĞIZLILAR – PROTOSTOMIA
YASTI QURDLAR TİPİ – PLATHELMINTHES
Helmintologiya ən qədim tarixə malik elm sahələrindən biridir. Bu elm barədə ilk məlumatlar b.e.ə. VI əsrə təsadüf edir. Məşhur Ebers papirusunda (b.e.ə. VI əsr) insanın parazit qurdları – xüsusən askarid və teniyalar barədə məlumatlar mövcuddur. Papirusda insanın qurd xəstəliklərinin müalicəsi və qurdların insan orqanizmində məhv edilməsi yolları da göstərilir.
Helmintologiya terminini elmə ilk dəfə Hippokrat (b.e.ə. 460-370) daxil etmiş, uşaqlarda askaridoz, tenioz və exinokokkoz əlamətlərini təsvir etmişdir. Lakin Hippokrat qurdlar və həşəratların sürfələrini ayırd edə bilməmişdir. Aristotelin sistematikasında da helmintologiya adı altında parazit qurdlar və həşərat sürfələri birləşdirilmişdir.
Helmintologiya zooloji sistematikada bir elm kimi: 1)XVII əsrin ortalarından XVIII əsrin ortalarına qədər - Françesko Redidən (1626-1698) K.Linneyə qədər inkişaf dövrünə; 2)XVIII əsrin ortalarından XIX əsrin ortalarına qədər - K.Linneydən Steyenstrup və Kyuxenmeysterə qədərki dövr; 3)XIX əsrin ortalarından XX əsrə qədərki dövr – eksperimental istiqamət dövrü; 4)XX əsrdən başlayan helmintologiyanın çiçəklənməsi dövrlərinə bölünür.
Helmintlərin öz-özünə əmələ gələn ət qurdları olması barədə təsəvvürlər hələ Aristotel dövründən məlumdur. F.Redi “Canlı heyvanların daxilində yaşayan heyvanlar üzərində müşahidələr” (1684) adlı əsərində helmintlərin biologiyası və onların sahibləri olan müxtəlif onurğalı heyvanlar barədə öz müşahidələrini təsvir etmişdir. O, digenetik sorucuların sürfə mərhələlərini izləmiş, ilk dəfə insan askaridinin cinsi yolla mayalanmış yumurtadan inkişaf etdiyini qeyd etmişdir.
K.Linney qurdları Vermes sinfində birləşdirmiş, parazit qurdların sərbəst yaşaya bilməsi fikrini səhv olaraq təsdiq etmişdir. Bu dövrdə Karl Asmund Rudolfi (1771-1832) Nematoda, Acanthocephala, Trematoda, Cestoidea siniflərinə daxil olan qurdları təsvir etmiş, trematodların hermafrodit orqanizmlər olduğunu ilk dəfə elmə daxil etmişdir (hermafrodit termini Rudolfiyə məxsusdur). Bu tədqiqatlara görə Rudolfi “helmintologiyanın atası” adlandırılmışdır.
Helmintologiyanın inkişaf tarixində Steyenstrupun (1842) helmintlərin inkişafında generasiya prosesinin olduğunu, serkarinin sərbəst yaşayan bir orqanizm deyil, trematodların qeyri-cinsi çoxalma mərhələsindən əmələ gələn sürfə mərhələsi olduğunu sübut etməsi böyük dönüş yaratmışdır.
1852-ci ildə Kyuxenmeyster teniidlərin inkişaf dövriyyəsi barədə təcrübələr aparmış, Cysticercus fasiolaria ilə yoluxmuş siçan və siçovulların qaraciyərini pişiklərə yedizdirmiş, nəticədə pişiyin bağırsağında cinsi yetkin mərhələyə çatmış Hydatigera taeniaeformis sestodunu tapmışdır. Kyuxenmeyster qoyun beyin qurdunun Multiceps multiceps cinsi yetkin mərhələsini də təcrübə ilə əldə etmişdir.
1861-ci ildə Leykart öküz soliterinin Taeniarhynchus saginatus insan orqanizmindən xaric olunmuş buğumları ilə cavan buzovları yoluxdurmuş, buzovların finna ilə yoluxmasını təcrübə ilə təsdiq etmişdir.
Helmintologiyanın müasir tədqiqatları qurdların Vermes tipində birləşdirilməsini məqsədəuyğun hesab etmir, bu tipdə müxtəlif taksonomik əlamətlərə malik qurdlar birləşdirildiyi üçün Skryabin və Şults (1929, 1931, 1940) bu tipi süni tərtib olunmuş tip hesab edirlər. V.N.Beklemişyev (1944) “Onurğasızların müqayisəli anatomiyası” əsərində qurdların morfoloji və filogenetik əlaqələrini tədqiq edərək, helmintoloji sistematikada müasir tipləri qeyd etmişdir.
Vermes tipinin müasir müstəqil tiplərə - Plathelminthes, Nemathelminthes, Nemertini, Annelida bölünməsi sahəsində Skryabin, Şults, Paromonov, Dogel və s. alimlərin böyük xidmətləri olmuşdur.
Yastı qurdlar tipinə daxil olan orqanizmlərin bədəni yarpaqşəkilli və yaxud lentşəkilli olub, adətən, dorzoventral (bel və qarın) istiqamətdə yastılaşmışdır. Bunlar ikiyansimmetriyalı quruluşa malikdirlər. Yastı qurdlar sadə quruluşlu, üçqatlı heyvanlardır. Yastı qurdlarda ektoderma və entoderma qatları ilə yanaşı mezoderma qatı da inkişaf etmişdir.
Bədən ölçüləri bir neçə mm-dən bir neçə metrə çatır. Bəzi növlərdə orqanlar qanunauyğun şəkildə təkrar olunur. Bu da bədənin buğumlu olmasına səbəb olmuşdur.
Yastı qurdların bədəni üst hissədən dəri-əzələ kisəsi ilə örtülmüşdür. Dəri-əzələ kisəsi çoxqatlı və mürəkkəb quruluşlu epiteli və onun altında yerləşən əzələ liflərindən təşkil olunmuşdur. Dəri-əzələ kisəsində əzələlərin yığılması nəticəsində qurdvari hərəkət əmələ gəlir. Parazit formalarda bədən xaricdən möhkəm kutikula ilə örtülmüşdür.
Yastı qurdlarda bədən boşluğu yoxdur. Daxili orqanların arası parenxima adlanan mezoderma mənşəli toxuma ilə dolmuşdur. Ona görə də yastı qurdları çox vaxt parenximatoz qurdlar adlandırırlar.
Həzm orqanları iki şöbədən - ektodermal mənşəli ön bağırsaq adlanan udlaqdan və entodermal orta bağırsaqdan ibarətdir. Orta bağırsaq əksər halda şaxələnərək kor qurtaracaqla nəhayətlənir. Onlarda dal bağırsaq və anal dəliyi yoxdur. Bir çox parazit formalarda (lentşəkilli qurdlarda) həzm sistemi tamamilə reduksiya olunmuşdur.
Yastı qurdlarda bağırsaqboşluqlulardan fərqli olaraq, ilk dəfə ifrazat sistemi əmələ gəlmişdir.
Bütün yastı qurdlarda qan-damar və tənəffüs sistemi olmur. Tənəffüs prosesi bədən səthi vasitəsilədir. Parazit formalarda isə tənəffüs anaerob olur. Sinir sistemləri baş hissədə yerləşən cüt sinir düyünlərindən və onlardan uzanan çoxlu uzununa sinir sütunlarından ibarətdir. Onlardan da qarın və yan sütunlar adlanan iki sinir sütunu daha yaxşı inkişaf etmişdir.
Cinsi orqanlar sistemi mürəkkəb quruluşlu olub, nadir hal müstəsna olmaqla hermafroditdirlər. Cinsi sistem cinsi vəzlərin, cinsi kanalların, cütləşmə orqanının, ümumiyyətlə cinsi aparatın mürəkkəbliyi ilə xarakterizə olunur.
Yastı qurdlar tipi 4 sinfə bölünür: 1.Kirpikli qurdlar və ya turbellarilər (Turbellaria); 2.Digenetik sorucular (Trematoda, Digenea); 3.Monogenetik sorucular (Monogenea); 4.Lentşəkilli qurdlar (Cestoidea).
Kirpikli qurdlar dəniz və şirin sularda sərbəst həyat tərzi keçirirlər. Digər siniflərin nümayəndələri parazit formalardır. Parazitlik edən yastı qurdların quruluşunda və biologiyasında həyat şəraitindən asılı olaraq müxtəlif xüsusiyyətlər əmələ gəlmişdir.
Yastı qurdları təyin etmək üçün təyinetmə cədvəllərindən istifadə olunur. Bu cədvəllər ümumi qayda üzrə tezis və antitezis əsasında tərtib olunur. Axtarılan əlamətlər birinci bəndin göstəricilərinə uyğun gəlirsə, antitezisdə göstərilən əlamətə əks olmalıdır, bu üsulla təyin olunan növ düzgün hesab olunur. Məsələn, yastı qurdları təyin edərkən cədvəldə aşağıdakı göstəricilər olmalıdır:
1(2) Bədən yarpaq şəklindədir.
2(1) Bədən lent şəklindədir.
Təyinetmə cədvəllərində yastı qurdlar üçün xarakterik olan xüsusiyyətlər öz əksini tapmalıdır: ağız və qarın sormaclarının quruluşu, yerləşmə vəziyyəti, həzm sisteminin quruluş tipi (qapalı və ya açıq) bağırsaq şaxələri və cinsi orqanların quruluşu, cinsi vəzilərin quruluş xüsusiyyətləri, cinsi dəliyin ağız və qarın sormaclarına nisbətən yerləşməsi və s.
KİRPİKLİ QURDLAR VƏ YA TURBELLARİLƏR SİNFİ – TURBELLARIA
Kirpikli qurdlar və ya turbellarilər yastı qurdların əsas siniflərindən olub, 3000-ə qədər növü vardır. Onlar dəniz və okeanlarda, şirin su hövzələrində yaşayırlar. Kirpikli qurdların əksəriyyəti dib (bentos) həyat tərzi keçirir. Bununla yanaşı rütubətli torpaqda, tökülmüş yarpaqların altında yaşayan formaları da vardır. Kirpikli qurdların böyük əksəriyyəti yırtıcıdır, az bir qismi isə parazitliyə uyğunlaşmışdır.
Kirpikli qurdların bədəni, adətən yarpaqşəkilli formadadır və uzununa istiqamətdə dartılmışdır. Əksəriyyətinin bədəni hamar olub, əlavə çıxıntısı yoxdur. Bəzi növlərdə bədənin ön hissəsində iki çıxıntı olur. Kirpikli qurdlar ölçülərinə görə kiçik orqanizmlərdir. Onlar bir neçə mm, bəzən də bir neçə sm-ə qədər olurlar. Bununla belə onların iri formaları da vardır. Ən iri formalarından biri Polycotylus Baykal gölündə yaşayır və uzunluğu 30 sm-dir. Tropik zonada torpaqda yaşayan bəzi formaları 50-60 sm uzunluqda olur.
Kirpikli qurdların bədəninin üzəri birqatlı kirpikli epiteli ilə örtülmüşdür. Epitelinin altında çoxlu miqdarda selikli, yapışqanlı və zülali maddələr ifraz edən vəzlər vardır. Bu vəzlərin axarı bədən səthinə açılır və müxtəlif funksiyalar daşıyır. Selikli vəzlərin ifraz etdiyi maddələr turbellarinin sürüşməsinə şərait yaradır. Yapışqanlı vəzlərin ifraz etdiyi sapşəkilli maddə vasitəsilə heyvan sualtı əşyalara yapışır. Zülali vəzlər müdafiəyə xidmət edən zəhərli maddələr əmələ gətirirlər. Epiteli rabdit adlanan uzun çubuqşəkilli hüceyrələrə malikdir. Qıcıqlanma zamanı rabditlər hüceyrədən xaricə atılaraq, zəhərli maddələr ifraz edərək müdafiə və hücum funksiyası yerinə yetirirlər. Ona görə də, bir çox turbellarilər digər heyvanlar tərəfindən yeyilmirlər.
Epitelinin altında nazik bazal pərdəsi ilə ayrılan əzələ lifləri yerləşmişdir. Epitelinin altında həlqəvi və ya eninə əzələ lifləri yerləşir. Əzələlər dəri epitelisi ilə birləşərək dəri-əzələ kisəsini əmələ gətirirlər.
Yastı qurdlarda olduğu kimi, turbellarilərdə də daxili orqanların arası parenxima ilə dolmuşdur. Parenxima mezoderma mənşəli birləşdirici toxumadan əmələ gəlmişdir. Parenxima hüceyrələrinin arasında çoxlu miqdarda əzələ lifləri, vəzli hüceyrələr və rabditlər yerləşmişdir.
Bağırsaqboşluqlularda və daraqlılarda olduğu kimi, kirpikli qurdlarda da həzm sistemi qapalıdır. Qida ağız dəliyindən daxil olur və həzm olunmayan hissəciklər ağız dəliyi vasitəsilə xaricə atılır. Əksəriyyətinin bağırsağı iki hissədən – ektodermal ön (udlaq) və entodermal orta bağırsaqdan ibarətdir. Ağız dəliyi, adətən qarın tərəfdə, bəzən bədənin ön və yaxud arxa tərəfinə
yaxın yerləşir.
Bir qisim turbellarilərdə udlaq olmur, ya da çox qısalmış sadə boru şəklindədir. Bu qurdlarda həzmə xidmət edən hüceyrələr parenximada yerləşir və orta bağırsaq olmur. Belə sadə həzm sistemi dənizlərdə yaşayan və bağırsaqsızlar (Acoela) dəstəsində birləşən ibtidai turbellarilərə xasdır.
Digər turbellarilərdə udlaq güclü əzələlərlə təchiz olunub, xaricə çıxmaq qabiliyyətinə malikdir. Belə udlaq tutucu və ya sorucu aparat rolunu oynayır.
Orta bağırsaq müxtəlif quruluşda ola bilir. Bir qisim turbellarilərdə orta bağırsaq şaxələnmir, kisə şəklindədir. Belə quruluş əsasən kiçik turbellarilərdə müşahidə olunur. İri ölçülü turbellarilərdə orta bağırsaq az və ya çox şaxələnərək, müxtəlif istiqamətlərdə özündən şaxələr verir: şaxələrdən biri bədənin ön tərəfinə doğru, digər şaxələr müxtəlif istiqamətlərdə uzanır. Bu quruluş dənizlərdə yaşayan bağırsağıçoxşaxəlilər (Polycladida) dəstəsinə aid olan turbellarilərə xasdır.
Nəhayət, bağırsağıüçşaxəlilər (Tricladida) yarımdəstəsinə aid olan turbellarilərdə udlaq birbaşa üç şaxəli orta bağırsağa açılır: şaxələrdən biri önə, ikisi isə arxaya doğru uzanır. Bu şaxələr də öz növbəsində şaxələnir. Bu yarımdəstəyə əsasən şirin sularda yaşayan turbellarilər daxildir.
Orta bağırsağın belə şaxələnməsi turbellarilərdə qan-damar sisteminin olmaması ilə izah olunur. Orta bağırsaq təkcə həzmdə iştirak etmir, qidalı maddələrin bütün bədənə yayılmasında da rol oynayır. Qidanın bir hissəsi bağırsaqda, bir hissəsi isə faqositar funksiya daşıyan hüceyrələrdə həzm olunur. Beləliklə, kirpikli qurdlarda da bağırsaqboşluqlularda olduğu kimi, hüceyrədaxili həzm baş verir.
Bütün yastı qurdlarda olduğu kimi, turbellarilərdə də dal bağırsaq və anal dəliyi yoxdur.
İfrazat sistemi protonefridial tipdədir. İlk dəfə ifrazat orqanları turbellarilərdə müşahidə olunur. İfrazat sistemi güclü şaxələnmiş kanallardan ibarətdir. Nisbətən nazik kanalcıqlar kor qurtaracaqlı terminal adlanan hüceyrələrlə, əsas kanallar isə ifrazat dəliyi ilə nəhayətlənir. Terminal hüceyrələr armudşəkilli formada olub, ulduzşəkilli çıxıntılara malikdir və parenximada yerləşir. Hüceyrənin daxili boşluğunda uzun kirpikciklər vardır. Bu kirpiklərin hərəkəti alovun titrəməsini xatırladır və ona görə də «kirpikli alov» adlanır. Terminal hüceyrələr vasitəsilə bədəndə olan ifrazat məhsulları toplanır, kiçik kanalcıqlardan iri şaxələrə, daha sonra əsas kanallara verilərək, xüsusi dəlik vasitəsilə xaric edilir.
Yastı qurdlarda müşahidə edilən bu tip ifrazat sistemi protonefridial tipli ifrazat adlanır.
Müxtəlif turbellarilərdə ifrazat orqanları eyni dərəcədə inkişaf etməmişdir. Dənizlərdə yaşayan bir çox turbellarilərdə (bağırsağıçoxşaxəlilər və bağırsaqsızlar) yaşayış mühitindən asılı olaraq, ifrazat orqanları zəif inkişaf etmişdir.
Sadə quruluşlu formalarda sinir sistemi diffuz xarakterli, nisbətən inkişaf etmiş formalarda isə sinir düyünləri və onlardan uzanan sinir sütunlarından ibarətdir.
Kirpikli qurdların cinsi orqanları mürəkkəb quruluşlu olub, əksəriyyəti hermafroditdir. Cinsi orqanlar qonadaların sayına, quruluşuna və bir sıra əlavə törəmələrinə görə fərqlidir. Erkək cinsi vəzilər – toxumluqlar – tək, cüt və yaxud çoxlu miqdarda ola bilir (şəkil 64). Dişi cinsi orqanlar – yumurtalıqlar – adətən cüt, bəzən tək və çoxlu miqdarda olur. Daha primitiv quruluşlu turbellarilərdə yumurtalıqlar sadə quruluşludur. Belə sadə yumurtalıqlar az miqdarda yumurta sarısına və qabıq maddəsinə malikdir. Belə yumurtaları entolesital yumurtalar adlandırırlar. Nisbətən yüksək inkişaf etmiş turbellarilərdə yumurtalıqlar böyük və kiçik şöbəyə ayrılmışdır. Yumurtalıqların böyük şöbəsi sarılıq hüceyrələrini, kiçik şöbəsi isə yumurta hüceyrələrini qida ilə təmin edir. Bu şöbələr sonradan cüt yumurtalıqlara və sarılıqlara çevrilirlər. Əmələ gələn yumurta hüceyrələri yumurta sarısından məhrum olur. Mayalanmadan sonra sarılıq hüceyrələri ilə əhatə olunaraq ətrafında ümumi qişa formalaşır. Belə yumurtaları ektolesital yumurtalar adlandırırlar.
Toxumluq boruları və yumurta boruları adətən cüt olur, sonradan birləşərək tək boru əmələ gətirirlər. Bu borular erkək və dişi cinsi dəlik vasitəsilə birbaşa xaricə və ya qarın tərəfdə yerləşən ümumi kloakaya açıla bilir.
DİGENETİK SORUCULAR SİNFİ – TREMATODA&DIGENEA
Digenetik sorucular sinfinə 4900-a qədər növ daxildir. Digenetik sorucuların hamısı sırf daxili parazitlər (endoparazitlər) olub, insan və heyvanların daxili orqanlarında parazitlik edirlər.
Digenetik sorucular bir çox əlamətlərinə görə kirpikli qurdlara oxşasalar da parazit həyat tərzi ilə əlaqədar olaraq, bir çox dəyişikliyə uğramışlar. Onların yetkin formalarında kirpik, göz ixtisar olunmuşdur. Digər tərəfdən, digenetik sorucularda sahibin bədəninə yapışmağa xidmət edən ağız və qarın sormacları əmələ gəlmişdir. Digenetik sorucuların bədəninin üzəri tequment adlanan sitoplazmatik örtüklə örtülmüşdür.
Trematodların bədən ölçüləri müxtəlif olub, bir neçə mm-dən 4-5 sm-ə qədər, bəziləri də 8 sm uzunluqda olur. Bədənləri yarpaq və lansetşəkilli formada olub, dorzoventral istiqamətdə yastılaşmışdır (şəkil 65).
Turbellarilərdən fərqli olaraq, kirpik örtüyü yalnız sürfə mərhələsində olur, yetkin halda kirpik örtüyü olmur. Bədən tequmentlə örtülmüşdür və üzəri kutikulyar çıxıntı və qarmaqcıqlarla təchiz olunmuşdur.
Digenetik sorucularda sahibin bədəninə yapışmağa xidmət edən ağız və qarın sormacları əmələ gəlmişdir. Ağız sormacı bədənin ön hissəsində olub, orta hissəsində ağız dəliyi yerləşmişdir. Bu sormac həzm sistemi ilə əlaqəlidir. Qarın sormacı qarın nahiyədə, qaraciyər sorucusunda ağızdan bir qədər aralı yerləşmişdir. Bu sormac həzm sistemi ilə əlaqəli olmayıb, ancaq sahibin bədənindən yapışmağa xidmət edir. Yapışma orqanları bəzən daha güclü inkişaf edir. Balıqların mədəsində, molyuskların ürəkətrafı boşluğunda parazitlik edən Aspidogaster cinsindən olan sorucularda qarın sormacı mürəkkəb quruluşa malik olub, çox güclü inkişaf etmişdir.
Digenetik sorucuların dəri-əzələ kisəsi turbellarilərdə olduğu kimidir. Əsas fərq sorucuların dəri örtüyündədir. Elektron mikroskopu ilə müəyyən olunmuşdur ki, trematodların və sestodların bədəni tequmentlə örtülüdür. Tequment iki qatdan ibarətdir. Xarici qat sıx plazmatik membranla ayrılır. Membranın altındakı sitoplazma çoxlu kiçik vakuollardan, mitoxondrilərdən ibarətdir. Kutikulyar çıxıntılar da bu qatda yerləşmişdir. Bu qatın altındakı bazal membranı xarici qatla daxili qatı bir-birindən ayırır. Bazal membranının altında turbellarilərdə olduğu kimi həlqəvi, köndələn və uzununa əzələ qatı yerləşmişdir.
Həzm sistemi. Bədənin ön hissəsində ağız sormacının ortasında ağız dəliyi yerləşir. Ağızdan sonra (qaraciyər sorucusunda) kiçik udlaqönü boşluq, sonra əzələvi udlaq yerləşir (şəkil 66). Sormac, udlaqönü boşluq və udlaq sorucular üçün xarakterik olan sorucu aparatı təşkil edir.
Entodermal orta bağırsaq adətən iki şaxəyə ayrılır, bütün bədən boyu uzanaraq kor qurtarır. Qaraciyər sorucusunda bu şaxələr də öz növbəsində güclü şaxələnir. Digər sorucularda şaxələnmə dərəcəsi heyvanın ölçüsündən asılı olaraq müxtəlifdir.
İfrazat sistemi protonefridial tipdədir. İfrazat sisteminin əsasını bədən boyu uzanan əsas kanal təşkil edir. Bədənin kənarlarından əsas kanala doğru «kirpikli alov» adlanan hüceyrələrdən başlanan çoxlu miqdarda şaxələnmiş toplayıcı kanalçıqlar uzanır və ifrazat məhsullarını toplayaraq ümumi ifrazat kanalına verirlər. Ümumi kanal bədənin dal tərəfində yerləşən ifrazat dəliyi ilə xariclə əlaqələnir.
Bütün yastı qurdlarda olduğu kimi, sorucularda da tənəffüs və qan-damar sistemi yoxdur.
Turbellarilərə nisbətən trematodların sinir sistemi zəif inkişaf etmişdir. Sinir sistemi bir cüt sinir düyünündən ibarət olub, udlağın yanında yerləşir. Sinir düyünləri birləşərək udlaqətrafı sinir həlqəsini əmələ gətirir və onlardan üç cüt sinir sütunları uzanır: qarın, bel və yan sinir sütunları. Sinir sütunları bir-biri ilə sinir telləri (komissurlar) vasitəsilə birləşir. Qarın sinir sütunu nisbətən yaxşı inkişaf etmişdir.
Hiss orqanları. Endoparazitlərin həyat şəraiti onların görmə orqanlarının reduksiyasına səbəb olmuşdur. Ona görə bütün digenetik sorucularda yetkin mərhələdə gözlər olmur. Hiss orqanları dəridə olan toxunma hiss orqanlarıdır. Başqa hiss orqanları yoxdur.
Cinsi orqanlar sistemi mürəkkəb quruluşlu olub, növlərindən asılı olaraq müxtəlifdir. Əksəriyyəti hermafroditdir.
Erkək cinsi orqanlar sisteminin əsasını bir cüt toxumluq təşkil edir. Qaraciyər sorucusunda toxumluq güclü şaxələnmişdir. Hər bir toxumluqdan toxum borusu uzanır. Hər iki toxum borusu birləşərək toxumxaricedici kanala keçir və o da cinsi əlaqə orqanı olan sirrusla nəhayətlənir (şəkil 66).
Dişi cinsi orqanlar sistemi tək yumurtalıqdan ibarətdir. Yumurtalıqdan çıxan yumurta borusu kisəcik şəkilli ootipə açılır. Qaraciyər sorucusunda və bəzi sorucularda ootip olmur. Yumurta borusunun genişlənmiş hissəsi olan ootipə sarılıqların axarları açılır. Sarılıqlar bədənin hər iki yan hissəsində yerləşir və kiçik qovuqcuqlar şəklində olub follikullar adlanır. Sarılıqlarda qidalı sarılıq hüceyrələri hazırlanır. Sarılıq hüceyrələri hər iki sarılıqdan kiçik kanalcıqlarla axaraq iri sarılıq kanalına, onlar da birləşərək tək sarılıq kanalı vasitəsilə ootipə düşür. Ootip Melis cisimciyi adlanan çoxlu vəzli hüceyrələrlə əhatə olunmuşdur. Melis çisimciyi maye ifraz edir və o da buraya tökülür. Ootipdən boru şəklində balalıq başlanır. Qarın sormacının yaxınlığında balalıq nazilir və dişi cinsi dəlik vasitəsilə cinsi kloakaya açılır. Bundan başqa, ootipdən bədənin bel tərəfinə doğru bir kanal uzanır ki, o da dəlik vasitəsilə xaricə açılır. Laurer kanalı adlanan bu kanal vasitəsilə artıq sarılıq hüceyrələri xaricə çıxarılır.
Digenetik sorucuların inkişafı çox mürəkkəb olub, metamorfozla və sahib dəyişməklə başa çatır. Onların inkişafında əsas sahiblə yanaşı, aralıq sahib də iştirak edir. Bəzilərinin inkişafında isə iki aralıq sahib olur.
LENTŞƏKİLLİ QURDLAR SİNFİ – CESTOIDEA
Lentşəkilli qurdlar endoparazitlər olub, adətən insan və heyvanların bağırsağında yaşayır. Lentşəkilli qurdların bədəni bel və qarın tərəfdən yastılaşmış formadadır. Bədən boşluğu parenxima ilə doludur. Bədən ölçüləri müxtəlif uzunluqda olub, 1 mm-dən 10-15 metrə qədərdir. Əksər hallarda bədən nəzərə çarpacaq dərəcədə fərqlənən skoleks adlanan başcıqdan, boyuncuqdan, proqlotidlər adlanan buğumlu hissədən ibarətdir. Növlərindən asılı olaraq başcıqda sahibin bədənindən yapışmağa xidmət edən müxtəlif orqanlar – sormaclar, yapışmağa xidmət edən əzələli yarıq (botridilər), qarmaqcıqlar inkişaf etmişdir (şəkil 69). Başdan sonra boyuncuq hissə yerləşmişdir. Bu orqan cavan proqlotidlərin əmələ gəlməsində mühüm rol oynayır. Bütün proqlotidlər birlikdə strobila adlanır. Proqlotidlərin də miqdarı növlərin müxtəlifliyindən asılı olaraq ya çox (3-4 min), ya da az (2-3 ədəd) olur. Boyuncuq hissəyə yaxın olan buğumlar cavan, mayalanmış yumurtaları olan arxada yerləşən buğumlar isə yetkin buğumlar adlanır. Yetkin buğumlar qoparaq bağırsağa və oradan da nəcislə birlikdə xarici mühitə düşür.
Lentşəkilli qurdların da bədəni digenetik sorucularda və monogenetik sorucularda olduğu kimi tequmentlə örtülmüşdür. Onlarda tipik dəri-əzələ kisəsi vardır. Tequment xaricdən tükşəkilli çıxıntılarla (mikrotrixilər) örtülmüşdür. Tequmentin xarici qatında mitoxondrilər və müxtəlif törəmələr yerləşir. Tequmentin xarici və daxili qatı bir-birindən bazal membranı ilə ayrılır. Bu qatlar bazal membranında yerləşən hüceyrələr və sitoplazmatik bağlar vasitəsilə əlaqələnir. Bazal membranın altında həlqəvi və uzununa əzələ qatları yerləşir. Bütün bunlar dəri-əzələ kisəsini əmələ gətirir. Bir qədər dərində parenximada uzununa, eninə və ya dorsoventral əzələlər yerləşir.
Xüsusi həzm sistemi yoxdur və qidalanması diffuz xarakterli olub, bütün bədən səthi vasitəsilədir. Belə hesab edilir ki, sahibin bağırsağında həzm olunmuş qidalar tequmentin xarici qatındakı mikrotrixilər və vakuollar vasitəsilə sitoplazmatik törəmələrə keçir, oradan isə parenximaya daxil olur. Sahibin bağırsağındakı həzm fermentləri parazit qurdlara təsir göstərmir. Müəyyən olunmuşdur ki, bağırsaq parazitlərinin ifraz etdikləri xüsusi maddələr fermentləri neytrallaşdırır.
Qan-damar və tənəffüs sistemi də yoxdur. Tənəffüsləri demək olar ki, anaerobdur. Bütün endoparazitlər kimi, lentşəkilli qurdlar da sahibin orqanizmində oksigensiz mühitdə yaşayırlar. Anaerob tənəffüs qlikogenin parçalanması hesabına baş verir. Parazit qurdların qidalanması nəticəsində onların bədənində toplanan qlikogen fermentlərin təsiri ilə karbon qazına, hidrogenə və turşulara parçalanır. Müxtəlif qurdlarda müxtəlif turşulara (süd turşusu, valerian turşusu və s.) ayrılır. Bu turşular zəhərlidir və sahibə çox güclü zəhərləyici təsir göstərir.
İfrazat sistemi protonefridial tipdə qurulmuşdur. Parenximada səpələnmiş terminal hüceyrələrdən başlanan nazik kanallar qurdun bel hissəsində bədənboyu uzanan iki ifrazat kanalına birləşir. Bədənin ön hissəsində bu kanallar qarın tərəfə keçib yenidən öndən arxaya doğru bədənboyu uzanır. Qarın ifrazat kanalları bütün buğumlarda eninə kanallar vasitəsilə bir-birilə birləşir. Sonuncu buğumda birləşən kanallar sidik kisəsini əmələ gətirir. Sidik kisəsi ifrazat dəliyi ilə nəhayətlənir. Sonuncu buğum qırılıb düşdükdən sonra ifrazat dəliyi ilə xariclə əlaqələnir. Bəzi sestodlarda ifrazat sistemi fərqli olub, bədənin sonunda yerləşən ifrazat dəliyi ilə xaricə açılır.
Sinir sistemi baş tərəfdə olan bir cüt sinir düyünündən və bədən boyu uzanan müxtəlif miqdarda, adətən 6-12 sinir sütunlarından ibarətdir. Monieziyalarda bir cüt baş sinir düyünü komissurlar vasitəsilə birləşib əsas sinir həlqəsini əmələ gətirir. Baş hissədə sormacların aşağı hissəsində ikinci sinir həlqəsi yerləşir. Ondan çıxan sinirlər skoleksin yapışma orqanlarını sinirləndirir. Hər iki sinir həlqəsi dörd ədəd nazik sinirlə bir-birilə əlaqələnir. Əsas sinir həlqəsindən 6 sinir sütunu uzanır və həlqəvi komissurlar vasitəsilə bir-birilə birləşir. Bunlardan yan sinir sütunları daha yaxşı inkişaf etmişdir.
Hiss orqanları funksiyasını bədənin üzərində olan hiss sinir hüceyrələri yerinə yetirir. Görmə orqanları yoxdur.
Cinsi orqanlarının quruluşuna görə demək olar ki, lentşəkilli qurdların hamısı hermafroditdir. Cinsi orqanlar mürəkkəb quruluşlu olub, əsasən hər buğumda təkrar olunur. Bəzi sestodlarda hermafrodit cinsi aparat tək olur. Erkək cinsi orqanlar yüzlərlə kiçik qovuqşəkilli toxumluqdan, toxum kanalından, cütləşmə orqanı olan sirrusdan, toxumçıxarıcı kanaldan və başqa orqanlardan ibarətdir. Dişi cinsi orqanları ikipərli yumurtalıqdan, yumurta borusundan, ootipdən, sarılıqdan, balalıq yolundan, balalıqdan, toxumqəbuledicidən və s. ibarətdir.
VIII mühazirə
NEMATODLAR VƏ YA XÜSUSİ DƏYİRMİ
QURDLAR SİNFİ – NEMATODES
Nematodlar sinfi dəyirmi qurdların əsas sinfi olub, növ tərkibinə görə zəngindir. Onların 20000 növü təsvir edilmişdir. Bəzi hesablamalara görə növlərinin sayı 500000-ə, hətta 1 milyona qədərdir. Nematodların 80 %-i demək olar ki, elmə məlum deyildir.
Nematodların bədəni uzunsov formada olub, sapşəkilli, iyşəkillidir və adətən, hər iki tərəfdən sivriləşmişdir. Bədən ölçüləri bir mm-dən kiçik olmaqla yanaşı bir neçə metrə qədər olur. Sərbəst yaşayan formalar adətən kiçik olub, 1 mm-ə qədər, bəziləri isə 5 sm ölçüdə olur. Parazit növlərin də kiçik formaları vardır. Bununla belə onların ölçüləri əksər halda 20-40 sm, bəzi hallarda da 2-8 m uzunluqda olur. Bədənin üzəri möhkəm və elastiki kutikula ilə örtülmüşdür.
Ağız bədənin ön hissəsinin mərkəzində yerləşmişdir və növlərindən asılı olaraq altıya qədər dodaq adlanan fırla əhatə olunmuşdur. Bədənin qarın nahiyəsinin dal qurtaracaq tərəfinə yaxın yerdə anus dəliyi yerləşmişdir. Anus dəliyindən dalda qalan hissə quyruq adlanır.
Dəri-əzələ kisəsi kutikula, hipoderma və birqatlı uzununa əzələlərdən ibarətdir. Həm sərbəst yaşayan, həm də parazit nematodlarda kutikula yaxşı inkişaf etmişdir. Kutikulanın altında hipoderma yerləşmişdir. Əksər nematodlarda hipoderma iri epiteli hüceyrələrindən ibarətdir. Hipodermanın daxili səthində hipoderma valları adlanan qalınlaşmış dörd val (əzələ zolağı) əmələ gəlir. Bu vallar bədən boyu uzanır və onlardan ikisi yanlarda, biri bel, biri isə qarın tərəfdə yerləşir. Yan vallarla ifrazat kanalı, bel və qarın valları ilə əsas sinir sütunları keçir (şəkil 74).
Nematodlarda bədən boşluğu ilk boşluq olub protoselom (psevdosel) adlanır və boşluğun xüsusi divarı yoxdur.
Həzm sistemi ön, orta və dal bağırsaqdan ibarət olmaqla üç hissədən ibarətdir. Bədənin ön ucunda yerləşən ağız dəliyi adətən 6 ədəd dodaqla (askariddə 3 ədəd) əhatə olunmuşdur. Ağız dəliyi ektodermal udlağa açılır. Bir çox nematodlarda udlağın ön tərəfi xitin dişciklərlə təchiz olunmuşdur. Udlağın dal hissəsi soğanaq və ya bulbus adlanan şişkinlik əmələ gətirir.
Udlaq entodermal orta bağırsağa açılır. Orta bağırsağın divarı birqatlı epitelidən təşkil olunub, əzələ liflərinə malik deyildir. Yastı qurdlardan fərqli olaraq, nematodlarda həzm hüceyrədaxili olmur. Qidanın həzmi orta bağırsaqda gedir. Orta bağırsaq tədricən ektodermal dal bağırsağa keçir və o da yarıqşəkilli anus dəliyi ilə nəhayətlənir.
Nematodlarda protonefridilər olmur, ifrazat funksiyasını dəri vəziləri yerinə yetirir. Askariddə yan vallarda dal qurtaracağı qapalı olan iki ifrazat kanalı uzanmışdır. Bu kanallar bədənin ön hissəsinə yaxın qarın tərəfə əyilərək, birləşib tək kanal əmələ gətirir. Bu kanal qarın tərəfdə ifrazat dəliyi ilə xaricə açılır. Sərbəst yaşayan nematodlarda ifrazat funksiyasını terminal hüceyrələr və dəri vəziləri yerinə yetirir.
Bədən boşluğunda olan iri faqositar hüceyrələr də ifrazat funksiyasını yerinə yetirir.
Nematodlarda sinir sistemi hipodermada yerləşmişdir. Sinir sistemi udlağı əhatə edən sinir həlqəsindən və onun ətrafında toplanan sinir hüceyrələrindən ibarətdir. Sinir həlqəsindən önə doğru 6, arxaya doğru bir neçə sinir sütunu (askariddə 6 ədəd) uzanır. Sinir sütunlarından hipodermanın qarın valında yerləşən qarın sinir sütunu daha yaxşı inkişaf etmişdir.
Udlaqətrafı sinir həlqəsi, onun ətrafındakı sinir düyünləri və qarın sinir sütunu nematodların mərkəzi sinir sistemini əmələ gətirir. Hipodermada qarın sinir sütunundan başqa, bel, iki yan və iki – subventral və subdorsal sinir sütunları da vardır.
Sərbəst yaşayan nematodlarda hiss orqanları nisbətən yaxşı inkişaf etmişdir. Onlarda lamisə orqanları və ya tanqoreseptorlar, kimyəvi hiss orqanı və ya hemoreseptorlar, bəzilərində işığı hiss edən fotoreseptorlar müşahidə olunur.
Lamisə orqanları ağız dəliyinin yaxınlığında baş hissədə yerləşir. Nematodların baş hissəsi quruluşuna görə çox müxtəlifdir. Dodaqlar üzərində sormaclar və ya papillalar inkişaf edir. Papillalar sinirlərlə təchiz olunduğuna görə lamisə orqanı kimi əhəmiyyət kəsb edirlər.
Nematodlarda kimyəvi hiss orqanları (hemoreseptorlar) başın yan tərəflərində və ya yan dodaqlarda yerləşir. Nematodlarda hemoreseptorlar amfidlər adlanır. Amfidlər müxtəlif formada olur: cibşəkilli, spiralvari, girdə, yarıqşəkilli, dəlik şəklində və s. Bu hiss orqanları erkək fərdlərdə daha güclü inkişaf etmişdir. Bitki nematodlarında amfidlər dodaqlarda yerləşir.
Fazmidlər və ya quyruq vəziləri – bəzi nematodların quyruğunun yanlarında yerləşən çox kiçik birhüceyrəli orqandır. Erkək fərdlərdə fazmidlər daha yaxşı inkişaf etmişdir.
Cinsi sistemi. Nematodlar müxtəlifcinslidirlər, hermafrodit formaları nadir halda olur, cinsi dimorfizm kəskin nəzərə çarpır. Erkək fərdlər kiçik ölçülü olub, bədənin dal hissəsi bir qədər qıvrılır (askarid), bir qisim nematodlarda isə bədənin qurtaracağında dəri büküş və ya bursa adlanan cütləşmə orqanı vardır.
Cinsi orqanları sadə quruluşlu olub, uzun boruşəkillidir. Askariddə dişi cinsi orqanlar cütdür. Onlar sapşəkilli nazik yumurtalıqla başlayıb, bir qədər enli yumurta borularına keçir. Hər bir yumurta borusu genişlənərək, balalığa keçir. Balalıqlar da birləşərək balalıq yoluna açılır. Balalıq yolu toxum qəbul etməyə və yumurtaların çıxarılmasına xidmət edir. Kopulyasiya zamanı qəbul olunmuş toxumlar balalıqda toplanır.
Nematodlarda erkək cinsi orqanlar adətən tək, bəzən cüt olur. Askariddə erkək cinsi orqan tək borudan ibarət olub, nazik ucunda toxumluq, ondan sonra toxum borusu və daha sonra toxumçıxarıcı kanal yerləşmişdir. Toxumçıxarıcı kanal cinsi dəliklə dal bağırsağa açılır. Dal bağırsağın qurtaracağı kloaka əmələ gətirir. Cütləşmə orqanı kloakada yerləşir. Cütləşmə aparatı kloakanın yan cibciklərindən əmələ gələn iki ədəd uzun çıxıntıdan – spikuldan ibarətdir. Cinsi aparata həmçinin bir çox əlavə törəmələr, o cümlədən bursa da daxildir.
Nematodların spermatozoidləri bütün digər heyvanların toxum hüceyrələrindən fərqli olaraq, amöbşəkillidir. Spermatozoidlər amöb kimi hərəkət edirlər.
Nematodları həyat tərzinə görə üç qrupa bölmək olar:
1.Sərbəst yaşayan formalar. Bu formalar su hövzələrində, nəm torpaqlarda yaşayır və
çürümüş üzvi maddələrlə, başqa orqanizmlərlə qidalanırlar.
2.Bitki nematodları. Bu qrup formalar ya bütövlükdə, ya da inkişafının müəyyən mərhələsində bitkilərin kökündə, gövdəsində, çiçəyində yaşayır.
3.İnsan və heyvanların parazitləri. Bu qrupa aid olanlar insan və heyvanların bədəninin müxtəlif orqanlarında yaşayırlar.
HƏLQƏVİ QURDLAR TİPİ – ANNELIDA
Həlqəvi qurdlar bütün qurdlar qrupunun ən yüksək inkişaf etmiş formaları olub, ali qurdlar adlanırlar. Bədən ölçüləri 0,5 mm-dən 2-3 m-ə qədər uzunluqda olur. Onlar dənizlərdə, şirin sularda, torpaqda yayılaraq 9000-dən çox növü vardır.
Həlqəvi qurdların xarici quruluşunda əsas əlamət bədəninin buğumlu və ya metamerli olmasıdır. Bədən az və ya çox miqdarda buğumlardan ibarətdir. Bu buğumluluq, həmçinin, daxili hissədə də vardır ki, o da arakəsmələr (dissepimentlər) adlanır. Bəzi formalarda xarici buğumluluq daxili arakəsmələrə uyğun gəldiyi halda, bəzi formalarda bu qanunauyğunluq pozulur. Bədənin buğumları bir çox formalarda quruluşlarına görə bir-birinə oxşardır və ona görə də bu homonom buğumluluq adlanır.
Həlqəvi qurdların bədənində bir-birindən fərqlənən üç hissəni ayırmaq mümkündür. Onlardan biri prostomimum adlanan baş, ikincisi buğumlu gövdə, üçüncü piqidium adlanan dal (anal) hissədir.
Həlqəvi qurdlarda dəri-əzələ kisəsi yaxşı inkişaf etmişdir. Dəri-əzələ kisəsi kutikula, epiteli, uzununa və həlqəvi əzələlərdən təşkil olunmuşdur. Həlqəvi qurdları səciyyələndirən xüsusiyyətlərdən biri də onlarda selom adlanan ikinci bədən boşluğunun olmasıdır. Boşluq da arakəsməli olub, buğumludur. Bununla yanaşı baş və dal tərəfdə olan bəzi buğumlar müstəsna olmaqla hər bir buğumun da selomik kisəsi vardır. Həlqəvi qurdların bədən boşluğu digər qurdlardan fərqli olaraq xüsusi divara malikdir.
Həzm sistemi bədənin ön hissəsinin qarın tərəfində yerləşən ağız dəliyi ilə başlanır. Ağız dəliyi udlağa, udlaq orta bağırsağa, o da dal bağırsağa açılır. Dal bağırsağın sonunda anus dəliyi yerləşmişdir. Həzm sisteminin divarı mürəkkəb quruluşludur və orada həzm vəziləri, əzələlər və s. yaxşı inkişaf etmişdir. Bağırsaq qan-damar sistemi ilə əlaqəlidir. Bəzi formaların orta bağırsağında dərin çıxıntılar - «tiflozol» vardır ki, onlar bağırsağın səthini genişləndirərək həzmə kömək edir.
İfrazat sistemi metanefridilərdən ibarətdir. Metanefridilər metamer quruluşlu olub, hər bir buğumda yerləşmişdir.
Tənəffüsü bədən səthi vasitəsilədir. Bir çox növlərində, xüsusilə dənizdə yaşayan formalarda şaxəli çıxıntılar vardır ki, onlar qəlsəmə funksiyasını yerinə yetirir.
Həlqəvi qurdlarda yaxşı inkişaf etmiş qapalı qan-damar sistemi vardır. Qan-damar sisteminə əsas iki damar – bel və qarın damarları daxildir. Bel qan-damarı bağırsağın üstündə, qarın damarı isə altında yerləşmişdir. Hər iki damarlar bir-birilə daha kiçik həlqəvi damarlarla birləşmişdir.
Sinir sistemi baş hissənin bel tərəfində yerləşən cüt udlaqüstü sinir düyünündən, udlaqətrafı sinir həlqəsindən və qarın sinir zəncirindən ibarətdir. Qarın sinir zənciri hər bir buğumda təkrar olunan sinir düyünlərindən əmələ gəlmişdir. Həlqəvi qurdlarda hiss orqanları nisbətən yaxşı inkişaf etmişdir. Hiss hüceyrələri bütün bədən səthində yerləşmişdir. Onlarda iybilmə, bir çoxunda isə müvazinət orqanı olan statosist, bir və ya iki cüt göz də olur.
Həlqəvi qurdlar qeyri-cinsi və cinsi yolla çoxalırlar. Qeyri-cinsi çoxalmasında bədən bir neçə hissəyə parçalanır və onların hər biri inkişaf edərək baş və quyruq hissələrini bərpa edir. Cinsi çoxalmalarına görə həm ayrıcinsli, həm də hermafrodit olurlar.
Həlqəvi qurdlar bir neçə sinfə ayrılır. Əsas sinifləri aşağıdakılardır:
1. Çoxqıllı həlqəvi qurdlar—Polychaeta
2. Exiuridlər—Echiurida
3. Azqıllı həlqəvi qurdlar—Olygochaeta
4. Zəlilər—Hirudinea
Həlqəvi qurdlar da digər heyvan qrupları kimi təyinetmə cədvəllərinə əsasən tezis və antitezis əsasında təyin olunur. Məsələn: bədən qurdvaridir, buğumludur, buğumlar əsasən homonomdur. Bədən üzərində az və çox miqdarda qıllar ola bilər (qılları olmayan növlər də mövcuddur).
Dostları ilə paylaş: |