HEYVANLARIN ƏSAS TAKSONOMİK ƏLAMƏTLƏRİ
Taksonomiya – taxis – yunanca yerləşmə, sıra, nomos – qanun deməkdir. 1813-cü ildə bitkiləri sistemləşdirmək üçün O.De-Kandol tərəfindən elmə daxil edilmişdir. Son vaxtlara qədər taksonomiya və sistematika sinonim hesab olunurdu. Taksonomiya elmi orqanizmlərin təsnifat nəzəriyyəsi və praktik təcrübəsi barədə elmdir. Məsələn, populyasiya anlayışı, növlərin sayının necə artması, növ strukturunun izahı və populyasiyanın təkamülündə rolu elmə taksonomiya elmi sayəsində daxil olmuşdur. Sistematika orqanizmləri, onların müxtəlifliyini və qarşılıqlı əlaqələrini öyrənirsə, taksonomiya növlərin yaranması prosesini, təkamül amillərini, populyasiya strukturunu, biocoğrafiyanı öyrənir. Bu proseslərin öyrənilməsi 3 mərhələdə yerinə yetirilir. I – alfa taksonomiya mərhələsində növün təsviri və onun təxminən hansı cinsə aid olduğu müəyyənləşdirilir. II – beta taksonomiya mərhələsində qarşılıqlı əlaqələrin növ və yüksək taksonomik dərəcələr səviyyəsində daha dəqiq izahı verilir, təsnifat tərtib edilir. III – qamma taksonomiya mərhələsində növdaxili dəyişkənlik, müxtəlif səviyyədə təkamül tədqiqatları, heyvanlar aləminin növmüxtəlifliyinin izahı verilir.
Sistematika və taksonomiya elmi inkişaf etdikcə ayrı-ayrı orqanizm qrupları barədə məlumatların artması, onları müasir məlumatlarla tamamlamaq və yenidən təsvir etmək problemini qarşıya qoyur. Nəticədə taksonomik analiz (təftiş) aparılması lazım gəlir. Taksonomik analiz növ və digər taksonomik kateqoriyalar səviyyəsində aparıla bilər. Hər bir taksonomik analiz taksonomik əlamətlərə əsasən aparılır. Müəyyən bir taksonu başqa bir taksondan fərqləndirən hər hansı bir xüsusiyyət – taksonomik əlamət uzun zaman ərzində gedən təbii seçmənin məhsuludur. Taksonomik əlamətlərin 5 tipi mövcuddur; I-morfoloji əlamətlər, II-maddələr mübadiləsi xüsusiyyətləri və ya fizioloji əlamətlər, III-ekoloji əlamətlər, IV-etoloji əlamətlər, V-coğrafi əlamətlər. Bu əlamətlərin əhəmiyyəti müxtəlifdir. Onlardan bəziləri qohumluğun davamlı əlamətləridir, digər əlamətlər nisbətən davamsızdır. Hər bir əlamətin qiyməti onun informasiya məzmunundan asılıdır. Buna görə təsnifatda bir əlamətə çox, digərinə az qiymət verilir. Məsələn, xordalılar tipi, məməlilər sinfi, yırtıcılar dəstəsi əsas təsnifat əlamətlərini adında əks etdirir. Təsnifat üçün yararlı əlamətlər stabil və dəyişən əlamətlərin müəyyənləşdirilməsi ilə xarakterizə olunur. Bir çox taksonomik əlamətlər: kimyəvi, xromosom, fizioloji, etoloji və s. təsnifat üçün xüsusi əhəmiyyətlidir. Heyvanlar aləmində daim təkamül və dəyişkənlik baş verdiyi üçün hər bir kateqoriya üçün universal əlamət yoxdur.
Taksonomik əlamətlərin təbiəti müxtəlifdir. Taksonomik əlamət – hər hansı bir takson üvzünü digər takson üzvündən fərqləndirən xüsusiyyətdir. İki takson üzvü bir-birinə oxşar əlamətlərə malikdirsə, bu takson üzvləri hər hansı bir əlamətlə üçüncü takson üzvündən fərqlənirsə bu əlamət taksonomik əlamətdir. Bir populyasiyanın fərdləri bir-birindən cinsiyyətinə və ya yaş xüsusiyyətlərinə görə fərqlənirsə bu taksonomik əlamət hesab olunmur. Ancaq populyasiya (takson) bir-birindən cinsi dimorfizmə və sürfə mərhələsinin morfoloji xüsusiyyətlərinə görə fərqlənirsə bu artıq taksonomik əlamətdir. Taksonomik əlamətlər populyasiya xarakterlidir. Populyasiya və taksonun müqayisəsi taksonomik əlamətlərin ümumi öyrənilmə üsuludur. Hər hansı heyvanın gözlərinin ağ və ya qırmızı olması potensial və ya faktiki taksonomik əlamətdir. Taksonomik əlamətlər ikili xarakter daşıyır: 1)bu əlamətlər diaqnostik xarakterlidir, tədqiq olunan taksonu birmənalı təyin edir, taksonomik əlamətlərin bu xüsusiyyəti aşağı kateqoriyalara aiddir; 2)bu əlamətlər heyvanlar arasında qohumluq əlaqələrinin göstəriciləridir. Bu xüsusiyyət isə ali taksonlara şamil olunur.
Təcrübə taksonomik əlamətlərin hamısının eyni dərəcədə əhəmiyyətli olmadığını göstərir. Taksonomik əlamətlərin dəyəri onun informasiya məzmunundan asılıdır. Taksonomik əlamətlər fenotipin təzahür forması olsa da əsasında genotip proqramı durur. Müasir dövrdə taksonomik əlamətlərin genetik analizinin aparılması çox baha başa gəlir və populyasiyadaxili polimorfizm hadisələrini genotip səviyyəsində izah edə bilmir. Eyni zamanda fenotipə əsasən taksonomik əlamətlərin siyahısını tərtib etmək mümkün deyil.
Heyvanlar arasında qohumluq əlaqələrini sübut edə bilməyən əlamətlər dəyişkən xarakter daşıyır. Məsələn, onurğalı heyvanlarda arteriyanın şaxələnməsi nəinki müxtəlif növlərdə, o cümlədən bədənin sağ və sol tərəflərində müxtəlifdir. Reqressiv əlamətlər də eyni dərəcədə əhəmiyyətsiz hesab olunur. Məsələn, gözlərin, qanadların, barmaqların, dişlərin reduksiyası taksonomik əlamət kimi az əhəmiyyət kəsb edir.
Açar əlamətlər tez nəzərə çarpan, az dəyişkənliyə uğrayan, tədqiq olunan heyvanın fiksasiyası zamanı itirilməyən, digər taksonlardan fərqlənən əlamətlər olub qiymətli əlamətlər sırasına daxildir. Bir çox taksonomik əlamətlər – fizioloji, etoloji, kimyəvi, xromosom sayı təsnifatda xüsusi əhəmiyyət kəsb etsə də növün təyin olunması prosesində (xüsusən fiksə olunmuş materialı təyin edərkən) az əhəmiyyət daşıyır.
Əlamətin taksonomik dəyəri müəyyən dərəcədə onun adaptasiya səviyyəsindən asılıdır. Adaptasiya – (adaptatio) latınca uyğunlaşma deməkdir. Populyasiyanın (fərd, növ) quruluş və funksiyalarının, həmçinin onların orqanlarının mühit şəraitinə uyğunlaşmasıdır. Məsələn, soyuq mühitdə uzun zaman yaşamaqla əlaqədar heyvanlarda tük örtüyünün əmələ gəlməsi, mimikriya prosesi və s. adaptasiyanın nəticəsidir. Mühit şəraitinə uyğunlaşma nəticəsində əmələ gələn əlamət adaptiv əlamət adlanır və çox vaxt xüsusi taksonomik əhəmiyyət kəsb edir. Dəniz onurğasızlarının sürfələrində kirpik örtüyünün əmələ gəlməsi plankton həyat tərzinin nəticəsində yaranan uyğunlaşma olsa da, bu əlamət bir sinfin və ya tipin xarakterik əlaməti hesab olunur. Hər bir adaptasiya biogeosenozlarda davam edən uyğunlaşma prosesinin nəticəsidir. Adaptasiya – orqanizmlərin ilkin verilmiş qabiliyyəti deyil, üzvi aləmin üç əsas amili – dəyişkənlik, irsiyyət və təbii seçmənin təsiri ilə daim əmələ gəlib inkişaf edən prosesdir. Adaptasiyalar çoxlu ölçülərə malikdir, orqanizmlər yaşadığı mühit şəraitinə uyğunlaşaraq hətta bədən ölçülərini də dəyişə bilirlər. Xüsusi adaptasiyalar daha kəskin nəzərə çarpan taksonomik əlamətlər qazanılmasına səbəb olur. Arktikada yaşayan quşların və məməlilərin ağ rəngdə olması, səhrada yaşayan heyvanların qum rənginə uyğunlaşması, tropik ölkələrin quşlarının əlvan rəngi, Müller mimikriyalarının müxtəlif tipləri bu adaptasiya formalarındandır. Mimikriyalar müxtəlif tipli olur, Müller mimikriyası iki və daha çox yeyilməyən növlər arasında oxşarlığın olması, xəbərdaredici rəng deməkdir. Mimikriyanın bu növü ilk dəfə F.Müller tərəfindən təsvir olunmuşdur. İki yeyilməyən növ bir-birinə nə qədər oxşar olarsa bu hər iki növ üçün mühafizə əhəmiyyəti daşıyır. Heyvanlar arasında bu cür oxşar növlər yırtıcıların hücumundan qorunmaqda faydalıdır.
Taksonomik əlamətlərin tiplərindən biri morfoloji əlamətlərdir. Hər bir əlamət taksonomik dəyər kəsb edir, xüsusən bu əlamət digər taksondan olan növlərin əlamətlərindən fərqlənirsə təsnifatda daha çox əhəmiyyətli hesab olunur. Morfoloji əlamətlərin dəyərləndirilməsi və müqayisəsi üçün kolleksiya materialları çox böyük elmi əhəmiyyətə malikdir. Fiksə olunmuş materiallar morfoloji əlamətləri özündə toplayan qiymətli təsnifat elementləri mənbəyidir. Hər bir orqanizm qrupu - molyusklar, kəpənəklər, quşlar morfoloji və digər taksonomik əlamətləri tamamilə özündə əks etdirir. Morfoloji əlamətlər – xarici morfoloji əlamətləri, daxili anatomik quruluş xüsusiyyətlərini, embriogenezi, orqanizmin ayrı-ayrı hissələrini, karioloji və digər sitoloji fərqləri əhatə edir. Heyvanların xarici quruluş xüsusiyyətləri müxtəlifdir. Bu xüsusiyyətlər sırasına quşların lələk örtüyü, məməlilərin tük örtüyü, balıqlar və sürünənlərin pulcuqlarının sayı, buğumayaqlıların skleriti və xitin örtüyü üzərindəki tikişlər daxildir. Ali heyvan qruplarında daxili orqanların anatomik quruluşu əsas taksonomik əlamətlər mənbəyidir. Məməlilərdə kəllənin və dişlərin quruluşu mühüm təsnifat əlamətidir. Spirtdə saxlanılan balıqlar, amfibilər sürünənlər istənilən zaman tədqiq edilə bildiyi üçün onların anatomik quruluşunu öyrənmək asandır.
Qazıntı halında tapılan orqanizmlərin qalıqları adətən skelet, dişlər və qövqədən ibarət olur. Taksonomik əlamətlər qazıntı halında tapılan heyvanlara da eyni qayda ilə tətbiq olunur, məsələn, dinozavrlar bu qaydalara əsasən təyin olunur. İbtidai onurğasızlardan götürülən mikroskopik hissələrin tədqiqi onların morfologiyasının öyrənilməsində xüsusi əhəmiyyətə malikdir. Buğumayaqlıların sistematikasında morfoloji əlamətlər kimi xarici skeletin, qarınayaqlı molyusklarda qövqənin quruluşunun, foraminiferlərin, qövqəli amöblərin təsnifatında qövqənin quruluşu, sistanın forması, qamçılılarda qamçının quruluşu, dərisitikanlılarda kalsiumlu iynələrin yerləşmə vəziyyəti təsnifat xarakterlidir (şəkil 4).
Morfoloji əlamətlərdən biri də heyvanların müxtəlif rəngləridir. Təsnifat xüsusiyyətləri müəyyən edilərkən rənglər daha tez nəzərə çarpır, heyvanları rənglərinə əsasən daha asan təyin etmək mümkün olur. Rənglərinə görə bir neçə cins müstəsna olmaqla quşları, balıqları, mərcan poliplərini və mərcan riflərini, kəpənəkləri təyin etmək mümkündür. Bu eyni zamanda məməlilərə də aid edilə bilər. Yarımnövləri olan taksonlarda da bu prosesi həyata keçirmək olur. Heyvanların rəngləri o qədər müxtəlifdir ki, onları bəzən sözlə ifadə etmək çətinlik törədir, bununla belə fərdləri müqayisə edərək onları düzgün təyin etmək olar.
Morfoloji əlamətlərdən cinsi orqanların quruluş tipləri təsnifat əlamətləri kimi xüsusi əhəmiyyət kəsb edir. Müxtəlif heyvanlarda cinsi aparat xüsusi quruluşa malikdir, bu həşəratlarda özünü daha kəskin büruzə verir.
Həşəratın cinsi aparatı yüksək ixtisaslaşma ilə bərabər tərkibində olan xitin onun fiksə olunması və müqayisə olunmasına imkan verir, onurğalı heyvanlarda bu müqayisəni həyata keçirmək çətindir, bu heyvanların cinsi orqanları yumşaq toxumalardan ibarət olduğuna görə fiksə olunarkən morfoloji quruluşunu saxlaya bilmir.
Sürfə mərhələsi və embriogenez taksonomik əlamətlərin dəqiqləşdirilməsində lazımi məlumatların toplanmasına imkan verir. Malyariya ağcaqanadlarının yarımnövləri yumurtanın və sürfənin quruluşuna görə təyin olunur.
Sürfə mərhələsinin morfoloji əlamətlərinə əsasən qurbağalardan anura və qazıcı arılar (Sphecidae) təyin olunmuşdur. Müxtəlif qrup heyvanların sürfə mərhələləri onların sistematikasının tərtibində xüsusi əhəmiyyətə malikdir. Süngərlərin təsnifatının tərtibi zamanı Levi (1956) inkişafın embriogenez mərhələsinin morfoloji xüsusiyyətlərini əsas götürmüşdür.
Fizioloji əlamətlər daha çətin müəyyən olunur. Bütün heyvan qrupları fizioloji proseslərə məruz qalır, bu proseslər müxtəlif fermentlərin təsiri ilə tənzim olunur. Fizioloji əlamətlər sırasına böyümə, mühit amillərinə qarşı reaksiyalar və digər fizioloji proseslər daxildir. Növlərin fizioloji əlamətləri çoxsaylıdır, ancaq bu əlamətlər fiksə olunmuş materiallar üzərində müşahidə olunmur və bu əlamətləri təyin etmək çətinlik törədir.
Biokimyəvi əlamətlərin öyrənilməsi çox vaxt tələb edir. İlk müqayisə zülalları təyin etməklə başlayan, seroloji üsulun tətbiqidir. Bu üsula görə bir orqanizmin zülalı bu orqanizmlə eyni mənşədən olan digər orqanizmin antitellərinə aktiv reaksiya verir. Orqanizmlər fərqli qruplara aid olduqda bu reaksiya cavabsız qalır. Biokimyəvi analiz zamanı istifadə olunan seroloji üsuldan helmintologiyada geniş istifadə olunur. Bu üsul allergik-seroloji üsul adlanır, əgər heyvanın helmintozla yoluxduğu güman edilirsə helmintin zülallarından alınmış antitellər heyvanın əzələsi daxilinə yeridilir, bir sutkadan sonra antilelin vurulduğu yer şişib qızarırsa demək heyvan helmintozla yoluxmuşdur. Seroloji üsul çətin olsa da 40 ildən artıqdır ki, tətbiq olunur.
Qan qrupunun genlərə əsasən təyin olunması (immunogenetika) göyərçin növləri arasında qohumluq əlaqələrinin müəyyən olunmasında istifadə olunmuşdur. Müasir dövrdə DNK-nın ilkin strukturunun genetik proqramının açılması üzərində tədqiqat aparılır. Bu tədqiqat işləri baha başa gəlsə də növün dəqiq təyin olunmasına tam zəmanət verir.
Heyvanların davranış xüsusiyyətləri də mühüm taksonomik əlamətlər mənbəyi hesab oluna bilər. Bir çox heyvan növlərinin, xüsusən əkiz növlərin davranış xüsusiyyətləri morfoloji əlamətlərdən daha əhəmiyyətli məlumatlar əldə edilməsinə səbəb olur. Davranış xüsusiyyəti – heyvanın zoopsixologiyası olub onun həyati proseslərini digər əlamətlərdən daha dəqiq xarakterizə edir. Davranış xüsusiyyətləri və ya etologiya sistematikada əhəmiyyətli tədqiqat üsulu hesab olunsa da onun çatışmayan metodik tərəflərindən biri fiksə olunmuş materialda bu xüsusiyyətlərin öyrənilməsinin mümkün olmamasıdır. Çətinlik törədən daha bir xüsusiyyət canlı heyvanlarda belə davranışın hər zaman izlənməsinin mümkün olmamasıdır, bir sıra davranış xüsusiyyətlərini yalnız ilin müəyyən mövsümlərində, ya da sutkanın müəyyən saatlarında izləmək mümkündür. Oxşar növlərin müqayisəli davranış xüsusiyyətlərinin tədqiqi müqayisəli etologiya elminə başlanğıc vermişdir. Bu elm sahəsi arıların, düzqanadlıların, qurbağaların, balıqların, quşların və s. sistemləşdirilməsi zamanı qiymətli məlumatlar vermişdir.
Davranış xüsusiyyətləri heyvanlar arasında təcridolunma mexanizmi olub yeni adaptasiyalara şərait yaradır və təkamülə səbəb olur. Heyvanların davranış xüsusiyyətlərinin qeydə alınması sahəsində böyük metodik əhəmiyyəti olan səsyazan cihazlar və səsin qrafikasının qeydə alınmasını təmin edən senoqraf quşların səsini yazmaqla onların növlərinin dəqiq təyin edilməsini mümkün edir. Səsin qrafiki analizi qurbağaların yarımnövlərinin təyin edilməsində, quyruqsuz amfibilərin sistematikasının tərtibində mühüm işlər görməyə imkan vermişdir.
Davranış xüsusiyyətləri arasında nikah davranışları xüsusi yer tutur, bu zaman heyvanların çıxardığı səslər onların sistemləşdirilməsində əvəzsiz rol oynayır. Çoxalma ərəfəsində gündüz kəpənəklərində, düzqanadlılarda rəng dəyişiklikləri, hərəkətlərində özünü nümayiş etdirmə halları müşahidə olunur.
Bu və ya başqa davranış xüsusiyyətləri molyusklar, xərçəngkimilər, hörümçəkkimilər, həşərat, balıqlar, sürünənlər, quşlar və məməlilər arasında müşahidə olunur. Həşəratların bəzi dəstələri, quyruqsuz amfibilər, quşlar və məməlilər üçün səs siqnalları xarakterik olsa da, sürünənlər və xərçəngkimilər üçün bu xüsusiyyət təsadüfi xarakter daşıyır.
Çoxalma ərəfəsində yengəclərin erkək fərdinin qısqaclarını qrunt süxurlarına sürtərək səs çıxarması və bu səsin dişi fərd tərəfindən qəbul olunmasına tez-tez rast gəlinir.
Tam çevrilmə ilə inkişaf edən həşəratlar sürfə mərfələsində mürəkkəb fizioloji dəyişikliklərə məruz qalır, pup mərhələsi yetkin mərhələyə oxşar olmasa da, onda yetkin formanın əlamətləri özünü göstərir. Əksər həşəratlar puplaşmadan əvvəl özlərinə baramalar düzəldir və xarici mühitin fiziki-kimyəvi təsirlərindən qorunur. Bulaqçıların sürfələri puplaşmaq üçün özlərinə qın, bir çox kəpənəklərin tırtılları və minicilərin sürfələri isə barama düzəldir. Molyusklarda (Xenophora cinsi) qövqənin əmələ gəlməsi üçün müxtəlif materiallardan istifadə olunur ki, bu həmin heyvanların sistemləşdirilməsi üçün qiymətli məlumat mənbəyi hesab olunur.
Onurğalı heyvanlar arasında quşlarda diribaladoğma müşahidə olunmur, quşlar yumurta qoymaqla çoxalır. Çoxalma dövründə əksər quşların toxumluqlarının həcmi 300-1000 dəfə artır. Quşların çoxalması və balaların bəslənməsi qida bolluğu zamanı baş verir. Quşlar arasında cinsi dimorfizm yaxşı inkişaf etmişdir. Quşların erkək fərdləri bəzəkli və iri olur (qızılquşların və bayquşların erkək fərdləri kiçik olur), mürəkkəb mahnılar oxuyur. Quşların əksəriyyəti erkək və dişi fərd olmaqla cütlər əmələ gətirir, bəzi quşların (qartal, ququşu, qazlar) cütləri daimi olur, bəziləri isə (ördəklər) ancaq yumurtlama vaxtı cüt-cüt yaşayır. Belə quşlar monoqam adlanır.Poliqam quşlar cütlərə ayrılmır, erkək və dişi fərdlər yalnız çoxalma dövründə bir yerdə olurlar.
Quşların çoxalması cinsiyyət oyunları (nikah davranışları) və səsləşmələrlə başlanır, sərçəkimilər ritmik oxuyur, durnalar və ququşları nəvazişli rəqs edir, ağacdələnlər dimdiklərini quru ağaca döyməklə təbil çalır, bayquşlar yüksək səslə çığırır, qartallar havada süzür. Hər növün səciyyəvi oyunları və səsləşmələri cütlərin düzgün seçilməsinə səbəb olur, başqa növlərlə cütləşməsini tam olmasa da, tənzim edir. Monoqam quşların yuvasını dişi fərd və ya hər ikisi, poliqam quşların yuvasını isə dişi fərd qurur. Bəzi quşlarda yuva qurmaq instinkti yoxdur (kayra, bəzi cüllütlər, keçisağan). Bəzi quşlar isə öz lələklərini yolub yuvasına döşəyir (qaz, ördək). Kənd qaranquşları və qayalıqlarda yaşayan qaranquşlar özlərinə yuva düzəldərkən palçıqdan istifadə edirlər. Quşların yuvası qorunmaq xüsusiyyəti daşıyır və yuvada mikroiqlim az dəyişkən olduğu üçün yumurtanın inkişafı normal gedir.Zibillik toyuqlarından başqa bütün quşlar kürt yatır, poliqam quşların ancaq dişi fərdi, monoqamların dişi fərdi və ya dişi ilə erkək fərd növbə ilə kürt yatır.
Yuva quran quşlardan başqa yuva parazitliyi edən quşlar da mövcuddur.
Onlar başqa quşların yuvasında yumurtlayır, onların yumurtası yuvasında yumurta qoyduqları quşların yumurtasına bənzəyir.
Taksonomik əlamətlər sırasında hörümçəklərin torlarında müşahidə olunan naxışlar da mühüm təsnifat elementidir (şəkil 8). Hörümçəklərdə tor vəziləri müxtəlif formada olur: boruşəkilli, ampulaşəkilli, armudşəkilli, ağacşəkilli və s. Tor vəziləri ancaq dişi fərdlərdə olur, hörümçəyin görəcəyi işdən asılı olaraq yumurta baraması üçün boruşəkilli vəz, ov üçün ampulaşəkilli və ya ağacşəkilli vəz şirə ifraz edir.
Onurğalı heyvanlar arasında məməlilər yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Məməlilər üçün nəsil qayğısı daha mükəmməl şəkildə həyata keçirilir. Rüşeymin ana bətnində inkişafı, ana hesabına qidalanması, plasentanın əmələ gəlməsi nəsil qayğısına qalmanın təkamül xüsusiyyətidir. Məməlilər doğduqları balanı südlə bəsləyir, öz həyat tərzlərini balalarına öyrədirlər. Heyvanların bu xüsusiyyəti siqnal irsiliyi adlanır və quşlarda da yüksək inkişaf etmişdir. Məməlilərdə beyin yarımkürələrinin boz maddədən ibarət qabıq təbəqəsi əmələ gəlir (neopallium) və bu şöbənin inkişafı orqanizmin mürəkkəb davranışını təmin edir.
Yumurtadiridoğanlar müstəsna olmaqla məməlilər diri bala doğur. Bəzi məməlilər nəsil vermək üçün ailələr əmələ gətirir. Sürü halında yaşayan məməlilərdə davranış xüsusiyyətləri daha mürəkkəbdir. Sinir sisteminin yüksək inkişaf səviyyəsi məməlilərin eşitmə qabiliyyətinin də yüksək səviyyəyə çatmasını təmin edir, onlar xarici mühitlə əlaqəyə girir, bir-birilə “ünsiyyət” qurur. Bu xüsusiyyət məməlilərin ekoloji qruplar əmələ gətirməsinə kömək edir, onlar qida tapmaq, yem ehtiyatlarından səmərəli istifadə etmək, yuva qurmaq, düşmənlərindən qorunmaq kimi instinktiv fəaliyyət göstərirlər.
Növdaxili əlaqələrin mürəkkəbləşməsi fərdlərin bir-birilə əlaqələrinə əsaslanan müvəqqəti və daimi qrupların əmələ gəlməsinə səbəb olur. Bu qruplar populyasiyanın etoloji quruluşunu təşkil edir, növün həyat tərzinə və çoxalmasına uyğun gəlir. Örtülü yuvalarda yaşayan məməlilər tək və ya ailə həyat tərzi keçirir. Birgəyaşayan məməlilərin bəzi qruplarında vəzifə bölgüsü aparılır, şir ailəsində erkəklər ərazini digər ailələrdən qoruyur, dişilər isə yem əldə etmək, balaları bəsləmək qayğısı çəkir. Canavar ailəsi də qida əldə etmək üçün ovu birlikdə təqib edir, pusquda duraraq şikarın tutulmasına yardım edirlər. Canavarların da davranışı mürəkkəbdir.
Populyasiyalar arasında fərdlər mübadiləsi cavan fərdlərin cinsi yetkinlik vaxtı müşahidə olunur. Bu fərdlərdə maddələr mübadiləsi sürətlə gedir, sinir sisteminin fəaliyyəti artır, belə fərdlər öz ərazilərini tərk edib özlərinə cütləşmək üçün tay axtarır.
Meymunlar nikah oyunları zamanı digər məməlilərdən fərqli olaraq aqressiv olurlar, çox vaxt hədələyici və qorxuducu vəziyyət alırlar.
Məməlilərin mürəkkəb davranış xüsusiyyətlərinə qış yuxusuna getmə, köçmə və ya miqrasiyalar da daxildir.
Heyvanların əsas taksonomik əlamətlərindən biri də ekoloji əlamətlərdir. Hər bir növ biosenozda öz yerini tutur, həyat tərzi, qidalanma xüsusiyyəti, çoxalma dövrü, mühitin fiziki-kimyəvi amillərinə qarşı davamlılığı, rəqabətə və yırtıcıların hücumuna reaksiyası ilə digər növlərdən kəskin fərqlənir.
İki oxşar növün qidalanma xüsusiyyəti və ya çoxalması bir-birindən mütləq fərqlənir. İki oxşar drozofil növünün sürfələri çürümüş kaktus kütləsinin içərisində birlikdə yaşaya bilsə də bu növlərin qidalanma xüsusiyyətləri dəqiq tənzim olunmuşdur, onlardan biri mayada, digəri isə bakteriyalarla zəngin olan mühitdə yaşayır.
Bitkilərlə qidalanan həşəratlarda da bu cür ixtisaslaşmış növlər mövcuddur. Qabıqyeyən böcəklərin, mənənələrin, yarpaqyeyən böcəklərin növlərinin təyin olunması zamanı onların müəyyən bitkilərlə qidalanma xüsusiyyətləri əsas götürülür. Yaşıl alma və albalı mənənələri bu cür təyin olunmuşlar.
Bir çox hallarda əkiz növlər sahib-parazit ixtisaslaşmasına görə təyin olunur. Termitlərin yeni növü onların yuvasında parazitlik edən stafilind böcəklərə əsasən təyin olunmuşdur. Parazitin sahibə uyğunlaşma fenomeninə görə hətta ali taksonlar arasında qohumluq əlaqələrini aydınlaşdırmaq mümkündür. Parazitlər sahiblə birlikdə təkamül edir, çox vaxt parazitlər daha ləng təkamül edirlər, bununla belə onlar yeni sahiblərə uyğunlaşır və daha geniş yayılırlar. Məsələn, flaminqo və leylək quruluş xüsusiyyətlərinə görə oxşardır, bu quşların həm də qazlarla oxşar xüsusiyyətləri var.
Flaminqo və leyləklərin lələkyeyənləri qazların lələkyeyənləri ilə eyni cinsə məxsusdur. İlk baxışda bu quşların parazitlərinin eyni növlər olması güman edilsə də bu əslində həmin parazitlərin qazlardan flaminqo və leyləklərə keçməsi ilə izah olunur. Bu parazitlər ümumi mənşəyə malik olsa da, qazlar flaminqo və leyləklərdən anatomik quruluşuna görə fərqlənir (beləliklə, daha bir sahibə yoluxaraq, yayılırlar). İnsan və şimpanze bir çox xüsusiyyətlərinə görə oxşar olsa da oranqutan onlardan fərqlidir, insan və şimpanzenin bir çox ümumi ekto- və endoparazitləri var, amma bu parazitlər oranqutanda rast gəlinmir. İnsanda olan parazitlər oranqutanda rast gəlinmirsə, bu sahibə uyğunlaşma prosesidir. İnsanda parazitlik edən askarid atlarda parazitlik edən askaridlə eyni morfoloji quruluşa malik olsa da, insan askaridi atlara yoluxmur. Trematodlar barədə bunu demək çətindir, əksər trematodların inkişafı bir və ya bir neçə sahibdə başa çatsa da onların əksəriyyəti istiqanlı onurğalı heyvanlarda və insanda parazitlik etməyə uyğunlaşmışdır.
A.N.Severtsovun tədqiq etdiyi idioadaptasiya prosesi – təkamülün reqressiv xətti ilə məhdud mühit şəraitinə uyğunlaşmalar prosesi olub, parazit və oturaq həyat tərzi keçirən heyvanlarda baş verir. Belə heyvanlar başqa mühitdə yaşamaq qabiliyyətindən məhrum olur, bu cür uyğunlaşmalar orqanizmin sonrakı proqressiv təkamül imkanını məhdudlaşdırır.
Müasir parazitologiya elminin parazitosenoz adlanan sahəsi patoloji xüsusiyyətindən asılı olmayaraq heyvanlar aləminə mənsub olan parazitlərin (ibtidailər, qurdlar, gənələr, həşəratlar) növ tərkibini öyrənir. Parazitosenoza daxil olan parazitlərdə antoqonist və sinergik xüsusiyyətlər vardır, məsələn, askaridlə yoluxmuş insan lyambliya ilə nadir hallarda yoluxur.
Simbioz həyat tərzi keçirən heyvanların birgəyaşayışının taksonomik əhəmiyyəti vardır. Simbioz – (yunanca symbiosis – birgə yaşayış deməkdir) iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, bu zaman hər iki fərd xarici mühitlə qarşılıqlı əlaqədə olur, xarici mühitlə münasibətlərin tənzimi hər iki orqanizmin fəaliyyəti ilə uyğunlaşır. Parazitizm də daxil olmaqla birgəyaşayışın bütün əlverişli formaları simbioz adlanır. Aktiniya və abdal xərçəngin simbioz həyat tərzi keçirməsi, infuzorların gövşəyən heyvanların işgənbəsində yaşaması simbioza misaldır. V.A.Dogelin tədqiqatlarına əsasən bir gövşəyən heyvanın bağırsağında 3 kq-a qədər infuzor zərər vermədən simbioz həyat tərzi keçirir. İnfuzorlar heyvanın qidasının həzm olunub sorulmasında iştirak edir.
Coğrafi əlamətlər də əsas taksonomik əlamətlər hesab olunur. Bu əlamətləri bilmədən taksonomik əlamətlər və taksonomik hipotezləri öyrənmək mümkün deyil. Bu əlamətlər iki tipdə rast gəlinir: 1)ali taksonların sistematikasında coğrafi yayılmaların ümumi xarakteristikası, 2)populyasiya daxilində allopatrik və simpatrik növlərin yayılma nisbəti.
Heyvanların coğrafi yayılmasının öyrənilməsi üçün təkamül faktorlarını bilmək lazımdır. Ekoloji-faunistik tədqiqat aparan sistematik zoocoğrafi vilayətlərin sərhədləri, onların keçmiş və müasir faunası barədə elmi məlumatları bilməli, hər bir taksonun filogenezinə aid təsnifat biliyinə sahib olmalıdır. Eyni növə aid olub müxtəlif populyasiyalarda yaşayan növlər allopatrik növlər adlanır, bu növlərin cütləşməsi onların arasındakı məsafədən asılıdır, eyni növə aid olan iki və daha çox populyasiya eyni ərazidə yaşayıb bir-biri ilə cütləşmirsə bu növlər simpatrik növlər adlanır.
IVmühazirə
TƏKAMÜL MORFOLOGİYASI, ONTOGENEZ VƏ FİLOGENEZİN
QARŞILIQLI ƏLAQƏSİ
Təkamül nəticəsində orqanizm, onun hissələri və inkişaf mərhələləri dəyişir. Orqanizmin fərdi inkışafına təsir edən amillərin dəyişməsi nəticəsində filogenezin dəyişməsi mütləqdir. Hər bir orqanizmin fərdi və tarixi inkişafı qarşılıqlı əlaqədədir. Təkamül morfologiyası ontogenezin morfoloji xüsusiyyətlərinin ilkin mərhələdə daha çox dəyişkənliyə məruz qaldığını sübut edir. Ontogenez orqanizmin tarixi inkişafının məhsuludur, filogenez isə fərdi inkişaf nəticəsində əlamətlərin dəyişməsi və yenidən qurulması əsasında davam edir.
Ontogenez – (yunanca ontos - varlıq, mövcud olan) orqanizmin fərdi inkişafı, orqanizm yarandığı andan həyatının sonunadək məruz qaldığı morfoloji, fizioloji və biokimyəvi proseslərin birlikdə məcmuudur. Ontogenez terminini alman zooloqu E.Hekkel (1866) biogenetik qanunu isbat edərkən təklif etmişdir.
Ontogenez və filogenez arasındakı qarşılıqlı əlaqəni öyrənən E.Hekkel canlı orqanizmlərin mənşəyi və inkişafı qanunauyğunluqları haqqında təlimi davam etdirmiş, orqanizmlərin müxtəlif qrupları arasındakı genetik əlaqələri öyrənmiş, bu əlaqələri “nəsil ağacı” şəklində təqdim etməyə çalışmışdır. Ontogenez və filogenez arasındakı qarşılıqlı əlaqənin təsdiqini tapması biogenetik qanunun kəşf edilməsinin əsasını qoymaqla təkamül morfologiyasının öyrənilməsi sahəsində mühüm əhəmiyyətə malikdir.
XVIII əsrdə heyvan rüşeyminin inkişafı və inkişaf mərhələlərinin mürəkkəbliyi məlum olduqdan sonra Kilmeyer tərəfindən paralelizm təlimi işlənib hazırlanmışdır. Biogenetik qanunun kəşfindən sonra ibtidaidən aliyə qədər heyvanların rüşeyminin inkişafı öyrənilməyə başladı. K.Ber məməli heyvanların və insanların yumurta hüceyrəsini kəşf etmiş (1827), balıqların, suda-quruda yaşayanların, sürünənlərin və məməlilərin rüşeyminin inkişafını öyrənmiş, inkişafın mühüm mərhələsi olan blastulanı kəşf etmişdir. “Embrionların oxşarlığı” qanununu kəşf etməklə K.Ber embriologiya elminin əsasını qoymuş, rüşeymin inkişafı prosesində ardıcıl surətdə tip, sinif, dəstə, fəsilə, cins, növ, hətta fərdə məxsus əlamətlərin əmələ gəldiyini müəyyənləşdirmişdir. Rüşeymin üç qatından onurğalıların bütün əsas orqanlarının – xorda, beyin, onurğa beyni, göz, ürək, ağciyər, həzm kanalı, ifrazat və cinsi orqanların inkişafını tədqiq edərək bunların təsvirini vermişdir. Berin tədqiqatlarına görə rüşeymin inkişafının birinci mərhələsi embrionların oxşarlıq əlamətlərinin meydana çıxması, ikinci mərhələ bir çox növə məxsus əlamətlərin sistematik səviyyədə üzə çıxması, üçüncü mərhələ isə embrional divergensiyanın başlanmasıdır. Həlqəvi qurdların və molyuskların rüşeyminin spiral bölünməsi və inkişafın ilkin mərhələsi, o cümlədən sürfənin əmələ gəlməsi prosesi oxşardır. Dərisitikanlıların və bağırsaqtənəffüslülərin embrional inkişafı və sürfə mərhələsinin formalaşması prosesi bir-birinə çox oxşardır. Embrionların oxşarlığı qastrulyasiya mərhələsində daha aydın görünür, bu mərhələdə əzələ hissələri, onurğa, mərkəzi sinir sistemi, hiss orqanları, ifrazat sistemi və bağırsaqların əsası qoyulur. İnkişafın ilkin mərhələsi mürəkkəbliyi və korrelyasiya sisteminin formalaşması ilə müşaiyət olunur.
Orqanizmdaxili proseslərin və xarici amillərin qarşılıqlı təsiri fərdi inkişafı və növün sonrakı təkamülünü təmin edir. Blastomerlər on dəfə, yüz dəfə bölünür, bölünmüş bu hissələr orqan və toxumalara başlanğıc verir. Rüşeym hüceyrələrinin müxtəlif orqan və toxumalara başlanğıc verməsi diferensasiya adlanır. Diferensasiya etmiş hüceyrələrdən orqan və toxumaların əmələ gəlməsi morfogenez (forma, struktur və böyümə) adlanır. Bu orqan və toxumalar da öz növbəsində dəfələrlə bölünür və dəyişilir. İlkin mərhələdə rüşeymin blastomerlərinin dəyişkənliyi orqanizmin inkişaf yolunu dəyişə bilər, ontogenezdə mərhələnin bölünmə və dəyişilmə vaxtı çox dəqiq ölçülür. Embrional dəyişkənliyin ilkin mərhələdə çox da ciddi olmayan təsiri embrional korrelyasiya sisteminin normal getməsinə mane olmur. Təkamül prosesində ontogenezin sonrakı mərhələləri ilkin mərhələyə nisbətən daha tez dəyişilir, ümumiyyətlə quruluşun dəyişməsi ontogenezin dəyişilməsi vasitəsilə baş verir (şəkil 25).
Ontogenezin təkamülü ancaq rüşeym və sürfədə əmələ gələn təkamül xarakterli dəyişikliklərdən ibarət deyil, yetkin orqanizmin təkamülündə formaəmələgəlmə mərhələlərində də dəyişilmələr baş verir. Dəyişkənlik ontogenezin hər bir mərhələsində baş verə bilər, əmələ gələn morfofizioloji dəyişkənlik filogenetik əhəmiyyət daşıyarsa bu hadisə filoembriogenez adlanır.
A.N.Severtsov orqanizmin yetkin halda dəyişilməsinə ontogenezdə baş verən dəyişkənliyin səbəb olduğunu göstərmiş, bu dəyişkənliyin hansı mərhələdə və nə üçün əmələ gəldiyini üç tipə bölmüşdür:
1)anaboliya – orqan və formaəmələgəlmənin (quruluşun formalaşması prosesi) son mərhələsində özünü büruzə verən təkamül dəyişmələridir. Anaboliya embriogenezin daha mürəkkəb mərhələsi olub ontogenetik yekunlaşma və böyümə ilə başa çatır. Dəniz xoruzu adlanan balıq növündə (Trigla pastinaca) döş üzgəcləri digər balıqlarda olduğu kimi inkişaf edir, sonradan anaboliya nəticəsində üç şüa bir-birindən ayrılır, şüalar bu cinsin taksonomik əlamətlərindən biri kimi xarakterizə olunan barmaqşəkilli çıxıntıya çevrilir.
2)deviasiya – orqan və quruluşun formalaşmasının orta mərhələsində təzahür edən təkamül dəyişmələridir. Sürünənlərdə pulcuqların inkişaf xüsusiyyətində özünü büruzə verir, embriogenezdə birləşdirici toxuma epidermisin altında toplanır, deviasiya nəticəsində sümükləşmə əvəzinə buynuzlaşma baş verir.
3)arxallaksis – orqan və quruluşun ilkin inkişaf mərhələsində özünü büruzə verən təkamül dəyişmələridir. Spermatozoid və yumurta hüceyrənin mayalanmasından sonra əmələ gələn rüşeymin inkişafının ilkin mərhələsində orqanların əsası qoyulan zaman müşahidə olunur, nəslin əcdaddan uzaqlaşması baş verir. İlanlarda fəqərələrin, bəzi balıqlarda üzgəclərin, məməlilərdə dişlərin sayının artması arxallaksisin nəticəsidir. Bir çox sümüklü balıqlarda qarın üzgəclərinin döş üzgəclərinə çevrilməsi arxallaksisin təzahürüdür.
Şəkil 25. Rüşeymin inkişaf mərhələləri və yetkin orqanizmlər:
I-yexidna, II-kenquru, III-maral, IV-pişik, V-meymun, VI-insan
Embrional inkişafda əlamətlərin təkrar olunması rekapitulyasiya adlanır. Rekapitulyasiya mürəkkəb prosesdir, tarixi inkişafın formaəmələgəlmə prosesini əks etdirən, fərdi inkişafda uzaq və ya yaxın əcdadların yetkin orqanizm üçün xarakterik olan və ya təkamül prosesində itirilmiş əlamətlərin təkrar olunmasıdır. Rekapitulyasiya A.Severtsovun filoembriogenez nəzəriyyəsində şərh edilmiş, İ.Şmalhauzen tərəfindən işlənmişdir. Rekapitulyasiya orqanizmdə mürəkkəb korrelyasiyalar sisteminin, qarşılıqlı əlaqədə olan orqan və strukturların inkişaf xüsusiyyətlərində təzahür edir. Embrion oxşarlığı ilkin inkişaf üçün xarakterikdirsə, rekapitulyasiya son mərhələlər üçün xarakterikdir. E.Hekkel biogenetik qanunu məhz rekapitulyasiya səviyyəsində şərh etmişdir. Hekkelə görə ontogenez filogenezin sürətli və qısa təkrarından ibarətdir, lakin bu şərh orqanizmlərin təkamül prosesində əmələ gələn morfofizioloji dəyişkənliklərini kifayət qədər izah edə bilmir.
Əcdad əlamətlərinin rekapitulyasiyası formaəmələgəlmənin son mərhələsinin – anaboliyaların nəticəsidir, rekapitulyasiyanın pozulmasına isə deviasiya, xüsusən də arxallaksislər səbəb olur.
Rekapitulyasiya təkamül morfologiyası və müqayisəli embriologiya elmlərinin nailiyyətləri arasında xüsusi yer tutur. Rekapitulyasiya hadisəsi heyvanların sistematikasının tərtibində, onların təsnifat mövqeyinin müəyyən edilməsində istifadə olunur. A.O.Kovalevski (1866) assidilərin (Ascidiae) təsnifat mövqeyini və mənşəyini onların embrional inkişafını izləməklə müəyyənləşdirmişdir. Kovalevskinin müşahidələrinə əsasən assidinin yumurtasından quruluşuna görə xordalılara oxşar, suda sərbəst üzən quyruqlu sürfə çıxır. Sürfə yetkin fərddən kəskin fərqlənir, bir neçə saat suda üzdükdən sonra bədənin ön tərəfində olan sormaclar vasitəsilə dibdə substrata yapışır, reqressiv metamorfoz keçirir. Assidinin sürfəsində quyruq hissə, sinir borusu və əzələ hüceyrələri ilə birlikdə xorda itir. Tədricən sinir borusunun arxa hissəsindən sinir düyünü inkişaf edir, udlaq genişlənir, udlaq divarlarında olan qəlsəmə yarıqlarının sayı artır, bağırsaq, qan-damar sistemi, cinsi vəzlər, ağız və kloaka sifonu əmələ gəlir, sürfə assidiyə çevrilir. Sürfə quruluşuna görə suda üzən əcdadlarının əlamətlərini təkrar edir. Rekapitulyasiya hadisəsi assidilərin təsnifat mövqeyinin müəyyən olunmasını təmin edir.
V mühazirə
EMBRİONLARIN İNKİŞAFI VƏ MÜQAYİSƏLİ MORFOLOGİYASI
Heyvanların fərdi inkişafı (ontogenez) yumurtahüceyrə və spermatozoidin (və ya makro və mikroqametin) birləşməsindən – mayalanma anından başlayır. Yumurta hüceyrə və spermatozoid morfoloji-anatomik quruluşuna görə bir-birindən fərqlənir, lakin nüvələri oxşardır. Onurğasız heyvanlarda mayalanmadan ziqot əmələ gəlir, ziqotun bölünmə, böyümə və diferensiasiya prosesində hər bir heyvan növünün özünəməxsus səciyyəvi xüsusiyyətləri formalaşır. Fərdi inkişaf prosesinin özünəməxsus qanunauyğunluqları nəticəsində əmələ gələn hər bir yeni növə əvvəlki yetkin növündən ona xas olan bütün morfofizioloji və davranış xüsusiyyətləri tam dəqiqliklə ötürülür.
Orqanizmin fərdi inkişafı proembrional (rüşeymə qədər), embrional (rüşeym) və postembrional (rüşeymdən sonrakı) dövrlərə bölünür.
Proembrional dövrdə orqanizmdə cinsi hüceyrələrin formalaşması və yetişməsi baş verir.
Embrional dövr mayalanmış rüşeymin inkişafı, yetkin orqanizmə xas olan morfoloji əlamətlərin qazanılması və müstəqil qidalanmağa başlayana qədər davam edir.
Postembrional dövr rüşeymin yumurtadan çıxması ilə başlayır, orqanizmin böyüyüb cinsi yetişkənliyə çatması və yaşlılıq dövrünə qədər davam edir.
Ontogenezin inkişafında sürfə mərhələsi olan, sürfəsiz və bətndaxili formalar ayırd edilir. Postembrional inkişaf dövründə orqanizmin bir və ya bir neçə sürfə mərhələsi olur. Sürfə mərhələsi onurğasız heyvanlarda, xordalılarda, nadir hallarda ibtidai onurğalılarda müşahidə olunur. Onurğalı heyvanların əksəriyyətinin yumurtaları xırdadır, tərkibində qidalı maddələr kifayət qədər olmadığından onlar sürfə mərhələsində sərbəst yaşaya bilirlər. Neştərçənin yumurtasında sarı maddə azdır, ibtidai onurğalılarda – bir çox balıqların, quyruqsuz və quyruqlu amfibilərin yumurta sarısının miqdarının çoxluğuna baxmayaraq orqanizmin formalaşması üçün kifayət etmir. Buna görə də sürfə mərhələsi sürfənin müstəqil qidalanmasını və orqanizmin inkişafını təmin edir. Müxtəlif orqanizmlərdə sürfənin inkişafının davametmə müddəti müxtəlifdir və bir çox amillərdən asılıdır. Bu amillər sırasına sürfənin quruluşunun mürəkkəbliyi, inkişaf şəraiti, yumurtanın sarısı və qidalı maddələrin miqdarı daxildir.
Sürfəsiz inkişaf tipi yeni əmələ gələn fərdin yumurtadan çıxması ilə başlayır, yumurtadan çıxan fərd öz inkişafını davam etdirir, bu cür inkişaf tipində yumurta hüceyrədə qidalı maddələrin miqdarı çox olduğu üçün rüşeym həmin maddələrin hesabına qidalanır. Sürfəsiz inkişaf tipi bir çox onurğasız və onurğalı heyvanlar üçün xarakterikdir. Balıqlar, bəzi amfibilər, sürünənlər, quşlar iri və qidalı yumurta hüceyrəsi hesabına qidalanır. Sürünənlərin rüşeymi qalın örtüklə örtülür, quşlarda isə rüşeym yumurtanın içərisində mühafizə olunur.
Ali məməlilərdə bətndaxili inkişaf tipi olur, bu inkişaf tipində mikroskopik ölçülü yumurtahüceyrənin tərkibində qidalı maddələr olmur. Bətndaxili inkişaf tipində rüşeymin inkişafı mürəkkəb olduğuna və çox vaxt tələb etdiyinə görə rüşeym cift daxilində ana orqanizmin hesabına inkişaf edir. Cift ana orqanizmi və rüşeym toxumalarının hesabına əmələ gəlir.
Mayalanmış yumurtadan çoxhüceyrəli orqanizm əmələ gəlib inkişaf edir, rüşeymin yetkin fərdə məxsus orqan və toxumaları olur. Rüşeym dövrü yumurtanın bölünməsi, rüşeym vərəqlərinin ayrılması, orqanların əmələ gəlməsi və inkişafı proseslərindən ibarətdir. Rüşeymin inkişafı beş mərhələyə bölünür:
1)Birhüceyrəli rüşeym və ya ziqot mərhələsi – ziqot əmələ gələndən sonra bölünməyə başlayan qısa mərhələdir. Bu mərhələ fərdi inkişafın sonrakı proseslərini əvvəlcədən müəyyənləşdirən mürəkkəb diferensasiya proseslərinə məruz qalır. Ziqotun bölünməsi nəticəsində bir çox heyvanların ümumi əlamətlərindən biri olan bilaterial simmetriya yaranır.
2)Bölünmə mərhələsi – bu zaman birhüceyrəli rüşeymdən çoxhüceyrəli rüşeym əmələ gəlir. Yumurta sarısının miqdarı və yerləşmə yerindən asılı olaraq iki tip bölünmə ayırd edilir: tam və natamam. Tam bölünmə bərabər və qeyri-bərabər olur. Bərabər bölünmədə eyniölçülü blastomerlər əmələ gəlir. Qeyri-bərabər bölünmədə əmələ gələn blastomerlərin ölçüləri bərabər olmur. Natamam bölünmə yumurtahüceyrənin sarılığı olmayan və ya az olan hissələrində müşahidə olunur.
Bölünmə yalnız yumurtahüceyrənin sarılığının miqdarından asılı deyildir. Yumurta hüceyrənin formasından, sitoplazmanın xassələrindən asılı olaraq üç tip bölünmə mövcuddur: a)radial bölünmədə üst cərgədəki blastomerlər alt cərgədəki blastomerlərin üzərində kürə radiuslarına müvafiq yerləşir. Bağırsaqboşluqlularda, dərisitikanlılarda və əksər xordalılarda belə bölünmə tipi müşahidə olunur; b)spiral bölünmədə üst cərgədəki blastomerlər alt cərgədəki blastomerlərin arasındakı boşluqda yerləşir. Molyusklarda, kirpikli və həlqəvi qurdlarda müşahidə olunur; c)bilaterial bölünmə tipində ziqotdan bir müstəvi keçir, müstəvinin hər iki tərəfində blastomerlər simmetrik yerləşir. Bu bölünmə dəyirmi qurdlar və assidilər üçün xarakterikdir.
3)Blastula mərhələsi – bu dövrdə blastula adlı birqatlı rüşeym, bir və ya bir neçə blastomer qatından ibarət divar – blastoderma və ilk bədən boşluğu – blastosel əmələ gəlir.
4)Qastrula, embrional inkişaf mərhələsi – bu dövrdə birqatlı rüşeymdən (blastula) iki və ya üçqatlı rüşeym əmələ gəlir. Xarici rüşeym təbəqəsi (ektoderma) və daxili rüşeym təbəqəsi (entoderma), onurğalılarda qastrulyasiya prosesində orta rüşeym təbəqəsi – mezoderma da əmələ gəlir.
5)Nerula mərhələsi – bu inkişaf dövründə ox orqanlarının əsası qoyulur və inkişaf etməyə başlayır. Müxtəlif orqan və toxumaların rüşeymi formalaşır, diferensiasiya nəticəsində orqan və toxumalara çevrilir. Nerula mərhələsi embrional inkişafın mühüm dövrüdür, bu dövr orqanogenez dövrü kimi xarakterizə olunur. Orqan və toxumaların əsasının qoyulmasından sonrakı inkişaf nəticəsində onları təşkil edən hüceyrələr diferensiasiyaya uğrayır və ixtisaslaşırlar. Rüşeymin ektodermasından dəri epitelisi, epidermis və sinir lövhəsi, sonradan sinir sistemi əmələ gəlir. Epidermisin sonrakı diferensiasiyası dəri törəmələrini əmələ gətirir. Daxili rüşeym təbəqəsinin diferensiasiyası (entoderma) həzm və tənəffüs orqanlarının və epiteli toxumasının əmələ gəlməsini təmin edir. Orta rüşeym təbəqəsi (mezoderma) birləşdirici toxumanın, eninəzolaqlı əzələlərin, böyrək epitelisinin, böyrək kanallarının, skelet toxumasının və s. əmələ gəlməsini təmin edir.
Neştərçənin rüşeym inkişafını A.O.Kovalevski öyrənmiş, onun rüşeyminin onurğalıların rüşeyminə oxşar olduğunu müəyyən etmişdir. Mayalanmış yumurtahüceyrə tam və bərabər bölünərək içi boş, kürəşəkilli blastula əmələ gətirir. Blastuladan sonra ikiqatlı qastrula mərhələsi başlayır. Qastrulanın xarici qatı ektoderma və ya dəri qatı, daxili qatı entoderma və ya bağırsaq qatı, boşluğu isə qastrula və ya ilk bağırsaq boşluğu adlanır. Qastrula mərhələsində rüşeym uzanır, qastropor (ilk ağız) kiçilir, qastrulanın bel nahiyəsi hüceyrələrindən bir qrupu sinir lövhəsini əmələ gətirir.
Rüşeym boyu sinir lövhəsinin çökməsi və kənarlarının birləşməsi nəticəsində sinir borusu əmələ gəlir. Bu mərhələdə sinir borusu rüşeymin arxa ucunda bağırsaq borusu ilə birləşib sinir-bağırsaq kanalını əmələ gətirir.
Entodermada baş verən diferensiasiya nəticəsində rüşeym bağırsağının bel divarından ayrılması yolu ilə xorda əmələ gəlir, xordanın yanlarında entodermadan ayrılmış büküşlər mezodermaya başlanğıc verir, bədən seqmentləri üzrə selom kisələrinə çevrilir.
Rüşeymin inkişafının sonrakı mərhələsi (təxminən bir günlük mərhələ) yumurtanın pərdəsini yırtaraq sürfə halında suya düşür, bədən üzərində olan kirpiklər vasitəsilə hərəkət edir. 30-36 saatdan sonra sürfə uzunsov forma alır, bədəni quyruq üzgəci ilə nəhayətlənir. Ağız dəliyindən arxada qarın nahiyəsində 14 qəlsəmə yarığı əmələ gəlir. Sürfənin sonrakı inkişafında qəlsəmə yarıqlarının sayı artır, qarın nahiyəsinin yanlarından metaplevral büküş uzanır. Onların daxili divarındakı çıxıntıların birləşməsi nəticəsində atrial boşluğun başlanğıcı qoyulur. Atrial boşluq ektodermanın daxilə çökməsi nəticəsində əmələ gəlir.
Neştərçənin sürfə mərhələsi təxminən üç ay davam edir. Sürfə kirpiklər və quyruq vasitəsilə hərəkət edib müxtəlif plankton orqanizmlərlə qidalanır. Sonra sürfə dib həyat tərzinə keçir, ağız dəliyi ətrafında lamisə çıxıntıları ilə örtülü qıf əmələ gəlir və cinsiyyət vəziləri inkişaf etməyə başlayır.
Neştərçə 2-3 yaşında cinsi yetişkənliyə çatır. Neştərçənin sürfəsi morfoloji quruluşuna görə onurğalıların əcdadları ilə yaxınlaşır.
A.Kovalevski neştərçənin rüşeyminin inkişafını tədqiq edərkən balıqlarda da sinir-bağırsaq kanalının olduğunu qeyd etmişdir. Embriologiya elminin inkişafı bütün onurğalılar, o cümlədən insanda sinir-bağırsaq kanalı olduğunu sübut etmişdir.
Onurğalı heyvanların rüşeyminin inkişafında mayalanmış yumurtanın bölünməsi, blastula, qastrula və nerula mərhələləri ardıcıllıqla başa çatır.
Orqanizmin inkişafı rüşeymin inkişafı ilə başa çatmır. Rüşeym yumurtadan çıxandan və ya doğulandan sonra da inkişafını davam etdirir. Davam edən bu inkişaf postembrional inkişaf adlanır. Postembrional mərhələdə orqanizm böyüyür və sonrakı inkişafını davam etdirir. Quruluş səviyyəsindən asılı olmayaraq orqanizmlərin postembrional inkişafı müxtəlifdir. Postembrional inkişaf düzünə və ya metamorfozla (yunanca çervilmə mənasındadır) başa çatır. Düzünə inkişafda rüşeymin inkişafı dövründə əsası qoyulmuş orqanlar postembrional inkişaf prosesində böyüyərək formalaşır, yetkin orqanizmin orqanlarına çevrilir və özünəməxsus funksiyaları yerinə yetirir. Yeni doğulmuş orqanizm mənsub olduğu bioloji növə aid olan bütün əlamətlərə malik olur, yetkin orqanizmdən ölçülərinin kiçik olması və bir sıra orqanlarının (sinir, cinsi) tam inkişaf etməməsi ilə fərqlənir. Düzünə inkişaf bir çox onurğasız heyvanlarda və onurğalı heyvanların əksəriyyətində rast gəlinir. Düzünə inkişaf bəzi qarınayaqlı və başayaqlı molyusklarda, onurğalılarda, balıqların həqiqi akulalar yarımdəstəsinin nümayəndələrində, suda-quruda yaşayanlarda, salamandralar yarımdəstəsinin bəzi nümayəndələrində müşahidə olunur. Sürünənlər, quşlar və məməlilərdə isə bu inkişaf tipi özünü daha aydın göstərir.
Metamorfozla gedən inkişafda orqanların əsası hələ rüşeym dövründə qoyulur, orqanizm sürfə halında olduğundan onlar müvəqqəti orqanlar olub sürfənin inkişafının ilkin mərhələlərinə xidmət edir. Sonrakı inkişaf mərhələlərində bu orqanlar yetkin orqanizmə məxsus orqanlarla əvəz olunur.
Metamorfozla gedən inkişaf həyat tərzindən və yaşayış mühitindən çox asılıdır. Süngərlərdə, bağırsaqboşluqlularda, assidilərdə, parazit həyat tərzinə uyğunlaşmış qurdlarda metamorfozla başa çatan inkişafa rast gəlinir. Suda-quruda yaşayan heyvanlar su mühitindən quruya çıxdıqda (yaşayış mühitini dəyişdikdə) da metamorfoz prosesləri gedir.
Bağırsaqboşluqlular tipinin nümayəndələrinin mayalanmış yumurtalarının inkişafı suda gedir. Mayalanmış yumurta tam və bərabər bölündükdən sonra kürəşəkilli blastula inkişaf edir. Qastrulyasiya prosesindən sonra üzəri kirpiklərlə örtülü sürfə - planula inkişaf edir, planula bir müddət suda üzdükdən sonra dib həyat tərzinə keçir, bir tərəfi ilə substrata yapışır, ssifistom adlanan polip forması əmələ gəlir. Ssifistoma tumurcuqlanma nəticəsində eninə disklər əmələ gətirir və strobilaya çevrilir. Disklər strobiladan ayrılıb efir adlanan tam inkişaf etməmiş meduzaya (efirlər) çevrilir, efirlər bir müddət suda üzərək yetkin meduzaya çevrilir (şəkil 28).
Sürfə mərhələsində sərbəst həyat tərzi keçirən heyvanlar daha geniş yayılmaq imkanı qazanır. Sürfə həyat tərzi primitiv çoxhüceyrəlilərin ontogenezi üçün xarakterikdir. Təkamül nəticəsində çoxhüceyrəli orqanizmlərin əksəriyyəti düzünə inkişaf yoluna keçir.
HEYVANLARIN YAŞININ TƏYİN EDİLMƏSİNİN
TAKSONOMİK ƏHƏMİYYƏTİ
Sistematika və taksonomiya elmi heyvanların yaşının təyin olunmasının onların bioekoloji xüsusiyyətlərinin öyrənilməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini sübut etmişdir. Heyvanın yaşını təyin etmədən onun böyümə intensivliyini, cinsi yetişkənliyə çatma dövrünü, çoxalma ritmini və yaşama müddətini bilmək çətindir. Bu proseslər heyvanların say dinamikasının müəyyən olunmasında xüsusi yer tutur. Heyvanların say dinamikasının bu üsulla müəyyən olunmasını ilk dəfə S.A.Severtsov təklif etmişdir (1941).
S.A.Severtsov say dinamikasının növün adaptasiya xüsusiyyəti ilə mütənasib olduğunu qeyd etmiş, hər bir heyvan növünün özünəməxsus say dinamikası olduğunu sübut etmişdir. Müəyyən areal daxilində yayılmış heyvan növünün say dinamikası həmin növün morfoloji əlamətləri qədər əhəmiyyətlidir. Say dinamikası növün ətraf mühitlə qarşılıqlı əlaqəsini müəyyən edir. S.A.Severtsovun say dinamikası nəzəriyyəsi müasir ekologiya elminin əsas sahələrindən birini əhatə edir və heyvanların yayılmasının öyrənilməsi üçün mühüm əhəmiyyətə malikdir. Heyvanın yaşının təyin olunması müqayisəli anatomiya, sistematika və morfologiya elminin tədqiqatları üçün xüsusi əhəmiyyət kəsb edir. Heyvanların yaşını bilmədən yaşla əlaqədar dəyişkənliyi, o cümlədən populyasiya dəyişkənliyini öyrənmək mümkün deyil.
Heyvanların yaşını təyin etmək üçün universal üsul mövcud deyil, hər bir heyvan qrupunun yaşını təyin etmək üçün fərqli üsullardan istifadə olunur. Populyasiyanın tərkibinin müəyyən olunması üçün yaşın təyin edilməsi xüsusi əhəmiyyətə malikdir. Kənd təsərrüfatı və sənaye əhəmiyyətli heyvanların yaşını bilmədən onların çoxaldılmasını tənzim etmək mümkün deyil. Bu eyni dərəcədə zərərli heyvanlara da aiddir. Kənd təsərrüfatı və bostan bitkilərinin zərərvericilərinin yaşını və say dinamikasını təyin etməklə, onların kütləvi çoxalması və miqrasiya prosesini tənzim etmək olar. Populyasiyanın yaş tərkibini öyrənməklə insan və heyvanlara təhlükəli xəstəliklər keçirən parazitlərə qarşı mübarizə aparmaq mümkündür.
Onurğasız və onurğalı heyvanların yaşı müxtəlif üsullarla təyin olunur. Molyusklar tipinin nümayəndələrində qövqənin qalınlığı və möhkəmliyi yaşadığı mühitdən asılıdır. Dənizdə yaşayan ikitaylı molyusklarda dənizin duzluluğu qövqənin yaxşı inkişaf etməsinə səbəb olur. Bu molyuskların əksəriyyətində qövqənin sədəf qatı daha yaxşı inkişaf etmişdir. Qövqə böyüdükcə hər il onun kənarında mantiyanın ifraz etdiyi maddədən yeni böyümə zolağı əmələ gəlir. Bu konsentrik həlqələrə görə molyuskun yaşını təyin etmək olur. Ən yaşlı konsentrik həlqə qövqənin təpə hissəsində yerləşən təpə zolağıdır. Müasir informasiya texnologiyalarının məlumatına əsasən Antarktidada yaşayan molyusk növü kyaxoqun 400 yaşı var (şəkil 29).
Buğumayaqlılar tipinin Qəlsəmətənəffüslülər yarımtipinin konxostraklar yarımdəstəsinin (Conchostraca) nümayəndələrində bədəni örtən xitin örtük - karapaks ikitaylı çanaq formasındadır. Əksər nümayəndələrinin çanağında dişsiz midiyada olduğu kimi konsentrik həlqələr vardır. Bu həlqələr qabıqdəyişmə zamanı əmələ gəlir və qabıqdəyişmənin sayına uyğun olur.
Buğumayaqlılar tipinin bir çox nümayəndələri ömrü boyu böyüyür. Bu cür böyümə çoxayaqlılar sinfinin nümayəndələri arasında rast gəlinir. Məsələn, kivsyaklarda (Julidae) buğumların sayı qeyri-sabit olur, sonrakı qabıqdəyişmələr zamanı bədən buğumlarının sayı tamamlanır. Hər dəfə qabıqdəyişmədə formalaşan buğumun ardınca növbə ilə yeniləri əmələ gəlir. Buğumların əmələ gəlməsi telsondan öndə yerləşən böyümə zonasının hesabına baş verir. Bu proses xərçənglərin sürfələrində də eyni üsulla gedir. Bu üsulla böyüyən heyvanlar anamorf fərdlər, böyümənin ömrü boyu davam etməsi daimi anamorfoz adlanır. Daimi anamorfoz keçirən heyvanların yaşını təyin etmək çətin olur.
Onurğalı heyvanların digər nümayəndələrindən fərqli olaraq balıqlar həyatları boyu böyüyürlər. Balıqların yaşları artdıqca boyları və çəkiləri də artır. Lakin böyümə bütün mövsümlərdə eyni sürətlə getmir. Əksər su heyvanları kimi balıqlar da ilin isti vaxtlarında aktiv qidalanır və çoxalır, soyuq mövsümlərdə isə qidalanma azalır və çoxalma dayanır. Balıqların pulcuqları balıqla birlikdə böyüyür, pulcuqlar böyüyərkən onun üzərində konsentrik həlqələr əmələ gəlir və bunlara skleritlər deyilir.
Qış mövsümündə əmələ gələn konsentrik həlqələr qida çatışmazlığı ilə əlaqədar sıx və bir-birinə yaxın olub, rəngləri tünd olur, yayda isə balıq sürətlə qidalanıb böyüdüyü üçün bu həlqələr bir-birindən aralı və açıq rəngli olur. Balığın yaşı onun kürüdən çıxdığı zamandan başlayaraq sayılır. Pulcuğun bir açıq rəngli zonasının əvvəlindən digər açıq rəngli zonasının əvvəlinə qədər olan hissəsi bir il ərzində əmələ gəlir və illik həlqə adlanır.
Balıqlarda eşitmə və müvazinət orqanları daxili qulaqdan ibarət olub, qığırdaq kapsulun içərisində yerləşir. Daxili qulaq torlu labirintdə bir-birinə perpendikulyar yerləşən 3 yarımdairəvi kanaldan ibarətdir. Bu kanallar öz başlanğıcını oval kisədən götürür. Oval kisəyə vestibulyar aparat və ya müvazinət orqanı da deyilir. Oval kisədən aşağı dairəvi kisə yerləşir. Bu kisənin daxilində lagen adlı boş çıxıntı yerləşir. Lagenin və boş kisələrin daxilində otolitlər və ya “eşitmə daşları” yerləşir. Bu daşlar olan boşluq endolimfa mayesi ilə dolu olur. Balığın hərəkəti və suyun təsirindən endolimfa və daşlar tərpənir, bu isə eşitmə və müvazinəti təmin edir. Eşitmə aparatındakı otolitlər müxtəlif balıqlarda müxtəlif formada olur. Otolitlərdən balıqların yaşını təyin etmək üçün istifadə olunur. Otolitlər də balıqların pulcuqları kimi yayda açıq, qışda tünd rəngli olur.
Ədəbiyyat məlumatlarına görə 1953-cü ildə Kanada alimləri nərə balığının döş üzgəcinə və 97 kq çəkisinə görə yaşının 152 olduğunu təyin etmişlər. İri çəkili balıqların çox yaşaması qeyd olunur.
Pulcuğu olmayan balıqların (nərəkimilər, naxa və s.) yaşını təyin etmək üçün döş üzgəclərinin tikanşəkilli birinci şüaları kəsilib götürülür, bunların oynağa yaxın hissəsindən dilimlər kəsilib götürülür, en kəsiyi şəffaflaşdırıldıqdan sonra illik həlqəlar müşahidə edilir. Sıf balığının yaşını təyin etmək üçün qəlsəmə qapaqlarının uc hissəsindən də istifadə olunur. Balığın pulcuqları yarım saata qədər suda saxlanıb isladılır, sonra pulcuq selikdən təmizlənib lupa altında tədqiq olunur, illik həlqələr sayılır və balığın yaşı təyin olunur (şəkil 31).
Suda-quruda yaşayanlar qısa ömürlü heyvanlar hesab olunur. Təbii şəraitdə ağac qurbağaları 3-4 il, salamandralar 8-9 il yaşayır. Yapon salamandralarının 55 il yaşadığı barədə məlumatlar var. Qədim amfibilərin çəkisi müasir amfibilərdən daha çox olmuşdur. Ədəbiyyat məlumatlarından qədim amfibilərin 300 kq çəkidə olması məlumdur. Amfibilərin yaşını təyin etmək üçün universal üsul yoxdur, lakin cavan fərdlərin sürətlə böyüdüyü, yaşlı fərdlərin isə böyümə sürətinin çox az olduğu məlumdur. Müasir dövrdə ən iri ölçülü amfibilər salamandralar hesab olunur.
Terrariumlarda qulluq edilən amfibilər çox yaşayırlar. Terrariumlarda tritonlar 28 il, sarımsaq qurbağaları 11 il, boz quru qurbağası 36 il, salamandralar 18 il, ağac qurbağası 22 il yaşaya bilir.
Sürünənlərin yaşını təyin etmək üçün pulcuqlardan, sümükdən istifadə olunur. Sürünənlərin tarixi çox qədimdir.
Yaşına görə sürünənlərin ayrı-ayrı qrupları bir-birindən fərqlənir. Quru tısbağaları daha çox yaşayırlar. Onlar təbii şəraitdə 50-100, bəzən 200 il yaşayırlar. İri iquana və varanlar 50-70, hatteriya isə 50 il yaşayır. Nəhəng tısbağalar daha çox – 150-200, Aralıq dənizi tısbağası 120 il yaşayır. Aldabra adasının endemik növü olan nəhəng tısbağa Megalochelys gigantea 150-250 il yaşayır .
Yeni Zelandiyada yaşayan hatteriya orta hesabla 100 il, bəzi fərdlər isə 200 il . Missisipi timsahları 80 il yaşayır.
Kiçik ölçülü sürünənlər məsələn, kərtənkələlər 2-3 il, daha kiçik kərtənkələlər isə cəmi 1 il yaşayır.
İlanlar uzunömürlü olmurlar, gürzələr 11-15 il, terrariumda kobralar 29 il, anakonda isə 28 il, adi yatağan ilan 23 il yaşayır.
Quşların yaşının təyin olunması qida sənayesi və quşçuluq təsərrüfatları üçün xüsusi əhəmiyyətə malikdir. Yaşlı quşların əti cavan quşlara nisbətən keyfiyyətsizdir. Quşların yaşını dimdiyin və döş sümüyünün elastikliyinə əsasən təyin edirlər. Cavan quşların dimdiyi və döş sümüyü elastiki olub, tez qatlanır.
Quşların yaşının təyin edilməsində lələklərin quruluşu və dəyişməsi də nəzərə alınır. Quşların yumurtaları və yumurtadan çıxmış balalarının 40 %-i, cavan fərdlərinin 30-50 %-ə qədəri müxtəlif səbəblərdən həyatlarının birinci ilində məhv olur. Ekologiyanın sürətlə dəyişdiyi son illərdə quşlar bəzən antropogen amillərin, ziyanvericilərə qarşı kimyəvi mübarizənin təsirindən kütləvi surətdə məhv olurlar. Kiçik ölçülü quşlar 1 yaşında, iri quşlar 4-5 yaşında çoxalmağa başlayır. Təbii şəraitdə sərçəkimilər 10-20 il, iri quşlar 40 ilə qədər yaşayır. Qarğalar 60-69 il yaşayır.
Onurğalılar arasında yaşının təyin olunması daha əhəmiyyətli olan heyvanlar məməlilərdir. Məməlilərin kənd təsərrüfatı və sənaye əhəmiyyətli növlərinin yaşının təyin edilməsi onların say dinamikasının tənzim olunması üçün xüsusi əhəmiyyətə malikdir. Məməlilərin yaşını təyin etmək üçün bir çox üsul və metodlar mövcuddur. Məməlilərin yaşının təyin edilməsi üçün xarici görünüş, kəllənin və onun hissələrinin ölçüləri, kəllənin çəkisi, kəllənin tikişləri, sümüklərin strukturu, dişlərin dentin təbəqəsi və s. nəzərə alınır. Bir çox gəmiricilərin, yırtıcıların yaşını təyin edərkən dişlərin kökünün və xarici dentin qatının strukturu əsas götürülür.
Məməlilərin yaşını təyin edərkən göz büllurunun çəkisi nəzərə alınır. Amma bu proses bütün məməlilərin yaşının təyini üçün eyni dərəcədə dəqiq deyil. Bir çox heyvanların göz büllurunun böyüməsi ən yaşlı fərdlərdə belə davam etdiyi üçün yaşı dəqiq təyin etmək çətinlik törədir.
Balinakimilərin yaşını təyin edərkən yumurtalıqda qalmış sarı cisimin miqdarı nəzərə alınır. Lakin bu üsul cavan və yaşlı fərdlərin təyin olunmasını eyni dərəcədə təmin etmir.
Atların yaşı dişlərin dentin qatının yeyilməsinə və dişlərin strukturunun pozulmasına əsasən təyin olunur. Dırnaqlıların yaşı eyni üsulla təyin olunur. Bu heyvanların yaşının təyin edilməsi zamanı sümüklərin və diş dentinin morfoloji xüsusiyyətlərindən istifadə olunur.
VI
BİRHÜCEYRƏLİLƏR YARIMALƏMİ – PROTOZOA
M.Şleyden və T.Şvannın hüceyrə nəzəriyyəsinin (1839) kəşfindən sonra birhüceyrəlilər müstəqil orqanizm kimi öyrənilməyə başlanılmışdır. A.Levenhuk tərəfindən mikroskopun ixtira edilməsinin ibtidailərin morfologiyasının və fiziologiyasının öyrənilməsində, onların heyvanlar aləminə daxil edilməsində əhəmiyyəti böyükdür. Zibold (1845) birhüceyrəliləri heyvanlar və bitkilər arasında bölərək sistemləşdirmişdir. Birhüceyrəlilərin morfologiyasına aid O.F. Müllerin (1786) tədqiqatları diqqətəlayiqdir. İbtidailərin ilk ümumi sistematikasını Byuçli tərtib etmiş, ibtidailər tipinə (birhüceyrəlilər yarımaləminə) Sarcodina, Sporozoa, Mastigophora, Ciliophora siniflərini daxil etmişdir. Bu sistematika Heniberqin rəhbərliyi ilə (1964) ibtidailərin sistematikasının tərtibi və təkmilləşdirilməsi işləri aparılana qədər davam etmişdir. Bu sistematikaya əsasən Protozoa tipinə Sarcomastigophora, Sporozoa, Cnidospora, Ciliophora yarımtip kimi daxil edilmişdir. Byuçli sistematikasından fərqli olaraq bu sistematikada Sarkomastiqoforlar, Sporlular, Knidosporidilər və İnfuzorlar İbtidailər tipinin yarımtipi kimi sistemləşdirilmişdir. Birhüceyrəlilərin sistematikasının tərtibində Levayn (1980) Sarkomastiqoforları tip kimi səciyyələndirmiş, Mastiqoforlar, Opalinlər və Sarkodinlər yarımtiplərinə ayırmışdır. Levayn qamçılıları bitki və heyvani qamçılılar siniflərinə bölmüşdür.
İbtidailərə sadə quruluşlu birhüceyrəli heyvanlar aiddir (şəkil 43). İbtidailərin bədənini təşkil edən bir hüceyrə morfoloji cəhətdən çoxhüceyrəli orqanizmlərin bir hüceyrəsinə uyğun gəlir, lakin fizioloji cəhətdən bir hüceyrə müstəqil bir orqanizmdir. Çoxhüceyrəli orqanizmlərdə gedən bütün həyat prosesləri (qidalanma, maddələr mübadiləsi, ifrazat, qıcıqlanma, hərəkət, böyümə, inkişaf və s.) ibtidailərin orqanizmini təşkil edən bir hüceyrənin daxilində gedir.
İbtidailərin böyük əksəriyyəti mikroskopik kiçik orqanizmlərdir. Ölçüləri 2-4 mikrondan (mk – millimetrin mində bir hissəsidir) 2-3 mm-ə çatır. İbtidailərin quruluşu çox müxtəlifdir. Buna baxmayaraq, onların hamısı üçün ümumi səciyyəvi xüsusiyyətlər eynidir. Bədənləri sitoplazmadan, nüvədən və bir neçə orqanoidlərdən ibarətdir. İbtidailərin əksəriyyətinin bədən örtüyü bərkiyərək pellikula əmələ gətirir. Pellikula heyvana müəyyən forma verir və onları xarici təsirlərdən qoruyur. Bir çox sərbəst yaşayan ibtidailərdə isə hüceyrə qövqə əmələ gətirmək qabiliyyətinə malikdir. Qövqə mühafizə funksiyasını yerinə yetirir.
Sitoplazma mürəkkəb quruluşlu olub, hüceyrənin əsas komponentlərindən biridir. O, hüceyrənin bütün hissələrini birləşdirir və iki qatdan ibarətdir. Nisbətən möhkəm olan xarici qat ektoplazma, daxili qat isə endoplazma adlanır. Sitoplazma yarımmaye formada olur.
Hüceyrənin mühüm və zəruri komponentindən biri də nüvədir. Nüvə bir və ya bir neçə ədəd olub, hüceyrənin bütün həyat proseslərində iştirak edir. Tərkibi əsasən müxtəlif zülallardan və nuklein turşularından ibarətdir, nüvə xromosomlarının tərkibində olan DNT (dezoksiribonuklein turşusu) irsi əlamətlərin nəsildən-nəslə ötürülməsində əsas rol oynayır.
İbtidailərin əksəriyyətində bir nüvə olur, lakin çoxnüvəli hüceyrələr də vardır. Çoxnüvəli hüceyrələrin bəzilərində nüvələr formasına və funksiyasına görə eyni, bəzilərində isə müxtəlif (nüvə dualizmi) olur. Nüvə nüvə şirəsindən, nüvəcikdən və nüvə pərdəsindən ibarətdir.
İbtidailərin həyat proseslərində iştirak edən bir çox orqanoidləri vardır. Həzm orqanoidlərinə hüceyrə ağzı, həzm vakuolu, ağız qıfı və s. aiddir. İbtidailərdə ifrazat funksiyasını yumulan vakuol yerinə yetirir. Dənizlərdə yaşayan və parazit həyat tərzi keçirən formalarda yumulan vakuol olmur. Yumulan vakuol bədəndə olan artıq suyun və maddələr mübadiləsinin məhsullarını xaric edir. Yumulan vakuol ifrazat funksiyasını yerinə yetirməklə bərabər, həm də osmotik tənzimləyicidir.
Hərəkət orqanoidləri ayrı-ayrı nümayəndələrdə müxtəlifdir, sarkodinlərdə yalançı ayaqlar və ya psevdopodilər, qamçılılarda qamçılar, infuzorlarda kirpiklər hərəkət funksiyasını yerinə yetirir. Psevdopodilər (latın. pseudes – yalançı, poda - ayaq) ibtidailərin əmələ gətirdikləri müvəqqəti sitoplazmatik çıxıntıdır. Hərəkətdə və qidalanmada rol oynayan bu yalançı ayaqlar sarkodinlər, bəzi qamçılılar və sporlular üçün xarakterdir.
Qamçı və kirpiklər sitoplazmanın daimi çıxıntısı olub, ritmik hərəkət edir. Elektron mikroskopu vasitəsilə müəyyən olunmuşdur ki, hər iki orqanoidin quruluşu eynidir. Qamçılar və kirpiklər sitoplazmada yerləşən bazal danəciyindən və ya blefaroplastdan başlanğıc götürür. Hər iki orqanoidin en kəsiyində 11 fibril vardır, onların ikisi mərkəzdə, 9-u isə periferiyada yerləşir. Mərkəzi fibrillər bir-birilə birləşmiş iki borucuqdan və ya subfibrildən ibarətdir. Periferik fibrillər bazal danəciyinə daxil olur, mərkəzi fibrillər isə daxil olmur.
İbtidailərin əksəriyyəti əlverişsiz şərait baş verdikdə yaşamaq qabiliyyətini saxlamağa uyğunlaşmışlar. Bu uyğunlaşma sista formasında olur.
Hal-hazırda ibtidailərin 30000-dən çox növü məlumdur.
Birhüceyrəlilər yarımaləmi daxilində quruluş müxtəlifliyi mövcuddur və müasir sistematikada ibtidailər 5 müstəqil tipə bölünür:
1. Sarkomastiqoforlar tipi - Sarcomastigophora
2. Sporlular tipi – Sporozoa
3. Knidosporidilər tipi – Cnidosporidia
4. Mikrosporidilər tipi – Microsporidia
5. İnfuzorlar və ya Kirpiklilər tipi – Infusoria & Ciliophora
Dostları ilə paylaş: |